Azərbaycanda gənclər evlənməyə tələsmir: ƏSAS SƏBƏBLƏR AÇIQLANDI
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Rəsmi statistika və sosial araşdırmalar göstərir ki, Azərbaycanda həm kişilər, həm də qadınlar əvvəlki illərlə müqayisədə ailə həyatını daha gec yaşlarda qurmağa başlayıblar. Dövlət Statistika Komitəsinin ən son məlumatlarına əsasən, 2000-ci ildə kişilərin nikaha daxil olma yaşı orta hesabla 27,3, qadınların isə 23,1 olub. 2025-ci ildə isə bu göstərici kişilər üzrə 28,7-yə, qadınlar üzrə 24,1-ə yüksəlib. Beləliklə, 25 il ərzində kişilərin orta nikah yaşı 1,4, qadınların isə 1 il artıb.
Gənclərin gec evlənməyə üstünlük verməsinin səbəbləri ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Nail Cəlil bildirib ki, yaş həddi bu göstəricilərdən daha yüksəkdir. Yəni, oğlanların yaş həddini götürdükdə 1,5 il deyil, kişilərdə hardasa 5-6 il, qadınlarda isə 3-4 il, faktiki olaraq artıb:
“Bu göstərici onu göstərir ki, Azərbaycan cəmiyyətində müəyyən mənada həm əhalinin yaşlanması, həm də nikahların gec bağlanması prosesi baş verir. Bu, beynəlxalq vəziyyətdə qlobal təsirlərin artması faktoru və digər tərəfdən də müəyyən kənar təsirlərin Azərbaycan cəmiyyətinə təsiri ilə bağlıdır. Bu, sosial, iqtisadi, hərbi, siyasi proseslərlə, həm də qaçqın və məcburi köçkün şəraitində problemin mövcudluğu ilə xarakterizə edilir”.
Onun sözlərinə görə, təbii ki, bu məsələ bir qədər stabilləşməyə doğru getsə də, son illərdə yenidən proses daha sürətlə baş verir və insanlar iqtisadi çətinliklərlə bağlı müəyyən hədəflərini, maliyyə hədəflərini təmin etməyə və gözləməyə və yaxud müxtəlif alternativ axtarışlarına gedirlər. Orta yaş həddinin artması ilə bağlı göstəricilər müxtəlif səbəblərlə bağlıdır. Burada statistik rəqəmlər real rəqəmlərdən bir qədər fərqlənə bilər.
Müsahibimizə görə, reallıq onu göstərir ki, mövcud statistika ürəkaçan deyil və bu statistikanın dəyişməsi və müsbət tendensiyaların yenidən formalaşması üçün cəmiyyəti həm maarifləndirmək, həm də sosial-iqtisadi təşəbbüslərin və ailələrin təsərrüfat-iqtisadi funksiyasının canlandırılması, yeni səviyyəyə keçirilməsi vacibdir.
N.Cəlil qeyd edib ki, ailələr müəyyən iqtisadi dayağa və üstünlüyə malik olmalıdır ki, gənclər ailə qurarkən bunun müəyyən təməli olacağını və ailənin həm dövlət, həm də cəmiyyət tərəfindən dəstəklənəcəyini hiss etsinlər:
“Əslində Azərbaycan cəmiyyətində bu həmişə dəstəklənib. Yeni ailə quranlara himayə göstərmək, onların məişət, maddi və məşğulluq məsələlərini dəstəkləmək həmişə valideynlərin üzərinə düşən məsuliyyət kimi qəbul olunub və valideynlər, yaxınlar, qohumlar da bu məsuliyyəti yerinə yetirməyə çalışırlar.İndi vəziyyət müəyyən qədər dəyişib, münasibətlər və davranış qaydaları yeni şərtlərə uyğunlaşıb. Azərbaycan cəmiyyətində ailəyə və ənənələrə bağlılıq normaları qorunub saxlanılır. Bununla yanaşı, yeni dəyərlərə, yeni sistemə uyğunlaşma da var. Təbii ki, gec ailə qurmağın müəyyən üstünlükləri ilə yanaşı, daha çox fəsadları da mövcuddur”.
Gec ailə qurmağın fəsadlarından danışan həmsöhbətimiz bildirib ki, fəsadlar təbii hisslərin itirilməsində, ailəyə bağlılığın sonradan problemə çevrilməsində, fərdiyyətçiliyin formalaşmasında və ailə münasibətlərinə daxil olmaqda yaşanan çətinliklərdə özünü göstərir. Dediyinə görə, gec ailə quranlarda gec valideyn olmaq məsələsi də ortaya çıxır. Sosioloq qeyd edib ki, müəyyən gecikmələr olduqda, müəyyən yaşdan sonra dünyaya gələn uşaqlarda hər iki valideynin təsiri ilə psixi çətinliklər, mürəkkəbliklər yarana, gec ailə quran xanımlar arasında isə sonsuzluq halları arta bilər. Bunlar təbii psixofizioloji xüsusiyyətlərlə bağlı məsələlərdir:
“Ümumiyyətlə, fəsadlar müxtəlif ola bilər.Optimal yaş həddi bəylər üçün 25-27, xanımlar üçün isə 23-24-ü keçməməlidir. Yəni 21-25 yaş aralığı xanımlar üçün optimal sayılır”.
“Ailə quranda Azərbaycan sosial şəraitində belə bir prinsip var ki, tez ailə quran uduzmur, əksinə daha çox qazanır. Bir qədər kobud səslənsə də, əslində reallığı və cəmiyyətin ailəyə münasibətini əks etdirir” deyən N.Cəlil vurğulayıb ki, ailə həyatı hər bir insan üçün vacibdir, çünki insanın təbii, sosial və psixofizioloji funksiyaları məhz ailədə reallaşır. Birgə yaşayış, birgə mövcudluq, məsələlərin birgə həlli və hədəflərin birgə müəyyənləşdirilməsi baxımından ailə çox real və zəruri bir nəticədir:
“İkincisi, fərdi keyfiyyətlərinizi artırmaq istəyirsinizsə, ailə də bunu dəstəkləməlidir. Fərqli fikirlər, fərqli yanaşmalar, fikir ayrılıqları ola bilər, amma bütün bunlar ailə münasibətlərinin düzgün qurulmasına mane olmamalıdır. Bu şərtlər daxilində seçimlər dəqiqləşdirilməli və hədəflərə uyğun köklənməlidir. Hər bir halda çalışmalıyıq ki, seçimlərimiz məqsədyönlü və sistemli olsun”.

Nail Cəlil: Gənclər daha çox işsizlik və məşğulluq problemləri ilə üzləşirlər və bu, təkcə karyera məsələsi deyil
Müsahibimiz onu da deyib ki, insanların yaş məsələsi ilə bağlı davranışları sosio-dinamikadan asılı olaraq dəyişən məsələdir. Gənclər yaş faktoruna ciddi önəm verirlər, zamanını, məkanını nəzərə alırlar. Lakin maddi imkansızlıq, müəyyən çətinliklər, bəzən özünü ifadə etməyin yollarının adekvat olmaması, pedaqoji-psixoloji tərbiyə, cəmiyyətdə sosial təsirlərin və ya sosial qınağın düzgün yönəlməməsi bu problemlərin artmasına təsir edən amillər sırasındadır.Təbii ki, sosial-iqtisadi səbəblər, iqtisadi motivlər hər zaman öndə gəlir, bir nömrəli məsələdir:
“Amma bu faktorları araşdırmaq üçün yaş amili bütün bu məsələləri əhatə edən və tamamlayan səbəbdir. İnsan müəyyən çətinlik yaşayanda evlilikdən daha çox o çətinliyi həll etmək barədə düşünür və gənclər də bu məsələdə müəyyən gözləmələrdə haqlıdırlar. Onların arzuları, istəkləri, hədəfləri müəyyən rifah vəziyyətini təmin etmək, ailə dəyərlərini buna uyğun transformasiya etməkdir”.
Həmsöhbətimiz bildirib ki, hər kəs ailəyə önəm verir, dəyər verir. Amma ailənin qurulması, möhkəmlənməsi və davamlı olması üçün həm obyektiv, həm də subyektiv şərtlər bir-birini tamamlamalıdır. İnsan arzu və istəkləri ilə yanaşı reallığı da nəzərə almağa məcburdur. Bu reallıq isə nikahlarda gənclərin çoxunun maraqlarına uyğun deyil. Gənclər daha çox işsizlik və məşğulluq problemləri ilə üzləşirlər və bu, təkcə karyera məsələsi deyil.
Gənclər arasında uşaq sahibi olmağın gecikdirilməsini isə sosiloq belə izah edib:
“Dünyaya uşaq gətirməyin təxirə salınması, ailə qurmaqla bağlı yaşların gecikməsi, xüsusilə xanımların yaşının artması da bu problemlərdəndir.Bu, bir tərəfdən erkən nikahlara qoyulan qadağalarla da bağlıdır. Bunu tənqid etmək olmaz, çünki məhdudiyyət 18 yaşa qədərdir. 18 yaşdan sonra düşünürəm ki, insanlar əgər müəyyən təminat hiss edirlərsə, ailə qurmaqda çox gecikməməlidirlər”.
Burada karyera faktorunun roluna gəlincə, müsahibimiz bildirib ki, xüsusilə karyera hədəfləri olmayan, gələcəklə bağlı ailə qurmaqdan başqa planı olmayan xanımlar üçün bu keçərlidir. Amma kimsə karyera qurmaq istəyirsə, hədəflərini çox gecikdirməməli, müəyyən hədəfləri vaxtında tamamlamağı bacarmalıdır.
“Bu məsələlərdə sosial-psixoloji dəstək və psixososial müdaxilə çox vacibdir və bu müdaxilə insanların maraqları çərçivəsində baş verməlidir. Müəyyən ictimai təsirlər və sosial xidmətlərin gücləndirilməsi vasitəsilə həyata keçirilməlidir ki, bu da təminatın əsas atributlarından biridir”, - deyə Nail Cəlil əlavə edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















