Icma.az
close
up
RU
Əhməd Midhət Əfəndi Azərbaycan əsilli idi? Vilayət Quliyev yazır

Əhməd Midhət Əfəndi Azərbaycan əsilli idi? Vilayət Quliyev yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vilayət QULİYEV

İlk öncə qeyd edim ki, XIX əsrdə Osmanlı imperatorluğunda Əhməd Midhət adı daşıyan iki məşhur şəxsiyyət vardı: birinci siyasətçi və dövlət xadimi, islahatçı, 1876-cı ildə qəbul edilən ilk Osmanlı konstitusiyasının ideya atası, sədrəzəm Əhməd Şəfiq Midhət Paşa (1822-1883); ikinci isə Tənzimat dövrünün tanınmış simalarında biri, yazıçı-jurnalist, məşhur "Tərcümani-həqiqət" qəzetinin qurucusu və baş redaktoru Əhməd Midhət Əfəndi (1844-1912) idi. Əslində rəğbət və etimad nişanəsi kimi gələcək qəzetçi Əhməd bəyə öz soyadını verən də Midhət Paşa olmuşdu. Dunay vilayətində rəhbərliyi altında çalışan kiçik məmur Əhmədin işgüzarlığı, gözüaçıqlığı, elmə və biliklərə həvəsi Paşanın o qədər xoşuna gəlmişdi ki, onun da gələcəkdə Əhməd Midhət adını daşımasına razılığını bildirmişdi. Sonra onu özü ilə Osmanlı valisi təyin edildiyi Bağdada aparmışdı. Jurnalist və yazıçı kimi artıq bütün ölkə miqyasında tanındığı dövrdə Əhməd Midhət məşhur adaşı ilə qarışıq salınmamaq üçün adının sonuna bir "Əfəndi" kəlməsi əlavə etməyə zərurət duymuşdu. 1881-ci ildə himayədarı Əhməd Midhət Paşa sultan II Əbdülhəmidin gözündən salınandan və həbs edilib Hicaz (Səudiyyə Ərəbistanı) sürgününə göndəriləndən sonra daşıdığı soyad yazıçı Əhməd Midhətə uzun müddət müxtəlif problemlər yaratmış, baş ağrısı gətirmişdi. Hətta oğlunun yazdığına görə, bəzən məhz bu soyada görə lütf, mənsəb və mükafatlardan məhrum olunmuşdu. Lakin hər şeyə rəğmən, heç vaxt ondan imtina etməmişdi.

Əhməd Midhət Əfəndi yeni dövr türk ədəbiyyatı tarixində novator yazıçı və mətbuat xadimlərindən idi. Peşəkar türk jurnalistikasının banisi sayılırdı. Eyni zamanda yalnız rəsmi və ədəbi dairələrdə deyil, xalq arasında da böyük populyarlıq qazanmışdı. Ədəbiyyatın sıravi insanların həyatına nüfuz etməsində mühüm rolu olmuşdu. Qeyri-adi işgüzarlığına görə müasirləri zarafatla onu "qırx at gücündə çap makinası" adlandırırdılar. Təxminən yarım əsrə qədər davam edən yazı və mətbuat həyatının yekunu kimi özündən sonra 200-dən çox əsər - roman, hekayə, ədəbi-tənqidi məqalə, səfər qeydləri, tarixi və dini araşdırmalar, tərcümələr qoyub getmişdi. İstanbulda Gülnar xanım kimi məşhurlaşan rus türkoloqu Olqa Lebedova ilə yaradıcılıq əməkdaşlığı sayəsində "Tərcümani-həqiqət" qəzetinin səhifələrində türk oxucusunu Puşkin, Lermontov, Jukovski, Lev Tolstoy kimi rus klassiklərinin yaradıcılığı ilə tanış olmasında mühüm xidmət göstərmişdi. Bir sıra əsərləri indi də sənət həyatını davam etdirir, oxucu marağının fokusunda dayanır.

Şübhəsiz, Əhməd Midhət Əfəndi türk ədəbiyyatına və mədəniyyətinə içdən bağlı insan idi. Babalarının türk-müsəlman xalqların nicat qapısı kimi tanıdıqları Osmanlıya haradan gəlməsindən asılı olmayaraq özünü Anadolu türklüyünün nümayəndəsi sayırdı. Fəaliyyəti boyu digər məşhur adaşının - Əhməd Ağaoğlunun həyat və yaradıcılıq prinsipini mənimsəyərək  "türklüyü bölünmək bilməyən  tam" kimi qəbul etmiş, ona "xidmətdən şərəf və məmnunluq" duymuşdu.

Amma təbii ki, belə yanaşma yazıçının soy-kökünə, milli mənsubiyyətinə, nəsil şəcərəsinə olan marağı da arxa plana sıxışdırmayıb. Əhməd Midhət Əfəndinin milli kimliyi, etnik mənsubiyyəti ilə bağlı məsələ ilk dəfə 1944-cü ildə, anadan olmasının 100-cü ildönümü ərəfəsində ictimaiyyətin diqqət mərkəzinə gəlmişdi. İstanbulda çıxan "Akşam" qəzeti həmin il 12 iyul tarixli sayında redaksiya qeydi ilə Taksim liseyinin fransız dili müəllimi Şerif Bilgehanın göndərdiyi "Əhməd Midhət Əfəndinin mənşəyinə dair məlumat" başlıqlı məktubunu çap etmişdi. Məktubda yubileyi ərəfəsində yazıçının milli mənsubluğunun dəqiq müəyyən olunmasının vacibliyi vurğulanırdı: "Əhməd Midhət Əfəndinin doğumunun 1944-cü ildə 100-cü ildönümünə ulaşdığını yazmış, mətbuatın və kültür müəssisələrinin əlaqələnməsini (maraqlanmasını) təmənni etmişdik. Onlardan əvvəl xalqımız kəndisi üçün çalışan Əhməd Midhətlə ilgiləniyor". Şərif Bilgəhanın "xalqın səsi" kimi təqdim olunan xatirə yazısı isə aşağıda tam şəkildə verdiyimiz mətndən ibarət idi:

"1910 sənəsində bən İstanbul darülmüəllimində oxuyarkən ara-sıra Darülfünuna da gedir və oradakı dərslərə də giriyordum. Bir gün Əhməd Midhət Əfəndinin Tarixi-ədyan (Dinlər tarixi) dərsində idim. Dərs əsnasında kəndindən bir sual sordum. Verdiyi cavaba etiraz etdiyimdən aramızda bir neçə dəqiqəlik münaqişə oldu. Şivəmin fərqinə vararaq haralı olduğumu soruşmuşdu. O zaman Azəri və Azərbaycan təbirləri yayılmadığı üçün "Dağıstanlıyam" - demişdim.  Dərsdən çıxınca dəhlizdə məni yanına çağıraraq iltifat göstərmiş və söhbət edə-edə özü ilə birlikdə müəllimlər otağına aparmışdı. Dağıstanın harasından olduğumu soruşdu. "Şirvanlıyam" - dedim. "Ağdaş haqda eşitmisən?" - deyə sual etdi. Bildiklərimi dedim. Gəncə vilayətinin Şəki sancağına bağlı bir qəza olduğunu və digər məlumatları anlatdım. "Mən oralıyam, - dedi. - Atam oradan hicrət etmişdir. Orada əqrəbalarım vardı. Bilmirəm, indi nə vəziyyətdədirlər? Bir neçə il əvvəl onlardan biri gəlmişdi. Məkkəyə gedirdi. Görüşdüm. Cavan olsaydım, bir kərə gedib oraları görmək istərdim. Mənim evim Beyközdədir (İstanbulun Asiya səmtində meşəlik ərazidə yerləşən tarixi məhəllə - V.Q.). Ara-sıra gəlib baş çəksən, məmnun olaram" - demiş və o gün məni xeyli tərifləmişdi.

Beləcə, özünün mənə demiş olduqlarını eynən sizə yazıram. Qafqazlardakı Ağdaş Anadoludakı Konya və Sivas kimi xalis türk məmləkəti olduğu üçün Əhməd Midhət Əfəndi də xalis bir Türkdür deməkdir".

1939-1966-cı illərdə "Akşam" qəzetində çalışmış türk şairi, əsərlərini Va-Nu təxəllüsü ilə çap etdirən Vala Nurəddinin (1901-1967) məlumatın altında belə bir kiçik qeydi yer almışdı: "Bizə bildiriləcək bu qəbil digər məlumatı Əhməd Midhət Əfəndinin yüzüncü ildönümü münasibəti ilə dərc edəcəyik".

Təəssüf ki, "Akşam"ın sonrakı saylarını izləmək imkanı olmadığından Şərif Bilgəxanın iddiası ilə bağlı özündə təsdiq, yaxud inkar ehtiva edən hər hansı fikir və məlumatların qəzetə yol tapıb-tapmadığından xəbərdar deyilik. Vikipediya etibarlı mənbə sayılmasa da, bu elektron ensiklopediyanın türk versiyasındakı "Ahmet Mithat Efendi" məqaləsində yazıçının mənşəyindən danışılarkən Şərif Bilgəxanın versiyasına üstünlük verildiyini ("atası Bezçi Suleyman Ağa Kafkasiyadakı Ağdaş şehrindən Anadoluya hicret etmiştir") də ayrıca qeyd etməliyəm.

Əhməd Midhət Əfəndinin Azərbaycan türkü olması iddiasını irəli sürən Məhəmmədşərif Əfəndizadəni (1888, Şamaxı -1954, İstanbul; Türkiyədə Şerif Bilgehan kimi tanınırdı - V.Q.)  mükəmməl Şərq və Avropa təhsilinə baxmayaraq, tam ciddi, inanılır mənbə kimi qəbul etmək bir qədər çətindir. Azərbaycan Cümhuriyyəti qurulanda Osmanlıdan Bakıya qayıdıb maarif sahəsində müəyyən fəaliyyət (dərsliklər hazırlanması, Türkiyədən pedaqoji kadrlar dəvət edilməsi və s.) göstərsə də, yeni milli dövlətin dostları sırasında yer ala bilməmiş, yaxud bunu prinsipial olaraq istəməmişdi. Türkiyədəki Azərbaycan siyasi müxalifətindən də kənar gəzmiş, sadəcə tənqid, bəzən hətta təhqir etməyi daha üstün tutmuşdu.

Müasir türk alimi Mehmet Akif Erdoğrunun Ankara Universiteti Türk İnqilab Tarixi İnstitutunun "Atatürk Yolu" dərgisində (2020, sayı 67, s. 143-193) dərc etdirdiyi "Azərbaycanlı Türkçü və Egitimçi Efendizadə Mehmet Şerifin Not (qeyd - V.Q.) Defteri ve Azerbaycan Hökumetini Kuranlar ile ilgili görüşleri" adlı araşdırması soydaşımızın Cümhuriyyət tarixinin hadisə və şəxsiyyətlərinə münasibətdə ifrat subyektivizm mövqeyindən çıxış etdiyini, faktları istəyinə uyğun şəkildə dəyişdiyini, siyasi liderlərə fərdi maraqları çərçivəsində qiymət verdiyini göstərir. Azərbaycan ədəbiyyatının dostu, professor Yavuz Akpınar bir dəfə söhbət zamanı dərin təəssüf hissini bölüşərək dedi: "Keşkə, Allah ağıl verəydi, Mehmet Şerif bey bu eseri ("Azərbaycan və inqilabı" qeydləri nəzərdə tutulur - V.Q.) yazmamış olaydı. O yazmışdısa da, Mehmet Akif Erdoğru yayınlatmamış olaydı".

Çoxunu gülüş və istehza hədəfinə çevirdiyi, şəxsiyyət və fəaliyyətlərinə qarşı əsassız ittihamlar irəli sürdüyü Cümhuriyyət qurucularından fərqli olaraq Şərif Bilgəxanın Əhməd Midhət Əfəndiyə münasibəti bütünlükdə müsbətdir. Ondan rəğbətlə söhbət açır, vətən sevgisini yüksək qiymətləndirir. Osmanlıda doğulsa da, əsl soy-kökünü heç zaman unutmadığını xüsusi qeyd edir.

Tanınmış yazıçı, böyük nüfuza malik qəzet maqnatı ilə onun mühazirələrinə qulaq asmaq üçün azad dinləyici kimi universitetə gələn gənc arasında belə söhbət mümkün idimi? İlk dəfə gördüyü tələbə ilə bölüşdüyü bu kədərli etiraf nədən müəllifin əsərlərində özünə yer tapmayıb? Əlbəttə, bir qafqazlı kimi Əhməd Midhət Əfəndinin həmyerlisinə rəğbət və diqqəti başa düşüləndir. Amma konkretlik çatışmır, yəni "kiçik vətən" olaraq təqdim edilən Ağdaşla bağlı iddia inandırıcı fakt və dəlillərlə əsaslandırılmayıb, sadəcə deklarativ səciyyə daşıyır.

Yazıçının varisi, "Oğlunun kalemindən Ahmet Nidhat Efendi ve Dönemi" (İstanbul, 2020) kitabının müəllifi doktor Kamil Yazğıç iri həcmli əsərin yalnız bir yerində nəslinin tarixi vətəni məsələsinə toxunur. Yazır ki, 15-16 yaşlarında olanda atası  günlərin birində onu İstanbulun Misir Çarşısına gətirmiş, kiçik bir dükanı nişan verib uşaq vaxtı burda əl buyruqçusu işlədiyini demişdi. Sonra da əlavə etmişdi:

"Bilirsən, sənin dədən (burada "baba"n mənasında - V.Q.), nənən Qafqaz mühacirlərindədir. Onların İstanbula gəlişindən bir müddət sonra mən Lüləçilər Sokağında kiçik, ahşab (taxta) bir evin basıq tavanlı otağında doğulmuşam... Anam bekar (burada: subay, ailəsi olmayan adam mənasında işlənib - V.Q.) camaşırları (alt paltarı) tikər, atam da bu camaşırları bazar yerlərində, camı avlularında (həyətlərində) satardı. Bütün gəlirimiz bundan ibarət idi".

Doktor Kamil Yazğıç adını çəkdiyim kitabın əsasında  dayanan "Ahmet Midhat Efendi: Hayatı və Hatıraları" əsərini 1940-cı ildə tamamlamışdı. O, ixtisasca alitəhsilli həkim idi. Kifayət qədər geniş dünyagörüşü və mütaliə dairəsi vardı. Dövrün ziyalı mühitində böyümüş, müxtəlif dövlət vəzifələrində çalışmışdı. Bütün bu amilləri nəzərə aldıqda, görünür, ailə arxivində, yaxud öz əlində hansısa səhih bir bəlgə, atasından eşitdiyi dürüst bir məlumat olmadığından nəslinin şəcərəsi və tarixi vətəni ilə bağlı dərinə getməyə lüzum görməmişdi. "Qafqaz" isə əksəriyyəti rus zülmündən Osmanlı imperiyasında nicat tapan, burada icmalarla təmsil olunan bir sıra xalqların ikinci vətəni idi. Ona görə də "dədəsinin Qafqaz mühaciri" olması hələ tam şəkildə "Azərbaycan türkü" anlamına gələ bilməzdi. Digər tərəfdən, 1940-cı ildə Azərbaycan keçmiş Sovet İttifaqının müttəfiq respublikalarından biri kimi artıq Türkiyədə yaxşı tanınırdı. Əgər ailəsi ata tərəfdən Azərbaycan əsilli olsaydı, Kamil Yazqıç yəqin ki, hər hansı bir kompleks hiss etmədən bu haqda açıq-aydın söz açardı. Maraqlıdır ki, "Qafqaz mühaciri" ailəsindən çıxmış anasından bəhs edərkən onun çərkəz (adıgey) dilində təmiz danışdığını xüsusi qeyd edir və dolayı yolla çərkəz əslinə işarə vurur. Atası haqda isə belə dəqiqləşdirici məlumat vermir. Ümumiyyətlə onun Osmanlı imperiyasında dərin kök salan, böyük nüfuz və əlaqələrə malik olan çərkəz mühiti ilə əlaqələri üzərindən tam sükutla keçir. Bu məqam iki cəhətdən diqqəti çəkir. Əvvəla, Şərəf Bilgəxanın versiyasına az da olsa haqq qazandırır (Yəni "Qafqaz mühaciri" milli mənsubiyyət baxımından azərbaycanlı da ola bilərdi). Digər tərəfdən isə, Əhməd Midhət Əfəndinin atasının Anadolu türkü olduğunu iddia edənlərin fikirlərinin əsassızlığını ortaya çıxarır: yəni kökləri etibarı ilə "Qafqaz mühaciri" olduğunu özü etiraf edirsə, deməli, xalis Osmanlı türkü deyil, Qafqazdan gəlmədir. Bu baxımdan Türkiyə Diyanət Vakfının nəşri olan "İslam Ansiklopedisi"nin "Ahmet Midhat Efendi" məqaləsində özünə yer almış aşağıdakı hökmlə ziddiyyət təşkil edir: "Rus işgali üzerine 1829'da Kafkasya'yı terke mecbur kalan bir anne ile, Anadolu'dan gelip İstanbul'a yerleşmiş bir babanın oğlu olarak Tophane semtinde dünyaya geldi".

Rusdilli qaynaqlarda ("Sovet ensiklopediyası", "Rus ensiklopediyası", "Qısa ədəbiyyat ensiklopediyası") Əhməd Midhət Əfəndi "çərkəs əsilli türk jurnalisti, yazıçı, tərcüməçi və naşir" kimi təqdim edilir. Mənsub olduğu nəslin tarixi vətənində Xaqur soyadı daşıdığı bildirilir. Adıgey dilində virtual ensiklopediya - vikipediya isə onu "adıgey ədəbiyyatında realizmin nümayəndəsi" adlandırır. Təbii ki, bu təqdimat bir qədər irreal xarakter daşıyır. Çünki çərkəz (adıgey) yazılı ədəbiyyatının ilk nümunələri yalnız 20-ci yüzilliyin əvvəllərində meydana çıxmışdı.

Lakin Əhməd Midhət Əfəndinin Osmanlı imperiyasında daha çox çərkəz kimi tanınan Adıgey icması ilə əlaqələri üzərindən tamamilə xətt çəkmək də düzgün olmazdı. 1908-ci ilin noyabrında Əhməd Midhət Əfəndi adıgey hərbi və ictimai xadimlərindən Əhməd Cavid Therket Paşa, Abdullah Merted Paşa, Zəki Berzeq Paşa, Nəzmi Pooh Paşa, İzzət Cunotuko Paşa, Qazi Məhəmməd Fəzli Paşa, Osman Şaplı Paşa, Əhməd Həmdi Loh Paşa, İsmail Berkok və professor Əziz Mekerlə birlikdə Türkiyə çərkəsləri arasında təhsil və mədəniyyətin yayılmasını hədəf alan Çərkəs İttihad və Təavün Cəmiyyətinin, üç il sonra isə bu qurumun yayın orqanı kimi meydana çıxan ilk çərkəs qəzeti "Ğuaze"nin ("Rəhbər") təşkilində iştirak etmişdi. Adı cərkəslər üçün latın əlifbası əsasında ilk milli əlifbanın yaradıcıları sırasında çəkilsə də, bu məlumat tarixi həqiqətə uyğun gəlmir. Fikrimcə, yazıçının çərkəslərin həyatından bəhs edən roman yazması da onun milli mənsubluğu ilə bağlı mübahisədə qətiyyən həlledici amil sayıla bilməz. Çünki onun əsrlər boyu Osmanlı təbəəsi olan,  imperiyanın hərbi-siyasi və dövlətçilik həyatında müəyyən izlər qoyan arnavutlar (albanlar) haqqında da romanı var. Deməli, bu məntiqlə çıxış etsək, yazıçının etnik kimliyini həmin xalqla əlaqələndirmək də mümkün olardı...

Əslinə baxanda, əcdadlarının Şimali Qafqaz, Azərbaycan, yaxud Anadolu əsilli olmaları Əhməd Midhət Əfəndinin həyatının ən mühüm faktı sayıla bilməz. Mühüm olan onun maarifçilik fəaliyyəti, zəngin yaradıcılıq irsi, yarım əsrə yaxın türk ədəbi-ictimai mühitində, türk mədəniyyəti tarixində buraxdığı zəngin izlərdir. Qafqaz, Volqaboyu, Mərkəzi Asiya, Şərqi Avropa, Balkanlar və s. bölgələrdən çıxmış çoxsaylı həmkarı, sənət və ədəbiyyat qardaşı kimi Əhməd Midhət Əfəndi də ən qutsal vəzifəsini türklüyə xidmətdə görmüşdü.

Sarayevo, iyun, 2025-ci il.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see201

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see125

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see125

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see120

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see118

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see117

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see117

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see116

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see116

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see115

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12 İyul 2025 13:57see115

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see114

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see114

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see113

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see112

Süni intellektin köməyi ilə hamilə qaldı

12 İyul 2025 17:02see110

Dünyada yeni dövlət yaranır

12 İyul 2025 16:28see110

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri