Azərbaycan İran ilə qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir ŞƏRH
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Əməkdaşlıq məkanı kimi tanınan və nüfuz qazanan ölkəmizin ikitərəfli əlaqələrin inkişafına verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlərin dinamikliyi, əlaqələrin inkişafına geniş imkanlar açan sənədlərin imzalanması, iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayan biznes-forumların keçirilməsi və sair mühüm addımlar əməkdaşlıq münasibətlərinin dövrün çağırışlarına uyğun olaraq daha da genişlənməsini şərtləndirir. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Bu baxımdan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfəri diqqətdədir, ölkə mətbuatında geniş müzakirə edilir. Reallıq budur ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Prezident İlham Əliyev Prezident Məsud Pezeşkian ilə keçirilən görüşdən sonra mətbuata bəyanatında bildirdi ki, aparılan danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət edildi, fikirlər bildirildi, Azərbaycan-İran strateji münasibətləri bir daha təsdiqləndi. Tərəflər bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərini bildirdilər. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. İran Prezidentinin böyük heyətlə Azərbaycana gəlməsi və bir çox önəmli sənədlərin, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha xoş niyyətimizi göstərir. Hər iki ölkə bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmağa çalışır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat vurğulayıb ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Hələ sovet dövründə - 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir: “1992-ci ilin dekabr ayından isə Azərbaycanın İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 1992-ci ildə İranın Naxçıvan şəhərində baş konsulluğu, 2004-cü ildə Azərbaycanın Təbriz şəhərində baş konsulluğu fəaliyyət göstərir. Azərbaycan İran İslam Respublikası ilə mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıq iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticari-iqtisadi, enerji, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir”.
Deputat qeyd edib ki, dövlətlər arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır: “İran Prezidenti Azərbaycan Prezidenti ilə geniş tərkibdə görüşdə belə bir əminliyi ifadə etdi ki, əldə edilən razılaşmalar, imzalanan və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq.
Bugünədək Azərbaycan ilə İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. İki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri çərçivəsində prezidentlərin birgə bəyanatı imzalandı və 5 sənəd mübadilə edildi. Prezidentlərin imzaladığı Birgə Bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yol xəritəsidir. Media əməkdaşlığı haqqında Anlaşma Memorandumu iki ölkənin əlaqələrində yeni bir istiqamətin müəyyənləşdirildiyinin göstəricisidir. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar fonunda media sahəsində əməkdaşlığın inkişafına böyük zərurət var. İran Prezidenti bu mühüm məqamı xüsusi qeyd etdi ki, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşılır. Bu səfər iki ölkə arasında əlaqələrin və birliyin möhkəmlənməsinə imkan yaradacaq”.
Malik Həsənov bildirib ki, Azərbaycan ilə İran arasında əməkdaşlıq regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində davam edir: “Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirdi ki, üçtərəfli əməkdaşlıq layihələri geniş müzakirə edildi. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı, dəmir yolu, avtomobil nəqliyyatı olsun, bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”.
Deputat diqqəti Bakıda keçirilən Azərbaycan-İran biznes-forumuna da yönəldərək vurğulayıb ki, belə tədbirlər hər bir ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında öz sözünü deyir: “Dövlətimizin başçısı biznes-forumdakı çıxışında “Əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik… İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək” söyləyərək belə bir əminliyi də ifadə etdi ki, kiçik və orta sahibkarlığın inkişafı da həmişə diqqət mərkəzində olub və biznes dairələri, Azərbaycan, İran iş adamları siyasi rəhbərlikdən gələn bu mesajları düzgün qəbul edəcəklər və öz fəaliyyətlərində bunu rəhbər tutaraq konkret iş görməklə ticari-iqtisadi əlaqələrimizi daha da gücləndirəcəklər”.


