AzTU İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin növbəti brifinqi keçirilib
Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin növbəti brifinqi keçirilib. SİA xəbər verir ki, bu dəfəki brifinq ilin iqtisadi yekunlarına həsr edilib.
Xatırladaq ki, brifinqi giriş nitqi ilə Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, i.e.d., professor Elşad Məmmədov açıb.
Elşad Məmmədov bildirib ki, Qloballaşma institutları əsasında investisiya fəaliyyətinin daha da səmərəli formalaşdırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, regional iqtisadi inteqrasiyanın aktuallığı durmadan artır: “Qlobal əmək bölgüsü sisteminin deqradasiyası və ənənəvi nəqliyyat və logistika arteriyalarının dağıdılması region ölkələrinin regional istehsal klasterlərinin yaradılması və makro bazarın formalaşdırılması üçün aktuallığı səciyyələndirir. Eyni zamanda, iqtisadiyyatda regional inteqrasiya gündəliyinin inkişafını sürətləndirmək üçün drayverlərə ehtiyac var. Hesab edirəm ki, açıq drayverlərdən biri enerji olmalıdır.
İqtisadi inkişafın özəyini təşkil edən enerji dünya iqtisadiyyatında texnoloji strukturların dəyişməsi şəraitində texnoloji prioritetlərdən birinə çevrilir. Eyni zamanda, enerji siyasətini sinxronizasiya etmədən əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və iqtisadi siyasətin sinxronlaşdırılması mümkün deyil. Aydındır ki, yüksək texnologiyalı emal sənayesinin inkişafı müvafiq əlçatan enerji bazası tələb edir. Vurğulamaq lazımdır ki, resurs bazası, əlavə potensialdan istifadə və pul kütləsinin artırılması imkanları regionumuzun ciddi davamlı rəqabət üstünlüklərindən xəbər verir.
Dünya təsərrüfat sistemini müxtəlif istiqamətlər üzrə geniş və uzunmüddətli bir transformasiya yaşamaqdadır. Bu transformasiya həm də enerji təhlükəsizliyi məsələləri ilə sıx bağlıdır. Belə ki, bu gün ənənəvi enerji daşıyıcıları ilə paralel olaraq təmiz elektrik enerjisinin də ön planda olduğunu görməkdəyik. Xüsusən də Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın enerji bazarında baş verən dəyişikliklər təmiz elektrik enerjisinə marağı artırmışdır. Digər tərəfdən isə təmiz enerji proseslərinin ön plana çıxması orta müddətli dövrdə ənənəvi enerji daşıyıcılarının satışı zamanı gəlirliyinin azala biləcəyi proqnozu ilə bağlıdır. Bütün bu amillər alternativ və təmiz elektrik enerjisinin inkişafı üçün zəmin yaratmaqdadır.
Bu istiqamətdə proseslərin inkişaf etməsi çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri açar rolunu oynaya biləcək potensiala malikdirlər. Misal olaraq Azərbaycanın son illər ərzində alternativ enerji generasiyası ilə bağlı həyata keçirdiyi layihələr ölkənin Avropa bazarları üçün təmiz elektrik enerjisi üzrə yeni partnyoruna çevrilməsinə böyük dəstək verə bilər. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək alternativ enerji potensialı bu istiqamətdə olduqca önəmlidir. Belə ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində çoxsaylı yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması planlaşdırılır ki, bu da öz növbəsində Azərbaycanın təmiz enerji ixracı ilə bağlı potensialını dəfələrlə artıra bilər.
Bütün bu proseslərin məntiqi nəticəsi olaraq 17 dekabr 2022-ci ildə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması artıq Cənubi Qafqaz ölkələrinin bu prosesdə aktiv iştirakını göstərməkdədir. Sazişə əsasən Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Gürcüstan üzərindən Rumıniya və Macarıstana və bu ölkələr vasitəsilə Avropanın digər ölkələrinə Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi nəzərdə tutulmuşdur. Proseslərin gələcəkdə daha da dayanıqlı inkişaf edəcəyi qaçılmazdır. Belə olan halda müasir “Əsrin müqaviləsi”nin reallaşmasının şahidi ola bilərik.
Eyni zamanda növbəti illərdə Mərkəzi Asiya ölkələrinin və İranın da prosesə qoşulmasını görə bilərik ki, bu da region ölkələrindən Avropa bazarlarına təmiz elektrik enerjisi ixracının həcminin artması deməkdir. Digər tərəfdən burada önəmli olan məsələ gələcək illərdə Rusiya və Türkiyənin proseslərə qoşulması ilə bağlı gözləntilərdir.
Belə ki, Rusiya və Türkiyə təmiz elektrik enerjisinin emal edilməsi prosesində formalaşacaq texniki infrastrukturun inkişafı istiqamətində önəmli rol oynaya bilərlər ki, bu da öz növbəsində regionun digər ölkələrinin proseslərə aktiv şəkildə cəlb olunmasını səciyyələndirir. Nəticə etibarilə Mərkəzi Asiya ölkələrindən və İrandan əldə olunacaq alternativ enerjinin Türkiyə və Rusiyada emal edilərək təmiz elektrik enerjisinə çevrilməsi daha sonra isə Azərbaycan və Gürcüstan vasitəsilə Avropa bazarlarına ixrac edilməsi faktiki olaraq region ölkələrinin hər birinin sözügedən prosesdə iştirakını təmin edir.
Belə olan halda faktiki olaraq region ölkələri satışın hər bir həlqəsini özləri reallaşdırdıqları üçün bu proses regional iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcəkdir. Məhz dəyişən dünya nizamı çərçivəsində region ölkələrinin enegetika sahəsində iqtisadi əməkdaşlığının dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın dünya iqtisadiyyatının gələcək konyukturasının formalaşmasında ciddi rol oynayacağını deməyə bizə imkan verir.
Növbəti illərdə sözügedən istiqamətlər üzrə genişmiqyaslı regional layihələrin reallaşdırılması məqsədilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında investisiya və inkişaf bankları da yarana bilər. Zənnimcə bu banklar təmiz elektrik enerjisinin istehsalı ilə bağlı müştərək layihələri maliyyə vəsaiti ilə təmin edə bilər.
Təbii ki, təmiz elektrik enerjisinin istehsalı və ixracında faktiki olaraq bütün region ölkələri iştirak edəcəyi üçün bu enerjinin bazar dəyərini də məhz region ölkələri özləri tənzimləyəcəkdirlər. Belə olan halda isə regional birjaların yaranması prosesi zəruriləşir. Digər tərəfdən isə region ölkələri təmiz elektrik enerji istehsalının bütün həlqələrini özləri yerinə yetirən zaman məhz milli valyutalardan da istifadə edə bilərlər ki, bu da eyni zamanda dedollarizasiya prosesi üçün zəmin yaratmaqdadır.
Nəticə etibarilə deyə bilərik ki, bu gün dünya təsərrüfat sistemi ciddi transformasiya dönəmi yaşamaqdadır. Bu transformasiya çərçivəsində ənənəvi enerji sektorunun qeyri-səmərəli olması eyni zamanda formalaşan yeni çağırışlar təmiz elektrik enerjisinin ixracı üçün olduqca önəmlidir. Bu istiqamət üzrə yüksək potensiala malik olan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional iqtisadi əməkdaşlığının dərinləşməsi nəticəsində yüksək əlavə dəyər tutumlu təmiz elektrik enerjisinin Avropa bazarlarına ixrac edilməsi region ölkələrinin dünya iqtisadiyyatındakı strateji rolunu daha da gücləndirəcəkdir. Xüsusəndə istehsalın bütün mərhələlərinin region ölkələri tərəfindən reallaşdırılması sözügedən ölkələrin sosial-iqtisadi inkişafına da müsbət təsirini göstərəcəkdir”.
Araşdırmalar Mərkəzinin Rəhbəri 2025-ci ilin Dövlət Büdcəsi layihəsi ilə bağlı Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırrmalar Mərkəzinin Rəyini də təqdim edib: “Milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin edilməsi baxımından makroiqtisadi siyasətin fundamental komponentlərindən olan büdcə siyasətinin parametrlərinin təhlili onu deməyə əsas verir ki, ölkəmizdə reallaşdırılan büdcə prosesi bölgə və dünya iqtisadiyyatında formalaşan reallıqlara qarşı müvafiq adaptiv və reaktiv mexanizmlərin tətbiqinə bütövlükdə imkan verir.
Bu kontekstdə dünya iqtisadiyyatında formalaşmaqda olan çağırışlar ölkəmizin əsas makroiqtisadi göstəriciləində və o cümlədən büdcə prosesində də öz təsirlərini tapmalıdır. Ancaq eyni zamanda ölkədə həyata keçirilən büdcə siyasətinin milli iqtisadiyyatımız qarşısında dayanan əsas hədəflərə, o cümlədən, ölkə əhalisinin geniş kateqoriyalarının sosial rifahının yüksəldilməsinə istiqamətlənməlidir. Bu baxımdan 2025 ci ilin Dövlət Büdcəsi layihəsi göstərilən hədəflərə nail olmağa, eyni zamanda xarici iqtisadi təsirlərə qarşı dayanıqlı mexanizmin qurulmasına müvafiq baza yaratmalıdır.
2025-ci ilin Dövlət Büdcəsi layihəsində daxilolmalar və xərclər seqmentləri üzrə cari il üçün qəbul edilmiş dövlət büdcəsi ilə müqayisədə mövcud olan artımlar büdcə imkanlarımızın artmasını göstərməklə yanaşı dünya təcrübəsində mütərəqqi milli iqtisadiyyatlara malik olan dövlətlərdəki trendlərlə uyğunluq təşkil edir. Belə ki, milli gəlirin daha çox hissəsinin büdcə mexanizmləri vasitəsilə təkrar bölgüsü artıq beynəlxalq səviyyədə öz effektivliyini və məqsədəuyğunluğunu göstərmiş bir yanaşmadır.
Büdcə resurslarının artması dünya iqtisadiyyatında baş verən ciddi transformasiyalara, o cümlədən struktur böhranın dərinləşməsinə, nəqliyyat-logistik dəhlizlərin, istehsal zəncirlərinin deformasiyalarına, dünyadakı yeni münaqişə ocaqlarının yaratdığı iqtisadi problemlərə ölkə iqtisadiyyatının reaktivliyinin göstəricisi kimi çıxış etməlidir.
Büdcə layihəsinin kompleksli və sistemli təhlili bir sıra məqamlar üzərində xüsusilə fokuslaşmağı məqsədəuyğun edir. Layihəyə əsasən, 2025-ci ilin Dövlət Büdcəsində büdcə kəsirinin 3 mlrd. manatdan bir qədər artıq olacağı nəzərdə tutulur. Bu, aktual, elmi cəhətdən əsaslandırılmış və beynəlxalq miqyasda öz təsdiqini tapmış yanaşmalara uyğundur. Belə ki, büdcə kəsirinin Ümumi Daxili Məhsula(ÜDM) nisbəti göstəricisi baxımından proqnozlaşdırılan kəsir göstəricisi təhlükəli parametrlərdən xeyli uzaqdır. Eyni zamanda milli iqtisadiyyatın müafiq investisiya impulsunun artırılması baxımından bu istiqamətdə artım dəhlizi mövcuddur.
Təqdim olunan sənəddə büdcə daxiolmaları üzrə ənənəvi 3 əsas istiqamət, yəni Dövlət Neft Fondundan transferlər, vergi və gömrük xəttləri üzrə yığımlarla bağlı əks olunan rəqəmlər o qənaətə gəlməyə imkan verir ki, ümumilikdə büdcə daxilolmaları ilə bağlı gözləntilər milli iqtisadiyatın strukturuna bütövlükdə adekvatdır. Bununla belə, milli iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər sənədin büdcənin daxilolmalar seqmentində öz əksini tapmaqdadır. Eyni zamanda fiskal ylğımlarla bağlı mövcud imkanlar onların optimallaşdırılması istiqamətində bir sıra addımların mümkünlüyünü göstərir. Bu addımlar investisiya tutumunun genişləndirilməsinə, milli iqtisadiyyatın real sektorunun inkişafına, idxaldan asılılığın azaldılması və ixracın şaxələndirilməsinə şərait yarada bilər. Burada əlavə investisiya resusrsları mənbəyi kimi Dövlət Neft Fondundan Dövlət Büdcəsinə edilə biləcək əlavə transferlərinin mümkünlüyünü nəzərdən keçirmək olar. Bu məsələnin aktuallığı dünya iqtisadiyyatında müşahidə olunan struktur problemlər fonunda bir qədər də artmaqdadır.
Təqdim olunan layihədə insan kapitalı ilə bağlı xərclərin artması effektiv büdcə siyasətinin təzahürüdür. Belə ki, sosial, elm, təhsil, səhiyyə blokları üzrə artımlar əhalinin sosial rifahının yüksəldilməsi məqsədinə xidmət etməklə yanaşı, ölkənin daxili bazarında alıcılıq qabiliyyətinin qorunmasına, əmək bazarında kompetensiyaların artmasına, aktiv məşğulluq siyasətinin həyata keçirilməsinə şərait formalaşdırmalıdır.
Büdcə layihəsində iqtisadi fəaliyyət xərclərinin azaldılmasına gəldikdə respublikada daxili özəl investisiyalar institutunun inkişafı, monetar siyasətin yumşaldılması investisiya artımının əsas qeneratoru olmalıdır. O halda göstərilən azalmalar makro müstəvidə artıqlaması ilə kompensasiya edilər. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin yerinə yetirilməsi üçün təqribən 4 mlrd. manat vəsaitin nəzərdə tutulması həmin ərazilərin surətli bərpasına, inkişafına və bütövlükdə makroiqtisadi gündəmə müvafiq təkan vermiş olacaq.
Büdcə xərcləri ilə bağlı daha bir böyük önəm kəsb edən məsələ müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə gözlənilən artımlardır ki, onların məqsədəuyğunluğu və hətta zəruriliyi, xüsusilə hazırkı beynəlxalq durumu nəzərə aldıqda, şübhə doğurmur.
Aparılmış kompleksli və sistemli təhlillər onu bildirməyə əsas verir ki, təqdim olunan Dövlət Büdcəsi layihəsi milli iqtisadiyyatımızın dayanıqlı inkişafına xidmət edir və onun müvafiq parametrləri bölgədə və dünyada baş verən trendlərllə əsasən uyğunluq təşkil edir”.
Ayşən Vəli