Azərbaycan Türk fəlsəfəsi: ənənələr və çağdaş tendensiyalar (XIX XX əsrlər)
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
VII Yazı
Ümumilikdə, ilk növbədə, XIX əsrdə Azərbaycan Türk fəlsəfi və ictimai fikrində iki inkişaf xəttini: 1) milli-dini mədəniyyət (Şərq-İslam-Türk) və 2) Avropa-Qərb mədəniyyəti əsasında fəlsəfi fikrin inkişafı yollarını izləndiyini gördük. Ancaq bu bəzi Azərbaycan Türk mütəfəkkirləri üçün yetərli hesab olunmadığı üçün, XIX əsrin ikinci yarısında, xüsusilə də həmin əsrin sonların doğru yeni bir inkişaf yolu da meydana çıxmışdır. Üçüncü xəttin tərəfdarları hesab edirdilər ki, yalnız milli-dini mədəniyyət əsasında fəlsəfi fikri inkişaf etdirmək çətin olduğu qədər, eyni zamanda Avropa-Qərb mədəniyyətini ideallaşdıraraq bunu əvəzində milli-dini adət-ənənələri tamamilə gözardı etmək də doğru deyildir. Ona görə də, bu məsələdə ən məqbul variant milli-dini dəyərlərlə Avropa-Qərb dəyərləri arasındakı mənfi cəhətləri görməklə yanaşı, müsbət tərəfləri də ortaya çıxarıb uzlaşdırmaq zəruridir. Şübhəsiz, bununla bağlı bir tərəfdən fərqliliklərin antoqonist ya da qeyri-antoqonist dərəcələrinin müəyyənləşdirilməsi, digər tərəfdən Qərb mədəniyyətinə münasibətdə müsbət və mənfi cəhətlər dedikdə, nəyin nəzərdə tutulması məsələlərini ortaya çıxarmaq heç də asan olmamışdı.
Hesab edirik ki, bununla bağlı, yəni Şərq-İslam dəyərləri ilə Qərb-Xristian dəyərləri arasında hansı anlamda uzlaşmanın ortaya qoyulmasından daha çox Qərbin ortada olan elm və sənayesinin, texnologiyasının müsəlman-türk dövlətlərində (Qacarlar, Osmanlı və b.) tətbiqinin ön plana çıxması heç də doğru bir addım olmamışdır. Xüsusilə, Osmanlı və Qacarlar dövlətlərinin rəhbərlərinin daha çox sonuncu məsələdə israrlı olmaları onları inkişafa götürməmiş, hətta Avropa dövlətlərinin nüfuzunun daha da artmasına səbəb olmuşdur. Əslində burada başlıca məsələ, Qərb elminin, sənayesinin, fəlsəfəsinin, texnologiyasinin, bir sözlə mədəniyyətinin Qacarlar, Osmanlı kimi türk-müsəlman dövlətlərində kor-koranə tətbiqi deyil, milli-dini mədəniyyətlə oxşar və fərqli cəhətlərinin eninə-boyuna geniş şəkildə təhlil edilərək uzlaşdırılması anlamında həyata keçirilməsi daha məqsədə uyğun olardı. Ancaq biz bunun əvəzində görürük ki, Osmanlı “Tənzimat” qərarı, Qacarlar isə buna oxşar addımlarıyla daha çox Avropa-Qərb dövlətlərini təqlid yolunu tutmuş, bununla da öz süqutlarının təməl daşlarını atmışlar.
Həmin dövrdə milli-dini mədəniyyətlə Qərb mədəniyyəti arasında “sintez”in düzgün qurulması və üçüncü, ancaq doğru bir milli inkişaf yolunun müəyyənləşməsində əsasən C.Əfqani, H.Zərdabi, S.Ə.Şirvani, müəyyən qədər də M.Ə.Talıbzadə, M.T.Sidqi, Ə.Gorani, Səid Ünsizadə, Cəlal Ünsizadə və başqaları mühüm rol oynamışlar.
Şübhəsiz, XIX əsrdə bu məsələnin həlli yolunda ən mühüm rolu Azərbaycan Türk filosofu Cəmaləddin Əfqani oynamışdır. Çünki Əfqani Qərb mədəniyyətinin inkişafının əsil mahiyyətini dərindən bilməklə yanaşı, eyni zamanda müsəlman ölkələrindəki geriliyin, cəhalətin, avamlığın, despotizmin həqiqi üzünü də yetərincə dərk edə bilmişdir. Bizcə, Əfqaninin əsas üstünlüyü bir tərəfdən milli-dini mədəniyyət, daha çox da İslam mədəniyyətinə əsaslanan xəttin nümayəndələrinin mütərəqqi cəhətləri ilə, Qərb dəyərlərinə həddən çox aludə olmuş yolun təmsilçilərinin də reallıqla uyğunlaşan mülahizələrini doğru dəyərləndirmək bacarığının olması idi. Başqa sözlə, aşağıda da görəcəyimiz kimi, Əfqani həm milli-dini dəyərlərdən imtina etmədən onun müsbət cəhətlərinin yenidən dirçəldilməsi məsələsində, həm də Qərb dəyərlərinin kor-koranə tətbiqi deyil də, onun Şərq-İslam mədəniyyəti ilə uzlaşa biləcək cəhətlərinin milli-dini dəyərlərə zərər vermədən, həyata keçirilməsinin mümkünlüyünü ortaya qoyması idi.
Bizcə, həmin dövrdə Əfqaninin doğru müəyyənləşdirdiyi bu inkişaf xəttinə ən çox yaxınlaşan Azərbaycan Türk mütəfəkkiri Həsən bəy Zərdabi olmuşdur. Belə ki, Zərdabi də bəzi kiçik kənara çıxmaları nəzərə almasaq, həm milli-dini dəyərlər məsələsinə münasibətdə, həm də Qərb dəyərlərinin hansı şəkildə mənimsənilməsi və tətbiqində doğru yol tutmuşdu. Zərdabi ifrat Qərb mədəniyyəti tərəfdarlarından fərqli olaraq doğru hesab edirdi ki, bir millətin inkişafı üçün real olaraq əlimizdə olan milli-dini və Qərb dəyərlərinə aid istənilən vasitədən istifadə etmək lazımdır. Bu anlamda Zərdabinin millətdaşlarının və dindaşlarının yenidən oyanışı üçün milli teatrın, mili mətbuatın əsasını qoyması, əslində Azərbaycanda İslam-Şərq mədəniyyəti ilə Avropa-Qərb mədəniyyətinin müsbət anlamda uzlaşmasının bariz örnəyi idi. Çünki burada Zərdabi üçün önəmli olan teatr və qəzetin “kafir”in ixtirası olub olmaması deyil, məhz həmin vasitələrlə millətinə xidmət etməsi idi.
Bu baxımdan Seyid Əzim A.A.Bakıxanov kimi daha çox milli-dini dəyərlər əsasında millətinin və dininin inkişafını görmək istəsə də, onun yaradıcılığında Qərb mədəniyyətindən tamamilə imtina etməyin doğru olmaması fikirləri də öz əksini tapmışdır. Hətta, o iddia edirdi ki, Qərb mədəniyyətində mövcud olan bir çox tərəqqipərvər-yenilikçi hadisələrdə təəccüblü heç nə yoxdur, çünkü bunların hamısı Quranda var. Ona görə də, müsəlmanların Qərb mədəniyyətinin tamamına küfr damğasını vurub birmənalı şəkildə pisləmələri də doğru deyildi.
Həmin dövrdə yaşamış Mirzə Əbdürrəhim Talıbzadə də Əfqani və Zərdabi kimi, milli-dini dəyərlərlə Avropa-Qərb dəyərlərinin şüurlu və milli mənafeyə zərər verməyəcək yönündə uzlaşdırılmasının vacibliyini anlayan mütəfəkkirlərmizdən biri olmuşdur. Talıbzadənin əsərlərində də (“Kitabi-fizik ya hikməti-təbiiyyə”, “Məsaili-həyat”, “Əhmədin kitabı”, “Məsalikül-möhsinin” və b.) başlıca məsələ bir tərəfdən milli-dini dəyərlərə kor-koranə deyil sözün həqiqi mənasında sahiblənməyin vacibliyi, digər tərəfdən isə tərəqqi yoluyla irəliləyən Qərb mədəniyyətinə yanaşmada ehtiyatkarlığın və bundan nəticə çıxarmağın əhəmiyyəti geniş şəkildə təhlil olunmuşdur.
Ümumiyyətlə, hesab edirik ki, Əfqani, Zərdabi, Şirvani və Talıbzadə yalnız öz dövrlərinin deyil, eyni zamanda bu gün ortada olan milli fəlsəfəmizin də bünövrəsini müəyyənləşdirmiş böyük şəxsiyyətlərimizdir. Hər halda bizim üçün Əfqanilər, Zərdabilər, Talıbzadələr Bakıxanovla, Vazehlə başlayan orta çağın sxolastik təfəkküründən yeni təfəkkürə keçid prosesini təkmilləşdirməklə yeni dövr Azərbaycan Türk fəlsəfəsinin, Azərbaycan Türk mədəniyyətinin əsasını qoymuşlar. Niyə görə, bunu yeni bir Azərbaycan Türk fəlsəfəsi ya da mədəniyyəti adlandırırıq? Çünki onların əsasını qoyduğu Azərbaycan Türk fəlsəfəsi bir tərəfdən əski Türk fəlsəfəsi və İslam fəlsəfəsinin mütərəqqqi ənənələrinin davamı, digər tərəfdən isə Avropa-Qərb mədəniyyətinin təsiri altına düşmədən, yəni milli-dini mədəniyyəti zədələmədən dolayısıyla ondan yararlanmaq düşüncəsinin məhsulu idi. Bu anlamda 19-cu əsrdə ortaya çıxan Azərbaycan Türk fəlsəfəsinin özünəməxsusluğu keçmişdə mövcud olmuş mütərəqqi milli-dini fəsləfi-mədəni irsimizin Qərb-Avropa mədəniyyəti ya da fəlsəfəsi ilə, kor-koranə şəkildə, təqlidçiliklə deyil, milli nüvənin əsasında uzlaşdırılması idi. Şübhəsiz, bu işdə Bakıxanov, Nəbati, Vazeh, Zakir, Axundzadə, Marağalı, Şirvani, Gorani və başqalarının mədəni-fəlsəfi irsini də nəzərə almaqla, ancaq böyük payın Əfqanilərə, Zərdabilərə, Şirvanilərə, Talıbzadələrə aid olduğunu hesab edirik.
Milli nüvə ətrafında milli-dini dəyərlərlə Qərb dəyərlərinin uzlaşdırılmasında müəyyən qədər M.C.Topçubaşov, Əsgər ağa Gorani, Məmməd Tağı Sidqi, Səid Ünsizadə, Cəlal Ünsizadə və başqaları da mühüm rol oynamışlar. Məsələn, 1819-cu ildə Sankt-Peterburq Baş Pedaqoji İnstitutuna fars dilçiliyi kafedrasına müəllim dəvət olunan Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov (1790-1869) ərəb, fars və türk dillərində dərs deməklə yanaşı, 1849–1867-ci illərdə Asiya departamenti nəzdindəki Şərq Dilləri İnstitutunun professoru kimi fəaliyyətini davam etdirmişdi. O, Rusiya arxeologiya və numizmatika cəmiyyətinin yaradıcılarından biri olmuş, 1852–1857-ci illərdə onun Şərq şöbəsinin müdiri işləmişdir. Şöbə onun rəhbərliyi ilə “İzvestiya” (Xəbərlər) adlı jurnal nəşr edərək burada Şərq arxeologiyası, habelə Azərbaycan haqqında məqalələr nəşr edirdi. Jurnaldakı məqalələrin çoxunu isə M. C. Topçubaşov özü yazmışdır. M. Topçubaşovun Sərq tarixinə və ədəbiyyatına dair 1834-cü ildə “İran xrestomatiyası” və “Monqolların ən qədim dövrlərdən Teymurləngə qədərki tarixi” adlı əsərləri nəşr edilmişdi. Bir sıra məlumatlara görə M.C.Topçubaşov Türk (Azərbaycan) və fars dillərində divan müəllifidir. Lakin alimin poetik irsindən hələlik yalnız farsca yazılmış “Zəfər nəğməsi” poemasının rus dilinə sətri tərcüməsi, habelə Türk (Azərbaycan) və fars dillərində iki şeiri aşkara çıxarılmışdır.
Bu dövrdə yaşamış Azərbayca Türk ziyalılarından Səid Ünsizadə və Cəlal Ünsizadə qardaşları da milli-dini mədəniyyətlə Avropa mədəniyyətinin uzlaşdılmasından yana idilər. Cəlal Ünsizadə ((1854-1933) Azərbaycan Türk mədəniyyətində müəyyən yeri olan ziyalılardan biridir. Hələ, “Ziyayi-Qafqasiyyə” bağlanmamışdan öncə Tiflisdə onun redaktor-naşirliyi ilə “Kəşkül” məcmuəsi (sonralar qəzet şəklində çıxmışdır) nəşrə başlamışdır.[1]C.Ünsizadənin jurnalın ilk nömrəsinə yazdığı proqram mahiyyətli məqaləsi xüsusi ilə maraqlıdır. O, bu məqalədə “Kəşkül”ün xalqa bağlı olacağını bildirir, qarşıya qoyduqları vəzifələri sadalayır və ana dilinə üstünlük verəcəklərini yazırdı: “Məcmuəmizin dili və əsil ibarəsi məmləkətimizin müsəlmanlarının məfhumu olan türki-Azərbaycan dilindən ibarət olacaqdır”. [2]
C.Ünsizadə “Kəşkül”ün ilk saylarında “vətənimiz”, “Azərbaycan” kəlmələrini tez-tez işlətməklə xalqda milli kimlik və milli şüur hissi formalaşdırmağa çalışırdı. Onun məqalələrində türkçülük, xəlqilik, yenilikçilik prinsipləri aydın görsənirdi. Ümumiyyətlə, C.Ünsizadənin redaktoru olduğu “Kəşkül” Azərbaycan Türk millətinin inkişafı, türklük, yenilikçilik və bu kimi səciyyə daşıyan məqalələrə üstünlük verirdi. “Bir şəxs” imzası ilə verilmiş “Ana dilimiz” məqaləsiində yazılırdı ki, “öz millətini əbədi saxlamaq istəyənlər öz ana dillərini saxlamağa çalışmalıdırlar və o dildə elm və fünuni övladi-millətə verməlidirlər”. [3] Müəllif xüsusilə qeyd edirdi ki, ana dilini yaxşı bilməyən, onun ləyaqətini qiymətləndirməyən adam başqa dilləri heç cür qiymətləndirə bilməz.
Cəmiyyətin həyatında baş verən dəyişiklikləri vaxtında oxuculara çatdırmaq istəyən “Kəşkül” qəzeti XIX əsrin sonlarında Quzey Azərbaycanda baş verən milli oyanış və milli özünüdərk prosesinin də iştirakçısına çevrildi. Azərbaycan milli ideyasının təşəkkülündə mühüm rol oynayan “Kəşkül”də millət və din məfhumlarının ayrı-ayrı anlayışlar olduğu xalqa çatdırılmışdır. Bu məsələyə daha geniş yanaşma tərzi ortaya qoyan “Kəşkül”çülər bununla da milli şüurun inkişafına da kömək etmiş oldular. Məsələn, “Kəşkül” qəzetinin 1890-cı ilin noyabr ayında nəşr olunan “Əvam gəzmək – yuxu yatmaqmı dedin?” adlı məqalədə “Azərbaycanlı” imzalı müəllif (çox güman ki, bu müəllif Cəlal Ünsizadənin özüdür – F.Ə.) yazırdı ki, quzeyli-güneyli Azərbaycan türkləri rusların adlandırdığı kimi tatar deyil “Azərbaycan milləti”dir.[4] C.Ünsizadə Azərbaycanın Türk əhalisinin dilini də Türk dili ilə yanaşı “Azərbaycan dili” adlandırmış, 1891-ci ildə “Azərbaycan” adlı qəzet çıxartmaq üçün Tiflisdəki Baş Mətbuat İşlər İdarəsinə müraciət etmişdir.
[1] Zeynalov Ağarəfi. “Kəşkül”də bədii ədəbiyyat, Bakı, Elm, 1978, s.25
[2] Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). Azərbaycan mətbuatı tarixi (1875-1920). Bakı "Elm və Təhsil", 2009, s.35
[3] Zeynalov Ağarəfi. “Kəşkül”də bədii ədəbiyyat, Bakı, Elm, 1978, s.25
[4] Azərbaycanlı. “Əvam gəzmək – yuxu yatmaqmı dedin?”. “Kəşkül”, 16 noyabr, 1890, № 115
Özbək ədəbiyyatı – keçmişi, bu günü, gələcəyi
"Olan", "ədə", "qolay" sözləri hansı kökdən gəlir?
Ürünq Ayıqsıt: Türk mifologiyasında bərəkət və ilahi güc
Saxa/Sak etnomədəni təbəddülat mərhələsi - Bəlgəçun
Cənubi Qafqaz və Azərbaycanın diplomatik fəallığı: geosiyasi yeniləşmə
Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər
Böyük Azərbaycanın qürur ünvanı — Nadir Şah Əfşar
Dağların aslanı-kapitan Mahmud TOP
Onlar Amerikanın ən pedofil siyasətçisini belə Elçibəydən üstün tutarlar...
YARAMAZ AXIR Kİ NƏYƏSƏ YARADI…
Cənubi Qafqazda status-kvo: kim pozmağa çalışır?
Avropa İttifaqının strateji geosiyasi proqnozları: ssenarilər və perspektivlər
Böyük Azərbaycanın qürur ünvanı — Nadir Şah Əfşar
Azərbaycan Türk fəlsəfəsi: ənənələr və çağdaş tendensiyalar (XIX-XX əsrlər)
Şahmat - Əli Çağlanın hekayəsi
Dərnəgüldə Türk Obası: bir mədəniyyət, ticarət və etnosport qovşağı
Heydər Baba, igid əmək itirməz!
"Siyasət və İqtisadiyyatın dialoqu” və ya "İqtisadçılar haqlıdır, yoxsa hüquqşünaslar?"
