Icma.az
close
up
RU
Ana dilimizi niyə, kimdən və necə qorumalıyıq?

Ana dilimizi niyə, kimdən və necə qorumalıyıq?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bu ilin əvvəlində yerli televiziyalara müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dilinin, yəni Azərbaycan türkcəsinin təhlükə qarşısında olduğunu bir daha vurğuladı. Hakimiyyəti dövründə - son iki onillik ərzində Prezident dəfələrlə bu məsələyə xüsusi diqqət çəkir. Bu, təkcə dövlət rəhbərinin şifahi çıxışları ilə, müsahibələri ilə məhdudlaşmır. Hakimiyyətdə olduğu 22 ildən bir qədər çox müddətdə Azərbaycan dövlətinin başçısı olaraq İlham Əliyev bu məqsədlə qanunvericilik təşəbbüsləri irəli sürüb, qanunlara, fərman və sərəmcamlara imza atıb, xüsusi dövlət proqramını da təsdiqləyib. Ancaq yenə də hər dəfə yeri gələndə, vacib bildiyi anlarda bu məsələyə yenidən qayıdır.

Sözügedən son müsahibəsi də bu baxımdan istisna olmadı. Prezident bu barədə jurnalistin sualına cavabında dilin qorunması ilə bağlı öz mövqeyini, fikrini bir daha əsasıandırdı. Prezidentin həmin cavabından bir hissəyə diqqət yetirək: "Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm".

Bu, əlbəttə, dili başqa dillərdən tam təcrid etmək deyil, sadəcə, Azərbaycan dilini başqa dil mədəniyyətlərinin dağıdıcı, aşındırıcı təsirindən qorumaq anlamı daşıyır.

Keçən əsrin əvvəlində, ondan sonrakı dövrlərdə də Azərbaycan türkcəsi (rəsmi adı ilə desək, Azərbaycan dili) yad dillərin təsirlərinə, hətta işğalına o dərəcədə məruz qalmışdı ki, artıq eyni millətə mənsub və eyni dilin daşıyıcısı olan insanlar bir-birini anlamaqda çətinlik çəkirdilər. Bir kateqoriya vardı, onlar rusca və ya öz dilinə rus kəlmələri qataraq danışırdı. Başqa bir zümrə öz nitqini ərəb-fars sözləri ilə o qədər yükləmişdi ki, öz ana dilinin nəfəsi tıncıxmışdı. Üçüncü bir kəsim isə özünü Osmanlı (indiki Türkiyə) türkcəsində ifadə etməyə çalışırdı. Nəticədə insanlar bir-birinə yadlaşır, bir-birindən mənən qopur, uzaqlaşırdılar.

Dahi Üzeyir Hacıbəyovun 1910-cu ildə yazdığı "O olmasın, bu olsun" adlı musiqili komediya var. Onun əsasında rejissor Hüseyn Seyidzadə 1956-cı ildə eyni adlı komediya filmi çəkib. Heç şübhəsiz ki, hər bir Azərbaycanlı ömründə heç olmasa, bircə dəfə həmin filmə baxıb. Bu, əslində heç komediya deyil, gerçək bir tragikomediyadır. Xüsusilə, qonaqlıq səhnəsi. Orda qonaqlardan biri öz nitqinə çoxlu fransız kəlmələri doldurur. Adamlar onu anlamaqda çətinlik çəkir. "Qəzetəçi Rza bəy" isə Anadolu türkcəsində o qədər söz işlədir ki, onu, ümumiyyətlə, heç kim başa düşmür. Təbii ki, "Tarixi-Nadir" i farsca "yarısına qədər" oxumuş tacir "Məşədi İbad" da onun dediyindən heç nə anlamadı.

Üzeyir bəy Hacıbəyli hələ 116 il bundan əvvəl ana dilimizin əldən getdiyi barədə millətimizə xəbərdarlıq edirdi. Bu gün də həmin çağırış, həmin narrativ qüvvəsində qalırsa, deməli, Üzeyir Hacıbəylinin həyəcan siqnalını eşitməmişik.

O əsər yazılanda Azərbaycan müstəqil deyildi. İndi isə müstəqil dövlətdir və bu dövlətin başçısı səviyyəsində dəfələrlə, təkidlə deyilir ki, dilin saflığını qorumaq lazımdır. Həm də dünyada yaşayan bütün Azərbaycanlılar öz ana dilinə sahib çıxmalı, onun təmizliyini hifz etməlidir - Azərbaycan Prezidenti buna çağırır.

Niyə?!

Çünki dünyada Azərbaycan türkcəsinin daşıyıcısı olan insanların sayı 50 milyondan çoxdur. Onun az qala 40 milyonu İranda yaşayır və öz türkcəsi fars dilinin işğalı altındadır. Cəmi 10 milyondan bir qədər çox Azərbaycanlı Azərbaycan Respublikasında daşıyır. Qalanı da dünyanın dörd bir yanına səpəlınib.

Prezident niyə ölkədən kənarda yaşayan Azərbaycanlıları öz ana dilini qorumağa çağırır?! Səbəbi sadədir: Azərbaycan xalqının bir dövləti var və bu dövlət anlayır ki, onun varlığını şərtləndirən amillərdən biri öz ana dilidir. Bu dilin məhz bu dövlətin sərhədlərindən kənarda yaşayan daşıyıcıları sayca çox olduğuna görə, dövlətin içindəki Azərbaycan dilinə təsir edə, onu hətta yox edə bilər.

Belə bir bənzətməyə diqqət edək: təsəvvür edin, bir orduya döyüş tapşırığı verirsən, onun yalnız bir hissəsi - öz ana dilinə bağlı insanlar bu əmri anlayır və yerinə yetirir. Qalanlar söhbətin nədən getdiyini anlamır, yerində qalır, hərəkət etmir,; əmri vaxtında anlamadığı üçün vaxtında hərəkətə başlamır. O halda nizam pozulur, tapşırıq planlaşdırıldığı kimi hamılıqla və vaxtında yerinə yetirilmir, nəticədə döyüş uduzulur.

Bax, Prezident bu səbəbdən ölkəmizin böyük fəlakətlərlə üzləşə biləcəyini deyir. Dil başqa dillərin ifrat təsiri altına düşəndə cəmiyyətdə bir-biri ilə öz dilində, amma yad kəlmələrlə danışan müxtəlif kəsimlər meydana çıxır. Bir-birini anlaya bilməyən insanlar eyni millətə mənsub olsalar da, bu identikliyi itirir, bir-birinə qarşı özgələşir. Azərbaycan dövləti bir-biri ilə eyni dəyərləri bölüşən insanların kollektiv razılaşması, ictimai müqaviləsidir. Dil pozulanda bu razılaşma, bu müqavilə pozulur. Azərbaycan - Azərbaycan dilinin dövlətidir. Dövlət dili, yəni dövlətin dili Azərbaycan dilidir. Yəni Azərbaycan türkcəsi. Dövlət isə ərazidən, əhalidən və hakimiyyətdən ibarətdir. Bu ərazidə yaşayan əhalinin də, onun hakimiyyətinin də hazırda ortaq kommunikasiya aləti var: dövlət dili. Təsəvvür edin: bu ərazidə yaşayan əhali öz dilini yad təsirlərdən qoruya bilmir, öz nitqini yad kəlmələrlə dolduran əhali qrupları bir-birini anlamaqda çətinlik çəkir, ya da heç anlamır. Belə olduğu halda dövlət öz vətəndaşı ilə, vətəndaşlar bir-biri ilə necə ünsiyyət qura bilər?! Dilin bütünlüyünü qoruyub saxlamadan dövlətin bütövlüyü necə saxlamaq olar?! Heç cür.

Gəldik, o yerə çıxdıq ki, təkcə yad dillərdən deyil, elə əvvəlcə doğma - qardaş dialektlərdən qorumaq lazım gəlir. Əgər biz öz danışıq dilimizdə, ümumiyyətlə, ədəbi dilimizdə, məsələn, rus dilinə, eləcə də, başqa xarici dillərə mənsub olan ayrı-ayrı sözlər, kəlmələr, ifadələr işlədiriksə, qohum dildən - Türkiyə türkcəsindən bütöv cümlələr almağa belə meyllənmişik. O baxımdan: "Dilimizi kimdən qorumalıyıq?" sualına cavab məlumdur. Biz dilimizi onu korlayam hər şeydən və hər kəsdən qoruyacağıq, başqa yolu yoxdur. Ancaq ən çox Türkiyə türkcəsindən qorunmaq lazımdır. Doğrudur, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə və ya əksinə uğurla keçən sözlər, ifadələr də çoxdur. Ancaq Türkiyə türkcəsinin təzyiqini daha çox hiss edirik və edəcəyik. Bu, o dilin və ya bu dilin günahı da deyil; dil canlı orqanizmdir. Bir çay kimi axır deyə, daim başqa axınlara qarışması, bulanması olacaq. Ancaq daimi durulma şərtilə.

Bəs dili necə qorumaq lazımdır?

Bu, çox geniş mövzudur, uzun söhbətdir. Dili qorumağın çox yolları var. Buna ayrıca bir yazı (yaxud seriya yazılar) həsr etmək olar və lazımdır da. Ancaq, mən indi, sadəcə, birini deyəcəm: Azərbaycan dilində (yəni Azərbaycan türkcəsində) daha zəngin yazanları, düzgün danışanları stimullaşdırmaq lazımdır, nəinki bu dilə zərər verənləri. Məsələn, biz görürük ki, Mədəniyyət Nazirliyi bir qrup yazıçı ilə müqavilə bağlayıb, onların kitablarını satın alır, kitabxana fondlarına daxil edir. Bu, çox yaxşıdır. Həmin yazıçıların heç də hamısı, heç də bütün əsərlər dili zənginləşdirmir. Siyahıda, ümumiyyətlə, ədəbiyyata dəxli olmayan adamlar var. O adamlar ki, heç Azərbaycan dilində düz-əməlli danışa bilmir, bu dildə nə yazıblar, nə yazacaqlar, dili necə zənginləşdirəcəklər?! Ancaq dövlət ən böyük məbləği, məsələn, Bəhram Bağırzadəyə ödəyir. Özünə "дядя Бахрам" adı götürüb, guya uşaqlar üçün "kitab" yazır, yeni yetişən nəsilləri yad dilə həvəsləndirir. Öz dilində də sınıq-sökük ləhcə ilə danışır. Ancaq nədənsə elə ən çox ona - ana dilimizin "anasını ağladana" diqqət göstərilir.

Məsələ təkcə Mədəniyyət Nazirliyi ilə bitmir: Elm və Təhsil Nazirliyi müəyyən yazıçı və şairlərin əsərlərini dərsliklərə daxil edir. Bu da alqışlanası addımdır. Ancaq o əsərlərin böyük əksəriyyəti dilin zənginliyini, dərin qatlarını təmsil etmir, milli dilin enerjisini yeni nəsillərə ötürə bilmir.

Bundan başqa bir problem də var. Dərindən təhlil edəndə görürsən ki, Azərbaycanın dövlət dilini elə bir çox dövlət adamlarının özlərindən qorumaq lazımdır.

Fikrimi əsaslandırmağa çalışacam.

Azərbaycan Prezidenti özü həyatının müxtəlif mərhələlərini yad dillərin mühitində keçirsə də, təhsilini rus dilində, ingilis dilində almış olsa da, öz ana dilində o qədər səlis və zəngin danışır, dilin elə dərin qatlarında gəzişir ki, buna mat qalırsan. Dövlət başçısının öz dilində yüksək ədəbi hazırlığı var. Ancaq bunu başqa bəzi vəzifəli şəxslər haqqında demək çətindir. Prezident yalnız beynəlxalq tədbirlərdə (o da həmişə yox!) əvvəlcədən hazırlanmış mətnlərlə çıxış edir. Ancaq öz vətəndaşları qarşısında, öz xalqı ilə həmişə birbaşa - heç bir monitor, kağız-filan olmadan, necə deyərlər, bədahətən danışır. Cəmiyyəti ilə səmimiyyətini həmişə saxlayır. Həm də xalqın öz dilində - özünün də ana dili olan Azərbaycan dilində danışanda inanılmaz dərəcədə çox sayda sözdən, hətta yeri düşdükcə frazeoloji ifadələrdən, el dilinin dərinliklərindən gələn təşbehlərdən, epitetlərdən, ibarələdən istifadə edir. Ancaq bir çox dövlət rəsmilərində bunu görə bilmirik: onlar standart kəlmələr, ütülü ifadələr, çox mürəkkəb cümlələr işlətmək kimi qüsurlu vərdişlərdən əl çəkmirlər. Bu mənada Prezidentdən nümunə götürən dövlət adamları, dövlət məmuru çox deyil.

Dilin qorunması üçün bu məsələyə diqqət yetirmək qaçılmazdır.

Ən başlıcası, əgər dilin saflığını qorumaq və zənginləşdirmək istəyiriksə, Söz sənətinə - ədəbiyyata, dilçilik elminə, publisistikaya, mediaya - jurnalistikaya önəm vermək gərəkdir. Çünki dili ən çox zənginləşdirən də, qoruyan da - qorumalı olan da Söz sənətidir, Söz adamlarıdır. Əgər bu, bir mübarizədirsə (ki, ölkə Prezidenti dili qorumağı haqlı olaraq mübarizə kimi səciyyələndirir), deməli, burada peşəkar orduya - yazıçılara, publisistlərə, jurnalistlərə, dilçi mütəxəssislərə, eləcə də, filosoflara böyük iş düşür. Bu adamların cəmiyyətdəki rolunu, təsirini azaltmaq yox, ucaltmaq gərəkdir. Dilin tarixini, fəlsəfəsini araşdırmaq, öyrənmək, öyrətmək lazımdır. Dili qorumağın birinci şərti Söz sənətkarlarının yaradıcılıq azadlığıdır. Təbii ki, mən yaradıcılıq adından özbaşınalıq etməyi, ədəbi xaosu deyil, məsuliyyətli yaradıcılığı - yaradıcılıq məsuliyyətini nəzərdə tuturam. Bu olmasa, qalan heç bir metod, metodologiya işləməyəcək. Şəxsən mən bu fikirdəyəm.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri