Qərbi Azərbaycana qayıdış Ermənistan üçün də faydalıdır
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
İrəvanın hakim dairələri və erməni cəmiyyəti bu gerçəyi anlamalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan Davos Ümumdünya İqtisadi Forumuna yollanmazdan əvvəl ölkə parlamentində keçirilmiş hökumət saatında Azərbaycanla əldə edilmiş sülhdən danışıb və bir çox pozitiv məqamları dilə gətirib. Amma o, eyni zamanda, “Qərbi Azərbaycan” ifadəsi üzərinə gələrək, Xarici Kəşfiyyat Xidmətinin mövcud xüsusda Ermənistana qarşı ərazi iddiası faktını qeydə aldığını vurğulayıb. Doğrudur, Nikol məsələyə ötəri toxunub və mövzunu yenidən müsbət notlara kökləyərək, sərhəd xəttində heç bir insidentin qeydə alınmadığını, ümumən, belə bir ehtimalın çox az olduğunu dilə gətirib.
Baş nazirin pozitiv düşüncələrindən daha çox, onun məhz Qərbi Azərbaycanla bağlı söylədiyi fikir erməni ictimai rəyində müzakirə predmetinə çevrilib. Əslində, bunda hansısa gözlənilməzlik yoxdur. Çünki hay müxalif kəsimi, bir qayda olaraq, mövzunu Azərbaycanın Ermənistana ərazi iddiası qismində qiymətləndirir və bu qiymətləndirmə isteriyaya çevrilir. Deməli, Paşinyan, ümumən erməni iqtidarı Qərbi Azərbaycan məsələsinə “ilişməkdən” uzaq dayanmalıdır. Ən azından ona görə ki, bu hal onun özünə qarşı antipatiya formalaşdırır. Bəs rəsmi İrəvanın təmsilçiləri, eləcə də onlara yaxın şəxslər nə etməlidirlər? Əlbəttə, başlıca vəzifə reallığın və həqiqətin üzünə dik baxmaqdır.
Reallıq isə ilk növbədə budur ki, Azərbaycan dövləti Ermənistana qarşı ərazi iddiası irəli sürmür. Diqqət yetirək, Prezident İlham Əliyev ölkəmizin müharibəni dayandıran tərəf olduğunu dəfələrlə vurğulayıb və onu da deyib ki, Azərbaycan müharibədə güclü idi, istəsəydi, Ermənistan ərazisi kimi adlandırılan bölgələrə asanlıqla daxil ola bilərdi.
Bəli, ermənilər əmin olmalıdırlar ki, Bakı belə bir qərar qəbul etsəydi, heç bir qüvvə onun qarşısına çıxa bilməyəcəkdi. Sadəcə, ölkəmiz buna getmədi. Prezident İlham Əliyev çıxış və müsahibələrində hadisələrin belə şəkil almasının ədalətsizlik olma ehtimalından söz açıb.
İkincisi, Azərbaycan Ermənistanla sülh müqaviləsini paraflayıb. Müqavilədə dövlətlərin bir-birilərinin ərazi bütövlüklərini və suverenliklərini tanıdıqlarına dair müddəa yer alıb. Bu müddəa ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın rəsmi şahidliyi ilə Vaşinqtonda imzaladıqları Birgə Bəyannamədə də əksini tapıb. Bakının daha əvvəlki zaman kəsiyini əhatə edən siyasi ritorikası da Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət kazusunu özündə birləşdirib.
Üçüncüsü, yuxarıda Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan ritorikası ilə hərəkətinin ona problem doğura bilmə təhlükəsini qeyd etdik. Yəni, hay müxalif kəsiminin, bir növ, pusquda dayandığını nəzərə alaraq, rəsmi İrəvanın təmsilçilərinin sözügedən ritorika ilə “qarğa məndə qoz var” deyiminə uyğun davranmasının yolverilməzliyini vurğuladıq. Paşinyan administrasiyası ona görə Qərbi Azərbaycan deyiminə “ilişməkdən” uzaq durmalıdırlar ki, bu deyim diqqətləri avqustun 8-də imzalanmış Birgə Bəyannaməyə yönəldir. O Bəyannaməyə ki, orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz yoldan söz açılır. O yol sənəddə əksini tapmış sülh paradiqmasının, yəni “Tramp marşrutu”nun mühüm və ayrılmaz tərkib hissəsidir. “Qərbi Azərbaycan” ifadəsinin Ermənistan cəmiyyətində, xüsusən, sərsəm ictimai rəyindəki qavramı isə əsas mahiyyəti ikinci plana atır, diqqətləri təcavüzkarlıq motivinə yönəldir, bir növ, qorxu aşılayır. Təbii ki, qorxu müqavimət də doğrurur ki, indiki durumda bu müqavimət hissinin erməni iqtidarına qarşı, belə demək mümkünsə, demarş dividendi qazandırdığı birmənalıdır. Qorxunun şovinist və revanşist baxışları alovlandırmaq təmayülü də öz yerində.
Reallığın dördüncü tərəfi daha ciddidir. Məsələ ondadır ki, Azərbaycan dövlətinin, o cümlədən, cəmiyyətinin konsepsiyalaşmış Qərbi Azərbaycan düşüncəsi tarixi ədalət prinsipinə söykənir. Nəzərə alaq ki, Qərbi Azərbaycan dedikdə, bu gün Ermənistan Respublikası adlanan ərazilərdəki əsasən Zəngəzur, Göyçə, Dərələyəz, Vedibasar və digər bölgələr nəzərdə tutulur. Daha doğrusu, həmin bölgələrdə əsrlər boyu azərbaycanlıların yaşamaları. O azərbaycanlılar ki, onların nəsilləri sonradan Ermənistanı doğma vətən kimi də gördülər. Amma onlara öz vətənlərində yaşamaq haqqı tanınmadı.
Nəzərə alaq ki, adlarını çəkdiyimiz ərazilərdə azərbaycanlılar XX əsrin müxtəlif mərhələlərində – 1905–1906, 1918–1920, 1948–1953 və 1988–1991-ci illərdə sistemli şəkildə deportasiya və etnik təmizləməyə məruz qalıblar. Bütün bunlar bumeranq effekti yaratmalı idi. Axı Azərbaycanı da özlərinə vətən bilən ermənilər olub. Bu gün Bakı üçün burnunun ucu göynəyən ermənilər yoxdurmu? Var.
Deməli, Qərbi Azərbaycan ritorikası mənəvi anlam daşımaqla, təkcə azərbaycanlılara deyil, eyni zamanda, özündə tarixi ədalət yükünü daşıdığından, Ermənistan insanı üçün də vacib olmalıdır. Axı heç bir insan doğulub boya-başa çatdığı torpağı tərk edib getmək istəməz. Baxın, Qarabağda doğulub boya-başa çatmış bir şəxs öz evindən çıxmaq məcburiyyətində qalıb. Durumun belə şəkil almasının tək səbəbi Ermənistan dövlətinin apardığı işğalçılıq siyasəti olub. O siyasət ki, mənşəyini haqqında söz açdığımız deportasiyalardan, etnik təmizləmələrdən götürmüşdü. Bütün bunlar yaşanmaya bilərdi. Hər halda, baş verənlərə görə günahkar Azərbaycan və azərbaycanlılar olmayıb. Hər cür pisliyi edən erməni millətçiləri və onların fitnə-fəsadlarının məhsulu olan Ermənistandır.
Bəli, “Qərbi Azərbaycan” ifadəsinin mənəvi anlamı Ermənistan cəmiyyəti tərəfindən də dərk edilməlidir. Bu anlam dərk edilməyincə, ermənilər və azərbaycanlılar arasında tam səmimi münasibətlərin qurulmasından söhbət gedə bilməz. Axı Prezident İlham Əliyev azərbaycanlıların Qərbi Azərbaycana tanklarla yox, şəxsi avtomobillərlə qayıtmasından söz açıb, özü də dəfələrlə. Düşünürük ki, bunu anlamaq çətinlik törətməməlidir. O da çətinlik törətməməlidir ki, ərazi iddiasına köklənməyən Qərbi Azərbaycan konsepsiyası beynəlxalq hüquqa uyğun şəkildə adlarını qeyd etdiyimiz bölgələrdən zorla qovulmuş azərbaycanlıların hüquqlarının tanınmasına, onların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri qayıdışının təmin olunmasına hesablanıb. Bu yanaşma isə BMT-nin insan hüquqları sənədlərində, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapıb.
Sonda ümumiləşdirmə apararaq deyək ki, Azərbaycan dövlətinin formalaşdırdığı Qərbi Azərbaycan konsepsiyası milli yaddaşa söykənən, beynəlxalq hüquq normalarına əsaslanan və regional sülh gündəliyinə xidmət edən mühüm siyasi-strateji xəttdir. Bu konsepsiya nə revanşizm, nə də ərazi iddiası mahiyyəti daşıyır. Onun əsas məqsədi XX əsr boyunca indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların fundamental hüquqlarının bərpası və tarixi ədalətin təmin edilməsidir. Sözümüz ondadır ki, nə Baş nazir Nikol Paşinyanın Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin xətti ilə nəyisə müəyyənləşdirməsinə, nə ölkənin müxalif kəsiminin isterik əndişəsinə, nə də hay cəmiyyətinin narahatlığına əsas var. Hazırda əhəmiyyət daşıyan məsələ rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyi və mövcud istiqamətdəki prosesləri qətiyyətli şəkildə sürətləndirməsidir. Sülh prosesi sürətlənməlidir ki, Ermənistan imperialist qüvvələrin haylara təlqin etdiyi xəstə ideologiyadan uzaqlaşsın, ölkə monoetnik statusdan çıxaraq sivil məmləkətə çevrilsin, özündə həm də Qərbi Azərbaycan məfkurəsinin daşıdığı sivil strukturu canlandırsın.
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 Yanvar 2026 01:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















