Azərbaycana qarşı düşmən siyasət: Hindistan heç nəyə nail ola bilməyəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə növbəti dəfə veto qoyub. Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.
Qeyd edilir ki, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır və çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay ruhu"na ziddir, həmçinin bu, Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
“Xalq Cəbhəsi” Hindistanın Azərbaycana qarşı olan düşmənçiliyinin səbəbini araşdırıb.
“Hindistan Azərbaycanı bloklamaqla məşğuldur”
Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə növbəti dəfə veto qoysa da Çin isə Hindistanın əksinə Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyib: “Hindistanın yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklamasının Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır. Azərbaycan Çinin ən böyük beynəlxalq kommunikasiya layihəsi olan “Bir Kəmər, Bir Yol” marşrutunun Orta dəhlizinin üzərində yerləşir və bu xəttin fəaliyyətə keçməsində həyati rol oynayır. Çini özünə ən böyük rəqib kimi görən Hindistan onun ticarət yolları üzərində bacardığı qədər əngəl yaratmağa çalışır. Prezident İlham Əliyevin bəyanatında da vurğulandığı kimi, Hindistan Azərbaycanı beynəlxalq platformalarda bloklamaqla məşğuldur”.
“Sülh tərəfdarı deyil”
Deputat əlavə edib ki, lakin Bakı konstruktiv yanaşma nümayiş etdirərək Ermənistanla Pakistan arasında diplomatik münasibətlər qurulmasında yaxından dəstək göstərdi: “Bu, Azərbaycanın sülh gündəminə verdiyi dəstəyin nümunəsidir. Amma görünən odur ki, Hindistan sülhün tərəfdarı deyil, əksinə, regionda qarşıdurmaların davam etməsini istəyir. Məhz bu mövqeyinə görə Çin tərəfindən irəli sürülən təşəbbüslərin də ikinci dəfə Hindistan tərəfindən bloklanmasına gətirib çıxardı. Düşünürəm ki, belə bir siyasət ŞƏT-in mövqeyini sarsıtmaqdan başqa heç bir işə yaramayacaq. Bütün hallarda unudulmamalıdır ki, Cənab Prezidentin də qeyd etdiyi kimi Hindistanın qisasa çalışması Azərbaycan üçün heç bir əhəmiyyət daşımır, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür”.
ŞƏT-ə qarşı mövqe
Politoloq Yusif Bağırzadə söyləyib ki, Hindistan tərəfindən ölkəmizin ŞƏT üzvülüyünə qəbulunu veto qoyulması Nyu-Dehlinin uzaqgörən və məntiqli qərar qəbul edə bilmədiyinin göstəricisidir: “Çünki Hindistan bu şəkildə qərar verməklə əslində həm də ŞƏT-in ümumi maraqlarının ziddinə mövqe tutmuş oldu. Birincisi ona görə ki, hər kəs tərəfindən Cənubi Qafqaz regionunun lideri olaraq qəbul edilən bir ölkənin təşkilata üzvlüyü ŞƏT üçün, o cümlədən də Hindistanın özü üçün əlavə imkanlar qazandıra bilərdi. İkincisi, Hindistanın öz müttəfiqi Ermənistanın təşkilata üzvlüyünün də yolunun Azərbaycanın təşkilata qəbulundan keçdiyini bilməli idi. Bilməli idi ki, bizə qarşı qoyulan veto Pakistanı da Ermənistanla bağlı veto qoymağa məcbur edəcək. Amma Hindistan bunları nəzərə ala biləcək uzaqgörənlik nümayiş etdirə bilmədi”.
“Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir”
Y.Bağırzadə diqqətə çatdırıb ki, bu, Hindistan tərəfindən Azərbaycan qarşı atılan ilk addım deyil: “Son dəfə Azərbaycanın BRİCS üzvlüyü ilə bağlı qərara da məhz elə Hindistan veto qoymuşdu. Şübhəsiz ki, bu qərarda Azərbaycan-Pakistan münasibətləri də vacib faktorlardan biridir. Nyu-Dehli Azərbaycanın Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə etməsini və eləcə də son Pakistan-Hindistan qarşıdurmasında siyasi və mənəvi olaraq Pakistanı dəstəkləməsini həzm edə bilmir. Düşünürəm ki, Hindistanın qərarının arxasında başqa səbələr də var. Burda digər faktorlar da rol oynayır. Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir. Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ilə Azərbaycanın Orta dəhlizdə aktiv rol oynadığını bilən Nyu-Dehli bu cür qərarla əslində həm də Çinin maraqlarına qarşı mövqe ortaya qoymuş olur. Elə “Bir Kəmər, Bir Yol” layihəsinin əleyhinə mövqe sərgiləməklə də bunu sübut etdi”.
“Rusiyanın da payı var”
Politoloq vurğulayıb ki, digər vacib faktor isə Rusiya faktorudur: “Rusiya sammitdə Azərbaycanın ŞƏT üzvlüyünə qəbulunu dəstəkləsə də Hindistanın bu şəkildə mövqeyində onun da payı olduğu şübhəsizdir. Xüsusilə də son dövrlərdə Hindistan-Rusiya münasibətlərində kifayət qədər yaxınlaşma müşahidə olunur. Tərəflər xüsusilə də Rusiya, İran və Hindistan tərəfindən əsası qoyulmuş Şimal-Cənub nəqliyyat dəhlizi məsələsində aktiv əməkdaşlıq edirlər. Hindistan kimi Rusiya da Çinin Azərbaycanla hər keçən gün daha da inkişaf edən münasibətlərindən narahatlıq keçirir və ölkəmizin “Bir kəmər bir yol” layihəsində orta dəhlizdə əsas oyunçu olduğunu bilir. Rusiyanın artıq bir müddətdir Azərbaycanla davam edən gərginliyi də rəsmi Kremlin Hindistanın mövqeyində təsiri olduğunu deməyə əsas verir. Amma Rusiya Azərbaycanın təşkilata üzvlüyünü açıq şəkildə dəstəkləyən Çinlə münasibətlərində problem yaratmamaq üçün bu dəfə bunu Hindistan vasitəsilə etdi”.
Onun sözlərinə görə, amma bütün baş verənlərə baxmayaraq Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünün qarşısının alınması prinsip etibarilə heç nəyi dəyişməyəcək: “Azərbaycan onsuzda ŞƏT üzvü olan əksər ölkələrlə kifayət qədər yaxşı ikitərəfli münasibətlərə malikdir. Ölkəmizin Şanxay əməkdaşlıq Təşkilatının əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi də hər keçən gün artır və təşkilatda hansı statusla təmsil ounmağımızdan asılı olmayaraq bu münasibətlər inkiaf etməkdə davam edəcək”.
“Azərbaycan dünyanın ən etibarlı ölkəsidir”
Siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, Azərbaycan qlobal güclər arasında yaratdığı balansla bu gün dünyanın ən etibarlı keçid ölkəsi halına gəlib: “Bu, sözün əsl mənasında inkişaf etməkdə olan və qlobal idarəetmədə iştiraka iddialı Şərqdən inkişaf etmiş Qərbə keçiddir. Bu çərçivədə həm Çinlə 3 iyul 2024-cü il tarixində elan olunan “Strateji tərəfdaşlıq haqqında” bəyannamə, o cümlədən 8 avqust 2025-ci ildə Vaşinqton bəyannaməsində qeyd olunduğu kimi, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sazişin hazırlanmasına dair razılaşma - balanslı siyasətin ən bariz təzahürüdür. Bu siyasət ölkəmizin NATO kimi hərbi-siyasi və Aİ kimi iqtisadi-siyasi, ümumilikdə Qərb blokuna qoşulmayaraq müstəqil xarici siyasət yürütməsinə səbəb olduğu kimi, eyni zamanda formalaşmaqda olan yeni Şərq Blokunda da iştirakımızı sorğulamağa səbəbiyyət verir”.
“Bu, Hindistanın Çinlə rəqabət halında olduğunu nümayiş etdirir”
Ş.Cəlilzadənin sözlərinə görə, Azərbaycan Çinlə, o cümlədən ŞƏT-lə strateji tərəfdaşlığı ilə eyni zamanda Qərblə dərin strateji əməkdaşlıq bağları qurub: “Lakin heç bir blokda üzv deyil. Necə ki, Türkiyənin ŞƏT-də üzvlüyü NATO-nu tərk etmədən, başqa ifadə ilə “bloku dəyişmədən” mümkün deyil, düşünürəm ki, hazırki anda ölkəmizin özünü Şərq Blokuna bağlaması da düzgün qərar olmazdı. Bu baxımdan Hindistanın Azərbaycanın Pakistanla olan isti münasibətlərinə görə ŞƏT-də üzvlüyümüzü bloklaması nəinki milli maraqlarımıza təhdid deyil, əksinə müəyyən mənada maraqlarımıza uyğundur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Çinin ŞƏT-in genişləməsinə olan marağı fonunda Hindistanın belə bir davranış sərgiləməsi, onların vahid blok üzvü olsalar da maraqlarının toqquşduğunu, Hindistanın BRICS və ŞƏT çərçivəsində əslində Çinlə rəqabət halında olduğunu nümayiş etdirir”.
Röya İsrafilova


