Bahalı içki və müxtəlif yeməklərlə dolu toy süfrəsi... İsrafçılıq normaya çevrilibsə, insanlar qənaət prinsipini unudurlar
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Naib Niftəliyev bildirib ki, israfçılıq normaya çevrilibsə, insanlar artıq qənaət prinsipini unudurlar: “Son zamanlar toylarda israfçılıq bağlı mövzular tez-tez gündəmə gəlir. Bunun Milli Məclisə gündəmə gətirilməsi, müzakirə olunması və Razi Nurullayevin bu təklifi müəyyən mənada rasionaldır. Lakin burada təkcə iqtisadi deyil, həm də mənəvi və sosial-hüquqi məqamlar nəzərə alınmalıdır. Məncə, insanların toy mərasimlərindəki davranış və seçimlərinə həddindən artıq müdaxilə etmək düzgün deyil. Bu, şəxsi azadlıq və adət-ənənələrə hörmət prinsipi ilə ziddiyyət təşkil edə bilər. Ona görə də bu cür məsələlərdə balanslı və maarifləndirici yanaşma daha effektiv ola bilər. Azərbaycanın toy mətbəxi həmişə zənginliyi ilə seçilib. Toylarda geniş iştirak - təkcə ailə üzvləri və yaxın qohumlar deyil, həm də qonşular, tanışlar və hörmət edilən şəxslərin dəvət olunması milli adət-ənənənin bir hissəsidir. Bu insanları xoş qarşılayıb, ləyaqətlə yola salmaq - yəni bol və bəzəkli süfrə açmaq da bu ənənəyə daxildir. Toylardakı israfçılıq və məhsul bolluğu isə artıq müəyyən mənada dəb halını alıb. İstər bəyənilsin, istər tənqid olunsun, bu praktika cəmiyyət tərəfindən normal və arzuolunan bir davranış kimi qəbul edilir. Ona görə də israfçılıq normaya çevrilibsə, insanlar qənaət prinsipini unudurlar və düşünürlər ki, toyda mütləq bolluq olmalıdır: içkilər, əyləncə, bahalı və müxtəlif yeməklərlə dolu süfrə artıq bir çox toyların ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan “israfçılığa son qoymaq lazımdır” deməklə məsələ həll olunmur. Əgər sağlam qidalanma məsələsi önə çəkilirsə, deputatın bu istiqamətdə təklifini anlamaq olar. Amma digər tərəfdən, heç kim inciməsin, bizim millət vəkillərinin fərdi qanunvericilik təşəbbüsləri olduqca zəifdir. Deputat ideya verir, amma onu qanun layihəsi formasında təqdim edə bilmir və ya bir neçə deputat birləşərək proqressiv təkliflərlə çıxış etməkdə gecikirlər. Yaxşı olardı ki, toy və digər şadlıq mərasimlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktları, qərarlar təkmilləşdirilsin. Mövcud qərarlar olsa da, faktiki vəziyyət göstərir ki, bu sahədə nəzarətsiz və müdaxiləsiz tənzimləmə yetərli deyil. Qanunlar real icra mexanizmləri ilə dəstəklənməlidir”.
Naib Niftəliyev
Naib Niftəliyev qeyd edib ki, toy və digər şadlıq mərasimləri ilə bağlı ayrıca bir qanun hazırlanmalıdır: “Bu baxımdan düşünürəm ki, toy, yas və digər şadlıq mərasimləri ilə bağlı ayrıca bir qanunun hazırlanması məqsədəuyğundur. Qanunda həm tövsiyə xarakterli, həm də sağlamlıqla bağlı məhdudiyyətlər yer ala bilər. Xüsusilə qida tərkibi və uyğun olmayan məhsulların birgə istifadəsi kimi məsələlər diqqətə alınmalıdır. İnsan sağlamlığına təsir edə biləcək halların qarşısını almaq üçün toyda təqdim olunan yeməklərin keyfiyyəti və çeşidi nəzarətdə saxlanmalıdır. Bəzən kütləvi zəhərlənmə halları baş verir. Çox olmasa da belə hallar olub. Bunun qarşısını almaq üçün toyda verilən qidaların keyfiyyətinə, tərkibinə və çeşidinə diqqət yetirilməlidir.
Şikayət israfçılıqla bağlıdırsa, bunu başqa yolla da həll edə bilərik. Əgər bu məsələ narahatlıq doğurursa, onu tam qadağan etmədən, artıq qalan qidaların ehtiyacı olanlara çatdırılması kimi xeyriyyə yönümlü mexanizmlərlə tənzimləmək mümkündür. Toy yalnız pul salmaq üçün deyil. Toy həm də bir xeyriyyəçilik ənənəsidir.
Aydın məsələdir ki, həddən artıq dəbdəbəli geyimlər, lüks avtomobillərlə insanların bu istiqamətdə yarışması israfçılıq və yersizdir. Lakin insanların şəxsi seçimlərinə, arzularına məhdudiyyət qoya bilmərik. Bu səbəbdən həm hüquqi, həm də sosial-psixoloji təsir mexanizmlərinin işlənib hazırlanması vacibdir. Yəni təkcə qanunla deyil, maarifləndirmə yolu ilə də israfçılığın qarşısı alınmalıdır. Təbii ki, biz anlayırıq alqışlayırıq. Düşünürəm ki, təklif verməklə iş bitmir, praktika olaraq məsələ qanunvericilik səviyyəsində hüquqi bir səviyyədə, yəni kütləvi sosial maarifləndirmə səviyyəsində öz həllini tapmalıdır”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 24 Dekabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















