Azərbaycan Avropa İttifaqı enerji müzakirəsi
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Belçika Krallığının Brüssel şəhərində energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan Yüksək Səviyyəli Enerji Dialoqunun 4-cü iclası keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan ilə Aİ arasında enerji münasibətlərinin strateji və qarşılıqlı əhəmiyyət daşıdığı vurğulanıb. Enerji təchizatının təhlükəsizliyini gücləndirmək, eyni zamanda, təmiz enerji tərəfdaşlığını inkişaf etdirmək istiqamətində əməkdaşlığın inkişafına qarşılıqlı maraq ifadə edilib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin cari ilin iyul ayında Bakıya səfərinin enerji bağlantıları üzrə tərəfdaşlığın yaradılmasındakı əhəmiyyəti qeyd edilib.
Görüşdə təbii qaz təchizatı, enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələrinin inkişafı, elektrik şəbəkələrinin gücləndirilməsi, yaşıl enerji dəhlizləri, enerji səmərəliliyi və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub. Aİ-də qaz təchizatının cari vəziyyəti, uzunmüddətli qaz tələbatı üzrə proqnozlar, Azərbaycanda qaz hasilatı, tələbatı və ixrac perspektivləri, metan emissiyalarının azaldılması kimi məsələlər nəzərdən keçirilib. Cənub Qaz Dəhlizi və təbii qaz sahəsində əməkdaşlığın Azərbaycan–Aİ enerji tərəfdaşlığının əsas istiqamətlərindən olduğu bildirilib.
Qeyd edilib ki, Azərbaycanın qaz ixracının, təxminən, yarısı Avropa ölkələrinə yönəldilir. Ötən il Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib, cari ilin ilk səkkiz ayında isə bu göstərici 7 milyard kubmetri ötüb. Bu il Azərbaycan qazının ilk dəfə Almaniya və Avstriyaya tədarükünə başlanılması ilə Azərbaycan qazı alan Aİ dövlətlərinin sayı 10-a çatıb. Qaz hasilatının artırılması istiqamətində həyata keçirilən layihələr, o cümlədən “Şahdəniz Kompressiya”, AÇG-nin qeyri-səmt qazı və “Abşeron” yatağının tammiqyaslı işlənməsi barədə məlumat verilib. Trans-Adriatik Boru Kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsinin ilkin mərhələsinin həyata keçirildiyi və Cənub Qaz Dəhlizinin gələcəkdə daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın xam neft ixracının əsas hissəsinin, təxminən 80 faizinin Avropa bazarına yönəldiyi qeyd olunub.
Azərbaycanda bərpaolunan enerjinin inkişafı və regional bağlantılar üzrə yeniliklər diqqətə çatdırılıb. Azərbaycanın Xəzər dənizində böyük dəniz külək enerjisi, eləcə də quruda əhəmiyyətli günəş enerjisi potensialına malik olduğu vurğulanıb. Bu potensialdan istifadə etməklə istehsal ediləcək yaşıl elektrik enerjisinin müvafiq bağlantılar və “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropaya çatdırılması imkanları müzakirə olunub.
CESI şirkəti “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim edib. “Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq Aİ-nin elektrik şəbəkələri və elektrikləşdirmə, regionlararası bağlantılar gündəliyi və bu xüsusda dəstək tədbirləri müstəvisində dəyərləndirilib. Layihəyə Ortaq Maraqlar Layihəsi statusunun verilməsinin vacibliyi vurğulanıb.
Müzakirələr zamanı enerji səmərəliliyi və metan emissiyalarının azaldılması çərçivəsində görülən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılıb.
***
Brüsseldə Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə biznes dairələri üçün Azərbaycan – Avropa İttifaqı Təmiz Enerji üzrə dəyirmi masa keçirilib.
Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji, o cümlədən külək enerjisi, elektrik şəbəkəsi infrastrukturu və enerji səmərəliliyi kimi sahələrdə biznes imkanları təqdim edilib. Azərbaycanın təmiz enerji sektorunda Avropa özəl sektorunun iştirakının gücləndirilməsi üçün praktiki tədbirlərin müəyyənləşdirilməsi müzakirə olunub.
Ölkəmizin 2030-cu ilədək külək-günəş enerjisi payının 38,7 faizə yüksəldilməsini nəzərdə tutan planın xarici və özəl şirkətlərlə həyata keçirildiyi, eləcə də Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yeni enerji bağlantılarının elektrik enerjisinin istehsalı və ötürülməsində Avropa şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar açdığı qeyd olunub.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, “yaşıl” enerji dəhlizləri təşəbbüsləri tərəfdaşlığımızın təkcə Azərbaycan və Xəzər hövzəsində deyil, Mərkəzi Asiyada da genişləndirilməsi üçün fürsət yaradır: “Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin strateji baxışıdır və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin cari ilin iyul ayında Bakıya səfəri zamanı bu layihələri birlikdə inkişaf etdirməli olduğumuza dair razılıq əldə edilib. Çünki bunlar yalnız ekoloji baxımdan əlverişli layihələr deyil. Onlar, eyni zamanda, enerji təhlükəsizliyinə mühüm töhfə verir və iqtisadi cəhətdən səmərəli layihələrdir”.
Komissar Dan Yorgensen isə deyib ki, Azərbaycan bərpaolunan enerji, regional bağlantıların inkişafı üzrə əhəmiyyətli imkanlar təklif edir: “Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var. Avropanın elektrik şəbəkələri üzrə texnologiyaları, avadanlıqları və mühəndislik təcrübəsi, eləcə də Avropa şirkətlərinin investisiya siyasəti bu planların həyata keçirilməsinə töhfə verə bilər”.
Müzakirələrdə “Xəzər – Qara dəniz – Avropa” dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının uğurla başa çatdırılması və layihənin növbəti inkişaf mərhələsinə keçməsi ilə əlaqədar olaraq, hazırda əsas diqqətin potensial investorların və strateji tərəfdaşların cəlb edilməsinə yönəldiyi qeyd olunub. Avropa şirkətləri “Xəzər – Qara dəniz – Avropa” dəhlizi və digər yaşıl enerji dəhlizilərində, eləcə də bərpaolunan enerjinin 2028-ci ildən başlanan növbəti inkişaf mərhələsində, həmçinin enerji səmərəliliyi sahəsində fəal iştiraka dəvət edilib.
Dəyirmi masada Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “SOCAR Green”, Avropa Komissiyası ilə yanaşı, “WindEurope, “Siemens Energy”, “Vestas” kimi Avropa sənaye assosiasiyaları və şirkətləri təmsil olunub.
Xatırladaq ki, Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ci ildən həyata keçirilir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 03 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















