Icma.az
close
up
RU
Alma Ata Bəyannaməsi məntiqi nəyə görə yolverilməzdir?

Alma Ata Bəyannaməsi məntiqi nəyə görə yolverilməzdir?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Paris – İrəvan “bacıları”nın müştərək siyasi menyusuna bəzi əlavələr

Fransanın İrəvandakı səfiri Olivye Dekotininin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin Alma-Atı Bəyannaməsi əsasında tanıdığını bildirməsi Parisin Bakı – İrəvan nizamlanmasına yeni gündəm gətirmək cəhdi kimi dəyərləndirilir. Bununla bağlı şübhələri artıran məqam Dekotini tanınmanın 2022-ci ilin Praqa sammiti zamanı baş verdiyini “yalan” adlandırmasıdır. Deməli, Fransa həyasızcasına Brüssel gündəliyini bir kənara qoyur.

Qeyd edək ki, kollektiv Qərb Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün ölkəsi tərəfindən tanınmasına dair üç il əvvəlki bəyanatını sülh yolunda əhəmiyyətli addım kimi qiymətləndirmişdi. Azərbaycan ictimaiyyəti də məsələyə pozitiv yanaşmışdı. Elə isə ortaya sual çıxır: Fransa indi nə etmək istəyir?

Alma-Ata Bəyannaməsi məntiqi 2022-ci ilin Praqa sammiti ilə start götürmüş Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanması üzrə Brüssel prosesinin məhsuludur. O proses ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə reallaşırdı. Həmin proses çərçivəsində 2023-cü ilin mayından başlayaraq, daha bir neçə pozitiv impulslar qeydə alınmışdı. Məsələn, N.Paşinyan bir qədər də əhatəli formada bildirmişdi ki, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Nikol bu bəyanatı səsləndirəndə də Alma-Ata Bəyannaməsi gündəmə gətirilmişdi. Yəni tanınmada sənədə istinad əsas götürülmüşdü. Problem ondadır ki, Paşinyan diqqətə çatdırdığımız fikirləri bildirəndə Qarabağda separatçı rejim saxlanılır, rəsmi İrəvan bölgə ermənilərinə beynəlxalq təminat məsələsini qaldırırdı. Yəni təminat ilə rejimin saxlanılmasına cəhd göstərirdi ki, bu, ölkəmizin konstitusion quruluşunu heçə saymaq idi.

Barıt çəlləyini ildırım erməni baş nazirin “Qarabağın özünün seçkili hakimiyyəti var” deməsindən sonra vurdu. Bu, 2023-cü ilin sentyabrında baş verdi. Deməli, Nikolun Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Praqada və Brüsseldə bildirdikləri əhəmiyyətini itirdi. Bütövlükdə Ş.Mişelin vasitəçilik missiyası puça çıxdı. Daha doğrusu, məlum oldu ki, Qərb vasitəçiliyi bəlli oyun üzərində qurulub. Həmin oyuna görə, Ermənistan Qarabağdan ayrı tutulurdu. Yəni İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması heç nəyi dəyişmirdi və bir növ, keçmişin təcrübəsi təkrarlanırdı. Xatırladaq ki, 1991-1993-cü illərdə Azərbaycan və Ermənistan arasındakı danışıqlarda müəyyən barış közərtiləri kimi nəzərə çarpan razılaşmalar əldə olunsa da, tezliklə atəşkəs pozulurdu. Ermənistandan bunun səbəbi soruşulanda qarşı tərəf belə deyirdi: Qarabağ ermənilərinin hərəkətləri bizlik deyil. Guya, ikincilər mübarizələrini özləri davam etdirir, İrəvanın Bakı ilə razılaşmalarına əhəmiyyət vermirlər.

Beləliklə, 2022-2023-cü illərdə Ermənistanın və havadarlarının Qərb vasitəçiliyi egidası altında Azərbaycana qarşı qurduqları oyun ölkəmizin 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra tam iflasa uğradı. Azərbaycan keçmişin oyunlarını təkrarlamaq istəyənlərin planlarını öz gücü və iradəsi ilə pozdu. Rəsmi Bakı göstərdi ki, siyasi manipulyasiyalardan uzaq durulmalıdır. Ölkəmiz antiterror tədbirlərindən sonra da Ermənistanı səmimiyyətə çağırdı. Amma...

***

Bəli, indi Dekotini qırmızı-qırmızı Paşinyanın iki il əvvəl dediklərini danır. Fransanın Brüssel gündəliyini bir kənara qoyaraq, yeni gündəm yaratmağa baş vurması elə budur. Bu, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasını, müəyyən mənada, sıfır nöqtəsinə qaytarmaqdır. Əslində, rəsmi İrəvan da eyni xətti götürüb. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü ilin mayında “Əl Cəzirə” telekanalına müsahibəsində mövzunu “Ermənistan və Azərbaycan liderlərinin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləmələri” üzərinə gətirmişdi. Hətta Bakını həmin sənədə istinaddan çəkinməkdə günahlandırmışdı.

Doğrudur, həm Mirzoyan, həm də digər erməni rəsmiləri Azərbaycanı Alma-Ata prinsiplərindən uzaq durmaqda ittiham edərkən, daha çox sərhəd amili üzərində dayanmışdılar. Yəni ki, rəsmi İrəvan həmin bəyannamə əsasında sərhədlərin delimitasiyasının və demarkasiyasının aparılmasını və bu zaman 1970-ci illərin xəritələrinə söykənilməsinin vacibliyini irəli sürmüşdü. Onu da deyək ki, Azərbaycanın bunun yolverilməzliyinə dair mövqeyi qəti idi. Fikrimizin sübutu kimi Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bir məqamı diqqətə çatdıraq: “Onlar (Ermənistan – red) 1970-ci ilin xəritələrini əsas götürmək istəyirlər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəllərində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.

***

Dövlətimizin başçısının təbirincə desək, “Ermənistan plyus” qruplaşmasının katalizatoru Fransadır. O Fransa ki, Avropa İttifaqı vasitəçiliyinin patronajlığını aparırdı. Yəni, Aİ-nin barışyaratma missiyası müstəqil deyildi və bu, sonradan daha qabarıq şəkildə göründü. İndi isə Dekotininin həmin vasitəçiliyin Praqa seqmentini yaddan çıxarıb, Alma-Atı tezisinə üstünlük verməsi də fikrimizin təsdiqidir. O zaman ümumən Alma-Ata Bəyannaməsi məntiqinə nəzər salaq. Nəzər salaq və belə bir suala aydınlıq gətirməyə çalışaq: Nə üçün bəyannamə Ermənistanın və havadarlarının dilindən düşmür?

***

Bəli, heç kəs deyə bilməz ki, rəsmi İrəvan Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaqla gələcəkdə hansısa avantürist niyyətlər güdməyəcək. Axı səfir Dekotini elə-belədən Azərbaycan ərazi bütövlüyünün tanınması baxımından Praqanı “unutmaz”, Alma-Atanı yada salmazdı. Məsələ ondadır ki, Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Həmin il dekabrın 12-də isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ancaq bölgənin erməni əhalisinin qatıldığı, azərbaycanlıların boykot etdikləri saxta referendum keçirilmişdi. “Referendum” vilayətin müstəqilliyi “qərarını” çıxarmışdı. Bunadək isə yəni, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdu. Həmin qanuna əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılmışdı. Deməli, dekabrın 12-dəki “referendum” mərkəzi hakimiyyətə qarşı, bir növ, üsyan mahiyyəti daşımışdı.

Digər tərəfdən, erməni millətiçilərinin ötən əsrin 80-cı illərinin sonlarından başla-mış olduqları Qarabağ avantürası müstəvisində mərkəzdənqaçma meyili bir dəfə də yaşanmışdı. 1988-ci il fevralın 20-də o zamankı DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar çıxarmışdı. 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar vermişdi. Lakin 1989-cu ilin dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşdiyini açıqlamışdı.

Göründüyü kimi, Qarabağ məsələsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına əsaslanıb. “Referendum” və digər bu kimi gedişlər isə birləşmənin gerçəkləşməsi üçün ortaya atılmışdı. “Plana” görə, Dağlıq Qarabağ əvvəl özü müstəqil olmalı, sonra Ermənistana birləşməli, beləcə ermənisayağı “qanunauyğunluq” qorunmalı idi. Əlqərəz, 1991-ci ilin dekabrın 12-də keçirilmiş “referendum”, əslində, Azərbaycan SSR Ali Sovetinin həmin il noyabrın 26-da çıxardığı qərara qarşı atılmış əks addım idi.

***

Hazırda Ermənistanda belə fikir var ki, ölkə parlamenti Alma-Ata Bəyannaməsini müəyyən şərtlərlə ratifikasiya edib. Həmin şərtlərdən belə çıxır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Yəni, N.Paşinyanın bir vaxtlar səsləndirdiyi “mənim bildiyimə görə, Alma-Atada iclas keçiriləndə erməni tərəfi heç bir şərt irəli sürməyib. Əgər belə şərt varsa, qoy, müxalifət həmin şərti təqdim etsin” fikri elə bir önəm daşımır. Reallıq budur ki, Ermənistan SSR Ali Soveti sənədə düzəliş edib. Həmin düzəlişə əsasən MDB-yə yalnız keçmiş sovet respublikalarının deyil, həmçinin, hələ SSRİ-nin süqutundan öncə “müstəqillik haqqında referendum” keçirmiş muxtar qurumların da qoşulmalarına imkan verilməli idi.

Bu məqamın üzərində bir qədər geniş dayanaraq bildirək ki, Ermənistan, həqiqətən, 1992-ci ildə Alma-Ata Bəyannaməsini ratifikasiya edib. Ratifikasiya sənədindəki istisnada bildirilib ki, “Dağlıq Qarabağ Respublikası” müstəqil şəkildə MDB-yə qoşula bilər. N.Paşinyanın haqqında söz açdığımız “Qarabağın özünün seçkili hakimiyyəti var” fikrini dilə gətirməsini nəzərə alsaq, diqqətə çatdırdığımız istisna səbəbi ilə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması əhəmiyyətini itirir. Yəni ki, Dekotini kimilər, bütövlükdə Fransa bu halda da asanlıqla deyə bilər ki, Qarabağın Ermənistana dəxli yoxdur, bölgə ayrıdır. Deməli, Alma-Atı məntiqi ilə bu kimi oyunun oynanılma ehtimalı nəinki var, özü də çox böyükdür.

***

Diqqət yetirdinizsə, bu yazıda Alma-Ata Bəyannaməsinin Azərbaycan – Ermənistan sülh gündəliyi ilə bağlı ehkamlaşdırılmasının yolverilməzliyinə dair üç səbəbi açıqladıq. Birincisi, Ermənistan işğalçı mövqe tutmuş, həmin bəyannamənin fundamental mahiyyət daşıyan qarşılıqlı tanınma postulatını inkar etmişdi. İkincisi, 2022-2023-cü illərdə Alma-Alta məntiqi dövriyyəyə çıxandan sonra da Azərbaycan ərazisindəki separatçı rejim saxlanılmışdı. Nəzərə alaq ki, bunun özü də sülhün həmin bəyannamə üzrə əldə olunmasından sonra “presedent” kimi götürülə, yəni manipulyasiya predmetinə çevrilə bilər. Üçüncüsü isə Ermənistan Qarabağ avantürasını, başqa sözlə desək, Azərbaycana qarşı ərazi iddiasını Alma-Ata Bəyannaməsindən ayrıca tutmuşdu.

Onu da nəzərə alaq ki, Azərbaycan Alma-Ata Bəyannaməsinə 1993-cü il sentyabrın 24-də qoşulmuşdu. Həmin vaxt təkcə Qarabağ deyil, ölkəmizin digər əraziləri də işğal olunmuşdu. Belə olan halda, Ermənistanın bu faktiki məqamı da perspektivdə mübahisə və siyasi spekulyasiya predmetinə çevirməsi mümkündür. Hazırda bütün beynəlxalq platformalarda anti-Azərbaycan təbliğatına üstünlük verən, səmimiyyətdən uzaq mövqe tutan erməni iqtidarından hər şey gözləmək olar.

Alma-Ata Bəyannaməsinin ehkamlaşdırılmasının yolverilməzliyinə sübutu baxımından bəzi ritorik suallar da ünvanlayaq. Nə üçün Azərbaycan – Ermənistan sülh gündəmi ilə bağlı Alma-Ata Bəyannaməsinin məhz keçmiş SSRİ-dən ayrılma məntiqi əsas götürülməlidir? Bu məntiq hansı səbəbdən suverenlik trayektoriyasını müəyyənləşdirməlidir? Nəyə görə Sovetlər İttifaqına qoşularkən mövcud olmuş ərazilər amili üzərində dayanılmamalıdır? Niyə Azərbaycan SSRİ-yə böyük ərazi ilə daxil olmalı, ittifaqdan kiçik ərazi ilə ayrılmalıdır? Yaxud, əksinə, hansı səbəbdən Ermənistan Sovet İttifaqından ərazi uduşu ilə çıxmalıdır?

Müasir müstəqil Azərbaycan Respublikası 1918–1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu, müxtəlif dövlət sənədlərində, eyni zamanda, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik haqqında Konstitusiya Aktında əksini tapıb. Məlumdur ki, AXC-nin ərazisi indiki Azərbaycanınkından çox olub. Azərbaycanda sovetləşmə məhz həmin ərazilərlə gedib. Əvvəl Sovet Rusiyasının qurduğu oyunla Zəngəzur Ermənistana verilib, bilavasitə SSRİ yaranandan sonrakı illərdə isə torpaqlarımızdan Ermənistana peşkəşlər edilib. Çirkin proses 1969-cu ilin ortalarınadək davamlı xarakter alıb.

Sonda onu da bildirək ki, Alma-Ata Bəyannaməsində ərazi bütövlüyünün tanınması və mövcud sərhədlərin toxunulmazlığı və ona hörmət bir növ, preambuladır. Ancaq sənəddə sərhədlərin haradan başlayıb harada bitdiyinə dair heç nə yoxdur. Yəni, bəyannamə prinsipcə ümumi xarakter daşıyır və keçmiş müttəfiq respublikalar arasında münasibətlərin tənzimlənməsindəki ilkin mərhələni təşkil edir. Məsələn, müstəqillik illərində Azərbaycanla Gürcüstan arasında bir sıra mübahisəli məsələlərə dair razılaşmalara dair praktika var. Ermənistanla da belə ola bilərdi. Amma olmadı.

Əvəz CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see257

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see224

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see154

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see148

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see142

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar...

26 Fevral 2025 16:21see136

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see131

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see131

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see126

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see126

Hakan Fidan: Türkiyə həmişə olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır

26 Fevral 2025 13:32see122

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see122

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see120

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see119

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see119

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see117

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see116

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see115

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see110

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri