“Alimlər Xəzərə gələn çayların suyunun kəskin azalması ilə bağlı, Xəzərin kiçilərək ikiyə bölünməsi proqnozunu verirlər”
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına “Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva bildirib ki, insanlar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində quraqlıq və su çatışmazlığı kimi problemlərdən əziyyət çəkir: “Müasir dünyada hamıya məlumdur ki, iqlim dəyişikliyi prosesi baş verir və bu artıq indi hər kəs tərəfindən qəbul edilən, bir reallığa çevrilib. Bunu biz hamımız öz gündəlik məişətimizdə hiss edirik və bunun təsirləri ilə insanlar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində quraqlıq və su çatışmazlığı kimi problemlərdən əziyyət çəkir. Su çatışmazlığı qlobal problemdir. Hətta yağışları ilə məşhur olan Böyük Britaniyada belə, hazırda su anbarlarının səviyyəsinin aşağı düşdüyü, quraqlıq elan edildiyi və 2050-ci ilə qədər gündə 5 milyard litr su çatışmazlığı proqnozlaşdırırılır. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstərir ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcəkdir. Dünyada baş verən təbii iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında çatışmazlıqlar yaranır. Ölkələr, hökumətlər bunun öhdəsindən gəlmək üçün artıq adaptasiya tədbirləri həyata keçirir, su ehtiyatları görürlər çayların üzərində yeni bəndlər tikirlər. Eyni zamanda kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələrdə suyun idarə olunması üçün dövlətlər tərəfindən mühüm tədbirlər görülməli və su idarəçiliyi daha yaxşı aparılmalıdır. Elə bir zaman gəlib ki, çin məsəlində deyildiyi kimi, “əgər bir problemi həll edə bilmirsənsə, ən azı ona olan münasibəti dəyiş”mək lazımdır. İndi biz bu problemi həll etmək üçün ilk növbədə suya olan münasibətimizi dəyişməliyik. Sudan köhnə istifadə təcrübəmizi dəyişdirməliyik ondan qənaətlə istifadə etməliyik çünki artıq dünya bol su dövründən su azlığı dövrünə keçir. Hər damcının qədrini bilməliyik. Dünyanın az sayda bölgəsi var ki, potensial şirin su ehtiyatlarının itirilməsi, suyun keyfiyyətinin pisləşməsi və səth və yeraltı su mənbələrinin çirklənməsindən təsirlənməsin.
Çayların və göllərin suyunun keyfiyyətinə mənfi təsir göstərən əsas problemlər isə, şəraitdən asılı olaraq, müxtəlif dərəcədə ciddiliklə, məişət çirkab sularının təmizlənməməsi və yaxud da qeyri-kafi təmizlənməsi, sənaye çirkab sularının axıdılmasının pis idarə olunması, yaxud da idarə olunmaması, su hövzələrinin itirilməsi və məhv edilməsi, dayanıqsız sənaye sahələrinin yerləşdirilməsi, meşələrin qırılması, nəzarətsiz əkinçilik və dayanıqsız kənd təsərrüfatı fəaliyyətləri təcrübələri nəticəsində yaranır. Su ehtiyatları tükənən sərvət olduğundan onun inteqrasiyalı və səmərəli idarə olunması çox vacib aspektdir. İçməli su ehtiyatlarının həcmi ildən-ilə azalır. Nəinki içməli su, hətta kənd təsərrüfatı üçün də kifayət qədər su yoxdur. Dəyişikliklər xüsusilə əhalinin yoxsul və həssas təbəqələri tərəfindən kəskin şəkildə hiss olunur. Bu problem bizim ölkəmizdə də kənd təsərrüfatı sahəsində özünü göstərir.
Dövlət başçısı cənab Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə bir daha göstərdi ki, su məsələsi Azərbaycan üçün təkcə kommunal xidmət deyil, milli təhlükəsizlik, sosial rifah və dayanıqlı inkişaf məsələsidir. Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illərdir ki, ciddi ekoloji bir problem olaraq qalır. Bu o demək deyil ki, rayonlarımızda su problemi yoxdur. Xüsusən də Kür çayının aşağı hissəsində yerləşən Salyan, Neftçala kimi rayonlarda yay aylarında ciddi su problemi yaşanır.
Su təchizatı, yağış və tullantı sularının idarə olunması yalnız kommunal xidmət kimi deyil, həm də ölkənin sosial-iqtisadi inkişafı, ekoloji balansın qorunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə sıx bağlı olan strateji sahədir. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığına qarşı müasir texnologiyalara gəldikdə buraya çirkləndiriciləri təmizləmək üçün qabaqcıl filtrasiya üsulları (məsələn, nanotexnologiya və tərs osmoz), çirkab sularının təmizlənməsi və təkrar emal sistemləri (məsələn, tualetdən kran sistemlərinə), ağıllı su idarəetməsi (məsələn, sızmaları, çirkləndiriciləri aşkar edən və tələbatı tənzimləyən sensorlar və proqram təminatı), günəş enerjisi ilə işləyən duzsuzlaşdırma və s. daxildir. Çaylara və ya su anbarlarına etibar etmək əvəzinə, atmosfer suyunun yığılması texnologiyası da mövcuddur ki, hətta quraq bölgələrdə belə, su buxarını birbaşa havadan toplayır və kondensasiya edir”.
Sevil Yüzbaşeva
Sevil Yüzbaşeva vurğulayıb ki, suya qənaət etməyi öyrənməli, qiymətli su mənbələrimizdəki suyu dondurub, xaricə satmamalıyıq: “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması təcrübəsi artıq ölkəmizdə mövcuddur. Son illər ölkəmizdə də Xəzər dənizinin suyunu duzsuzlaşdıraraq meşəsalma və meşəbərpa sahəsində geniş tətbiq edərək, böyük işlər görülüb. Salyan rayonunun Xıdırlı qəsəbəsində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi tikilib. Bu zavod Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir. Su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmiş və susuz çöllük ərazidə bu su ilə suvarılan geniş yaşıllıq əraziləri salınmışdır. Xəzər dənizi də hazırda iqlim dəyişikliyi və antropogen təsirlərlə bağlı ciddi problem yaşayır. Ona da çox ümid bağlamaq olmaz. Xəzərə gələn çayların suyunun kəskin azalması müşahidə olunur. Hətta alimlər belə davam edərsə Xəzərin kiçilərək ikiyə bölünməsi praqnozunu da veririlər.
Bundan başqa ənənəvi duzsuzlaşdırma metodları çox miqdarda enerji tələb edir və tez-tez dəniz ekosistemlərinə zərər verir. Yeni günəş istilik sistemləri dəniz suyunu buxarlandırmaq və kondensasiya etmək üçün bərpa olunan enerjidən istifadə edir, emissiyaları azaldır və duzlu suyun axıdılmasını minimuma endirir. Göründüyü kimi, yeniliklərin tətbiqi hər zaman özünü doğrultmur. Buna görə də yenə də öz fikrimdə qalıram. Biz suya olan münasibətimizi dəyişməliyik. Qənaət etməyi öyrənməli, qiymətli su mənbələrimizdəki suyu dondurub, xaricə satmamalı, hər damcının qədrini bilməliyik. Susuz həyat yoxdur”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 26 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















