Azərbaycan muzeylərinin nadir eksponatları: Dəniz dibinin xüsusiyyətlərini müəyyən edən diplot
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu dəfə söhbət “Suraxanı” gəmi-muzeyində nümayiş etdirilən, 1850-1890-cı illərə aid dərinlik ölçən diplotdan (dərinlik lotu) gedir. Bu alət müasir exolot və sonar sistemləri yaranmazdan əvvəl dəniz suyunun dərinliyini və dibinin xüsusiyyətlərini müəyyən etmək üçün istifadə olunub.
Eksponatın əsas hissəsini səkkizguşəli, 12 funt (təxminən 5,4 kiloqram) ağırlığında qurğuşun yük təşkil edir. Yükün uzunluğu 46 santimetr, diametri isə 70 millimetrdir. Alət təxminən 183 metr uzunluğunda nişanlanmış kəndirlə birlikdə istifadə olunurdu. Kəndir üzərindəki düyünlər, nişanlar və dəri parçaları suya buraxılan hissənin uzunluğunu müəyyən etməyə imkan verirdi. Bu işarələr həm gözlə, həm də toxunmaqla seçildiyindən ölçmə işlərini gecə və məhdud görünmə şəraitində də aparmaq mümkün olurdu.
Diplotun maraqlı xüsusiyyətlərindən biri qurğuşun yükün alt hissəsində yerləşən kiçik oyuqdur. Bu hissəyə piy və ya digər yapışqan maddə yerləşdirilirdi. Yük dənizin dibinə çatdıqda qum, lil, xırda çınqıl və digər hissəciklər həmin maddəyə yapışırdı. Beləliklə, dənizçilər yükü göyərtəyə qaldırdıqdan sonra suyun dərinliyi ilə yanaşı, dəniz dibinin tərkibi haqqında da məlumat əldə edirdilər.
Dəniz dibinin xüsusiyyətlərini bilmək gəmi üçün münasib lövbər yerinin seçilməsində və naviqasiya xəritələrindəki məlumatların yoxlanılmasında mühüm rol oynayırdı. Sahilə yaxınlaşarkən dərinliyin və dib quruluşunun dəyişməsi gəminin mövqeyinin müəyyənləşdirilməsinə də kömək edirdi.
Eksponat palıd ağacından hazırlanmış saxlama hissəsi və nişanlanmış kəndiri ilə birlikdə qorunub saxlanılır. Qurğuşun yükün altındakı oyuq və kəndir üzərindəki işarələr XIX əsrdə dənizçilərin suyun dərinliyini və dəniz dibinin xüsusiyyətlərini hansı üsulla müəyyən etdiklərini əyani şəkildə nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















