Icma.az
close
up
RU
Azərbaycanın Regional Strateji Prioritetləri: Balanslı və Dayanıqlı Xarici Siyasət

Azərbaycanın Regional Strateji Prioritetləri: Balanslı və Dayanıqlı Xarici Siyasət

Icma.az bildirir, Gununsesi portalına istinadən.

 Xankəndi şəhəri Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoydu.

Şəhər iyulun 3-4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi etməklə beynəlxalq aləmdə böyük diqqət çəkdi.

30 il davam edən işğaldan sonra bərpa və inkişaf yoluna qədəm qoyan Xankəndi artıq təkcə mədəni və tarixi məkandan çox, regional inteqrasiya və əməkdaşlıq platformasına çevrilir.

Prezident İlham Əliyevin “Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” sözləri Azərbaycan xalqının qələbə sevincini və gələcəyə inamını bütün dünyaya çatdırdı.

Bu tədbir göstərdi ki, Qarabağda həm Azərbaycanın dövlət suverenliyi, həm də beynəlxalq tədbirlərin keçirilməsi reallığa çevrilib.

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı Zirvə görüşünün əsas mövzularından biri oldu və türk dünyasının həmrəyliyi bu məkanda özünü aydın göstərdi.

Prezidentin tədbir çərçivəsində keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın diplomatik əlaqələrinin dərinliyini və iqtisadi inkişafına verdiyi önəmi nümayiş etdirdi.

İşğaldan azad olunan torpaqlarda qurulan yeni infrastruktur, sosial obyektlər və biznes mərkəzləri Azərbaycanın Böyük Qayıdış Proqramının uğurunu təsdiqləyir. Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın regionda liderlik rolunu daha da möhkəmləndirdi və ölkəmizin beynəlxalq platformalarda nüfuzunu artırdı.

Gələcəkdə belə tədbirlərin sayının artması, bölgədə inteqrasiyanın dərinləşməsi və əməkdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradacaqdır.

Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Zirvə görüşü ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının real nəticəsidir:

“Xankəndidə keçirilən Zirvə görüşünün ən mühüm əhəmiyyətlərindən biri Azərbaycanın bütün ərazisində, o cümlədən Xankəndidə dövlət suverenliyinin tam bərpa edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, həmçinin Azərbaycanın daxili və xarici siyasətində müstəqillik prinsipinin qorunması bu tədbirin məhz Qarabağda keçirilməsini mümkün edib. Zirvə görüşünün Qarabağda baş tutması təkcə siyasi deyil, həm də ideoloji, regional və beynəlxalq baxımdan ciddi önəm daşıyır və bütün dünyaya güclü mesaj verir. Bu da bir daha təsdiq edir ki, Azərbaycan dövləti Xankəndi daxil olmaqla, Qarabağda tam suverenliyini təmin edib.

Artıq bütün inzibati idarəetmə və təhlükəsizlik mexanizmi tam şəkildə Bakıdan idarə olunur. Əsas məqamlardan biri də budur ki, Azərbaycan dinc quruculuq işləri ilə paralel olaraq belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməklə, bölgədə tam təhlükəsizliyin təmin olunduğunu nümayiş etdirir. Bir neçə ölkə prezidentinin və baş nazirinin iştirak etdiyi bu Zirvə görüşü həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Deputat vurğulayıb ki, Zirvə görüşü ilə Azərbaycan beynəlxalq ictimaiyyətə açıq və qəti bir mesaj verir:

“Qarabağ Azərbaycandır və bu tezis artıq faktiki reallığa çevrilib. Xankəndidə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycanın rəhbərliyi ilə təşkil olunan bu cür tədbirlər təkcə siyasi deyil, həm də iqtisadi inkişaf modeli baxımından nümunədir. Bu, dünya ictimaiyyətinə Azərbaycanın uğurlu və davamlı inkişaf yolunu nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu qurumların rəhbərlərinin iştirakı bu görüşə verilən beynəlxalq dəstəyi və əhəmiyyəti daha da artırır.

Bütün dünya da başa düşməlidir ki, biz sülhün bərqərar olmasına çalışırıq. Qarabağın bərpası və yenidən qurulması prosesində isə biz həm konkret işlər görür, həm də bu istiqamətdə beynəlxalq dəstək axtarışını paralel şəkildə davam etdiririk.

Azərbaycan bu gün həm regionda, həm də dünyada lider dövlət kimi tanınır. Ölkəmiz yalnız enerji təhlükəsizliyinin təminində deyil, alternativ enerji və qeyri-neft sektorunun inkişafı sahəsində də nümunə göstərir. Biz bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və BMT qətnamələrinin icrasına sadiqliyimizi açıq şəkildə nümayiş etdiririk. Azərbaycan, eyni zamanda, dövlətlər arasında yaranan problemlərin həllində vasitəçilik missiyasını da üzərinə götürə biləcək gücdə və etibardadır. Bu reallıq artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir.

Bu, sadəcə diplomatik və ya beynəlxalq səviyyəli adi bir tədbir deyil. Bu Zirvə görüşü Azərbaycanın müstəqil xarici siyasətini, daxili sabitliyini, strateji baxışını və suverenliyinin mahiyyətini bütün dünyaya nümayiş etdirmək imkanıdır. Ən önəmlisi isə odur ki, iştirak edən dövlət başçıları bu reallığı öz gözləri ilə yerindəcə gördülər ki, bu da tədbirin əhəmiyyətini daha da artırır. Düşünürəm ki, gələcəkdə də Azərbaycan bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün həm tam şəkildə layiqdir, həm də onların yüksək səviyyədə təşkili ilə bağlı mühüm töhfələrini verməyə davam edəcək”.

Siyası şərhçi Elman Cəfərli vurğulayıb ki, Xankəndi zirvəsi Azərbaycan diplomatiyasının uğurudur:

“Azərbaycanın qədim Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü tarixi bir toplantı idi. Bu toplantı istər Azərbaycan, istər türk dünyası üçün böyük əhəmiyyət daşıyır.

Bir müddət öncə Bakıda fəaliyyət göstərən diplomatik korpusun bir sıra nümayəndələri, bəzi ölkələrin səfirləri Şuşaya belə getmək istəmir, tərəddüd edirdilər. 2023-cü ilin sentyabrın 19-da keçirilmiş lokal antiterror əməliyyatından sonra da bəzi Qərb dairələri Qarabağda tarixə keçmiş separatizmi diriltməyə cəhd edirdilər. Lakin Azərbaycanın apardığı məqsədyönlü siyasət sonunda bəhrəsini verdi. Qarabağ münaqişəsi tarixin arxivinə verildi, Azərbaycanın suveren hüquqları bütün ölkə ərazisində bərqərar edildi. Bu gün azad Qarabağın digər şəhər və qəsəbələri, kəndləri ilə yanaşı Xankəndi də dirçəlir, yenidən qurulur. Xankəndidə həyat qaynamağa başlayıb. Azərbaycan dövlətinin vəsaiti ilə tikilmiş şəhər yeni simasına qovuşur. Bu gün nüfuzlu tədbirlərin Xankəndidə keçirilməsi qürurvericidir. Obrazlı desək, Xankəndi zirvəsi dostu sevindirdi, düşməni pəjmürdə etdi. Eyni zamanda Xankəndi dünyanın nüfuzlu dövlətlərin rəhbərlərinin iştirakı toplantının keçirilməsi türk islam dünyasının inteqrasiyası baxımından önəmlidir”.

E. Cəfərli deyib ki, Türkiyə, Pakistan kimi dövlətlərin rəhbərlərinin Xankəndinə gəlməsi və dövlətimizin başçısı ilə yanaşı dostluğu, müttəfiqliyi, qardaşlığı simvolizə edən “pozlar verməsi” bizi istəməyən qüvvələrə də açıq mesaj oldu:

“Bir daha bəyan edildi ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Azərbaycan tək deyil, güclü müttəfiqləri var. İran prezidenti, soydaşımız Məsud Pezeşkianın Xankəndiyə gəlməsi də xüsusi məna kəsb etdi. İranla İsrail arasında davam edən 12 günlük müharibə zamanı SEPAH-a bağlı bur sıra şovinist kanallar Azərbaycanı ittiham edirdilər. Biriləri hesab edir ki, müharibədn sonra İran Azərbaycana qarşı yenidən qəzəblənəcək. Lakin belə olmadı. İran rəhbərliyi reallığı anladı, Azərbaycanla konstruktiv münasibətləri davam etdirdi. Məsud Pezeşkianın Xankəndiyə gəlməsi, dövlət başçımızla Azərbaycan dilində danışması iki ölkə arasında münasibətləri qaydasında olduğunu bir daha göstərdi”.

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü həm format, həm də məkan baxımından son dərəcə mühüm hadisə kimi tarixə düşdü:

“Məhz Qarabağın mərkəzində belə bir tədbirin keçirilməsi göstərdi ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə təkcə bərpa yox, eyni zamanda diplomatik və siyasi liderlik həyata keçirir. Xankəndi bu görüşlə sadəcə şəhər deyil, artıq beynəlxalq tədbirlərə ev sahibliyi edən simvolik məkana çevrildi. İllərlə düşmən təbliğatının hədəfində olan bu torpaqlar indi yeni reallıqların, əməkdaşlıq və tərəfdaşlığın nümayiş meydanıdır. Burada keçirilən görüşlər Azərbaycanın regionda sabitlik yaradan əsas aktor olduğunu bir daha sübut etdi.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin apardığı ikitərəfli və çoxtərəfli görüşlər Azərbaycanın diplomatik əlaqələrinin miqyasını və dərinliyini göstərdi. Ölkə başçısının iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma mərasimləri həm də Qarabağda aparılan işlərin sistemli və planlı xarakter daşıdığını nümayiş etdirdi. Hər bir obyekt – istər konqres mərkəzi, istər biznes infrastrukturu – gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib hissəsidir. Xankəndi artıq özünün iqtisadi həyatına qayıdır və bu prosesi dövlət birbaşa özü həyata keçirir. Bu dinamika Azərbaycanın milli gücünü və iradəsini əyani şəkildə ortaya qoyur.

Zirvə görüşündə səslənən fikirlər və qəbul edilən sənədlər Azərbaycanın təşkilat daxilində təşəbbüskar və etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirdi. ECO-nun əsas gündəm mövzuları olan ticarət, enerji, nəqliyyat və iqlim məsələlərində Azərbaycanın təcrübəsi və potensialı açıq şəkildə dəyərləndirildi. Təkcə enerji layihələri ilə yox, eyni zamanda, nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan regional inteqrasiyanın aparıcı qüvvəsinə çevrilib. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər layihələr ölkəmizin strateji önəmini daha da artırır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda istənilən miqyaslı iqtisadi təşəbbüs həyata keçə bilməz”.

Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri təkcə ölkə daxilində görülən işlər deyil, həm də beynəlxalq əməkdaşlıq üçün açıq bir imkan yaradır:

“Xarici sərmayələrin artması, tərəfdaş ölkələrlə birgə müəssisələrin yaradılması bu prosesin tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın həm sabitlik, həm də inkişaf modeli kimi qəbul edilməsini təmin edir. Xankəndi Zirvə görüşü göstərdi ki, Azərbaycan təkcə öz torpaqlarında deyil, region miqyasında da strateji baxışa sahib ölkədir. Bu tədbirin keçirildiyi yer həm keçmişin ağrısını, həm də gələcəyin ümidini özündə birləşdirir. Azərbaycan bu ümidin gerçəkliyə çevrildiyini dünyaya nümayiş etdirdi”.

Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay bildirib ki, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycan üçün son dərəcə müsbət nəticələr verən və ölkənin siyasi mövqeyinə mühüm psixoloji təsir göstərən tədbir oldu:

“Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud gərginlik fonunda İran, Türkiyə və Pakistanın Azərbaycanın yanında yer alması bir neçə baxımdan ciddi əhəmiyyət daşıyır. Bu həm də göstərdi ki, Azərbaycan – Türk dünyasını Şərqlə Qərb arasında birləşdirən keçid coğrafiyası olaraq – nə qədər strateji önəm daşıyır. Eyni zamanda, Rusiya da başa düşdü ki, Azərbaycan heç də asan hədəf deyil.

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırdı. 2024-cü ilin dekabrında isə Rusiya bu dəfə AZAL-a məxsus sərnişin təyyarəsini vurmaqla təzyiq siyasətini davam etdirməyə çalışdı. Məhz bu kontekstdə Xankəndidə keçirilən ECO Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan regionda asanlıqla yönəldiləcək və ya basqı altına salınacaq dövlət deyil.

Türkiyə, Pakistan və İranın Cənubi Qafqaz məsələsində Azərbaycana verdiyi dəstək, ölkənin regionda inkişaf etməsinə və ən önəmli aktora çevrilməsinə mühüm töhfə verdi.

1828-ci il Türkmənçay müqaviləsinin Rusiya və İran türkləri tərəfindən imzalanması nəticəsində Türküstan türkləri ilə Anadolu türkləri arasında böyük bir parçalanma baş vermişdi. İndi isə İranın regionla bağlı strategiyası Prezident Məsud Pezeşkian vasitəsilə dəyişməyə başlayır. Türkiyə–Azərbaycan–Ermənistan üçtərəfli barış anlaşmasının imzalanması ilə Cənubi Qafqazda yeni güc balansının formalaşmasına imkan verilməməli və artıq Türk dünyasının gələcəyi birlikdə düşünülməlidir.

Rusların Çarlıq dövründən Sovetlər birliyinə, oradan da federasiya mərhələsinə qədər yürütmüş olduqları Cənubi Qafqaz siyasəti artıq öz ömrünü başa vurub. Cənubi Qafqazın Türk dünyası üçün strateji əhəmiyyət daşıdığı bir şəraitdə, bu bölgədə artıq söz sahibi olmaq mərhələsi türklər üçün başlanmış sayılır.

Rusların ermənilər üzərində həyata keçirdiyi siyasət artıq iflasa uğrayıb. Bundan sonrakı mərhələdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhü reallaşarsa və eyni zamanda İranda sistem dəyişikliyi baş verib türklərin idarə etdiyi bir İran gerçəkliyi ilə qarşılaşsaq, həm Türküstanın, həm də Cənubi Qafqazın geosiyasəti nəhayət ki, olması gərəkən strateji məcraya oturacaq”.

Gununsesi.info-ya danışan türkiyəli politoloq Seyit Aydın Xankəndidə keçirilən Zirvə Görüşünü yüksək qiymətləndirib:

“Önəmli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhman, Pakistan Baş Naziri Şahbaz Şərif və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar kimi nüfuzlu liderlərin iştirak etməsi bölgədə əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsi baxımından mühüm addımdır.

Lakin Qazaxıstan və Türkmənistan prezidentləri zirvədə iştirak etmədi. Bu, bölgədəki siyasi gərginliklər və ölkələrin öz xarici siyasət kursları ilə bağlıdır. Xüsusilə Türkmənistanın dövlət siyasəti “bitərəflik” üzərində qurulub.

Zirvə görüşündə vacib qərarlar qəbul olundu, əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm addımlar atıldı. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkəmizin regiondakı nüfuzunun daha da artdığını göstərir.

Tədbirə qatılan dövlət başçıları bölgədə əməkdaşlıq və inteqrasiyanın önəmini bir daha vurğuladılar. Bu görüş həm də Azərbaycanın beynəlxalq arenadakı artan mövqeyinin göstəricisidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see200

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see124

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see120

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see119

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see117

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see116

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see113

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see112

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see112

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see112

Xameneidən 25 gündür xəbər YOXDUR

05 İyul 2025 20:27see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see111

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri