Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qismət Rüstəmovun şeirləri

Mətbəxtlik

Bir qadın var hardasa

tələsir mətbəxə, dükana, işə

gözləri razılaşmaq dilində susur həmişə.

Metroda əlləri yaxasına,

çantası dizlərinə səngər...

Bir qadın var hardasa

xoşbəxtlikdən sinifdən qalan,

ciyəri qayğılara qurban

mətbəxə zəncirli Prometaya...

Bir qadın var hardasa

sevmədiyi kişiyə arvad,

sevdiyinə çin səddi.

Bir qadın var hardasa

qara günlərin qırmızı diplomlusu,

iki uşaq anası.

Hər şeyi yerindədi

əri, uşaqları, şubası,

biş-düşü.

Bir qadın var hardasa

kibrit çöpündən tez sönür gülüşü...

Bir qadın var hardasa

qadın deyirəm sizə

gecələr ağlar səssizcə

haram qatar yuxusuna.

Ağlar bir qırmızı qalstukun xorultusuna,

qara bir kostyumun tütün qoxusuna,

ağlar yatağındakı üzütəraşlı

HEÇ KİMƏ.

Bir qadın var hardasa

soruşsan xoşbəxtsənmi?

bədbəxtəm deməz

deyər: çox mətbəxtəm...

Sirenalar üçün

Əvvəlcə axşam düşər,

sonra mənim ürəyim...

Küləklər dənizlərin üzünü qırışdırar.

Qapını cırmaqlayar

səni görmək istəyim,

Səbrimin pişiyini divara dırmaşdırar.

Əllərimi yandırar soyuq, quru fotolar

Axtararam, tapmaram

otağımda ölməyi...

Külqabıda dəfn olar siqaretlər, qutular,

Qədəhlərə boşalar şüşələrin ürəyi.

Mən bu sevgi testini

istəmirəm yoxlayım,

Qorxuram üç doğrunu silər yanlışın biri.

Başın çiynimdə yoxdu,

səni necə qoxlayım?

Əllərimdə darıxır əllərinin boş yeri...

Mən bir az öz-özümdən,

bir az səndən gedirəm

Mən hamıdan gedirəm

gəlib sənə çıxmağa...

Hər səhər darıxmağı

parça-parça edirəm,

Hər gecə qandallanır

ürəyim darıxmağa...

əvvəlcə axşam düşür,

sonra mənim ürəyim...

Olmur

Daha son ümidə ümid qalmayıb,

Qalsa yollarına baxardım, olmur...

Soyuq əllərimi üzük yerinə,

Qaynar əllərinə taxardım, olmur...

Yanında, elə bil, yersiz qonağam,

Mən sənə günaham, suçam, yasağam.

Sən güllə deyilsən, mənsə qorxağam...

Səni öz başıma sıxardım, olmur...

Neyləyək olmadı, çatmadı gücüm,

Elə bil tutmadı bürcünlə bürcüm.

Səni ürəyimdən çıxarmaq üçün,

Gərək ürəyimi çıxardım, olmur...

***

Əlləri su damlası, boynu uzun

Yelena,

Səsin mənə mükafat, gözün hüzn

Yelena,

Şeir oxu soyuqda, sözlə qızın,

Yelena,

Qızınmasan yandır ki, qızınasan

birtəhər,

Yoxlamışam, Yelena, yaxşı yanır

şeirlər...

Sən bilərsən, yıxıldım, yoxsa daş

kimi düşdüm ? Düşdümsə də ölmədim, çünki

çoxdan ölmüşdüm.

Sənsiz keçən günlərin

var-yoxunu... demişdim,

Qəzəbimi boğuram, çox

getmirəm dərinə, Nə istəsən yaz getsin nöqtələrin

yerinə...

Maşınlar ötüb keçir, dönər alır

uşaqlar,

Dişlərini ağardır yazılmamış

varaqlar,

Yoxluğundan tikilib bütün evlər,

otaqlar,

Mən sənin yoxluğuna

mühacirəm, Yelena,

Nə düşünsən haqlısan,

müqəssirəm, Yelena.

Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları

Zalım qardaşların yamanlığından,

İçimi yeyirəm gün boyu, ay qız.

Bir qadın bətninin qaranlığından,

Daha qaranlıqdı bu quyu, ay qız.

Divi almalıqda güddüyüm təki,

Yuxulu gözlərlə açılır səhər.

İndi mən yarama duz basıram ki,

Səni fikirləşim səhərə qədər.

Bu quyu kəsilmiş kəndir qoxuyur...

Qanayır köksümə batan xəyanət...

Sükut bu quyuda zildən oxuyur...

Burda ümidsizlik hər gün nəqərat...

İndi yorğun canım özümə sərhəd,

Yalandan deyirəm vecinə alma.

Mənə deyən lazım, ay Məlikməmməd,

Sevməli yaşında nə div, nə alma?..

“Qu” - dedim, quyuya atdılar məni,

“Qa” - dedim, qardaşlar qayıtmadılar...

Gedib yuxu kimi yatdılar məni,

Sonra bir-birini ayıltmadılar.

Burda sənsizlədim, gümanım itdi...

Adamlar quyunu daşladı, ay qız.

Cavanlıq içimdə çürüdü getdi,

Qocalıq içimdən başladı, ay qız.

Quyuya hər gecə gümüş ay qonaq...

Hər gecə quyuya ulduzlar axır...

Quyu-durbiniylə münəccim torpaq,

Mənim gözlərimdən göylərə baxır...

Qara xatirələr ağlanan kimi,

Çoxaldı quyuda sənin azlığın...

Ümidin gözləri bağlanan kimi,

Açıldı gözləri adamsızlığın...

Kaş külək olaydım, adam yox, külək

İndi mənim üçün külək - azadlıq...

Nə vaxtsa demişdin ağ qoç gələcək,

Min ilmi keçibdi?

Bilmirəm artıq...

Qaranlıq, tənhalıq, soyuq və gecə...

Biryolluq gediblər bütün gedənlər...

Ədalət kəsilmiş kəndirdi məncə,

İndi padşahdılar kəndirkəsənlər...

Burda can verirəm, ölmürəm, ay qız,

Bu quyu ümiddən, ölümdən kasıb...

Min ildi anlaya bilmirəm, ay qız,

Mənim bu nağılda nə divim azıb?!

Yaman üşüyürmüş adam adamsız,

Adamsız duyurmuş adam zamanı...

Canı şüşədəymiş divlərin, ay qız,

Bu quyu şüşədi, mənsə div canı...

Bir simurq lələyi yandır bu gecə,

Yoxdu bu quyuya gedib qayıdan...

Bu şüşə quyunu sındır bu gecə,

Mənim div canımı çıxart quyudan.

Göylərə baxıram ulduz sürüşmür...

Ölmürəm, uzanır bu dəhşət, ay qız.

Mənə üç almadan bir alma düşmür,

Yoxmuş bu nağılda ədalət, ay qız...

Alman hesabı

o gün, hə, o gün

sən dodağında qırmızı qətiyyət,

əynində “qadın hüquqları və qaşqabaq”

gəlmişdin görüşə,

mən boğazıma qara bir ciddiyət taxıb,

təraş olub,

bəyəndiyin ətirdən də vurmuşdum.

O gün idi, hə, o gün

13-ü cüməyə düşmüşdü,

“Araz” kafesində ayrılmaq

üçün görüşürdük,

Azərbaycan kimi...

ofisiant,

bizi görən kimi öskürmüş,

sifətinə gülüş, dilinə hazır rusca sözlər geyinib

gəlmişdi yanımıza.

Mən “Günah anandadı!” salatı ,

yanında “Sən məni başadüşməzsən”

qızartması istəmişdim.

Sən “Özün bilərsən” şorbası demişdin,

bir də “Mən yaxşı yaşamaq istəyirəm” püresi.

Sükutun qədəhinə

qırmızı, kəmturş ittihamlar

süzülən kimi,

hörmət quşunun boğazı üzülən kimi,

hesabı istəmişdik.

O gün, hə, o gün,

13-ü cüməyə düşmüşdü

Ucuz bir ayrılığın hesabını ödəmişdik

alman hesabı.

Sən masadan

“Sənə qalmamışam” deyərcəsinə

çantanı götürüb

getmişdin.

Mənsə addımlarımın

saatını çox geri çəkmişdim,

amma qürurumdan,

- çinarlara qohum qürurumdan-,

sən bir Meduza kimi uzaqlaşarkən,

dönüb baxmamışdım arxanca.

arada düşünürəm o günü:

dönüb baxmışdınmı arxamca?

Baxmışdınsa axı nədən

o gün o küçədə

bircə heykəl vardı,

Nizaminin heykəli.

Dönüb görərsən ki...

Bir də görərsən ki, qəti alınmır...

Səni gecələrin zülməti çəkər,

Dodağın bir öpüş həsrəti çəkər.

Yanar dodağında bir dodaq yeri

Lap elə mən ölü, sən də ki, diri.

Qabları yuyarsan, çörək alarsan,

Görərsən könlünün simi tarımdı.

Amma bilməzsən ki, niyə yarımsan,

Bilməzsən evində nəyin yarımdı...

Könlünə qəfil bir qayıtmaq düşər,

Birdən başlayarsan lap darıxmağa...

Dönərsən gəldiyin yola baxmağa,

Qəhər boğazında ilişər qalar,

Dönüb görərsən ki, divardı yollar,

Dönüb görərsən ki, yol çıxıb gedib...

Şərt

Qoca şəhər yatıbsa, saat üçü keçibsə,

Darıxanlar ordusu səni başçı seçibsə,

Baş götürüb qaçıbsa gözlərinin yuxusu,

İçini yandırırsa kimsəsizlik duyğusu,

Yenə küləklər kimi sərsərisənsə əgər,

Kədər satan gecəyə müştərisənsə əgər,

Bir fotonun önündə

yüz fikrə getmisənsə,

Dözməyin köynəyini

min tikə etmisənsə,

Asta yağış yağırsa, it hürürsə küçədə,

Küləklər daha əsmir,

sənə köks ötürürsə -

Sən yığan nömrələri bu qəribə gecədə,

Eləcə təkrar-təkrar Səssizlik götürürsə -

Gözlərin sulanırsa təkliyin zülmətində,

Ürəyin sıxılırsa, dözürsənsə birtəhər -

Bu çarəsiz gecədə külqabı dövlətində,

Siqaret soyqırımı törədirsənsə əgər -

Buludların eşqinə, küləklərin xətrinə,

İşığı tükənməyən ürəklərin xətrinə,

Yaxın otur, qulas as:

Bir it hürür küçədə, səsi düşür gecəyə,

Elə bil ki, darıxır, kömək istəyir,

kömək.

İstəyirəm boylanım pəncərədən

küçəyə,

Bir ağız da mən hürüm, darıxmasın o köpək...

Getməyin qeyri-mümkünlüyü

Adam getdiyi yerə özünü də aparırsa,

demək, getmək qeyri-mümkündü

əslində;

gerçək olan yalnız yerdəyişmədi -

A nöqtəsindən B nöqtəsinə.

Adam nə qədər təklənir təklənsin

həyatda,

özünə deməyə bir-iki kəlməsi varsa, bir-iki həqiqəti,

yəni ürəyiylə danışa bilirsə, vəssalam,

kim nə deyir-desin, boş verməli...

Adam yolları bağlananda,

topuğu qanayanda,

toxtaq ola bilirsə, keçmirsə qürurundan,

bir başı kəsiləndə,

min baş çıxara bilirsə Ximera kimi,

min qılınc parıldasın,

min xəncər itilənsin, vız gələr.

Adam sərin bir yaz gecəsi

küçəyə baxanda,

düşünəndə ötənləri, damağında

sonuncu siqaret,

xatırlayanda ölülər izdihamına

qarışan dostları,

birdən çox adi şeyləri yenidən

başa düşür...

Nəsə elə...

Kompüter yanında kaktus kimisənsə çoxdandı,

telefonun susursa Qraham Belin səsiylə,

teleseriallar ağlada bilmirsə daha,

saatlı bomba ürəyilə döyünürsə

divar saatında vaxt,

darıxma, sıxılma, üzülmə.

Nəsə elə, dostum, nəsə elə...

Pəncərələri aç, pəncərələri,

burax günəş ayaqqabılı keçsin içəri;

pencəyini küləyə bağışla,

çətirini yağışa...

Sərçələrin səsi öpsün divarların

dodaqlarını,

uşaqların gülüşü öpsün.

Bu gün yeməyi özün qızdır,

çayı özün dəmlə,

ütünü köynəyin bağrına

özün sıx bu dəfə,

Gülümsə hamıya, gülümsə!

Darıxma, sıxılma, üzülmə...

Bir şeir yaz, əzbərlə, dənizə get,

şeir pıçılda dənizin qulağına,

şeir pıçılda...

Hərəniz bir siqaret yandırın:

sən və dəniz.

Sən burnundan burax tüstünü,

dəniz uzaqlardakı gəmilərin

borularından.

işığında şeir yazmağa bir-iki ulduz al gecədən.

Bir mahnı saxla həmişə dilinin altında

zümzümə elə,

gülünməmiş lətifələr tap dostlarınla

gülməyə.

Nəsə elə dostum, nəsə elə...

Darıxma, sıxılma, üzülmə...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:57
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri