Icma.az
close
up
RU
Azərbaycan Vatikan körpüsü qurulur

Azərbaycan Vatikan körpüsü qurulur

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birinci vitse-prezident Mehriban Əliyeva tolerantlıq və mədəniyyətin təbliği üçün növbəti addımı atdı


Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan dövlət siyasətinin prioritet sahələrindən olan multikulturalizm və tolerantlıq ənənəsinin müasir dünyanın ziddiyyyətlərinə baxmayaraq qorunması bəşəri dəyərlərə hörmətin təsdiqi və bariz nümunəsidir. 


Daxildə hər bir vətəndaşına, eyni zamanda burada hər hansı bir sahədə fəaliyyət göstərən əcnəbilərə heç vaxt milli-irqi-dini ayır-seçkilik qoymayan dövlətimiz ümumbəşəri dəyərlərin qorunması üçün səylərini xarici ölkələrdə də davam etdirir. Buna ən gözəl sübut Heydər Əliyev Fondunun xarici ölkələrdə mədəniyyət nümunələrinin mühafizəsi istiqamətində fəaliyyət göstərməsidir. 



2021-ci ildə Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Komodilya katakombalarının bərpasına dair əməkdaşlıq müqaviləsi imzalanıb. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva imzalanan sənədə sadiq qalaraq aparılan işlərlə vaxtaşırı maraqlanır. Bu günlərdə Romaya - Vatikana səfəri çərçivəsində Mehriban xanım Əliyeva bir sıra vacib görüşlər keçirib. Vatikana rəsmi səfəri çərçivəsində M.Əliyeva Roma Papası XIV Leo ilə görüşüb. Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb. 

Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib. Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə minnətdarlığını ifadə edib. Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib. Həmin gün Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər. Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazionedə, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xətlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir. Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərinin dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilir ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva səfər çərçivəsində Vatikan Apostol Kitabxanasında da olub. Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib. Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq. Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib. Ölkəmizin birinci xanımı səfər xamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub. Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib. Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir. Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən “Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və bazilikanın nekropolundakı “Tullius Zetus” məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa işləri başa çatdırılıb. Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə edib. Səfər çərçivəsində Mehriban xanım Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə, həmçinin Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər. Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək. Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Pietro Parolin bildirib ki, Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdardırlar: “Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir”. Qeyd edək ki, İtaliyanın nüfuzlu və geniş oxucu kütləsinə malik “il Messaggero” qəzetində “Gizli Roma, Azərbaycanın xeyriyyəçilik fəaliyyəti sayəsində Komodilya katakombalarının freskaları yenidən canlandırılır” sərlövhəli məqalə dərc olunub. 


Milli Məclisin deputatı Vüqar Rəhimzadə Azərbaycanla Vatikan arasında mövcud münasibətləri belə şərh edib: 

- Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Asiya ilə Avropanın qovşağında yerləşən ölkəmiz müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Azərbaycanın iqtisadi, siyasi, beynəlxalq, humanitar mərkəz kimi tanınması da ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xarici ölkələrə səfərləri də dövlətimizin xarici siyasətinin prioritetlərinə bir daha işıq salır. Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına və möhkəmlənməsinə, tarixi mədəni irsin qorunmasına yönələn addımları, həyata keçirdiyi layihələr hər zaman beynəlxalq ictimaiyyətin diqqətindədir və təqdir edilir. Sözügedən səfər də özündə bütün bu məqamları ehtiva etdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səfər çərçivəsində ailə üzvləri ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdi və həyata keçirilmiş bərpa işləri ilə tanış oldular. Qeyd etdiyimiz kimi, bu addımlar Azərbaycanın mədəni irsin qorunması və dünya sivilizasiyasına hörmət prinsipinə əsaslanan humanitar fəaliyyətinin əsas tərkib hissələrindəndir, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə, qarşılıqlı anlaşma və tolerantlıq ənənələrinin təşviqinə yönəlir. Mehriban xanım Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində katakombaların açılışı ilə əməkdaşlığımızın yeni bir səhifəsi yazıldı.  Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırdı. Bu reallıq bir daha önə çəkildi ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkandır. Bu prinsiplər həm dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir. Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, səfər Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see190

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see186

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see140

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri