Azərbaycan məsələnin antiterror tədbirlərinə qədər uzanmasında maraqlı olmayıb DEPUTAT ŞƏRH ETDİ
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinə əsasən ölkəmiz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi niyyət kimi müəyyən etmişik və başqa dövlətlərlə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qururuq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın bir dövrdə Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilən və Azərbaycan ərazilərinin 20 faizindən artığının işğalında ehtiva olunan sülh və insanlıq əleyhinə cinayətlərə baxmayaraq Azərbaycan Respublikası hər zaman qeyd edilən prinsiplərə sadiq qalmış, dialoqla problemlərin köklü şəkildə həll ediləcəyinə inamını itirməmişdir: ”Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın 2018-ci ildə o zaman işğal altında olan Xankəndi şəhərinin stadionunda "Qarabağ Ermənistandır, nöqtə" bəyanatını verməsi bölgədə sülh və sabitliyin dialoq vasitəsilə təmininə ümidləri tamamilə qırdı. Ermənistan isə daha da irəli gedərək "yeni müharibə və yeni topraqlar" tezisini ortaya atmaqla bölgədə gərginliyin qaçılmaz olduğunun siqnallarını verməyə başladı və 2020-ci ildə işğalın dairəsini genişləndirmək məqsədilə Azərbaycana qarşı başlanan əməliyyatlar Azərbaycan Ordusunun əks-həmləsi ilə işğal və təcavüzə son qoyulması ilə nəticələndi. Cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında qazanılan bu Zəfərin nəticəsi olaraq Ermənistan Azərbaycan Respublikasının işğal altında olmuş 3 rayonunu bir güllə belə atmadan boşaltmağa məcbur oldu. Lakin, bildiyiniz kimi, Vətən müharibəsində böyük Zəfərimizə baxmayaraq Azərbaycanın beynəlxalq humanitar hüququ rəhbər tutması, addımlarında humanist dəyərlərə və insan amilinə xüsusi önəm verməsi Ermənistan və havadarları tərəfindən sui-istifadə edilməyə başlandı. Xüsusən əvvəllər Azərbaycan ərazilərinin işğalı faktoruna ölkəmiz əleyhinə təzyiq mexanizmi kimi baxan Qərb imperializmi 2020-ci ildən etibarən Azərbaycanın beynəlxalq hüquqla tanınan Qarabağ bölgəsində o zaman mövcud olan separatçı xunta rejiminə özünün yeni rıçağı kimi baxmağa başladı. Beləliklə, Vətən müharibəsindən sonrakı 3 il ərzində separatçıların sürətlə silahlanması, Azərbaycanın Qarabağ bölgəsinin isə ciddi şəkildə minalanmasında ehtiva olunan təhlükəli konfiqurasiya formalaşdı.
Vətən müharibəsinin ardınca Azərbaycan Silahlı Qüvvələrinin aralıq dövrdə həyata keçirdiyi əməliyyatlara baxmayaraq xunta rejimi, o cümlədən Qarabağda mövcud olan Ermənistanın silahlı qüvvələrinin hissələri təxribatlar törətməyə ara verməmiş, xüsusən Qərb imperializminin heç bir faktiki əsasa və real gücə söykənməyən təşviqi ilə cinayətkar davranışlarının əhatəsini hər ötən gün genişləndirməkdən çəkinmirdilər. Xüsusən Azərbaycan ərazilərinin minalanmasının daha da intensivləşməsi, o cümlədən 2022-ci ildə Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycan ərazisində aşkarlanması prosesin getdikcə dözülməz hal aldığını, minalanmanın daha çox mülki şəxsləri hədəflədiyini aşkar formada nümayiş etdirirdi. 2023-cü ilin sentyabr ayının 19-da, səhər saatlarında Ermənistan silahlı birləşmələrinin törətdiyi növbəti terror aktı nəticəsində 4-ü polis, 2-si mülki şəxs olmaqla, 6 nəfərin mina terrorunun qurbanına çevrilməsi Azərbaycanı adekvat addımlar atmağa vadar etdi. Beləliklə, 2023-cü il sentyabr ayının 19-u, saat 13:00 radələrində Azərbaycan Respublikasının Silahlı Qüvvələri cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında antiterror əməliyyatlarına start verərək cəmi 1 gün ərzində qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirib ölkəmizin bütün ərazilərində dövlət suverenliyini bərqərar etdi. Cənab İlham Əliyevin xalqa 20 sentyabr 2023-cü il tarixli müraciətində də ifadə etdiyi kimi, terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatının layiqli cavabı veriləcək”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, qərb əslində özü Azərbaycanla Ermənistan arasında yeni münaqişədə maraqlı idi və antiterror tədbirlərinə fürsət kimi yanaşırdılar: “Belə ki, lokal xarakterli antiterror tədbirlərinə qədər ABŞ-nin Demokratlar iqtidarı və Fransanın timsalında bir sıra qlobal subyektlər, habelə onların nəzarətində olan muzdlu təşkilatlar “Qarabağ ermənilərinin blokadası” adı altında regionda müxtəlif səpkilərdə siyasi şoulara start vermiş, hətta o zaman Xankəndidə xərçəng xəstəliyindən vəfat etmiş erməsi əsilli bir sakinin Azərbaycanın blokadası nəticəsində aclıqdan ölməsi barədə ABŞ Senatında məruzə dinlənilmişdi. Eyni zamanda Fransadan Paris merinin başçılığı altında yük maşınlarının guya Qarabağa yardım gətirməsi fonunda Azərbaycanın suverenliyinə zidd olaraq sərhədləri qanunsuz keçməyə cəhd göstərməsi və beləliklə də, Azərbaycanı etnik təmizləmə və soyqırım törədən beynəlxalq subyekt kimi qlobal miqyasda ittiham etməyə cəhd göstərilməsi fonunda antiterror tədbirləri Azərbaycandan ciddi ustalıq tələb edirdi. Bildiyiniz kimi, daha öncə Azərbaycan Prezidentinin qətiyyəti ilə Laçın sərhəd-buraxılış məntəqəsinin təsis olunması bu prosesdə Azərbaycanın qətiyyətli davranışlar sərgiləyəcəyinə şübhə doğurmurdu. Beləliklə də, antiterror tədbirləri Azərbaycan hərbçilərinin qəhrəmanlıq, şücaət, peşəkarlığı ilə relyef şəraitinin Ordumuzun əleyhinə olmasına, həmçinin düşmənin 30 ildən artıq bir müddətdə ciddi istehkamlar və əlverişli mövqedə əməliyyat şəraitinə ciddi formada nəzarət imkanlarına malik olmasına baxmayaraq biz bütün gözləntilərimizi cəmi bir neçə saat ərzində realizə edə bildik. Beləliklə, 2023-cü ilin sentyabr ayında baş tutmuş antiterror tədbirləri ilkin baxışda Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatələyən hərbi əməliyyatlar kimi görünsə də, əslində məzmun və mahiyyətinə görə qlobal əhəmiyyət daşıyır və beynəlxalq hüquq adına çox ciddi önəmə malikdir. İlk növbədə Azərbaycanın cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında 20 saatdan az bir zamanda 30 il davam etmiş işğal və təcavüzə, o cümlədən möhkəmlənmiş və davamlı olaraq Qərb imperializmindən dəstək alan separatizmə son qoyması beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərdən olan dövlətlərin ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışılmasının yolverilməzliyi prinsiplərinin təntənəsi oldu. Eyni zamanda separatizmə son qoymaqla Azərbaycan dövləti dünya tarixində getdikcə daha geniş vüsət alan bu problemin köklü həllinə qısa müddət ərzində effektiv şəkildə nail olan ilk beynəlxalq subyekt oldu. Həqiqətən də, ən azı ötən 100 il ərzində ərazisində baş qaldıran, yaxud bu və ya digər subyektlər tərəfindən dəstəklənən separatizm ocağı olan heç bir dövlət bu problemlərlə mübarizədə səmərəli həll üsulu tətbiq edə bilməmişdi. Lakin cənab İlham Əliyevin qətiyyətli davranışları, Azərbaycan Ordusunun güc və imkanları bizə separatizm problemini hərbi-siyasi yolla kökündən çözməyə imkan yaratdı və 20 saatdan az bir müddətdə bir çox beynəlxalq təcavüzkar tərəfindən dəstəklənən Ermənistan Azərbaycanla ikinci kapitulyasiya aktı imzalamağa məcbur oldu. Antiterror tədbirlərinin beynəlxalq hüquq adına digər mühüm göstəricisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyaya beynəlxalq humanitar hüquq dərsi keçməsi oldu. Bildiyiniz kimi, əməliyyatlar başlamazdan öncə və əməliyyatlar ərzində Azərbaycan Respublikasının aidiyyəti strukturları istər radioyayımlar, istər səsucaldıcılar, istərsə də vərəqlər paylama üsulu ilə Qarabağda yaşayan erməniləri xəbərdar edərək mülki insanların hədəfdə olmayacağını, yalnız və yalnız əli azərbaycanlıların qanına batmış, habelə suverenliyimizə qəsd etməkdə olan separatçıları və cinayətkarları hədəfə alacağımız barədə mülki şəxslərə məlumat verilmişdi.
Antiterror tədbirlərinin gedişində də heç bir mülki şəxsə xəsarət yetirilməməsi, həmçinin heç bir mülki obyektin və evin hədəfə alınmaması Azərbaycanın beynəlxalq humanitar hüquqa böyük töhfəsi və bu istiqamətdə dövlətlərin fəaliyyəti üçün zəruri yol xəritəsinə çevrildi. Bir daha qeyd etməliyik ki, Azərbaycan məsələnin antiterror tədbirlərinə qədər uzanmasında maraqlı olmayıb. Cənab İlham Əliyev özü başda olmaqla, rəsmi Bakı dəfələrlə Ermənistana xəbərdarlıq edərək Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində hələ də mövcud olmasını beynəlxalq hüquqa zidd və təhdid yaradan amil kimi qiymətləndirmiş və bu konfiqurasiyaya son qoyulması üçün dəfələrlə Ermənistanın rəhbərliyinə və Ermənistanın xaricdəki havadarlarına, o cümlədən aidiyyəti beynəlxalq təsisatlara bu məzmunda müraciət edilmişdi. Lakin nə Ermənistan, nə onun Qərbdəki havadarları, nə adıçəkilən digər subyektlərin bu məsələnin ciddiliyinə önəm verməməsi, yaxud vəziyyətin getdikcə ağırlaşmasına fürsət kimi baxması Azərbaycanı qəti hərbi-siyasi addımlar atmağa vadar etdi.
Azərbaycanın bütün ərazilərində dövlət hakimiyyətinin, beləliklə də suverən imkanlarımızın bərqərar olunması dövlətimizin üçün yeni bir mərhələ başlatdı. Beləliklə müstəqillik tariximizdə ilk dəfə olaraq antiterror tədbirlərindən sonra Azərbaycan Respublikası ölkəmizin sərhədləri daxilində bütün ərazilərimizi əhatələyən Prezident, Parlament və bələdiyyə seçkiləri keçirməklə suverenliyin bərqərar olunduğunu praqtik olaraq göstərdi. Vətən müharibəsinin ardınca antiterror əməliyyatlarında Azərbaycanın hərbi-siyasi qələbəsi beynəlxalq hüququn aliliyinin təmini ilə yanaşı həm də ölkəmizin orta güc kimi, regionun əsas diqtə subyekti kimi yaratdığı reallıqları möhkəmləndirmiş oldu. Bu isə Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlamış sülh səylərinin məhz cənab İlham Əliyevin diqtə etdiyi şərtlərlə Vaşinqtonda paraflanmasına və sülh üçün tarixi şansın yaranmasına gətirib çıxartdı. Düzdür, hazırda separatizmin qalıqlarının dünyanın ayrı-ayrı bölgələrində, xüsusən elə Ermənistanın özündə hərdən bu və ya digər formada mövcudluğunu bəyan etmək cəhdləri müşahidə olunur, lakin dövlət başçımızın 2024-cü ildə Novruz tonqalının Xankəndidə qalanması zamanı separatizmin tabutuna son mismarın vurduğunu bəyan etməsi artıq ərazi bütövlüyümüzü təhdid edən heç bir amilin, o cümlədən separatizmin bu bölgədə Azərbaycanın güc və imkanları qarşısında hər hansı formada şansı qalmadığını göstərir”.


