Azərbaycan güclü dövlətdir, daxildəki xəyanətkarlar və xaricdəki düşmənlər onu sarsıda bilməz TƏHLİL
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycan müstəqillik qazanandan dövlətçiliyimiz həm daxildən, həm də xaricdən dəfələrlə təhlükələrlə üz-üzə qalıb. Ötən 34 il ərzində ölkədə çevriliş, xaos, vətəndaşı müharibəsi yaratmaq cəhdləri baş verib.
Azərbaycanın müstəqillik dövrünün ilk illəri həm daxili sabitlik, həm də xarici təzyiqlər baxımından ən çətin mərhələlərdən idi. 1994-cü ilin oktyabrın 3-4-də ölkədə dövlət çevrilişinə cəhd edilməsi bu təzyiqlərin bariz nümunəsidir. O dövrdə Ermənistanla davam edən müharibə, iqtisadi tənəzzül və daxili siyasi parçalanma fonunda Azərbaycan xalqı yenidən Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyi qorudu. Xalqın birliyi, həmrəyliyi və vətənpərvərliyi qiyamın qarşısını qətiyyətlə aldı.
Bununla belə, daxildəki bəzi antimilli qüvvələr və xaricdən yönləndirilən siyasi dairələr Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmirdilər. Müstəqil enerji siyasəti, xarici şirkətlərlə əməkdaşlıq, iqtisadi islahatlar onların maraqlarına zidd idi. Buna görə də, qısa bir müddət, təxminən altı ay sonra Azərbaycanda yenidən dövlət çevrilişinə cəhd göstərildi. Bu dəfə də xalqın iradəsi və dövlətin gücü sayəsində bu plan uğursuzluğa düçar oldu.
Bu cəhdlərin arxasında duran əsas amil Azərbaycanın neft sərvətləri və bu resurslar uğrunda dünyadakı güc mərkəzləri arasında gedən kəskin rəqabət idi.
Böyük İpək yolu tarixi baxımdan təkcə ticarət və mədəniyyətin deyil, həm də siyasi təsir dairələrinin formalaşdığı mühüm bir arteriya olub. Bu yol Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni bir-biri ilə sıx birləşdirərək, region xalqları arasında iqtisadi inteqrasiyanın, qarşılıqlı etimadın və strateji əməkdaşlığın əsasını qoyub. Məhz bu baxımdan, Böyük İpək yolunun müasir formatda dirçəldilməsi bu ölkələrin hər biri üçün həm iqtisadi, həm də siyasi müstəvidə mühüm əhəmiyyət kəsb edir.
Lakin qeyd etmək lazımdır ki, istər 1990-cı illərin əvvəllərində, istərsə də sonrakı onilliklərdə bu cür regional layihələrin reallaşmasına qarşı çıxan, regionun müstəqil inkişafını istəməyən xarici qüvvələr daim mövcud olub. Bu dairələr Cənubi Qafqazın müstəqil iqtisadi və siyasi xətt yürütməsiniə imkan verməmək, xüsusən də Azərbaycan kimi strateji mövqedə yerləşən ölkələrin güclənməsinin qarşısını almaq üçün müxtəlif təxribatlara əl atıblar.
Azərbaycan isə müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin zəngin enerji ehtiyatlarının – neft və təbii qazın qlobal iqtisadiyyatın bir hissəsinə çevrilməsi üçün mühüm tədbirlər görüb. “Əsrin müqaviləsi” kimi tarixi layihələr vasitəsilə ölkə beynəlxalq enerji bazarında öz yerini möhkəmləndirib, dünyanın ən iri neft şirkətləri ilə əməkdaşlıq qurub. Bu, Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoyub. Lakin belə müstəqil siyasət, təbii ki, bəzi regional və qlobal mərkəzlərin xoşuna gəlmirdi.
1994-cü ilə qədər Rusiya Cənubi Qafqazda, o cümlədən Ermənistan, Gürcüstan və Azərbaycanda öz təsirini qorumaq və artırmaq məqsədilə “parçala, hökm sür” siyasəti yürüdürdü. Bu siyasət nəticəsində region ölkələri bir-birinə qarşı qoyulur, etnik və siyasi qarşıdurmalar süni şəkildə dərinləşdirilirdi. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi Moskva üçün strateji alət rolunu oynayırdı. Qarabağ məsələsinin həlli, Rusiyanın regiondan çıxarılmasına gətirib çıxara bilərdi və bu səbəbdən Rusiya üçün bu məsələ həyati əhəmiyyət kəsb edirdi.
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan regionda yeni enerji mərkəzinə çevrilmişdi. Bu, ölkəmizin strateji əhəmiyyətini artırsa da, eyni zamanda, onu siyasi təzyiqlərin hədəfinə çevirmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxış edərkən ona qarşı da çevriliş cəhdlərinin olduğuna diqqət çəkmişdi: “Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi. Halbuki təzyiqlər də olmuşdur, təhdidlər də olmuşdur. Mənə qarşı çevriliş cəhdləri olmuşdur”.
Dövlət başçısının da dediyi kimi, ölkəmizə qarşı cızılan ssenarilin “ön sözündə” Azərbaycanın ərazi bütövlüyü hər vəchlə xüsusi gözə dəyirdi.
Bu açıqlama göstərir ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə yalnız 1990-cı illərin hadisələri ilə bitməyib - bu, bu gün də davam edən siyasi proseslərin əsas xəttini təşkil edir.

Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev müharibənin gedişində və ondan əvvəl daxili siyasətdə mühüm qərarlar qəbul etdi. 2019-cu ildən etibarən ölkə daxilində rusiyapərəst və korrupsioner məmurların vəzifədən uzaqlaşdırılması prosesi başlandı. Bu, dövlətin öz milli maraqları əsasında yenidən qurulmasına xidmət edirdi.
İlham Əliyev müharibəni həm hərbi strateq, həm də siyasi lider kimi məharətlə idarə etdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də illərlə Azərbaycanın üzərinə kölgə salan beynəlxalq təzyiqlərin, manipulyasiyaların sonu oldu. Bu qələbə regionda yeni geosiyasi reallıqlar yaratdı və Azərbaycanın beynəlxalq nüfuzunu xeyli artırdı.
Lakin bu uğur bir çox xarici dairələri narahat etdi. Çünki artıq Azərbaycan nə hərbi, nə də siyasi baxımdan təzyiqə açıq ölkə deyildi. “No war” ideyasını təbliğ edənlər, sülh maskası altında Azərbaycana təzyiq göstərmək istəyənlər iflasa uğradı. Müharibədə qalib gəlmiş, suverenliyini tam bərpa etmiş bir dövlətlə artıq heç kim təhdid dilində danışa bilməzdi.
Vətən müharibəsindən sonra Azərbaycan təkcə hərbi sahədə deyil, həm də informasiya, ideologiya və milli təhlükəsizlik müstəvisində dərin və sistemli təmizlənmə mərhələsinə başladı. Müharibədə qazanılan Zəfər Azərbaycanın dövlət suverenliyini bərpa etsə də, qələbədən sonra ölkənin qarşısında yeni tipli təhdidlər - “yumşaq güc” vasitəsilə həyata keçirilən xarici təsir cəhdləri meydana çıxdı.
Bu mərhələdə milli təhlükəsizliyin qorunması yalnız sərhədlərin müdafiəsi ilə məhdudlaşmadı. Artıq informasiya təhlükəsizliyi, ideoloji müstəqillik və ictimai sabitliyin qorunması da milli prioritetə çevrildi. Çünki Azərbaycanın regionda müstəqil siyasət yürütməsi, balanslı diplomatiyası və qalib dövlət statusu bəzi xarici güclərin planlarını pozmuşdu.

Ən diqqətçəkən istiqamətlərdən biri ABŞ və Qərbin donor qurumlarının fəaliyyəti idi. Uzun illər ərzində “demokratiya təşviqi”, “vətəndaş cəmiyyəti dəstəyi”, “azad media” kimi şüarlarla çıxış edən USAID, “National Endowment for Democracy” (NED) və digər oxşar təşkilatlar dünyanın bir çox ölkəsində “rəngli inqilablar” ssenarisinin əsas alətinə çevrilmişdi. Formal şəkildə humanitar və təhsil yönümlü layihələr kimi təqdim olunan bu proqramlar, əslində, ölkələrin daxili işlərinə qarışmaq, siyasi sistemləri dəyişdirmək və dövlət strukturlarını zəiflətmək məqsədi daşıyırdı.
Azərbaycanda da bu mexanizmlər illər ərzində formalaşdırılmış media və QHT şəbəkələri vasitəsilə həyata keçirilirdi. “Toplum TV”, “Abzas Media”, “Meydan TV”, “Fakt Yoxla” kimi layihələr xarici qrantlar hesabına maliyyələşir, ölkə daxilində sosial narazılıq atmosferi yaratmaq, dövlətin nüfuzuna zərbə vurmaq, ictimai rəy üzərində manipulyasiya aparmaq üçün istifadə olunurdu. Bu platformalar informasiya sahəsində süni gündəmlər yaradaraq dövlətin legitimliyinə xələl gətirmək, gənc nəsildə inamsızlıq və parçalanma hissi formalaşdırmaq məqsədi güdürdülər.
Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları bu təhlükənin miqyasını vaxtında dəyərləndirdi. Xüsusi əməliyyatlar və məhkəmə istintaqları nəticəsində bu şəbəkələrin gizli maliyyə əlaqələri, xarici kuratorlarla yazışmaları və tapşırıqları ifşa edildi. Artıq məhkəmə materiallarında bu layihələrin Qərb fondlarından aldıqları vəsaitlər, informasiya təxribatları, sosial media üzərindən həyata keçirilən koordinasiyalı kampaniyalar barəsində konkret sübutlar mövcuddur.
Bu təmizlənmə prosesi, əslində, dövlətin informasiya suverenliyini qorumaq, milli ideoloji immunitetini gücləndirmək məqsədinə xidmət edir. Azərbaycan dövləti bir daha nümayiş etdirdi ki, ölkənin müstəqilliyi və sabitliyi heç bir xarici “humanitar don”a bürünmüş siyasi planın girovuna çevrilə bilməz.
2023-cü il dekabrın 21-də ölkə ərazisində Fransa kəşfiyyat şəbəkəsinin ifşa edilməsi Azərbaycanın təhlükəsizlik sistemində əldə etdiyi növbəti mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir. Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti milli təhlükəsizliyinə qarşı yönələn bütün gizli planları vaxtında aşkara çıxarmaq və neytrallaşdırmaq gücünə malikdir.
Azərbaycanın təhlükəsizlik müstəvisində qarşılaşdığı təhdidlər yalnız Qərb mənşəli deyildi. Xüsusilə 2021-2023-cü illərdə İran istiqamətindən gələn hibrid təhlükələr daha açıq xarakter aldı. Rəsmi Tehranın bəzi çevrələri, dini-siyasi təsir mexanizmləri və casus şəbəkələri Azərbaycan daxilində ideoloji ixtilaf yaratmağa, dini radikalizmi qızışdırmağa və dövlətin suverenliyini hədəfə almağa cəhd etdilər.
İranın Azərbaycanda dini icmalar, qeyri-rəsmi dini tədris ocaqları və “mədəniyyət mərkəzləri” vasitəsilə formalaşdırdığı şəbəkə, əslində, uzunmüddətli təsir əməliyyatının tərkib hissəsi idi. Məscidlərdə radikal çağırışların təşviqi, sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı, İran mətbuatında ölkəmizə qarşı aparılan böhtan kampaniyaları bu strategiyanın tərkib hissəsi idi. Xüsusi xidmət orqanlarının apardığı əməliyyatlar nəticəsində bu şəbəkənin bir çox üzvləri ifşa olundu, casus qruplar zərərsizləşdirildi, İranın təsir agenturası dağıdıldı.
Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan dövlətinin müstəqilliyi yalnız Qərbin deyil, regiondakı bəzi dövlətlərin də müəyyən dairələri üçün xoşagəlməz faktordur. Çünki müstəqil, suveren və qalib Azərbaycan regionda yeni siyasi reallığın əsas aparıcı qüvvəsinə çevrilib.
2023-cü ilin sonuna qədər həyata keçirilən əməliyyatlar nəticəsində həm Qərb, həm İran istiqamətindən gələn bu paralel təsir kanalları demək olar ki, tamamilə sıradan çıxarıldı. Dövlətin hüquq-mühafizə və təhlükəsizlik strukturları ölkə daxilində sabitliyi pozmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirmək və “daxili müxalifət resursu” yaratmaq istəyən bütün xarici elementləri neytrallaşdırdı.
Bu “minalardan təmizlənmə” mərhələsi Azərbaycanın yeni təhlükəsizlik fəlsəfəsini müəyyənləşdirdi: artıq dövlət yalnız sərhədlərini deyil, həm də ideoloji, informasiya və siyasi məkanını qoruyur. Azərbaycan müstəqil düşüncəsini, milli dəyərlərini və siyasi sabitliyini xarici təsirlərdən təmizləməklə suverenliyinin bünövrəsini daha da möhkəmləndirdi.
Beləliklə, həm Qərb, həm də İran şəbəkələrinin ifşası Azərbaycanın milli təhlükəsizlik tarixində yeni səhifə açdı. Bu, yalnız daxili sabitliyin deyil, həm də müstəqil dövlətçilik ideyasının qələbəsidir. Azərbaycanın qarşısında artıq nə “rəngli inqilab” ssenarisi, nə də “ideoloji qardaşlıq” adı altında təsir siyasəti keçərli deyil.
Hazırda məhkəmə proseslərində bu layihələrin hansı tapşırıqlarla, hansı maliyyə mənbələrindən idarə edildiyi aydın olur. Məqsəd eyni idi: Azərbaycanın daxili sabitliyini pozmaq, dövlətin inkişaf yoluna mane olmaq.

2019-cu ildən sonra Azərbaycan müstəqil siyasət kursunu daha da möhkəmləndirdi. Artıq ölkədə nə USAID-in, nə də “Rus evi”nin fəaliyyətinə ehtiyac qaldı. “Rus evi”nin guya mədəniyyət və humanitar əməkdaşlığa xidmət edən fəaliyyəti əslində təbliğat və təsir vasitəsinə çevrilmişdi. Onun bağlanması Azərbaycanın siyasi müstəqilliyinin daha bir göstəricisidir.
Rusiya mediasının yerli ofislərinin fəaliyyətinin məhdudlaşdırılması da eyni məqsədə xidmət edirdi: ölkə informasiya məkanının təhlükəsizliyinin təmin olunmasına. Azərbaycan və Rusiya münasibətləri qarşılıqlı hörmət və kompromis prinsipləri əsasında davam etsə də, Bakı artıq Moskvanın təzyiqlərinə açıq deyil. Qarabağ məsələsinin həlli ilə Rusiyanın bölgədəki hərbi-siyasi təsir imkanları da azalıb.

Rəsmi Bakı AZAL təyyarəsi və Yekaterinburq hadisələrində göstərdiyi təmkinlə həm Rusiya ilə gərginliyin artmasına yol vermədi, həm də ictimaiyyətə özünün prinsipial, balanslı və milli maraqlara əsaslanan siyasət apardığını nümayiş etdirdi.
Bu gün Azərbaycan həm Qərblə, həm Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq aparır, amma heç birinin təsiri altına düşmür. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TAP kimi layihələr ölkəmizin geosiyasi gücünü artıraraq onu regionda etibarlı tərəfdaşa çevirib.
Azərbaycan dövləti bütün bu təhdidlərdən, çevriliş cəhdlərindən, ideoloji hücumlardan çıxaraq daxili sabitliyə və qlobal nüfuza nail oldu. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsidir.
Bu gün Azərbaycan tarixinin ən güclü mərhələsini yaşayır. Prezident İlham Əliyev Şuşadan Vaşinqtona, Düşənbədən Pekinə qədər Zəfər Lideri kimi qəbul olunur. Azərbaycan artıq təzyiqlərə boyun əyməyən, müstəqil qərarlar verən və regional proseslərin istiqamətini müəyyən edən bir güc mərkəzinə çevrilib.
Hər kəs bu reallığı qəbul etməli, Azərbaycanın yeni tarixi mərhələdə suveren güc kimi formalaşdığını dərk etməlidir.
Prezident İlham Əliyevin rəhbərliyi alında güclü dövlət konsepsiyası reallaşdırılıb. İrimiqyaslı enerji layihələri gerçəkləşdirilib, iqtisadiyyat dirçəldilin, iqtisadi keçid dövrü başa çatdırılıb. Ölkədə ictimai-siyasi sabitlik, cəmiyyətin, dövlətin təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi təmin olunub. Güclü ordu yaradılıb. Azərbaycanda kök atmış şəbəkələr dağıdılıb. Müharibədən əvvəl hakimiyyətdə təmsil olunmuş Rusiyanın “5-ci kolonu” zərərsizləşdirilib. Müharibədən sonra İranın, daha sonra Qərbin şəbəkəsi neytrallaşdırılıb.

İndi də hakimiyyətdən uzaqlaşdırılmış, amma yenə də xəyanət və nankorluq əməlləri törətməyə çalışan qalıqlar tam ifşa olunur.
Onlar çevriliş reallaşdıra bilməzlər, buna gücləri çatmaz. Amma nadanlıqlarından, suyu bulandırmaqdan da əl çəkmirlər. Belə olduqda layiqli cavablarını alırlar.
Bütün bunların qayəsində güclü dövlət amili dayanır. Əgər güclü dövlət olmasaydı, müxtəlif güc mərkəzlərinin təzyiqinə duruş gətirmək və onların illərlə qurduğu şəbəkələri dağıtmaq mümkün olmazdı.
İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycan həm daxildəki nankorların, həm də xaricdəki düşmənlərin arzularını ürəklərində qoyacaq.


