AZSTAND ın direktor əvəzi: Yeni standartlar iqtisadi inkişafa təkan verir MÜSAHİBƏ
Report.az-dan alınan məlumata görə, Icma.az xəbər verir AZSTAND ın direktor əvəzi: Yeni standartlar iqtisadi inkişafa təkan verir MÜSAHİBƏ.
Müasir iqtisadi inkişafın əsas tərkib hissələrindən biri standartlaşdırmadır. Keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin istehlakçılara təqdim edilməsi, yerli istehsalın beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi və texniki tənzimləmə sisteminin təkmilləşdirilməsi bu sahənin əsas prioritetlərindəndir.
Son illər Azərbaycanda standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı islahatlar aparılır. Yeni qəbul edilən dövlət standartları müxtəlif sahələri əhatə edərək milli iqtisadiyyatın fərqli sektorlarında keyfiyyət infrastrukturunun gücləndirilməsinə xidmət edir.
Bu məsələlərlə bağlı "Report"un suallarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə cavablandırıb:
- Son dövrlərdə ölkəmizdə standartlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğun texniki tənzimləmə sisteminin yaradılması istiqamətində hansı işlər görülüb?
- Standartlaşdırma inkişaf etmiş iqtisadiyyatın əsasını təşkil edən mühüm sahələrdən biridir. Müasir dövrün tələblərinə uyğun məhsulların istehsalı və xidmətlərin göstərilməsi, onların keyfiyyətinin təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması və dünya bazarına çıxışının təmin edilməsi keyfiyyət infrastrukturunun təməlini təşkil edir. Bu baxımdan standartlaşdırma sisteminin inkişaf etdirilməsi hər bir ölkə üçün mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Sözügedən proqramın icrası ilə əlaqədar Dövlət Xidməti, o cümlədən AZSTAND bir sıra işlər görüb. İnstitutun həyata keçirdiyi tədbirlərə texniki tənzimləmə şamil olunan mallara dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblərin çıxarılması, istinad standartları kimi istifadə olunacaq standartların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, insan, heyvan və bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yarana biləcək müxtəlif zərərlərdən qorumaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblərin çıxarılması və milli standartlaşdırma çərçivəsinin hazırlanması ilə bağlı məsələlər aiddir.
Dövlət proqramına uyğun olaraq, Avropa İttifaqında və Avrasiya İqtisadi Birliyində qüvvədə olan müvafiq mal və xidmətlərə dair 34 texniki reqlament və direktiv üzrə AZSTAND 55 istinad standartı qəbul edərək standartlaşdırma üzrə Dövlət Fonduna daxil edib. Ümumilikdə isə 94 istinad standartı beynəlxalq standartlara uyğunlaşdırılıb. Texniki tənzimləmənin şamil olunduğu mallara dair standartlaşdırma üzrə dövlət fondunda mövcud olan normativ sənədlərin təhlili aparılıb. Müvafiq sahələr üzrə 6 texniki komitə yaradılıb və bir çox mövcud texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilib. İnsan, heyvan və bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yarana biləcək müxtəlif zərərlərdən qorumaq üçün məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblərin çıxarılması məqsədilə 98 dövlət standartı yenilənib.
Eyni zamanda AZSTAND beynəlxalq təcrübəni öyrənməklə “2024-2026-cı illər üzrə Milli Standartlaşdirma Çərçivəsi”nin layihəsini işləyib hazırlayaraq, müvafiq dövlət qurumlarından daxil olan rəy və təklifləri nəzərə almaqla təsdiq edib.
Cəmiyyətin etibarlı və təhlükəsiz məhsul və xidmətlərlə təmin edilməsində standartların rolu böyükdür. Başqa sözlə desək, standartlar təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəddir.
2024-cü ildə ölkəmizdə 232 dövlət standartı qəbul edilib. Bu, 2023-cü il ilə müqayisədə 1,5 dəfədən çox artım deməkdir. Ötən il qəbul olunmuş standartlardan 67-si qida texnologiyası və kənd təsərrüfatı, 12-si tikinti materialları, 9-u idarəetmə və keyfiyyət, 25-i informasiya, telekommunikasiya və elektrotexnika, 14-ü neft-qaz və əlaqəli texnologiyalar, 6-sı zərgərlik, 16-sı ətraf mühit, 13-ü nəqliyyat, 1-i səhiyyə-tibb, 13-ü tekstil və plastik, 56-sı əməyin təhlükəsizliyi sahələrini əhatə edir.
İqtisadiyyatın müxtəlif sahələri üzrə beynəlxalq standartların tətbiqi, milli standartlara yenidən baxılması üçün dövri yoxlamaların həyata keçirilməsi və müasir tələblərə cavab verən yeni standartların işlənib hazırlanması vacib məsələlərdəndir. Bu baxımdan qeyd etmək lazımdır ki, ötən il ümumilikdə 105 standartın dövri yoxlanılması həyata keçirilib,195 beynəlxalq (regional) və dövlətlərarası standartın isə ölkəmizdə tətbiqinə icazə verilib.
![](https://static.report.az/photo/d14dbf35-41a7-3557-b294-09df35b56ce4.jpg)
- Yeni standartların qəbulunda artım hansı ehtiyaclara əsaslanırdı və bu artım hansı nəticələri verəcək?
- Yeni standartların qəbulu bir sıra meyarlara əsaslanır. Belə ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə əlaqədar yeni məhsul və xidmətlər meydana gəlir. Bu isə öz növbəsində yeni texnologiyaların düzgün və təhlükəsiz istifadəsini təmin etmək üçün yeni standartların yaradılmasını labüd edir. Bundan əlavə, dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında ticarət daha da intensivləşir ki, bu da məhsul və xidmətlərin müxtəlif bazarlarda qəbul edilməsini və bir-biri ilə uyğunluğunu təmin etmək məqsədilə beynəlxalq standartların qəbulunu şərtləndirir. İnsanların sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi, eləcə də ətraf mühitin qorunması kimi vacib məsələlər də yeni standartların qəbul edilməsini tələb edir.
Beynəlxalq standartlar əsasında milli standartların qəbulu, insan sağlamlığı, dövlətin maraqları və ətraf mühitin mühafizəsi üçün malların təhlükəsizliyinin, keyfiyyətinin təmini onların rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılmasına töhfə verir.
Ümumilikdə, standartlaşdırma fəaliyyəti üzrə prioritet istiqamətlər “2024-2026-cı illər üzrə Milli Standartlaşdırma Çərçivəsi”ndə əks olunub. Sözügedən Çərçivəyə daxil edilən bir sıra sahələr: neft-qaz, nəqliyyat, aqrar və yeyinti məhsulları, informasiya texnologiyaları və digər sahələr üzrə standartlar hazırlanaraq qəbul edilir.
- AZSTAND beynəlxalq standartlara uyğunlaşdırma prosesində hansı yeniliklər tətbiq edir?
- AZSTAND ölkəmizi Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda təmsil edir.
İnstitut fəaliyyət göstərdiyi müddətdə Türkiyə, Almaniya, Böyük Britaniya, Çin, Serbiya, Qazaxıstan və digər ölkələrin milli standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olub.
Azərbaycandan olan mütəxəssislər Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 15 Texniki Komitəsində həqiqi, 45 Texniki Komitəsində müşahidəçi üzv qismində fəal iştirak edirlər.
Bundan əlavə, qeyd edim ki, ölkə Prezidenti 11 oktyabr 2022-ci il tarixində “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib, bununla da Azərbaycanın SMIIC-də üzvlüyü aktivləşdirərək və 2023-cü ilin avqust ayından Azərbaycan SMIIC-də AZSTAND vasitəsi ilə təmsilçiliyi reallaşdırılıb.
.Halal sahənin tənzimlənməsi, o cümlədən halal məhsulların istehsalı, ticarətin təşkili, malların islam qaydalarına və halal məhsullar (xidmətlər) üçün müəyyən edilən standartlara uyğunluğunun təmin edilməsi, mütəxəssis potensialının inkişaf etdirilməsi, bu sahədə istehlakçıların gözləntilərinin təmin edilməsi məqsədilə indiyə qədər ümumilikdə 11 dövlət standartı qəbul olunub və standartlaşdırma üzrə dövlət reyestrinə daxil edilib. Qeyd olunan standartlardan AZS OIC/SMIIC 1:2022 (Halal Qida üçün Ümumi Tələblər), AZS OIC/SMIIC 2:2022 (Halal Sertifikatlaşdırma Orqanları üçün Tələblər), AZS OIC/SMIIC 3:2024 (Uyğunluğun Qiymətləndirilməsi. Halal uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasını həyata keçirən halal akkreditasiya qurumlarına dair tələblər) və AZS OIC/SMIIC 4:2023 (Halal Kosmetika üzrə Ümumi Tələblər) standartları çox aktualdır və müvafiq sahələr üzrə böyük əhəmiyyət daşıyır. Hazırda bu sahə üzrə dövlət standartlarının qəbul olunması ilə bağlı işlər davam etdirilir. Həmçinin AZSTAND SMIIC-lə əməkdaşlıq çərçivəsində təşkilatın 17 Texniki Komitəsində tam həqiqi üzv kimi iştirak edir.
Ötən il AZSTAND-ın “AZSTANDART HALAL” Sertifikatlaşdırma Orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) və AzAK akkreditasiya edib. Bununla da, İnstitut Azərbaycanda ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçmiş “Halal sertifikat”ı tətbiq etmə hüququnu əldə edib.
Ölkə ərazisində və beynəlxalq səviyyədə tanınan “Halal sertifikat”ın tətbiq ediməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərinə islam qaydalarının tətbiqi, halal məhsulların istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullarla bağlı tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların idxal və ixracı zamanı yaranan texniki maneələrin aradan qaldırılması, o cümlədən Azərbaycanda istehsal olun halal məhsulların ixrac potensialının artırılmasının dəstəklənməsidir.
![](https://static.report.az/photo/80cd41f0-e476-31b4-9f90-da957673be53.jpg)
- Texnoloji innovasiyaların və İKT-nin sürətli inkişafı nəzərə alınaraq bu sahədə yeni standartların qəbul edilmə prosesi hansı mərhələdədir?
- Ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) dinamik inkişafı bu sahədə mövcud beynəlxalq və Avropa standartlarının qabaqcıl təcrübəsinə əsaslanaraq yeni standartların hazırlanmasını zəruri edir.
Hazırda İKT sahəsində beynəlxalq təcrübə əsasında milli ehtiyaclara uyğun standartların hazırlanması və tətbiqi davam etdirilir. Bu prosesdə ISO, IEC və ITU kimi nüfuzlu beynəlxalq təşkilatların təcrübəsi əsas götürülür ki, bu da standartların qlobal səviyyədə uyğunluğunu və effektivliyini təmin edir.
2024-cü ildə AZSTAND İKT sahəsində 24 yeni dövlət standartı qəbul edib. Bu standartlar fərqli istiqamətləri əhatə edir və İKT-nin inkişafına, innovasiyaların tətbiqinə, eləcə də təhlükəsizlik və texnoloji uyğunluğun təmin edilməsinə mühüm töhfə verir.
Yeni standartların qəbulu ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, beynəlxalq bazarlara çıxış imkanının genişlənməsi və informasiya texnologiyalarının dayanıqlı inkişafının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu standartların tətbiqi nəticəsində ölkədə İKT sahəsinin müxtəlif aspektlərində keyfiyyətin artırılması və vahid texniki tələblərin formalaşdırılması təmin edilir. Eyni zamanda, qəbul olunmuş standartlar rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləməklə yanaşı, texnologiya və innovasiyaların milli səviyyədə daha sürətli tətbiqinə şərait yaradır. Yeni standartlar elektromaqnit uyğunluğu, süni zəka, telekommunikasiya infrastrukturu və kibertəhlükəsizlik kimi istiqamətləri əhatə edir.
Bu istiqamətlərin hər biri üzrə qəbul edilmiş standartlar, ölkədə informasiya texnologiyaları sahəsində innovasiyaların tətbiqinə və müasir texnoloji həllərin daha effektiv istifadəsinə şərait yaradır.
Həmçinin qeyd edim ki, ölkə Prezidentinin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib. Bu Qaydalar milli məkan məlumatları formalaşdırılması, aktuallığının təmin edilməsi və inteqrasiyası, o cümlədən milli məkan məlumatları üzrə xidmətlərin göstərilməsi prosedurlarını müəyyən edir. Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması istiqamətində 12 dövlət standartı qəbul edilib. Sözügedən standartlar ölkənin məkan məlumatlarının idarə edilməsi və istifadəsi sahəsində beynəlxalq təcrübəyə uyğun texniki tələblərin müəyyən edilməsini təmin edir. Yeni qəbul edilmiş standartlar, həmçinin milli məkan məlumatlarının rəqəmsallaşdırılması, məlumatların inteqrasiyası və mübadiləsini daha da asanlaşdırır.
Kəmalə Məmmədzadə
Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması istiqamətində qəbul edilmiş standartların tətbiqi nəticəsində mühüm irəliləyişlər əldə olunacaq:
İnfrastrukturun inkişafı: Məkan məlumatlarının saxlanılması, idarə edilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün müasir texnoloji həllərin tətbiqi.
Məlumatların inteqrasiyası: Fərqli qurumlar arasında məlumatların qarşılıqlı uyğunluğunu və vahid texniki platforma əsasında istifadəsini təmin etmək.
Şəffaflıq və əlçatanlıq: Dövlət qurumları və ictimaiyyət üçün məkan məlumatlarına şəffaf və asan çıxış imkanlarının yaradılması.
Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üzrə qəbul edilmiş standartlar, rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi üçün mühüm zəmin yaradır.
- Ekoloji standartların təkmilləşdirilməsi istiqamətində hansı işlər aparılır və yeni qəbul edilən ekoloji standartlar hansılardır?
- Bildiyiniz ki, “Standartlaşdırma haqqında” qanuna uyğun olaraq, dövlət standartları standartlaşdırma üzrə texniki komitələr vasitəsilə qəbul edilir. Ekologiya sahəsinə aid “AZSTAND/TK 09 “Ekologiya” standartlaşdırması üzrə Texniki Komitə mövcuddur. Bu Texniki Komitə ətraf mühit və ekoloji standartların işlənib hazırlanmasında və qəbulunda bilavasitə iştirak edir. Bundan əlavə, ətraf mühitin qorunması sahəsində yeni standartlarla yanaşı, mövcud standartların yenilənməsini və beynəlxalq tələblərə uyğunlaşdırılmasını da bu Texniki Komitə həyata keçilir. Belə ki, sözügedən Komitə ötən il 14 yeni dövlət standartı qəbul edib və 22-dən çox standart layihəsi qəbul edilməsi üçün AZSTAND-a təqdim olunub, 4 dövlət standartının isə dövri yoxlanılması həyata keçirilib.
Həmçinin İnstitut Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 207 “Environment management” (Ətraf mühitin idarə edilməsi) standartlaşdırması üzrə Texniki Komitəsində və onun alt komitələrində Azərbaycanı üzv qismində təmsil edir. Bu Texniki Komitə ətraf mühitin idarəedilməsi üzrə bir sıra standartları, o cümlədən 14000 seriyalı standartları işləyib hazırlayır.
Məlumdur ki, bəşəriyyətin inkişafı ilə iqlim dəyişiklikləri baş verir. Bu prosesi tamamilə dayandırmaq mümkün olmasa da, biz iqlim dəyişikliklərinə adaptasiya olmaqla ətraf mühitə təsirləri azalda bilərik. Bu adaptasiyanın həyata keçirilməsi üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) standartlar vasitəsilə bir sıra həllər və alətlər təklif edir. Biz də öz növbəmizdə beynəlxalq standartları milli standartlar kimi qəbul edirik.
Bunlardan 2024-cü ildə qəbul edilənlər arasında
ISO 14065:2024 “Ətraf mühitlə bağlı məlumatları validasiya və verifikasiya edən orqanlar üçün ümumi prinsiplər və tələblər”,
AZS ISO 14066:2024 “Ətraf mühitlə bağlı məlumatlar – Ətraf mühitlə bağlı məlumatların validasiya və verifikasiyasını edən komandaların səriştəliliyinə dair tələblər ”,
AZS ISO 14064-1:2024 “İstixana effekti yaradan qazlar"
1-ci hissə: İstixana effekti yaradan qazların emissiyalarının və təmizlənməsinin kəmiyyət analizi və hesabat verilməsi üçün təşkilat səviyyəsində texniki xüsusiyyətlər və təlimat”, AZS ISO 14064-2:2024 “İstixana effekti yaradan qazlar"
2-ci hissə: İstixana effekti yaradan qazların emissiyalarının azaldılmasına və ya təmizlənməsinin artırılmasına dair kəmiyyət analizi, monitorinq və hesabatla bağlı layihə səviyyəsində təlimatlarla texniki xüsusiyyətlər” və AZS ISO 14064-3:2024 “İstixana effekti yaradan qazlar"
3-cü hissə: İstixana effekti yaradan qazlar haqqında bəyanatların verifikasiya və validasiyası üzrə texniki xüsusiyyətlər və rəhbəredici göstərişlər” dövlət standartlarını qeyd etmək olar. Qeyd edilən standartlar validasiya və verifikasiya orqanlarına və xüsusilə istixana effekti yaradan qazlar (İQ) üzrə validasiya və verifikasiya orqanlarına olan tələblər, İQ bəyanatları, hesabatlar, hesablanma, monitorinq və digər tələbləri əhatə edir.
![](https://static.report.az/photo/0d2bbaf2-2911-3d4e-8e71-cc0db256eb41.jpg)
2024-cü ildə ISO yeni IWA 48:2024 “Framework for implementing environmental, social and governance (ESG) principles” beynəlxalq standartını qəbul etdi. Bu standartda ESG prinsipləri (ekologiya, sosial məsuliyyət və korporativ idarəetmə) təşkilatların davamlı və məsuliyyətli fəaliyyətini təmin edən əsas dəyərlərini və strategiyalarını ifadə edir. Bu prinsiplər şirkətləri yalnız maddi mənfəət üçün deyil, həm də cəmiyyətə, ətraf mühitə və idarəetmə proseslərinə təsirləri nəzərə alaraq hərəkət etməyə təşviq edir. Standart ölçülə bilən əsas effektivlik göstəricilərinə (KPI) əsaslanan həllərin inteqrasiyası ilə yanaşı, "E", "S" və "G"-nin (ekologiya, sosial məsuliyyət və korporativ idarəetmə) bütün elementlərini əhatə edən yüksək səviyyəli tələblər üzrə qaydaları ehtiva edir.
Azərbaycan ISO-ya üzv olan ölkələr arasında AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartını qəbul edən ilk ölkələrdən biridir.
Azərbaycan dilində ESG standartı “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupunun qərarı əsasında və KOBİA-nın dəstəyi ilə hazırlanıb.
Bundan əlavə, ötən il yeni AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı da qəbul edilib. Bu standart özündə müəssisə və təşkilatların ətraf mühitə mənfi təsirlərini minimuma endirmək, resurslardan səmərəli istifadə etmək və ekoloji məsuliyyət xüsusiyyətlərini ehtiva edir. Müvafiq standart təşkilatların idarəetmə sistemlərində yaşıl maliyyə idarəetməsi, dayanıqlı təchizat zənciri, ekoloji dayanıqlılıq və ekoloji innovasiyalar kimi əsas prinsiplərin tətbiqini stimullaşdıracaq.
Ümumilikdə, “Milli Standartlaşdırma Çərçivəsi”nə əsasən, ətraf mühitin mühafizəsi, tullantılar, hava, su və torpağın keyfiyyəti, iqlim dəyişmələri standartlaşdırma fəaliyyəti üzrə prioritet istiqamətlərdəndir.
Həmçinin qeyd edim ki, AZSTAND 11-22 noyabr 2024-cü il tarixlərində COP29-un “Mavi zona”sı üzrə Standartlar Pavilyonunda “Enerji səmərəliliyi standartları”, “İqlim dəyişikliyinin qarşısını almaq üçün standartlar”, “Dayanıqlı elm və texnologiya üçün standartlar”, “Gələcək nəsil üçün dayanıqlı inkişaf standartları”, “Təmiz su və ekoloji kənd təsərrüfatı” və “Ekoloji təmiz nəqliyyat vasitələri” mövzularında sessiyalar təşkil edib və bir çox mühüm görüşlər keçirib.
- AZSTAND-ın əsas fəaliyyət istiqamətlərindən olan laborator-sınaq xidmətlərinin göstərilməsi, uyğunluğun qiymətləndirilməsi və s. sahələrdə hansı işlər görülülb?
- AZSTAND ölkədə standartların hazırlanması, qəbulu və tətbiqi ilə yanaşı, laborator-sınaq xidmətləri, uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma xidmətləri də həyata keçirir.
“Standartlaşdırma haqqında” qanununa əsasən, uyğunluğun qiymətləndirilməsi könüllüdür. Lakin bir sıra normativ hüquqi aktların tələblərinə əsasən, bəzi məhsulların sertifikatlaşdırlması məcburi hesab olunur. Buna misal olaraq tikinti materiallarını, qaz təchizatı qurğularını və s. göstərmək olar. Bununla belə, “Texniki tənzimləmə haqqında” qanununa əsasən, bu Qanunun şamil edildiyi mallara dair təhlükəsizlik tələbləri texniki reqlamentlərlə tənzimlənir. Texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri həmin standartların tələblərinə riayət etməlidir.
Hazırda texniki reqlamentlər qəbul olunanadək uyğunluğun könüllü qiymətləndirilməsi AZS 498:2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası” dövlət standartına əsasən həyata keçirilir.
![](https://static.report.az/photo/8c54afbe-cf1b-3e20-98ad-d5dfb832fb4e.jpg)
2024-cü ildə AZSTAND tikinti məhsulları (367), kosmetika və gigiyeniya (130), kimya məhsulları (112), un məmulatları (109), elektrik məmulatları (95), süd məhsulları (72), neft məhsulları (67), qənnadı məmulatları (53) və boya üzrə (51) uyğunluq sertifikatı təqdim edib.
Ümumilikdə isə ötən il AZSTAND 2 534 ədəd uyğunluq sertifikatı verib ki, bunlardan 695-i qida məhsulları, 1772-i qeyri-qida, 67-si isə xidmət məhsullarını əhatə edir. Həmçinin sertifikatlaşdırma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iş proseslərinin səmərəliliyinin, operativliyinin, habelə sertifikatların əlçatanlığının artırılmasına nail olmaq üçün “E-keyfiyyət” portalı yaradılıb və müvafiq sertifikatların bu portala daxil edilərək verilməsinə başlanılıb.
Eyni zamanda, AZSTAND-ın nəzdində qida məhsullarının, tikinti materiallarının, neft-qaz və neft-kimya məhsullarının sınağı üzrə laboratoriyalar (Səyyar asfalt-beton sınaq laboratoriyası, Tikinti materiallarının sınaq laboratoriyası, Yüngül sənaye məhsullarının sınaq laboratoriyası, Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası, Salyan yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası) fəaliyyət göstərir. Sınaq analizlərinin aparılması prosedurlarının optimallaşdırılması, müasir tələblərə uyğunlaşdırılması, nəzarət sisteminin təkmilləşdirilməsi, xüsusilə sınaq nəticələrinin dəqiqliyinin təmin olunması məqsədilə sözügedən laboratoriyalarda AZS ISO/IEC 17025-2020 “Sınaq və kalibirləmə laboratoriyalarının səlahətliliyinə dair ümumi tələblər” dövlət standartının tələblərinə uyğun idarəetmə sistemi qurulub. Bu laboratoriyalarda müvafiq sahələr üzrə 2024-cü ildə 3 570 məhsul üzrə 11 325 sınaq aparılıb.
Bununla yanaşı, ötən il müvafiq idarəetmə sistemlərinə dair standartlar əsasında AZSTAND 179 nəfərin iştirakı ilə 9 təlim keçirib və 22 müəssisəyə 66 sertifikat təqdim olunub.
- AZSTAND-ın qarşıdakı dövrlərdə hansı uzunmüddətli planları var?
- Dövlət standartlarının hazırlanması işləri milli standartlaşdırma qurumunun formalaşdırdığı, təsdiq etdiyi və nəşr etdiyi üçillik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir. Hazırda AZSTAND yuxarıda qeyd edilən prioritetləri nəzərə almaqla “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlər aparır.
Eyni zamanda, “2024-2026-cı illər üzrə Milli Standartlaşdırma Çərçivəsi”nə əsasən, AZSTAND milli standartlaşdırma sisteminin təkmilləşdirilməsini, maraqlı tərəflərin standartlaşdırma fəaliyyətinə cəlb edilməsini və Azərbaycanın beynəlxalq qurumlarda təmsilçiliyinin genişləndirilməsini nəzərdə tutub.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)