Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Arxitekturanı yaradan, təbiətdəki onu heyran edən nümunələrə əsaslansa da, əslində onunla elan olunmamış bir rəqabətə girdi. Arxitektura, şəhərsalma, bütövlükdə urbanizasiya özünəməxsus olan infrastrukturanın yaradılmasını tələb etməklə, insan həm də öz yaradıcılığı və fantaziyası hesabına təbiət üzərində qələbə çaldı. Beləliklə, insanın təbiətlə ilk yarışında əvvəllər məchul hesab etdiyi təbiət qüvvələri üzərində, onun qeyd-şərtsiz üstünlüyü kimi bir nəticə hasil oldu. İnsan təəccüb dolu baxışlarını daim yuxarı dikdiyindən, uca binalar tikilməyə başlandı. Alman tayfasının adından götürülən Qotika üslubu bu sahədə böyük nailiyyətlərin qazanılmasına səbəb oldu. XII əsrdən başlayaraq, XV-XVI əsrlər ərzində bu bədii üslub, Orta əsrlər incəsənətinin inkişafını Qərbi və Mərkəzi Avropada yekunlaşdırmışdı. Bu vaxt Qotika üslubu, ona qədər hakim mövqe tutan Roman üslubunu əvəz etmişdi. Bu aparıcı arxitektura tipi şəhərlərdə kilsə binalarının tikintisində və arxitekturanın karkas sistemində aparıcı mövqeyə yiyələnmişdi. Kilsə binaları səmaya doğru istiqamətlənirdi, nəhəng ajur qüllələrə, forması əydirilmiş heykəllərə malik olurdu. Məbədlər, kilsələr belə hündürlükləri ilə qədim Mesopotamiyanın zikkuratlarını kölgədə qoymaqla, misirlilərin piramidaları və ya Aleksandriya Mayakı ilə yarışa girməyə cəhd edirdi. Qotika üslubu çətin tikinti sahəsi olduğundan, Avropada köçəri xarakter daşıyan, bir şəhərdən başqasına keçən iri daşyonanlar dəstəsi meydana gəldi. Qitənin şəhərlərindəki uca qülləli binaların çoxluğu məhz onların zəhmətinin bəhrəsidir.
Şərq arxitekturası, onun əsasında tikilmiş saraylar isə öz dəbdəbəsi ilə Qərbə məxsus olanlardan seçilir. Axı asiyalılar dəbdəbəni daim vacib bir şərt kimi qəbul etmişlər. Heç yerdə memarlıq Şərqdə olduğu kimi bu qədər fərqli formalara yiyələnməmişdi. Şərq arxitekturası avropalıların heç vaxt istifadə etmədiyi bəzək elementləri ilə bəzədilmiş sütunlara malik idi. Diqqət verilsə, Parfenondan tutmuş San Pedro bazilikasına və onun əhatə etdiyi meydandakı sütunlar, bütün digər məbədlərdə olduğu kimi bəzəksizdir, hətta bəzəkdən xəbər verən korinf və ionik üslublardan fərqli olaraq, onlarda adətən sadə yastı formalı dorik üslubuna üstünlük verilirdi. Persepolisdəki sarayların sütunlarını isə iri öküz başını təsvir edən ağır kapitellər bəzəyirdi.
Parfenonun sadəliyi, onun möhtəşəmliyinin təsdiqidir. Çinlilər isə öz zövqlərinə uyğun olaraq kiçik bəzəkləri daha məqbul sayırlar, özbəklər də ağac sütunlarını naxışlı qaydada nəqş yolu ilə bəzəyirlər. Avropalılar isə iri tikililərdə bu təcrübəni vacib saymayıb, onu yalnız kiçik körpülərdə, pavilyonlarda və çini vazalarda tətbiq edirdilər. Onlar öz zövqlərinə uyğun olaraq onu təkmilləşdirdilər və ona yeni cazibədarlıq verdilər. Avropalıların yaradıcı enerjisi burada da özünü nümayiş etdirdi. Nəhəngliyi ilə seçilən tikililərdə isə adətən bəzək gözə çarpmır.
Unutmaq olmaz ki, hər bir arxitektura özünün bütün şərtlərinə əməl olunduqda gözəl görünür. Axı xoş niyyət, qərəzsiz dözümlülük vacib sayılmadıqda, həqiqi istedaddan xəbər verən, layiqincə yüksək qiymətləndirilən əsərlər meydana gəlmir.
Şəhərə gəldikdə, o, müxtəlif üslubların tətbiqindən ibarət olmalıdır ki, müşahidə edildikdə xoş təəssürat yaratsın. Lakin burada da ölçü hissi gözlənilməlidir, hər bir seçim küçənin gözəl görünüş yaratmasına xidmət etməlidir. Əlbəttə, inkişaf vacibdir və bu proses, bütün çətinliklərə baxmayaraq, davam edir. Böyük Şekspirin bir sonetində yazdığı kimi, "Ayın altında heç nə əbədi deyildir".
Şərq arxitekturasının isə, deyildiyi kimi, öz prinsipləri vardır və onda bəzək, dəbdəbə mühüm əhəmiyyətə malikdir. Qranadadakı mavrların tikdiyi Al-Qambra sarayı özünün ornamenti, qəribə fil heykəlləri və fəvvarələri ilə qeyri-adi gözəllik təcəssüratı yaradır. Yaxud Abu Dabidə XXI əsrin başlanğıcında tikilmiş Şeyx Zayed məscidi İtaliyanın ağ karrar mərmərindən tikilmiş nəhəng binadır, onun interyeri cürbəcür rəngli bəzək elementləri ilə doludur, baş salondakı İran xalçası böyük ölçüsünə görə təyyarəyə sığmadığından, hissələrə parçalanmış, məscidə daxil edildikdə toxunaraq bütövləşdirilmişdi. Şərq dəbdəbə naminə israfa yol verməyi də heç də qəbahət saymır.
Qədim insan arxitektura sahəsində öz nailiyyətləri ilə öyünə bilərdi. Krit adasındakı Knossos sarayında üçmərtəbəli və çoxotaqlı binalar mövcud olduğundan, onu təbiətdəki mağaraların labirintinə bənzədirdilər. Belə bir labirintdə isə çar Minoyun arvadı Pasifayanın öküzlə intim yaxınlıqda doğduğu Minotavrın saxlanması və öldürülməsi barədə hekayət, qədim yunan mifologiyasının təzadlı və maraqlı səhnələrindən biridir.
Babilistan çarı Nabuhodonosorun b.e.ə. VI əsrin əvvəlində tikdiyi və abadlaşdırdığı Babil gözəlliyi ilə şöhrət tapmışdı. Romalılar Karfageni b.e.ə. 146-cı ildə yandıranda, orada yaşayış üçün altımərtəbəli binalar mövcud idi. Romalılar da plebeylərin yaşaması üçün belə ümumi istifadəyə yararlı evlər tikirdilər, patritsilər isə abad villalarda yaşayırdılar. Orta əsrlər Avropası isə göylərə dikilən məbəd və kilsə binaları ilə fərqli mənzərə yaradırdı.
Qədimdə ilk addımlarını atan inkişaf prosesi şəhərlərin yaranması ilə müşayiət olundu. İri icmalarda aqrar istehsalın - əkinçiliyin və heyvandarlığın yaranması ilə yanaşı, həm də ilkin əmək bölgüsü meydana gəldi. Şəhərlərdə sənətkarlar əkinçilər üçün istehsal alətləri düzəltməklə məşğul olurdular. Təkcə ağır kotanın icadı torpağın şumlanıb, səpin üçün yumşaldılmasında, bunun nəticəsi kimi, nisbətən daha artıq məhsul götürülməsində mühüm rol oynadı. İlkin əkinçilik Mesopotamiyada, həmçinin Zaqros dağlarının ətəklərində meydana gəldiyindən, insanlar dəmyə əkinçiliyindən suvarılan torpaqlarda məhsul becərməyə keçdilər. Bu isə Dəclə və Fərat çaylarından kanallar çəkilməsinə, bu yolla əkinləri su ilə təmin etməyə gətirib çıxardı. Qədim Misirdə isə Nil çayı suvarma təminatı mənbəyi olmaqla yanaşı, iyul ayında daşdıqda sahilindəki torpaqları bol lillə təmin edib, onları xeyli münbitləşdirirdi.
Şəhərlərdə həm də ticarət gildiyası meydana gəldi. Tacirlər dənizlərlə, çaylarla uzaq ölkələrə səfər edib, öz mallarını satır və öz şəhərlərindəki tələbata uyğun olan malları alıb gətirirdilər. Sonralar isə Şərqdə səhra gəmiləri adlanan dəvə karvanları ticarətdə mühüm rol oynadı. Orta əsrlərin sonunda ədviyyat ticarətinə, Osmanlıların Konstantinopolu işğal etməsi ilə ciddi əngəl yarandığından, dahi dənizçi səyyahlar Xristofor Kolumb və Vasko da Qama XV əsrin sonlarında müvafiq olaraq Amerika qitələrini və Hindistana gedən dəniz yolunu kəşf etdilər. Ticarət, böyük tələbat olan malların uzaq ölkələrdən əldə edilməsi həvəsinə xidmət edən ağır zəhmət, yeni ərazilərin fəth edilməsində və dünyanın bütövləşməsində, əslində olduqca böyük rol oynadı.
İlk şəhərlər
İlkin şəhərlər Mesopotamiyadakı Şumerdə meydana gəlmişdi. Uruk, Ur, Laqiç o dövrün meqapolisi hesab oluna bilərdi. Sonralar bu estafeti Assuriya imperiyası və Köhnə Babilistan öz üzərinə götürdü. İlk şəhərsalma təcrübəsi insanların yeni sığınacaqlar, evlər tikmək təcrübəsinə əsaslanırdı. İcmaların böyüməsi və əmək bölgüsünün yaranması da şəhərlərin meydana gəlməsində mühüm rol oynadı.
İnsanlar və onların əcdadları ən azı yüz min il əvvəl müxtəlif tipli sığınacaqlar yaratdılar və yaşayış evinin tikintisi bəşər evolyusiyası vaxtı meydana çıxdı. Hələ insanabənzər meymunlar yatmaq üçün özlərinə "yuvalar" tikirdilər. Ev tikintisi isə, sonralar meydana gələn şəhərsalma, arxitektura adlanan yeni praktikanın yaranmasına səbəb oldu. Burada insan ağlı və zəhməti birləşərək, istedad işartılarını meydana gətirdi.
Arxitektura termininin mahiyyəti tərcümə edildikdə, tikililəri layihələşdirmə və inşaetmə sənəti olmaqla yanaşı, həm də onun nəzəri elmidir. Bu fəaliyyətin nəticələrinə tikililər, körpülər və insan tərəfindən yaradılan digər obyektlər daxil olmaqla, ətraf mühitin dəyişdirilməsi daxildir. Arxitektura tarixinin nə vaxt başladığını təyin etmək çətin məsələdir. Onun əvvəllərdən qalan izi, başlıca olaraq geriyə, Neolit dövrünə, on min il bundan əvvələ gedib çıxır. Bu vaxt insanlar daimi yaşayış yerləri və digər binalar tikirdilər. İlkin şəhərləri həm də böyüklüyü ilə fərqlənən dini məbədlər bəzəyirdi.
Lakin arxitekturanın birinci funksiyası insanın yaşaması üçün şərait yaratmaqdan ibarət idi. Bunun üçün yenə də ana təbiətin köməyindən, onun təklif etdiyi materiallardan istifadə edilmişdi. Həm də tikintiyə müəyyən forma verilməsinə başlanmışdı. Tikinti materialında ciddi bir dəyişiklik baş vermirdi. Assuriyadakı məbədlərin hamısı çiy kərpiclə tikilmişdi.
Arxitektura növləri
Tikintininin inkişafı və miqyası, iqisadi vəziyyətdən çox asılı idi. İqtisadi təzyiq, konservatizmin başlıca mənbəyinə çevrilirdi. Ona görə də, adamlar öz tələblərini azaltmağa məcbur olurdular. Min illər keçsə də, həmin prinsip öz təsirini göstərməkdə davam edir. Varlı mədəniyyətlərdə iqtisadiyyat və adətlər imkan verirdi ki, arxitekturada sanitariyaya, işıqlanmaya və binanı isitməyə daha çox diqqət verilsin.
Ev tikmə növündən sonra "hakimiyyət" arxitekturası meydana gəldi. Demək olar ki, hər bir sivilizasiyada cəmiyyət özünün az sayda üzvlərini təmsil edən, həm də icmanın resurslarından səmərəli və düzgün istifadə edilməsi üçün müxtəlif hakimiyyət növləri yaradırdı. Bu azlıq iqtisadi, dini və ya sinfi fərqlərdən meydana gəlirdi. "Hakimiyyət" arxitekturası nümayişkaranə sayılan mürəkkəb funksiyaları yerinə yetirə bilərdi.
Arxitektura tarixinə müxtəlif tiplərdə olan dini tikililər daxil idi. Kilsə binaları daha çox nəzərə çarpan olurdu. Mesopotamiyanın ilkin şəhərləri dini məbədlərin nisbətən möhtəşəmliyi ilə seçilirdi. Məbədlər və kilsələr ibadət və dua üçün olan yer kimi nəzərdə tutulurdu. Misirdə və Hindistanda onlar ilahi qüvvələrin iqamətgahı rolunu oynayırdı. Buddist stupalarında belə yer olmurdu, ibadət stupanın ətrafında icra edilirdi.
Sonralar matəm mərasimləri geniş yayıldı. Matəm arxitekturası cəmiyyətin, ömür başa çatdıqdan sonrakı yaşayışın davam edəcəyinə olan inamından irəli gəlirdi. Monumental qəbirlər qədim Misirdə faraonların o dünyadakı həyatının davam etməsi üçün ağır zəhmət və xərc hesabına tikilən piramidalar şəklindəki, ellinistik Yunanıstanında isə, dünyanın sonrakı mavzoley tikintilərinə yol açan Halikarnasdakı, arvadının ölən ərinin şərəfinə tikdirdiyi Mavsolun qəbri və ya Hindistanın Aqra şəhərindəki şah Cahanın sevimli arvadı Mümtaz Mahalın xatirəsinə həsr etdiyi Tac Mahal kimi nümunələrə malikdir.
Hökumətin təməl funksiyaları üçün, daha sonra cəmiyyətlərin hamısından ötəri vacib olan inzibati, qanunvericilik və məhkəmə binaları meydana gəldi.
Əyləncə arxitekturası isə çox saydakı fəaliyyətlər üçün vacib idi. Onlara teatr, musiqi, idman yarışları üçün olan tikililər daxil idi. Sonra muzeylər və kitabxanalar meydana gəldi. İlk kitabxanalar qədim Çində və Yaponiyada yaranmışdı. Qədim Misirdə olan Aleksandriya kitabxanası çox məşhur idi. Onun yandırılmasına ilk dəfə Roma sərkərdəsi Yuli Sezar, ondan yeddi əsr sonra isə Misiri işğal edən İslam dövlətinin xəlifəsi Ömər səbəb olmuşdu. İlkin nümunələr həmçinin ellinistik şəhər olan Perqamın akropolunda və roman Efesində (müasir Türkiyədəki Efes şəhəri) tapılmışdır. Orta əsrlərdə isə ərəblər İspaniyadakı yeni islam xilafətinin paytaxtı olan Kordobada, Avropada ilk sayılan böyük kitabxana yaratmışdılar.
(Ardı var)


