Azərbaycan qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyhəsinə yüksəlib ŞƏRH
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya qoyur. Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə yüksələn strateji əməkdaşlığın əhatəli təhlilidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.
“Prezident İlham Əliyevin fikirləri bir daha göstərir ki, iki ölkə arasında münasibətlər sırf diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlətimizin başçısı ilk növbədə qeyd edir ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur. Bu möhkəmliyin təməlində təkcə son illərin diplomatik fəallığı deyil, onilliklər ərzində formalaşmış tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni ənənələr dayanır. Bu baza üzərində iki dövlət arasında əsl strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Məhz bu etimad mühiti sayəsində ikitərəfli əməkdaşlıq yalnız rəsmi müqavilələrlə məhdudlaşmır, dövlətlərarası əlaqələr bütün səviyyələrdə, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik ölçülərində davamlı şəkildə dərinləşir”.

Deputat qeyd edib ki, bu strateji yaxınlığın ən mühüm hərəkətverici qüvvələrindən biri liderlər səviyyəsində aparılan fəal və konstruktiv dialoqdur. “Prezident İlham Əliyev vurğulayır ki, Kazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə müşahidə edilən sürətli inkişaf və modernləşmə siyasəti Qazaxıstanı bölgənin ən dinamik dövlətlərindən birinə çevirib. Təkcə son üç ildə Azərbaycan Prezidentinin Qazaxıstana yeddi səfəri, Tokayevin isə Azərbaycana altı səfəri, bu münasibətlərin intensivliyini və strateji xarakterini təsdiq edir. Dövlət başçıları arasındakı müntəzəm görüşlər aktual məsələlərin operativ şəkildə həllinə, ortaq mövqelərin formalaşdırılmasına və əməkdaşlıq gündəliyinin irəli aparılmasına geniş imkanlar açır. Bu səfərlər simvolik deyil, konkret nəticələrə hesablanmış və hər dəfə yeni əməkdaşlıq sahələrinə yol açan siyasi dialoq platformasıdır. Humanitar sahədə əməkdaşlıq da siyasi tərəfdaşlığın ayrılmaz parçasıdır. İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi Qazaxıstanın Azərbaycana mənəvi dəstəyinin simvolu kimi dəyərləndirilir. Bu mərkəz təkcə mədəni layihə deyil, tərəfdaşlığın dərin humanitar çalarıdır və hazırda onlarla uşağın təhsili üçün real imkan yaradır”, - deyə deputat bildirib.
Tahir Mirkişili diqqətə çatdırıb ki, müsahibədə xüsusi vurğulanan digər strateji məqam iki ölkə arasında imzalanmış tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik yubileyidir. Ötən illər ərzində təqribən 170 sənəddən ibarət hüquqi baza formalaşıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələr üzrə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.
Deputatın sözlərinə görə, bu sənəd iki ölkə arasında uzunmüddətli və davamlı əməkdaşlığın etibarlı hüquqi təməlini qoyub. “Prezident Əliyev bildirir ki, məhz bu möhkəm müqavilə bazası sayəsində əlaqələr daha çevik, daha sistemli və daha dərin formada inkişaf edib. Qurulan bu mexanizmlərin ən vaciblərindən biri 2024-cü ildə fəaliyyətə başlayan Ali Dövlətlərarası Şuradır. İlk iclasının nəticələri artıq iki ölkə münasibətlərinin yeni mərhələyədək yüksəldiyini göstərib. Astanada keçiriləcək ikinci iclas zamanı əməkdaşlığın perspektivləri daha dərindən müzakirə ediləcək və yeni strateji addımlar müəyyən olunacaq. Bu Şura ikitərəfli münasibətləri koordinasiya edən, qərarların icrasını təmin edən və gələcək hədəfləri müəyyənləşdirən ali siyasi platforma kimi çıxış edir. Bu, eyni zamanda, iki dövlətin institusional əməkdaşlığının nə qədər yüksək səviyyəyə çatdığını nümayiş etdirir”, - deyə Tahir Mirkişili vurğulayıb.
Müsahibimiz qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar daxilində də bir-birini fəal şəkildə dəstəkləyir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda ortaq mövqelər nümayiş etdirilir. Bu həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında etimad əsasında formalaşmış biznes əlaqələri və dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət sayəsində qarşılıqlı ticarət, investisiya və logistika əməkdaşlığı sürətlə artır. Bu günə qədər Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun qeydiyyatdan keçməsi xüsusi fakt kimi göstərilir. Bu, yalnız iqtisadi göstərici deyil, Azərbaycan biznes mühitinə olan yüksək etimadın ifadəsidir.

Tahir Mirkişili bildirib ki, ticarət dövriyyəsində müşahidə olunan artım da təsadüfi deyil. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib. 2025-ci ilin ilk səkkiz ayında bu rəqəm artıq 547 milyon dollara çatıb və bu, əvvəlki ilin eyni dövründən üç dəfə çoxdur. Bu artım Orta Dəhlizdən səmərəli istifadə, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və tarif üstünlüklərinin tətbiqi ilə bağlı konkret nəticələrin göstəricisidir. İnvestisiya sahəsində də əlaqələr güclənir. Azərbaycanın Qazaxıstana yatırdığı sərmayə 225 milyon dollar, Qazaxıstanın Azərbaycana yatırdığı sərmayə isə 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli perspektivdə qarşılıqlı inkişaf və iqtisadi inteqrasiyaya sadiqliyini sübut edir. Bu, həmçinin iki ölkənin iqtisadi modellərinin bir-birini tamamladığını və strateji sinerji yaratdığını göstərir. Nəqliyyat-logistika əməkdaşlığı strateji prioritetlərdən biri kimi xüsusi yer tutur. Prezident Əliyev bildirir ki, infrastrukturun inkişafı, tarif siyasətinin təkmilləşdirilməsi və logistika üstünlüklərinin artırılması regional bazarların inteqrasiyasına təkan verir. 2024-cü ildə tranzit daşımalarının 20 faiz artaraq 3,5 milyon tonu keçməsi bu sahədə əldə olunan real nailiyyətlərdir. Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas tranzit marşrutuna çevrilir və burada Azərbaycan və Qazaxıstanın rolu həlledicidir. 2022-ci ildə Aktauda imzalanmış Orta Dəhlizin inkişafına dair 2022–2027-ci illər üçün Yol Xəritəsi bu sahədə sistemli inteqrasiyanın əsas sənədidir. Bu sənədin icrası nəqliyyat infrastrukturunun sinxron inkişafını, logistika mərkəzlərinin yaradılmasını və vahid tarif siyasətini təmin edir. Bundan əlavə, Xəzərin dibi ilə sualtı fiber-optik kabel layihəsi rəqəmsal inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Bu layihə 2026-cı ilin sonuna qədər başa çatdırılacaq və regionun rəqəmsal xəritəsini dəyişəcək. Enerji sahəsində də mühüm əməkdaşlıq istiqamətləri mövcuddur. SOCAR və KazMunayQaz arasında illik 1,5 milyon ton Qazaxıstan neftinin Aktau-Ceyhan marşrutu ilə tranziti haqqında saziş enerji əməkdaşlığının strateji səviyyədə olduğunu göstərir. 2024-cü ildə tranzit həcmlərinin artırılması və tariflərin azaldılması barədə əldə olunan razılaşmalar Orta Dəhlizin effektivliyini daha da gücləndirəcək. Bundan başqa, gəmiqayırma sahəsində əməkdaşlıq sənaye sektorunda sinerji yaradır və tərəflərin qarşılıqlı texnoloji inkişafına töhfə verir. Yaşıl enerji istiqaməti isə yeni mərhələnin əsas vektorlarından biridir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji layihələrinin təşviqi üzrə imzalanmış sazişlər regional enerji təhlükəsizliyinin yeni modelini formalaşdırır. Bu təşəbbüslər ölkələrin ekoloji təmiz texnologiyalara keçidini sürətləndirir və davamlı inkişaf hədəflərinə uyğunluğunu təmin edir.
Deputat qeyd edib ki, mədəni əlaqələr xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlar arasında dostluğun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, onun yubileyinə həsr olunmuş beynəlxalq tədbirlərin təşkili mədəni əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirir.
“Prezident İlham Əliyev regional əhəmiyyətli ekoloji təhlükələrə də diqqət yetirərək Xəzər dənizinin sürətlə dayazlaşmasının ciddi təhdidə çevrildiyini vurğulayır. Bu proses biomüxtəlifliyin azalmasına, ekosistemin pozulmasına və iqtisadi təhlükələrə səbəb olur. Dövlətimizin başçısı xəbərdarlıq edir ki, məsələ yalnız iqlim dəyişikliyi ilə məhdudlaşmır və Xəzəryanı ölkələr arasında koordinasiyalı siyasət, elmi məlumat mübadiləsi və birgə tədbirlər qaçılmazdır. Xəzər dənizi sadəcə su hövzəsi deyil, ortaq məsuliyyət məkanıdır və burada atılacaq addımlar regional təhlükəsizlik və ekoloji tarazlıq üçün həlledici olacaqdır. Beləliklə, Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan-Qazaxıstan əlaqələrinin bu gün gəlib çatdığı yüksək strateji səviyyəni və gələcək inkişaf istiqamətlərini aydın şəkildə göstərir. Bu münasibətlər tarixi dostluqdan müasir geosiyasi tərəfdaşlığa, iqtisadi inteqrasiyadan regional liderliyə, türk dünyası vizyonundan qlobal əməkdaşlıq modelinə yüksəlib. İki ölkə arasında formalaşmış qarşılıqlı etimad, siyasi iradə və strateji baxış XXI əsrin Avrasiya məkanında ən uğurlu tərəfdaşlıq nümunələrindən biri kimi dəyərləndirilə bilər. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır”, - deyə deputat fikrini yekunlaşdırıb.


