Icma.az
close
up
RU
Azərbaycan mətbuatı və erməni senzorlar Vilayət Quliyev yazır

Azərbaycan mətbuatı və erməni senzorlar Vilayət Quliyev yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vilayət QULİYEV

Doğrusu, hər yerdə mütləq "erməni izi" axtarmaqdan o qədər də xoşlanmıram. Hətta iş-gücünü atıb böyük canfəşanlıqla, bildi-bilmədi bu məsələ ilə bağlı ekspert qismində çıxış edən, tarixin həlledici məqamlarındakı fəaliyyətsizlik, yaxud laqeydliyimizi də nəyin bahasına olursa olsun, millətimizə onsuz az pisliyi dəyməyən  ermənilərin ayağına yazmağa can atan "vətənpərvərlərlə" qızğın mübahisə etdiyim, razılaşmadığım vaxtlar da az olmayıb.

Amma gün kimi aydındır ki, milli mətbuata münasibətdə erməni amilindən, daha doğrusu, onların hər vasitə ilə bu mədəni təşəbbüsümüzə mane olma cəhdlərindən yan keçmək mümkün deyil. Çünki ermənilər XIX yüzilliyin ortalarından etibarən rus himayədarlarının yardımına arxalanaraq Azərbaycanda milli-mədəni təsisatların yaranmasına, kitab və qəzet nəşrinin inkişafına, maarif şəbəkəsinin genişlənməsinə məqsədyönlü şəkildə, bacardıqları qədər əngəl törətməyə çalışıblar və çox vaxt da bacarıblar.

XIX əsrin ikinci yarısından etibarən mətbuat ictimai şüura təsir etməyin, insanları müəyyən ideya, yaxud məqsəd ətrafında birləşdirməyin ən optimal yolu idi. İndi hər sözünə mız qoyulan Leninin haqlı olaraq dediyi kimi, qəzet yalnız kollektiv təbliğatçı və təşviqatçı deyil, həm də kollektiv təşkilatçı idi. "Azdarar" ("Carçı") adlı ilk erməni mətbu nəşrini hələ 1794-cü ildə Mədrəsdə (Hindistan) yaradan qazdan ayıq erməni ziyalıları, xüsusən də kilsə  bu həqiqəti yaxşı başa düşürdü. Ona görə də ermənilər artıq gəlib Cənubi Qafqaza yerləşəndən sonra Azərbaycan türklərini ictimai inkişafdan uzaq salmaq üçün ilk növbədə onu mətbuat kimi mühüm  milli-mədəni institutdan məhrum etməyə çalışmışdılar. 

Təsadüfi deyil ki, erməni millətçisi Qriqor Arsruni 1870-ci illərdə qurucusu olduğu "Mşak" qəzeti vasitəsi ilə Azərbaycan ərazilərinin başdan başa "erməni torpağı" olduğu ideyasını beyinlərə yeritməyə çalışırdı. Qonşu gürcülərə münasibətdə bir qədər "insaflı" davranmışdı - Tiflisdəki bütün gözəl gürcü qızlarını erməni, kifir erməni qarılarını isə gürcü xanımları kimi qələmə vermişdi... Amma hər iki halda mətbuatın təsir gücündən, təbliğ funksiyasından istifadə edilmişdi.

Bu məsələdə 1848-ci ildə Qafqaz Təhsil Dairəsi yanında təsis olunan Qafqaz Senzura Komitəsi yarım əsrdən artıq müddət ərzində onların əlində məharətlə istifadə etdikləri inzibati-siyasi alətə çevrilmişdi. 1851-ci ildə Lazarev Şərq dilləri İnstitutunun məzunu erməni İ.L.Kaytmazov (1828-?) Komitənin üç əməkdaşından biri - yerli və Şərq dilləri üzrə kiçik senzor təyin edilmişdi. Sonralar böyük senzor vəzifəsinə yüksəlmiş, Komitənin fəaliyyətinə müvəqqəti rəhbərlik etdiyi vaxtlar da olmuşdu. 1872-ci ildə onu həmin vəzifədə tayfadaşı S.A.Məlik Mehrabov (1843-1913) əvəz etmişdi. Məlik-Mehrabov estafeti erməni A.İ.Kişmişevə (1844-?), sonuncu isə erməni Q.S.Qaraxanova (1864-1909) ötürmüşdü. Beləliklə, Qafqaz Senzura Komitəsinin Tiflis Mətbuat İşləri İdarəsinə çevrildiyi 1906-cı ilə qədər 55 il ərzində (1851-1906) Azərbaycan türkcəsində kitab və qəzet nəşrinin taleyi kiçik istisnalarla erməni senzorların nəzarətində olmuşdu.

İlk Azərbaycan qəzeti "Əkinçi"nin çapı senzura məsələsinə görə bir neçə il ləngimişdi. Komitə yerli və Şərq dilləri üzrə senzor S.A.Məlik-Mehrabovun tələbi ilə qəzetin hər sayını senzuradan keçirmək üçün Bakıdan Tiflisə göndərilməsini məsələsində təkid edirdi. H.Zərdabi komitənin mövcud nəqliyyat-kommunikasiya şərtləri daxilində həlli mümkün olmayan qərarını dolayısı yolla "Əkinçi"nin nəşrinə icazə verməmək kimi qiymətləndirmişdi. Bu arada ermənilər Həsən bəyi tərksilah etmək məqsədi ilə şahmatçıların dili ilə desək, "at gedişi" edərək türk dilini mükəmməl bilən xristian-abxaz İ.Asatianinin redaktorluğu ilə Azərbaycan türkcəsi və gürcü dillərində "Kənd qəzetəsi" - "Saspalo qazeti" adlı nəşr yaratmaq təşəbbüsünə rəvac verməyə çalışsalar da, müvəffəq olmadılar.

İşlərin "ölü nöqtədən" tərpənməsinə 1872-ci ildə Bakı qubernatoru təyin olunan general D.S.Staroselski (1832-1884) təkan verdi. O, nəşrin məsuliyyətini öz üzərinə götürdü, senzuranı isə quberniya dəftərxanasının rəisi, XIX əsr Bakısının mədəni həyatında müəyyən izlər qoymuş baron de Monforla (?-1903) şəxsi tərcüməçisi Nuh bəy Hüseynbəyova həvalə etdi. Beş ilə yaxın davam edən qeyri-bərabər mübarizədən sonra "Əkinçi"nin ilk sayı 1875-ci il iyulun 22-də, indi Milli Mətbuat günü kimi 150 illiyini qeyd etdiyimiz əlamətdar tarixdə çıxdı. Qəzet qısa müddət ərzində populyarlıq qazandı, insanların həyatına daxil olmağı bacardı.

Ancaq qərəzkar erməni məmurları fürsət düşən kimi onun taleyində qara və çirkin rollarını oynadılar. 1877-ci ildə Rusiya-Osmanlı müharibəsinin qızğın dövründə Bakı quberniya mətbəəsinin mürəttibi Minasovun "fəaliyyəti", yaxud fəaliyyətsizliyi nəticəsində "Əkinçi" bağlandı. Bəla buradadır ki, Minasov həmin dövrdə quberniya mərkəzi Bakıda ərəb hürufatı ilə işləməyi bacaran yeganə (!!!) mürəttib idi. Deməli, onun sadəcə "Əkinçi"nin materiallarını yığmaqdan imtina etməsi qəzetin çapının dayanmasına gətirib çıxara bilərdi. Və məqamı çatanda Minasov belə də etdi. Üstəlik də, ənənəvi erməni xislətin işə salıb ilk Azərbaycan qəzetini Rusiyaya etimadsızlıq və türkpərəstlikdə, ənənəvi "Osmanlı sevgisində" ittiham etmək fürsətini də əldən vermədi. Və belə bir qəzetin materiallarını yığmaqdan boyun qaçırması ilə rus ağalarının gözündə həm də "dövlət maraqlarının müdafiəçisi" və "həqiqi rus vətənpərvəri" kimi görünməyi bacardı.

Kifayət qədər aydın ideya-siyasi xətti və milli mövqeyi olmayan, fasilələrlə, qeyri-ardıcıl şəkildə çıxan "Ziya" və "Ziyayi-Qafqaziyyə" qəzetləri S.Məlik-Mehrabovu o qədər də narahat etmirdi. Amma "Ziyayi-Qafqaziyyə" sayıqlığı əldən verib ötəri də olsa, siyasət məsələlərinə toxunmaq fikrinə düşəndə dərhal erməni donosu nəticəsində bağlandı. S.Məlik-Mehrabov qəzetdə çap olunmuş "Arabi Paşanın müsəlmanlara müraciəti"ni  panislamizm mövqeyində yazılmış çağırış, müsəlmanları hökumətin üzünə "ağ olmaq" cəhdi kimi qiymətləndirdi. Arabi Paşa (Əhməd Arabi Paşa əl-Misri, 1861-1911) xalq arasından çıxmış ilk misirli Baş nazir idi. 1882-ci ildə bir neçə aylıq hakimiyyəti dövründə özünü Misir milliyyətçisi və islamı maraqların müdafiəçisi kimi göstərdiyindən iqtidardan salınıb Seylona sürgünə göndərilmişdi. Belə bir şəxsin adının qəzet səhifələrinə çıxarılması Məlik-Mehrabov üçün göydən düşmüş fürsət idi və o, fürsəti əldən qaçırmadı.

Bu mənhus siyasətin - qondarma "panislamizm və pantürkizm" ittihamının ağrı-acısını dönə-dönə dadan, amma qətiyyən qorxub-çəkinmədən "Molla Nəsrəddin"in bəzi saylarını Qafqaz Senzura Komitəsi ilə açıq mübarizə tribunasına çevirən Mirzə Cəlil "Xatiratım" əsərində göstərirdi ki, "Adları zikr olunan Kişmişev və Qaraxanov senzorlar "Tiflisski listok" qəzetində türk mətbuatı əleyhinə həmişə kampaniya aparırdılar. Və həmişə Rusiya hökumətinin nəzərinə bunu yetirmək istəyirdilər ki, Qafqazda cəmi türk ədib və jurnalistləri "pantürkistdirlər" və türk jurnalistləri Qafqaz camaatını islam bayrağının altına çəkmək və bu ittihadı-islam bayrağının da Osmanlı sultanının əlində olmasını arzu edirlər və buna da çalışırlar".

Hətta müasir erməni tədqiqatçısı M.Mxitaryanın da "fikir cəlladı" kimi səciyyələnirdiyi S.Məlik-Mehrabovun 4 oktyabr 1891-ci il tarixli donosu nəticəsində XIX əsrin türk-Azərbaycan dilində sonuncu mətbu nəşri - "Kəşkül" jurnalı da bağlandı. Beləliklə, 1903-cü ilə qədər - tam 12 il yerli mətbuatın taleyini həll edən erməni məmurları sərbəst nəfəs almaq imkanı qazandılar. 1890-cı illərdə qəzet nəşri ilə əlaqədar Senzura Komitəsinə müraciət edən milli ziyalılar - N.Nərimanov, S.M.Qənizadə, M.Şahtaxtinski, Ə.Ağayev, K.Ünsizadə (maraqlıdır ki, Səid və Cəlal Ünsizadələrin kiçik qardaşı Kamal 1893-cü ildə "Azərbaycan" (!) adlı qəzet təsis etmək istəmişdi) və b. ilk növbədə çar hakimiyyətinin nüfuzlu ekspertləri rolunda çıxış edən erməni senzorların guya hökumətə "qayğı" şəklində təzahür edən, əslində isə türk düşmənçiliyi üzərində köklənmiş barışmaz mövqeyi və sərt müqaviməti ilə üzləşir və təbii ki, məqsədlərinə nail ola bilmirdilər.

Yalnız 1906-cı ildə, bir tərəfdən "Asiyanı oyadan" Birinci rus inqilabının təsiri, digər tərəfdən isə milli ictimai-siyasi xadimlərin həmin ilin fevral ayında Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov  qarşısında qoyduqları qəti tələb nəticəsində 1906-cı ildən komitədə "yerli və Şərq dilləri üzrə senzoru" vəzifəsinə ilk azərbaycanlı məmur - Qori müəllimlər seminariyasının məzunu, publisist və ictimai xadim, 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Baş Mətbuat İdarəsini qurub ona rəhbərlik edən  Mirzə Şərif Mirzəyev (1860-1937) təyin olundu. Yalnız bundan sonra milli mətbuatımız erməni senzorların çəngindən qismən qurtardı.

Komitənin fəaliyyəti ilə ilkin tanışlıq nəticəsində Mirzə Şərif tezliklə belə bir qənaətə gəlmişdi ki, "Qafqaz Senzura Komitəsi türk mətbuatının inkvizitoru idi; eyni zamanda Komitə "siyasi cəhətdən etimadsız sayılan" Qafqaz türklərinin heç bir vəchlə buraxılmadığı müqəddəs ibadətgah sayılırdı".

Onun Azərbaycan sovet hökumətinin tapşırığı ilə yazdığı, lakin 1920-30-cu illərdə nəşri baş tutmayan və əlyazması şəklində Azərbaycan MEA Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan "Qafqazda türk mətbuatının tarixinə dair materiallar" adlı fakt və sənələrlə zəngin əsəri ilə (2009-cu ildə rus dilində, 2021-ci ildə isə Orxan İsayevin tərcüməsində Azərbaycan dilində nəşr edilib) həm də Qafqaz Senzura Komitəsinin (1906-cı ildən etibarən Tiflis Mətbuat İşləri İdarəsi adlanırdı - V.Q.) milli mətbuatımızın ilk tarixçilərindən biri kimi çıxış edən M.Ş.Mirzəyev göstərirdi ki, "Komitənin gizli sənədləri ilə tanış olduqca mən türk dilində qəzet, kitab, yaxud pyeslərin nəşrinin qarşısını almaq üçün uydurulmuş böhtançı-provokasiya xarakterli süni və həyasız saxtakarlıqlara, ədalətsizlik hallarına çox tez-tez təsadüf edirdim".

Bu böhtançı-provokasiya xarakterli casusluq sənədlərinin əksəriyyətinin müəllifləri 1899-cu ildə yerli və Şərq dilləri senzoru vəzifəsində S.Məlik-Mehrabovu əvəz edən baş senzor A.S.Kişmişev (1844-?) və onun əlaltısı, 1891-1909-cu illərdə  əvvəlcə Qafqaz Senzura Komitəsində, sonra isə Tiflis Mətbuat İşləri İdarəsində senzor və böyük senzor vəzifələrində çalışan Q.S.Qaraxanov (1864-1909) idilər. Cəlil Məmmədquluzadə yuxarıda istinad etdiyim xatirələrində türk-Azərbaycan mətbuatına düşmən kəsilmiş bu erməni məmurlarının həqiqi simasını, səciyyəsini açaraq özünəməxsus yumorla yazırdı: "O vaxt sansor idarəsində türk şöbəsində türklərdən bir kəs yox idi. Ancaq iki nəfər şəxs var idi: biri erməni Kişmişev, o biri yenə erməni Qaraxanov. Bunların hər ikisi türkcə azsavadlı idi və qəzetin materialını gərək höccələyə-höccələyə oxuyub məzmunundan xəbərdar ola idilər ki, çap olunmasına izn də verə idilər".

Görünür, türk-Azərbaycan mətbuatının taleyini həll edən erməni senzorların türkcə savadı olmasa da, çar rejiminə lazım olan digər bacarıqları yetərincə idi...

1903-cü ildən etibarən Tiflisdə tanınmış publisist və peşəkar mətbuat xadimi M.Şahtaxtinskinin redaktorluğu ilə çıxan "Şərqi-rus" qəzeti də ilk sayından etibarən  erməni senzorların hədəfinə çevrilmişdi. Senzura Komitəsinin sədri baron Qakkelin imzası ilə redaktora göndərilən 30 may 1903-cü il tarixli məktubda deyilirdi: "Sizin redaktoru olduğunuz "Şərqi-rus" qəzetini senzuradan keçirən yerli və Şərq dilləri baş senzorunun (Kişmişev nəzərdə tutulur - V.Q.) verdiyi məlumata görə, qəzetdə tez-tez dil quruluşuna və ifadə tərzinə görə Zaqafqaziya müsəlmanlarının danışdığı Azərbaycan ləhcəsi ilə heç bir dil ümumiliyi olmayan məqalələr dərc edilir".

Kiçik senzor Q.Qaraxanov isə "Şərqi-rus"un əsas qüsuru kimi qəzetdə Kazan, Həştərxan və Rusiya imperiyasının türk-tatar əsilli əhalinin yaşadığı digər yerlərdən göndərilmiş materiallar dərc edilməsinə diqqət çəkmişdi. Göründüyü kimi, yenə də uydurma pantürkizm məsələsi gündəliyə çıxarılırdı. M.Şahtaxtinski Komitəyə təqdim etdiyi 26 iyun 1903-cü il tarixli məlumatda erməni senzorların qərəzkar mövqedə dayandıqlarını göstərərək yazırdı: "Mən öz qəzetimdə heç bir süni dildən istifadə etmirəm, buradakı bütün məqalələr Batumidən tutmuş Ərzuruma, Petrovskdən tutmuş Təbrizə qədər Zaqafqaziya müsəlmanlarının danışdığı və yazdığı dildədir. Mən süni dildə yazmıram, əksinə, cənab Kişmişev özü türk dilini bilmir. O, yerli türkcənin Yelizavetpol (Gəncə - V.Q.) dialektində məhdud miqdarda söz bilir. Ancaq bu sahədə savadı o qədər dayazdır ki, sərbəst şəkildə cümlə qurmağı belə bacarmır". Azərbaycan mətbuatının taleyi belə kəmsavad, üstəlik də, xəbis və qərəzkar adamların əlində idi. M.Şahtaxtinski bu ədalətsizliyə etirazını bildirərək yazırdı: "Kişmişevin yerinə başqası olsaydı, tutduğu vəzifəyə uyğun savadının olmadığını görüb öz yerini layiqli adama verərdi. O isə əsassız ittihamlarla mənim nəşrimi gözdən salmağa və bağlanmasına çalışır ki, yerli və Şərq dilləri senzoru kimi maaş ala-ala özünü həmin dilləri bilmək əziyyətindən xilas etsin".

Lakin M.Şahtaxtinskinin rejimə arxalanan erməni senzorlara qarşı qeyri-bərabər mübarizəsi bir nəticə vermədi. 1891-1906-cı illərdə Qafqaz senzura komitəsinə rəhbərlik edən və ermənilərin burada əl-qol açmalarına imkan yaradan yüksək rütbəli çar məmuru, gizli müşavir baron M.P.Qakkel onun məlumatını geri qaytarıb Kişmişev haqda yazılanların hamısının ixtisar olunmasını tələb etdi. Peterburqdakı Mətbuat İşləri üzrə Baş idarə də erməni senzorun tərəfində dayandı. M.Ş.Mirzəyevin çox dəqiq müşahidə etdiyi kimi, "Qafqazdakı rəislər onlara (Kişmişev və Qaraxanov nəzərdə tutulur - V.Q.) tam inanırdılar. Onların həyasızlığı isə o dərəcəyə çatmışdı ki, qətiyyən xəcalət çəkmədən ağıllarına gələn hər cür cəfəngiyyatı yazıb altından imza atırdılar". Təsadüfi deyil ki, Kişmişevin Azərbaycan mətbuatına vurduğu zərbələri çoxsaylı arxiv materialları və şəxsi müşahidələri nəticəsində ümumiləşdirən Mirzə Şərif onu əsla tərəddüd etmədən "türk mətbuatının nəhs dahisi" ("zloy qeniy törkskoy peçati") adlandırırdı.

"Şərqi-rus" senzura komitəsinin təzyiqi altında fəaliyyətini dayandırdıqdan sonra erməni senzorları bütün qüvvələrini Bakıda Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadənin redaktorluğu ilə çıxan "Həyat" qəzetinin bağlanmasına yönəltdilər. Onların "Həyat"a qarşı apardıqları kampaniya o qədər açıq-aşkar və geniş idi ki, bu çirkin hərəkət hətta Kazanda yaradıcılığa yenicə başlayan görkəmli tatar şairi Q.Tukayın da diqqətini cəlb etmiş və onun "Həyat"ın həyatına, Qibtə etdi ermənilər" misraları ilə başlayan kiçik şeirinin mövzusuna çevrilmişdi. Kişmişevlə Qaraxanovun "Həyat" qəzetinin naşiri Hacı Zeynalabdin Tağıyevin, görkəmli Azərbaycan ziyalıları Ə.Hüseynzadə və Ə.Ağayevin ünvanına yazdıqları donos və iftiralar "Qafqazda türk mətbuatının tarixindən" əlyazmasında kifayət qədər ətraflı təhlil edildiyindən burada həmin məsələnin üstündə dayanmaq istəmirik. Yalnız onu qeyd etmək lazımdır ki, M.Ş.Mirzəyevin "Kavkaz" qəzetində "Həyat"ın ideya-siyasi istiqaməti barəsində çap etdirdiyi silsilə məqalələr bu mətbuat orqanının başı üzərindəki təhlükəni müəyyən müddətə qədər sovuşdurdu.

Mirzə Şərifin fəaliyyəti erməniləri elə hiddətləndirmişdi ki, donos və tənqidi məqalələr bir yana qalsın, hətta erməni ədəbiyyatı da onun şəxsiyyətinə və fəaliyyətinə laqeyd qalmamışdı. Erməni yazıçısı E.Ter-Qriqoryanın 1910-cu ildə çap olunan "Alov və qılınc" pyesinin əsas personajlarından biri də Mirzə Cabbar ağa adı ilə təqdim edilən senzor Mirzə Şərif idi. O, əsərdə milyonçu Hacı Əhməd ağanın (Hacı Zeynalabdin Tağıyev) himayəsi və pulları, "müsəlman publisisti" Şükür ağanın (Əhməd bəy Ağayev) alovdan yaxıcı, qılıncdan iti qələmi ilə Senzura Komitəsini "panislamizm və pantürkizm mərkəzinə" çevirir, "müsəlman üçlüyü" hökumətin başının inqilabi hərəkata qarışmasından istifadə edib  rus hakimiyyətini laxlatmaq, rusları Qafqazdan sıxışdırıb çıxarmaq planı ilə yaşayır, bu yolda ən böyük maneə olan erməniləri necə aradan götürmək üzərində baş sındırırlar. Ermənilər bədii əsərdən daha çox donos təsiri bağışlayan "pyesin" hökumətin diqqətinə çatması qayğısına da qalmışdılar. 1916-cı ildə "əsər" şərqşünas A.Y.Veselovskinin redaktəsi ilə Moskvada, rus dilində də çap olunmuşdu...

Nəhayət, Qafqaz Mətbuat Komitəsində at oynadan erməni məmurları əsrin əvvəllərindəki azsaylı Azərbaycan ziyalılarını hər vasitə ilə bir-birinin üzərinə qaldırmağa, onların arasında ixtilaf yaratmağa çalışırdılar. Məsələn, Şəki sakini, Peterburq Arxeologiya İnstitutunun məzunu Ədhəm Mustafayev "Günçıxan" adlı qəzet nəşr etmək xahişi ilə Senzura Komitəsinə müraciət edəndə heç gözləmədiyi halda Kişmişev dərhal onun təklifinə tərəfdar çıxmışdı. Komitənin sədrinə yazdığı məlumatda isə razılığını belə əsaslandırmışdı: "Mustafayevin sünni olduğunu nəzərə alaraq ümid bəsləmək olar ki, "Günçıxan" qəzeti hazırda şiələrin əlində cəmləşmiş müsəlman mətbuatına tənqidi surətdə yanaşacaqdır".

Tiflisdə yaşayan başqa bir azərbaycanlı ziyalı - tanınmış tarixçi alim, ilk "Azərbaycan tarixi" əsərinin müəllifi (Bakı, 1923) Rəşid bəy İsmayılov (1877-1942) "Tazə zaman" adlı qəzet çıxarmaq fikrinə düşəndə Kişmişev və Qaraxanov dərhal tam fərqi mövqe nümayiş etdirərək onun "siyasi etimadsızlığı" barəsində donos yazmışdılar. Komitə sədri baron Qakkelə təqdim edilmiş həmin məlumatda deyilirdi: "R.İsmayılovun paytaxt və Tiflis mətbuatındakı publisist fəaliyyəti onun əqidəsinə görə panislamizm təliminin tərəfdarlarından olduğunu ehtimal etməyə əsas verir". Daha sonra bildirilirdi ki, panislamist partiyasının (?) Qafqazda artıq "Həyat" və "Kaspi" kimi iki güclü mətbuat orqanı var və yeni mətbu nəşrin meydana çıxması panislamizm ideyalarının daha geniş təbliğinə təkan verə bilər.

Nəticədə 1905-ci il iyulun 15-də R.İsmayılova, habelə "Novruz" və "İqbal" adlı qəzet çıxarmaq xahişi ilə komitəyə müraciət etmiş C.Məmmədquluzadə və M.Vəkilova Şərq dilləri senzorunun çatışmaması bəhanəsi ilə rədd cavabı verildi.

Bu haqsızlığa etiraz edən Rəşid bəy İsmayılov Qafqaz canişini İ.İ.Vorontsov-Daşkova göndərdiyi 28 iyul 1905-ci il tarixli məktubda yazırdı: "Mənə, eləcə də digər müsəlmanlara "senzor çatışmadığına görə" (kursiv müəllifindir - V.Q.) qəzet nəşr etməyə icazə verməyiblər. Buna bütün varlığımla etirazımı bildirir,  aldığım rədd cavabını özümə münasibətdə biabırçı və ədalətsiz hərəkət hesab edirəm. Qəti surətdə bildirirəm ki, bu hərəkətin kökü Qafqaz senzura komitəsinin Siz Əlahəzrətlərə təqdim etdiyi qərəzkar, biabırçı-ədalətsiz məruzədədir". Senzor çatışmazlığının əslində erməni məmurlarının yeni bəhanəsi olduğunu göstərən Rəşid bəy rus hökuməti və Qafqaz canişinliyinin "müsəlman mətbuatına" barmaqarası münasibətinə kəskin etirazını bildirərək yazırdı: "Qafqaz Senzura Komitəsində erməni, gürcü və rus senzorlar var, lakin bir nəfər də olsun müsəlman senzor yoxdur. Müsəlman mətbuatının senzurası iki erməniyə - Kişmişev və Qaraxanova tapşırılıb. Tam əminliklə bildirirəm və sübut etməyə (əks-təqdirdə böhtançı kimi məhkəmə qarşısında dayanmağa) hazıram ki, onların Şərq dilləri sahəsindəki biliyi son dərəcə primitiv və yarıtmazdır". Rəşid bəy İsmayılov Qafqaz Senzura Komitəsinin Azərbaycan mətbuatına laqeyd, hətta düşmən münasibətinin ilk növbədə "öz işlərini çətinə salmaq istəməyən"  Kişmişev və Qaraxanovun "fəaliyyətinin" bəhrəsi olduğunu açıq şəkildə bildirməkdən çəkinmirdi: "Mən təsdiq edirəm ki, Kişmişev və Qaraxanov Qakkeli əsassız surətdə və qərəzkarlıqla müsəlman mətbuatına qarşı qaldırmaqla cinayətkarcasına səhlənkarlığa yol vermişlər. Mən zavallı müsəlmanları müdafiə məqsədilə paytaxt mətbuatında bir neçə məqalə dərc etdirmişəm. Senzura Komitəsi Peterburq qəzetlərində çıxan yazılarımın heç birində mifik panislamizmlə hər hansı bir şəkildə bağlılığı olan kiçicik bir işarə də tapa bilməz".

"Senzor çatışmazlığına" gəldikdə isə XIX əsrin sonu-XX əsrin əvvəlində Qori müəllimlər seminariyasını və rus universitetlərini bitirmiş onlarla yüksək savadlı, ziyalı azərbayanlının olduğu bir şəraitdə məsələni həll etmək o qədər də çətin deyildi. Hətta XIX əsrin 70-ci illərində, S.Məlik-Mehrabovun məzuniyyət, yaxud uzun müddətli ezamiyyətə getdiyi vaxtlarda M.F.Axundzadə, eləcə də onun qaynı, canişinliyin Şərq dilləri tərcüməçisi Mirzə Mustafa Axundov müvəqqəti senzor kimi işin öhdəsindən uğurla gəlmişdilər. Görünür, "senzor çatışmazlığı" ifadəsini əslində "işə yarayan erməni çatışmazlığı" kimi başa düşmək lazımdır.

Qafqaz Senzura Komitəsinin erməni məmurları yeri gəldikcə "müsəlman məsələsi" üzrə ekspert kimi çıxış edir, Azərbaycanın ictimai-mədəni həyatının fakt və hadisələrini özləri istədikləri şəkildə, erməni məqsədinə xidmət edən tərzdə yozurdular. Onlar hətta "mədəni terrorçuluq" və gizli xəfiyyə vəzifəsini üzərlərinə götürməkdən də çəkinmirdilər. Məsələn, S.Məlik-Mehrabovun əsasən İstanbuldan gələn onlarla kitab, məcmuə, risalə və s. guya "zərərli istiqamətinə" görə, əslində isə yerli oxucular arasında yayılmasın deyə Senzura Komitəsinin anbarında gizlətdiyi, sonra isə mal bükmək üçün (ya da Mirzə Cəlil demişkən, vərəqlərini samovar alışığı eləmək üçün!) baqqal dükanlarına satması faktı məlumdur. Yaxud Tiflis qubernatorunun 19 fevral 1901-ci il tarixli məktubuna əsasən Qafqaz senzura komitəsindən öz ixtiyarında olan kanallar vasitəsilə Qafqazdakı müsəlman hərəkatı, onun liderləri, prinsipləri, bu hərəkatın müsəlman ölkələri ilə əlaqələri və s. barəsində məlumat toplamaq tələb olunurdu. Komitənin sədri Qakkelin əmri ilə həmin vəzifənin icrası Şərq dilləri üzrə senzor Qaraxanova tapşırılmışdı. Tapşırığı canfəşanlıqla yerinə yetirən Qaraxanov tezliklə "Zaqafqaziya müsəlmanlarının əhval-ruhiyyələri və zehni tələbatı haqqında" adlı gizli sənəd hazırlayaraq polis departamentinə təqdim etmişdi. Bu "Yaddaş"da əsasən aşağıdakı məsələlər işıqlandırılmışdı: "Müsəlman əhalisi arasında yenilikçi ideyalar və əsərlərlə çıxış edən müəlliflərin adlarının müəyyən edilməsi; onların şəxsiyyəti, ictimai vəziyyəti, müsəlman mühitindəki əlaqələri, harada təhsil almaları barəsində dəqiq məlumat toplanması; yenilik tərəfdarları ilə gənc türklər arasında əlaqələrin olub-olmadığının, habelə onların Türkiyədəki, yaxud digər müsəlman ölkələrindəki mərkəzlərdən məlumat alıb-almadıqlarının aşkara çıxarılması; təlimin yeni üsulla aparıldığı müsəlman məktəblərinin kim tərəfindən və harada yaradıldığını, orada kimlərin dərs keçdiyini və s. öyrənilməsi". Bütün bu məsələlər barəsində Q.Qaraxanov geniş və aydın məsələdir ki, son dərəcə qərəzli məlumat hazırlayaraq Tiflis gizli polisinə təqdim etmişdi. Təbiidir ki, 1905-ci ildə Cənubi Qafqazın iki qonşu xalqu arasında münaqişənin meydana çıxması və dərinləşməsində rus rejiminin dəstəkçkisi rolunda çıxış edən  Qaraxanov kimi üzdəniraq "ideoloqların" xidməti də az olmamışdı.

Qafqaz Senzura Komitəsindəki erməni məmurlarının fəaliyyətinin ötəri icmalı göstərir ki, onlar bir tərəfdən ənənəvi qisas niyyətlərini davam etdirərək, digər tərəfdən isə rus çarizminin şovinizm və böyük dövlətçilik siyasətinə dəstək verərək  Azərbaycanda mədəniyyəti, ictimai tərəqqini beşikdəcə boğmağa, yaxud  rüşeym halında saxlamağa çalışır, mədəni inkişafın guya Azərbaycanı Rusiyanın orbitindən çıxaracağı barəsində sərsəm ideyalar irəli sürməklə çarizmə ixlaskarlıqlarını nümayiş etdirirdilər. Erməni senzorlarının milli mətbuatımıza qarşı özbaşınalığının qarşısı yalnız 1906-cı ildən sonra, M.Ş.Mirzəyev Şərq dilləri senzoru təyin olunandan sonra (o da qismən!) alınmışdı.

Burada bir qədər sistemsiz də olsa, xatırlatdığımız faktlar bir daha göstərir ki, XIX-XX əsrlər Azərbaycan mətbuatının senzura ilə bağlı problemləri hər hansı işarə və qeyd-şərtlərdən, üstüörtülü mənalandırmalardan və Ezop dilindən kənar şəkildə, sərt həqiqətlər mövqeyindən diqqətlə, obyektivliklə öyrənilməlidir. Xüsusən Tiflis və Peterburq arxivləri bu baxımdan zəngin məlumat qaynağı, açılmamış xəzinədir.

Sentyabr, 2025.

Sarayevo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir neçə gün sonra Atletik i təhlil edəcəyik Qurbanov

04 Oktyabr 2025 22:22see161

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see154

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see148

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see145

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see137

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see133

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see128

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see127

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see127

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see126

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see125

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see122

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri