Bakı Ankara arasında hərbi müttəfiqlik, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası Şərh
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda formalaşdırdığı siyasi gündəliyi açıq şəkildə müəyyən edib: əsas prioritet Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və sabit əməkdaşlıq mühitinin təmin olunmasıdır. Bakı bu məqsədlə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda ardıcıl fəaliyyət göstərir və müharibədən sonrakı mərhələni qarşıdurma deyil, əməkdaşlıq mərhələsi kimi dəyərləndirir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat bildirib ki, 8 avqust 2025-ci il Vaşinqton anlaşmasından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb: “Bu reallıqlar regionun artıq böyük güclərin rəqabət meydanı deyil, yeni dünya düzəninə uyğun əməkdaşlıq və qarşılıqlı maraqlar məkanına çevrilməsini zəruri edir. Məhz bu kontekstdə Bakı bölgədə sülhün təminatçısı kimi çıxış etməyi və Cənubi Qafqazı təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat-logistika baxımından vahid əməkdaşlıq platformasına çevirməyi hədəfləyir.
Bu strategiyanın həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında sıx və koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Bakı və Ankara regional proseslərə yalnız milli maraqlar prizmasından deyil, daha geniş – türk dünyasının yeni dünya düzənində siyasi, iqtisadi və hərbi güc kimi formalaşması perspektivindən yanaşırlar. Türk Dövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiya, Orta Dəhlizin geosiyasi əhəmiyyətinin artması və müdafiə sənayesində ortaq layihələr bu prosesin real göstəriciləridir. Bu mənada Ankara və Bakı türk dünyasının qlobal aktora çevrilməsi prosesində aparıcı lokomotiv rolunu oynayır.
Mövcud mürəkkəb qlobal və regional geosiyasi proseslər, eləcə də qarşıda duran strateji hədəflər Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, xüsusən də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı obyektiv zərurətə çevirir. Məhz bu zərurətdən irəli gələrək Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Bu Memorandum Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin növbəti institusional mərhələsi olmaqla yanaşı, Şuşa Bəyannaməsində təsbit edilmiş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Sənədin əsas məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə hərbi təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir.
Memorandumda tərəflərin fundamental təhlükəsizlik öhdəlikləri aydın şəkildə ifadə olunub. Razılaşmaya əsasən, tərəf dövlətlərdən birinin silahlı təcavüzə məruz qalacağı halda, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və birgə özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində qarşılıqlı yardım göstərilməsi öhdəliyini üzərlərinə götürürlər. Hərbi yardım müvafiq sorğu əsasında və tərəflərin milli qanunvericiliyində nəzərdə tutulmuş qaydalara uyğun şəkildə həyata keçirilir.
Bununla yanaşı, tərəflər milli qanunvericiliklərinə uyğun olaraq hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər”.
Deputat əlavə edib ki, sənəd regional təhlükəsizlik risklərinə çevik və koordinasiyalı cavab verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Ən mühüm məqamlardan biri ondan ibarətdir ki, Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu sənəd Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına, qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulan regional modelin möhkəmlənməsinə töhfə verir.
Nəticə etibarilə, Bakı-Ankara hərbi əməkdaşlığı yalnız iki qardaş ölkə arasında strateji müttəfiqliyin ifadəsi deyil, eyni zamanda Cənubi Qafqazda dayanıqlı sülhün, etibarlı təhlükəsizlik mühitinin və yeni dünya düzəninə uyğun regional əməkdaşlıq modelinin əsas dayaqlarından biri kimi çıxış edir”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















