Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Telman ORUCOV
(Əvvəli ötən şənbə saylarımızda)
Adriatik dənizinin laqunasında yaradıcı məskunlar tərəfindən dünyanı heyran edən Venetsiya şəhəri - bu canlı muzey salınmışdı. Şəhərin San Marko meydanı Doj və kilsə binaları ilə, zirvəsində Müqəddəs Markın rəmzi olan şirin dayandığı obelisk ilə və digər möhtəşəm tikililər hesabına böyük şöhrətə yiyələnmişdir. Kanallar isə şəhərə xüsusi gözəllik verir, onlar küçələr rolunu oynamaqla, burada üzən qondolalar və su taksiləri ənənəvi avtomobilləri əvəz edir. Kanallar, binaların gözəlliyini öz sularında əks etdirməklə əsl güzgü rolunu da oynayır. Meydandan kanalla qondolada uzaqlaşdıqda, çox hündürdəki "Ah" körpüsü gözə dəyir. Dustaqlar Doj binasının məhbəsindən həmin körpü ilə kanalın əks tərəfindəki binada olan dustaqxanaya aparıldıqda, həyatla vidalaşmanın yaxınlaşdığını hiss edib, ah çəkirdilər və buradan da həmin körpünün hüznlü adı meydana gəlmişdi. Qrand kanalla dəmir yol vağzalına qayıtdıqda Venetsiyanın ecazkar mənzərəsini, gözəl binalar sərgisini seyr edirsən.
Paytaxt şəhərlərinin də çoxunda onların məşhurlaşdıran meydanlar mövcuddur. Dahi Viktor Hüqonun çox gözəl hesab etdiyi Brüsselin Qrand Plyas, Madridin Mayor Palas meydanları, həmin şəhərləri nişan verən simvollara çevrilmişdir. Bəzən hətta bir möhtəşəm bina da heyranlıq obyektinə çevrildiyindən, şəhərin pasportu rolunu oynayır. Arxitektor Antonio Qaudinin Barselonada XX əsrin başlanğıcında yaratdığı Saqrada Familia kilsəsinin binasının termit yuvasına bənzəyən qüllələri dini məbədə fantastik görünüş verir. Şəhərə gələn hər bir turist məhz bu heyrətamiz tikilini görməyə can atır. Bu kilsə əslində dini binaların tikintisində yeni üslub yaratmışdır və belələrinə hətta ekvatorial Afrikada da rast gəlmək mümkündür. Yaxud Moskvada, çar İvan Qroznının dövründə tikilmiş Vasili Blajennı kilsəsinin rəngbərəng qüllələri qızılgül qönçələri kimi xüsusi gözəlliyə malikdir.
Şəhərin yenidən qurulması, onun gözəlləşməsinə xidmət edir
Bəzən şəhərlər yenidənqurulma prosesinə məruz qaldıqda, bu, onların xeyrinə işləyir, əvvəllər cansıxıcı xarakter daşıyan dar küçələrdəki alçaq hündürlükdəki binalar belə reinkarnasiyada yeni görünüşə yiyələnir, geniş bulvarlara və çox mərtəbəli gözəl binalara sahib olur. XIX əsrin 50-70-ci illərində Parisin yenidən qurulması şəhəri tam dəyişdirmiş, ona monumentallıq və möhtəşəmlik bəxş etmişdir. Paris bu abadlıq işləri hesabına dünyanın ən gözəl şəhərinə çevrilmişdir. Bu təşəbbüslə imperator III Napoleon çıxış etsə də, onun reallaşmasında şəhərin Sena prefekturasının prefekti baron Osman həqiqətən yalnız titanlara məxsus bir iş görmüş, şəhərin mənzərəsini bütünlüklə dəyişdirməyə nail olmuşdu. O, dar küçələri və alçaq hündürlükdəki binaları uçurmuş, onların yerində geniş bulvarlar salmış, uca mərtəbəli, göz oxşayan yaraşıqlı evlər tikdirmişdi. Onun şəhərin abadlığına göstərdiyi böyük xidməti fransızlar, haqlı olaraq, "Osmanlaşma" adlandırmışdılar və minnətdarlıq əlaməti kimi mərkəzi bulvarların birinə Osman bulvarı adını vermişdilər.
Şəhər bu dövrdə həm də arxitektura inciləri ilə zənginləşmişdi. Arxitektor Şarl Qarnye şəhərə əlavə gözəllik verən Qrand Opera binasını tikdirmişdi. Barokko üslubundakı bu bina, dəbdəbəli görünüşü ilə nəzərlərin özünə dikilməsini məcbur edir. 1889-cu ildə Parisdə Ümumdünya sərgisinin açılışı, başqa, daha böyük əhəmiyyətə malik olan Eyfel qülləsi ilə təkcə şəhərlilərin deyil, qonaq gələn əcnəbilərin də böyük marağına səbəb olmuşdu. Qüllə mühəndislik sənətində innovasiyanın yeni nailiyyəti olmaqla, 300 metrdəki ucalığı ilə dünyanın ən hündür tikintisinə çevrilmişdi. Qüllə iki il ərzində eyni həcmli dəmir bloklardan yığılmaqla, az qala poladdan yaranan möcüzə xarakteri daşımışdı.
Lakin Eyfelin layihəsinə ciddi etirazlar da mövcud idi. Yaradıcı ziyalılar onu Parisin görünüşünə xələl gətirəcəyini vurğulayırdılar, hətta ucaldıqdan sonra onu istehza ilə "Səma çoban qızı" adlandırmışdılar. Layihəyə kəskin etiraz edənlər arasında arxitektor Şarl Qarnye, bəstəkar Şarl Quno, yazıçı Gi de Mopassan da var idi. Axırıncı hər gün qüllənin restoranında nahar edirdi ki, təkcə oradan, qüllənin görünüşü onun əhval-ruhiyyəsini poza bilmir. Mühəndis Aleksandr Qustav Eyfel buna qədər urbanizasiya ilə məşğul olmamışdı, körpülər tikmiş, ABŞ-ın 100 illiyinə fransızların hədiyyə göndərdiyi Azadlıq heykəlinin karkasını layihələndirmişdi. Xarici ölkələrdən Ümumdünya sərgisinə gələnlər Parisdəki bu mühəndislik ixtirası və arxitektura yeniliyinə ilk valeh olanlar idi. Tezliklə, Eyfel qülləsi Parisin, bütün Fransanın simvoluna çevrildi. İldə 12 milyon turist qülləyə qalxmaqla, onun böyüklüyünü daha dərindən dərk etmək imkanı qazanır. Eyfel qülləsi Parisin bütün başqa gözəlliklərini kölgədə qoymağı bacarmışdır. Nə Tac Mahal, nə Kapitoli, nə Bürc əl-Xəlifə populyarlıqda Eyfel qülləsi ilə müqayisə oluna bilməzlər.
Görkəmli arxitektorlar
Baron Osmanın rekonstruksiya işinə uğurla başçılıq etməsi, Aleksandr Eyfelin möcüzə yaratması arxitektorlar barədə təsəvvürün genişlənməsinə və onların əməyinə və istedadına layiq odluqları qiymət verilməklə, müsbət dəyişikliyə səbəb oldu. Arxitektor heç də adi inşaatçı deyildir, tikintilərin layihələnməsində çox sayda yeniliklərə imza atmaqla, o, şəhərlərin gözəlləşməsinə, yeni cizgilər qazanmasına öz xidməti ilə seçilir. Onların sayı çoxdur, bəziləri isə öz yaradıcılıqları ilə dahilik səviyyəsinə yüksəlmişlər. Məşhur ingilis arxitektoru Kristofer Renə 1666-cı ildəki yanğından sonra Londonun yenidən qurulması tapşırılmışdı. Onun incilərinə, tikintisini 1675-ci ildə başladığı Müqəddəs Pavel kilsəsi və Oksforddakı Şeldon teatrı daxil idi. Barselona şəhərinə səyahət edən hər bir adam XX əsrin başlanğıcında fəaliyyət göstərmiş görkəmli ispan arxitektoru Antonio Qaudi barədə məlumata yiyələnir. Çünki şəhərə, bu dahi qəribə görünüşə malik olan və fantastik təsəvvür yaradan kilsə binasını bəxş etmişdir. Onun evlərə əlavə etdiyi qəribə naxışlı balkonlar və Qüel parkı da gözəllik nümunəsi kimi qəbul edilir.
Yaxud fransız Şarl Eduar le Korbuzye Parisdə bir çox binaların layihəsini verməklə, şöhrət qazanmışdı. O, Hindistandakı yeni Çandaqarh şəhəri tikintisinin bütöv layihəsini vermişdi. Moskvada onun layihəsi əsasında tikilən Mərkəzi Statistika İdarəsinin binasında mərtəbələr arasındakı pilləkənlər ləğv edilib, əvəzində yoxuşa qalxan yollar çəkilmişdir. Yəqin ki, o, dahi Mikelancelonun layihəsi əsasında Kapitoli təpəsinə qalxan yola bələd idi, orada da pilləkənlər yox idi, yalnız hədd göstəriciləri olan dik yolla qədim Romanın siyasi mərkəzinə XVI əsrdə qalxmaq üçün məhz həmin yeni ideya işə salınmışdı.
Böyük Pyotrun XVIII əsrin əvvəlində Fin körfəzində saldığı Sankt-Peterburq şəhərinin tikintisinə əcnəbi arxitektorlar, əsasən italyanlar dəvət olunmuşdu və onlar şəhəri məşhurlaşdıran saraylara, küçələrə həyat pasportu vermişdilər. Bartolemoe Rastrellinin yaratdığı Qış sarayı (indiki Ermitaj muzeyinin binası) öz uzun anfiladası ilə seçilən nəhəng gözəllik məkanı nümunəsi idi. O, bir sıra monumental ansambllar, Russkiy muzeyin binasını, Baş Qərargah kompleksini və İncəsənət meydanını yaratmışdı. Karl Rossi, bağlı binanın interyerini andıran və onun adını daşımaqla, Memar Rossi küçəsi adlanan bu gödək gözəl məkanın layihəsini vermişdi. Şəhər həm də İsaakiyevski və Kazan kilsələri ilə şöhrət tapmışdır. Əcnəbi arxitektorlar olmasaydı, Rusiyanın şimal paytaxtı, yəqin ki, öz memarlıq inciləri ilə öyünə bilməzdi.
Heykəlin arxitekturaya əlavə gözəllik verdiyini, fransız heykəltaraşı Etyen Falkonenin I Pyotrun şərəfinə yaratdığı "Mis atlı" heykəli, Neva sahilini əlavə bəzəkləndirməsi ilə sübut edir.
XX əsrdə 70 il davam edən Sovet dövründə artıq Leninqrad adını daşıyan bu şəhərdə böyük tikinti işləri görülsə də, nəhəng yaşayış kompleksləri istifadəyə verilsə də, bütövlükdə son bir əsrdən artıq müddətdə şəhərin köhnə ənənəsini davam etdirmək üçün elə bir iş görülməmişdir, köhnə incilərə heç nə əlavə edilməmişdir. XXI əsrin ötən dekadalarında Rusiya gücünü müharibələrə, silahlanmaya sərf etmişdir, Saltıkov-Şedrinin bəla saydığı "dəlilər və yollar" problemi mövcudluğunu yenə də davam etdirir. Dünyanın az saydakı keçmiş gözəl şəhərlərində də əsasən belə qayğısız münasibət hallarına rast gəlmək mümkündür.
Prezident Corc Vaşinqtonın təşəbbüsü ilə ABŞ-da salınan yeni paytaxtın tikintisinə də əcnəbi arxitektorlar dəvət edilmişdi. Onlar Ağ Evin və Kapitolinin layihəsini vermişdilər. 1812-ci ildə ingilislərlə aparılan müharibədə onlar Vaşinqton şəhərini işğal edərək, Ağ Evi və hələ tikintisi yarımçıq olan Kapitolini yandırmışdılar. Üç gün davam edən dəhşətli tufan qorxuya düşən işğalçıları Potomak çayı ilə qaçmağa məcbur etmiş və yanğını söndürmək kimi vacib bir işi də görmüşdü. Yeni paytaxt tufanın hesabına həm də işğaldan və bütünlüklə dağıdılmaqdan xilas edilmişdi.
Vaşinqtonun bu iki hökumət binası öz mükəmməlliyi və möhtəşəmliyi ilə fərqlənir. Lakin onlar heç də bir nüsxədən ibarət deyillər. Fransada Briv şəhərinə gedəndə yolun üstündə meşədə Ağ Evin digər nümunəsinə rast gəlirsən. Kubanın paytaxtı Havanada isə Kapitolinin nisbətən kiçildilmiş təkrar nümunəsini müşahidə etmək mümkündür.
Şəhərlərdə əsl sənət əsəri olan heykəllər həqiqətən də arxitekturanın tamamlanmasına və zənginləşməsinə kömək edir. Heykəltaraşlıq qədim Misirdə xeyli inkişaf etmişdi. Faraon Exnatonun arvadı, Tutanxamonun anası Nefertitinin, heykəltaraş Tutmos tərəfindən yaradılan kiçik heykəli az qala gözəl qadın təsvirinin simvoluna çevrilmişdir. Yunanıstanda isə heykəltaraşıq daha böyük zirvələr fəth etmişdi. Böyük heykəltaraş Fidi Olimpdə Zevsin nəhəng heykəlini yaratmış, həm də tikintisinə başçılıq etdiyi Parfenon məbədində o, ilahə Afinaya qızıldan və fil sümüyündən olan gözəl heykəlin müəllifi idi. Romalılar heykəltaraşlıqda yunanların səviyyəsinə çata bilmədiklərindən, onların məşhur əsərlərinin kopyasını çıxarmağa üstünlük vermişdilər.
Qədim yunanların irsi kimi dünyada sonralar geniş yayılan heykəltaraşlıq şəhərlərin gözəlliyinə olduqca böyük təsir göstərmişdi. XV əsrin sonlarında Romada tapılan Apollon Belvederlinin heykəli böyük marağa səbəb olmuşdu. Bu heykəldə simmetriya, tarazlıq, insan bədəninin proporsiyaları öz yaradıcı həllini tapmışdı. Təsadüfi deyildir ki, utopik sosialist Tommazo Kampanellanın "Günəş şəhəri" əsərində təsvir edilən həmin şəhərin küçələrini monumental heykəllər bəzəyirdi və V.İ.Leninin tövsiyəsi ilə gələcək sovet şəhərləri bu ənənəni davam etdirməli idilər.
(Ardı var)

