Azərbaycanı zəfərlərə qovuşduran Konstitusiya
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Konstitusiya və Suverenlik İli – 2025
Prezident İlham Əliyevin müstəsna önəm daşıyan tarixi hadisələrin, dövlət siyasətinin üstün istiqamətlərinin mahiyyəti və hədəflərinin cəmiyyətdə daha dolğun, təfsilatlı ilə dəyərləndirilməsi və layiqincə qeyd edilməsi məqsədilə üzümüzə gələn hər ilə müvafiq adlar verilməsini rəsmiləşdirən sərəncamlar imzalaması xoş bir ənənəyə çevrilmişdir. Bu baxımdan dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkəmizdə dövlətçilik ənənələrinin daha dərindən öyrənilməsi və zənginləşdirilməsi üçün tarixi önəm daşımaqla yanaşı, geniş meydan da açdı.
Azərbaycan Respublikası Konstitusiyasından danışarkən qeyd edilməlidir ki, müstəqil dövlətin Əsas qanununun layihəsinin hazırlanması və qəbul edilməsi dünya nizamının və Azərbaycan cəmiyyətinin olduqca mürəkkəb və keşməkeşli bir dövrünə təsadüf edirdi. Azərbaycan müstəqilliyini 1991-ci ildə elan etsə də, ilk illərdə xarici təsirlərdən qurtara bilmir, dövlət idarəetmə sisteminin formalaşdırılması mümkün olmurdu. Qarabağ münaqişəsinin mürəkkəbləşməsi, bir-birini əvəz edən hakimiyyət çevrilişləri, iqtisadiyyatın dağılması siyasi-hərbi böhran yaratmışdı.
O zaman Azərbaycan xalqının üz tutduğu, yeganə ümid bəslədiyi böyük şəxsiyyət ulu öndər Heydər Əliyev oldu. Xalqın çağırışlarına həmişə həssaslıqla və sayğı ilə yanaşan Ümummilli lider bu haraya xilaskarlıq missiyası ilə cavab verdi. Böyük siyasi təcrübəsi olan dünya səviyyəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, dövlətçiliyi möhkəmləndirmədən ölkəni idarə etmək, nizamlı ordu olmadan müharibədə qalib gəlmək, düzgün xarici siyasət olmadan beynəlxalq münasibətləri nizama salmaq olduqca çətindir.
Ulu öndər qısa müddətdə bütün siyasi və diplomatik vasitələri işə salmaqla 1994-cü il mayın 12-də Ermənistan–Azərbaycan müharibəsində atəşkəsə nail oldu. Ölkədə hakimiyyət boşluğu aradan qaldırıldı, siyasi sabitlik yarandı. Azərbaycanın dövlət müstəqilliyini istəməyən daxili və xarici qüvvələrin dəstəyi ilə 1994-cü ilin oktyabr, 1995-ci ilin martında dövlət çevrilişlərinin, digər təxribat və prezidentə qarşı terror cəhdlərinin qarşısı qətiyyətlə alındı. Beləliklə, hüquqi dövlət quruculuğu istiqamətində zəruri tədbirlərin görülməsi üçün münbit şərait yaradıldı.
“Müstəqillik Bəyannaməsi”ndən irəli gələn və müasir dövlət formasını özündə ehtiva edən hüquqi dövlət ideallarını yaratmaq və inkişaf etdirmək də Ümummilli liderin qarşıya qoyduğu önəmli məsələlərdən idi. Burada isə əsas məqsəd qanunvericilik bazasının formalaşdırılması idi. Çünki dağılmış sosialist sisteminin hüquqi bazası ilə dövlət idarəedilməsini həyata keçirmək mövcud ziddiyyətlərin daha da dərinləşməsinə gətirib çıxara bilərdi. Yeganə çıxış yolu isə qanunvericiliyin əsasını təşkil edən yeni konstitusiyanın qəbul edilməsi idi.
Sonrakı 30 ildə zəfərlərə gedən yol da ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan başlayır. Azərbaycanın düçar olduğu belə vəziyyətdə müstəqil dövlətin ilk konstitusiyasının hazırlanması da taleyüklü məsələ idi və məhz onun ağırlığı yeni çağırışlarla təzahür olunan ümumbəşəri dəyərlərin milli xalq ruhu ilə yoğrulmuş təsvirinin yaradılmasında idi. Ümummilli liderin dediyi kimi: “Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq dövlətçiliyimizdə milli dəyərləri Azərbaycan xalqının tarixi adət-ənənələrini saxlamaqla xarici ölkələrin tipoloji və ümumi sivil milli-mədəni sistemlərdən götürülmüş əlamət və elementlər vardır. Həm daxildən və həm də xaricdən qəbul edilmiş bütün bu müxtəlif əlamət və elementlər sintezi müasir demokratik, dünyəvi dövlətçiliyin yaranmasının şərtlənməsinə səbəb olmuşdur”.
Azərbaycan Respublikası Konstitusiyasının preambulasından da göründüyü kimi, Əsas qanun özündə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini ehtiva edir, müstəqillik qazandığı zaman “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında elan etdiyi prinsiplərə əsaslanır, ümumi insan idealına istinad edərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi fövqündə ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyir.
Bununla yanaşı, Konstitusiya keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyət hissini ifadə edir və suveren hüququna istinad edərək Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, demokratik quruluşa təminat verməyi, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmağı, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmağı, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etməyi, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ülvi niyyətlərlə elan edir. Bu müddəalar Konstitusiyanın digər normaları ilə həmahənglik təşkil etməklə daha da genişləndirilmiş və konkretləşdirilmişdir.
Əsas qanun konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək Azərbaycanı respublika idarəetmə formasına malik unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə bir sıra ümumbəşəri dəyərləri ehtiva edən əsas prinsipləri birləşdirir. Bunlardan biri hüquqi dövlətin əsas şərti kimi qanunun aliliyi prinsipidir. Bu prinsipə görə dövlət hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir.
Ulu öndərin sədrliyi ilə hazırlanan Konstitusiya layihəsində zamanın tələbləri çağırışında beynəlxalq hüququn artan rolu da nəzərə alınmışdır. Bu istiqamətdə Konstitusiyanın 10, 12, 148 və 151-ci maddələri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Beynəlxalq münasibətlərin prinsipləri” adlı 10-cu maddə ilə Azərbaycan Respublikasının başqa dövlətlərlə münasibətlərinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmasının elan olunması dövlətin beynəlxalq hüquqa xüsusi ehtiramı kimi izah oluna bilər.
Azərbaycan Respublikası Konstitusiyasında beynəlxalq hüquq normalarının primatlığını qəbul edən kifayət qədər müddəalar olmaqla bərabər, beynəlxalq öhdəliklərin milli-hüquqi implementasiyası üçün adekvat konstitusion əsaslar da mövcuddur. Konstitusiya müddəalarının realizəsində dövlət fəaliyyəti bütün istiqamətdə həyata keçirilmiş, ölkəmizin demək olar ki, əksər beynəlxalq sənədlərə qoşulmuşdur. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır və bu da bütün dövlət hakimiyyət orqanlarının beynəlxalq hüquqla müəyyən olunmuş öhdəliklərin şərtsiz icrasını təmin edir.
Hüquqi və demokratik dövlətlərdə hüquq sisteminin əsasında və mərkəzində insan şəxsiyyəti dayandığından onun hüquq və əsas azadlıqları Konstitusiyanın xüsusi fəslini əhatə edir. Bu məqsədlə, Konstitusiyanın 12 və 71-ci maddələrinin normaları xüsusi əhəmiyyətə malikdir. Konstitusiyanın 12-ci maddəsinin I hissəsi ilə beynəlxalq hüququn inhisarına alınmış və dünya birliyinin vahid idealı kimi tanınan insan hüquq və əsas azadlıqlarının təmin olunması “Dövlətin ali məqsədi” kimi elan etməklə bərabər, həmin maddənin II hissəsi ilə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiqi təsbit edilmiş, bu hüquqların normativ məzmunu 48 maddə ilə Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı III fəsilində geniş yer almışdır.
Qeyd edilənlər isə insan hüquqları amilinə dövlət hakimiyyət orqanlarının öz fəaliyyətlərində vahid yanaşmaya sövq edir. Bundan irəli gələrək Konstitusiyanın 71-ci maddəsi, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvəsini elan etməklə, onların qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərində vəzifə öhdəliyi kimi müəyyən edir. Beləliklə, dövlət hakimiyyət qollarını müstəqil fəaliyyətlərində bir araya gətirən insan hüquqları Azərbaycan dövlətinin əsaslarını təşkil edir.
Hakimiyyətin bölünməsi prinsipi də dövlət hakimiyyətinin qurulmasının əsası kimi Azərbaycan Konstitusiyasında yer alır. Konstitusiyaya görə hakimiyyət qolları öz fəaliyyətlərində müstəqil olsalar da, onların qarşılıqlı fəaliyyət göstərmələri barədə konstitusiya təminatı dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, respublikanın bütün ərazisində suveren xalq hakimiyyətin bərqərar olunmasında vahid yanaşmadan çıxış etməyə imkan verir. Hüquqi və dünyəvi dövlət idealları hakimiyyətin bölünməsi prinsipinə sirayət edilməklə icra, qanunverici və məhkəmə hakimiyyətləri fərqləndirilmişdir.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir və onlar qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Hər hansı qərar və ya təşəbbüslərdə hakimiyyət qollarının qarşılıqlı fəaliyyəti demokratik prinsip və milli mənafe nöqteyi-nəzərindən onların əməkdaşlığını bir araya gətirdiyi kimi, müstəqillik prinsipi də inzibati-amirlik asılılığını aradan qaldırır.
Dövlət hakimiyyət qollarından qanunvericilik hakimiyyətinin rolu normativ hüquqi aktların qəbul edilməsi, o cümlədən beynəlxalq müqavilələrin ratifikasiyasından və mühüm beynəlxalq hüquqi normaların implementasiyası üçün dövlətdaxili qanunvericilik tədbirlərinin qəbul edilməsindən ibarətdirsə, icra hakimiyyəti qolunun rolu onun dövlətin həyatında birbaşa inzibati idarəçilik funksiyası ilə bağlıdır. Məhkəmə hakimiyyəti sistemi öz qərarları ilə dövlət hakimiyyət orqanları aktlarının, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və ya qüvvədən salınması ilə dövlət orqanları arasında səmərəli qarşılıqlı əlaqələrin yaradılması, onlar tərəfindən insan hüquq və əsas azadlıqlarının eyni cür dərk edilməsində və vəhdət halda riayət edilməsinin həyata keçirilməsində xüsusi rola malikdir.
Konstitusiyaya görə, dövlət orqanları yalnız qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər və həmin norma məhkəmənin fəaliyyətini hüquq tətbiqetmə istiqamətində digər hakimiyyət qollarından fəqləndirir. Normanın mənası baxımından dövlət orqanlarının qanunvericiliyin tətbiqində səlahiyyət hədləri aydındır və onlar qanunun boşluqlarından, həmçinin qanunun və hüququn analogiyasından istifadə edə bilməzlər.
Konstitusiya və digər qanunvericiliklə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri həll etmək, “ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə etmək” kimi vəzifələr məhkəmələrin üzərinə qoyulmuşdur.
Göründüyü kimi, hakimiyyət qollarının hər birinin müstəqilliyi ilə yanaşı, onların konstitusiya vəzifələrinin və səmərəli qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyən olunması nəticə etibarilə hakimiyyətin vahidliyini ehtiva etməklə dövlətçiliyin möhkəmlənməsinə xidmət etmiş olur.
Digər mühüm amil Konstitusiya ilə dövlət idarəçilik institutlarının təkmilləşdirilməsi və xalq hakimiyyətinin təməl prinsiplərinin formalaşmasını şərtləndirən normativ təminat sisteminin yaradılmasıdır. Bu təminat Konstitusiyanın müvafiq müddəalarında yer almaqla bərabər sonradan konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə möhkəmləndirilmışdir. Dövlət qulluqçularının məsuliyyətinin artırılması barədə geniş tədbirlərin görülməsi də sosial-hüquqi münasibətlərin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
Konstitusiyanın qəbulu ilə başlayan dövlət quruculuğu prosesi sistemli qanunların qəbulu ilə yeni vüsət aldı. Azərbaycanın böyük və uğurlu inkişaf yolu hüquqi dövlət idealları ilə qovuşdu, ölkədə tam siyasi sabitlik bərqərar oldu. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Azərbaycan mühüm universal və regional beynəlxalq təşkilatların üzvü oldu. Əksər dövlətlərlə qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr bağlandı. Beləliklə, Ümummilli liderin həyata keçirdiyi geniş və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl qoyuldu. Bu isə Ermənistanın məğlubiyyətini şərtləndirən yeni zəfər yolunun başlanğıcı idi.
Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlətçilik ideyalarının əsas qayəsini təşkil edən xalq–hakimiyyət birliyi sonradan Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndi. 2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkiləri Heydər Əliyev siyasi kursunun növbəti təntənəsi ilə davam etdi, Azərbaycan xalqı böyük həmrəyliklə Ümummilli liderin siyasi varisi cənab İlham Əliyevi özünə rəhbər seçməklə mühüm uğur və nailiyyətlərin dönməzliyinə təminat əldə etdi.
Burada ən vacib amil Ulu öndər tərəfindən vəsiyyət olaraq torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanın yenicə seçilmiş Prezident qarşısında dayanması taleyüklü məsələ idi və bunun mənəvi məsuliyyəti hər hansı bir dəyərlə ölçüyə gələ bilməzdi. Bu taleyüklü məsələnin həlli də eyni prinsipə söykənir: xalq-hakimiyyət birliyi. Heç də təsadüfü deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu prinsipə istinad edərək hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağını bəyan etmiş və bu vədə sadiqliyini əməli fəaliyyəti ilə təsdiq etmişdir.
Dövlət başçısı İlham Əliyevin Ümummilli liderin siyasətinə sadiqlik ruhunda düzgün və hərtərəfli işlənib hazırlanmış strategiyası sayəsində, nəhayət ki, Azərbaycan xalqı Ermənistanın 30 illik işğalçılıq siyasətinə 44 gündə son qoyaraq öz ərazi bütövlüyünə qovuşmaqla dövlət suverenliyini tam bərpa etdi. Tarix bir daha təsdiq etdi ki, ancaq xalqa söykənən Lider tarixdə dönüşlər yarada və bütün çətinliklərin öhdəsindən layiqincə gələ bilər.
Elə bunun nəticəsidir ki, xalq–hakimiyyət birliyi, sözün əsl mənasında, dəmir yumruq təcəssümündə Ali Baş Komandan İlham Əliyev şəxsiyyətində, müzəffər ordumuzun qüdrəti ilə xalqımızın şanlı qəhrəmanlıq salnaməsini yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi: “Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.
Ümumilikdə, dövlət suverenliyimizin tam bərpası bir sıra amillərlə izah oluna bilər. Bu, ilk növbədə, ölkədə mövcud olan dövlətçilik ənənələrinin formalaşdırılması, ümumbəşəri dəyərlərin qorunub-saxlanması ilə müşayiət olunan və hüquq qaydasına əsaslanan səriştəli və çevik dövlət idarəetmə hakimiyyətinin olmasıdır. Müstəqilliyin ilk illərindən başlanan dövlət quruculuğu Ulu öndərin ideyalarından qaynaqlanırdı və Konstitusiyanın qəbulu ilə bu proses daha da geniş vüsət aldı, sonradan bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
Suverenliyin xarakterik cəhəti kimi dövlət funksiyalarının bütün respublika ərazisində həyata keçirilməsi, ancaq dövlətçilik ənənələri ilə formalaşan güclü xalq hakimiyyətilə təzahür oluna bilər. Bunun nümunəsidir ki, suverenliyimiz, əvvəlcədən təfsilatlı və dəqiqliklə hazırlanmış plan üzrə keçirilən müharibə nəticəsində bərpa oldu.
Ümummilli lider Heydər Əliyev məktəbindən dərs alan ölkə rəhbəri İlham Əliyevin hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə ustalıq məharəti, öz xalqı ilə vəhdətdə olan liderlik şəxsiyyəti ilə bağlıdır. Belə fəaliyyətin tərkib hissəsi kimi informasiya müharibəsində əldə edilmiş nailiyyətlər də qeyd edilməlidir. Cənab Ali Baş Komandan 44 günlük müharibə dövründə dünyanın aparıcı media vasitələrinə çoxsaylı müsahibələr verməklə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmış, informasiya müharibəsində də qələbə əldə etmişdir.
İqtisadi güc də önəmli amil olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı”. Daxili vəhdət, milli birlik, vahid amal uğrunda həmrəylik; güclü siyasi iradə, xalq-iqtidar birliyi də qələbənin təminatına çevrilmişdir. Elə bunun nəticəsidir ki, orduda ruhyüksəkliyi hökm sürmüş, döyüşən ordu qüvvələrində könüllü iştirakla bağlı müraciətlər geniş vüsət almış, ölkədə ictimai-siyasi sabitlik qorunub-saxlanmışdır.
Prezident İlham Əliyev bildirmişdir ki, 17 il ərzində işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.
Azərbaycanın dövlət suverenliyi, möhkəm təməl üzərində qurulmuş xalq-hakimiyyət birliyinin yenilməz simvoludur. Bu birliklə xalqımız şanlı zəfərlə, dövlətçilik tariximizdə qəhrəmanlıq nümunəsi yaratdı, dövlətimizin qüdrətini, ordumuzun şücaətini dünyaya nümayiş etdirdi. Suverenliklə başa çatan zəfər yolunun əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan BMT-nin uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrini öz gücü ilə yerinə yetirilməklə dünyada yeni nümunə yaratdı.
Qələbənin mühüm əhəmiyyəti kimi seçilən tam suverenliyin məğzində həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz təmas dayanır. Ermənistan bu zəfər qələbəsindən nəticə çıxarmalı, beynəlxalq öhdəliklərinə riayət etməlidir, çünki bu qələbə nümunəsində xalqımız üçün qürur hissi, düşmən üçün isə beynəlxalq öhdəliklərdən yayınmağın acı nəticələri yer alır.
Bu yolun əhəmiyyəti ondadır ki, bir qərinədən artıq ayrı qalan ərazilərimiz bir-birinə bağlanmaqla yanaşı, ölkəmiz qardaş Türkiyə Respublikasının ərazisi ilə bütöv bir dünyaya strateji əhəmiyyətli yol açır və bunun vasitəsilə Avropa və Asiya arasında əsas tranzit xəttinin yaranması təmin edilir, ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi töhfə verir.
Bütövlükdə isə suverenliyimizin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın bütün ərazisində qanunvericilik, o cümlədən insan hüquq və azadlıqları eyni cür təminat əldə edir, ölkəmiz daha təminatlı iqtisadi inkişaf əldə edir, beynəlxalq münasibətlər daha etibarlı nizamlanır, regionda sülh və birgəyaşayış qaydalarının təmin olunmasına əsaslı zəmin yaranır.
Şəhriyar ƏLİYEV,
Xətai Rayon Məhkəməsinin hakimi, hüquq elmləri doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 03 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















