Icma.az
close
up
RU
Bakı bütün dünyaya nümunə təqdim edir: birlik, bütövlük nümunəsi...

Bakı bütün dünyaya nümunə təqdim edir: birlik, bütövlük nümunəsi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İlham Əliyev: Biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik

Dünya son onilliklərdə böyük kataklizmlər, siyasi toqquşmalar və beynəlxalq konfrantasiyalar dövrünü yaşayır. Bu gərginliklər yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də dini və məzhəbi zəmində özünü qabarıq şəkildə göstərir. Müxtəlif regionlarda baş verən qarşıdurmaların dərinliyinə nəzər saldıqda, çox vaxt onların dini və məzhəbi elementlərlə zənginləşdirildiyini, siyasi maraqların isə bu amildən istifadə edərək daha da kəskinləşdirildiyini görmək mümkündür. Yaxın Şərqdən Afrika ölkələrinə qədər uzanan geniş coğrafiyada baş verən proseslərdə din və məzhəb amili əsas manipulyasiya vasitəsinə çevrilib. Bu isə həm İslam dünyasında parçalanma, həm də qlobal miqyasda İslama qarşı neqativ rəyin formalaşmasına zəmin yaradır.

Məhz belə bir dövrdə Azərbaycan nümunəsi xüsusi aktuallıq kəsb edir. Çünki ölkəmizdə əsrlər boyu formalaşmış dini tolerantlıq, qarşılıqlı hörmət və anlayış mühiti həm daxili sabitlik üçün mühüm baza olub, həm də dünyaya təqdim edilən unikal modelə çevrilib. Azərbaycanın dövlət siyasətində bu prinsip yalnız bəyanat səviyyəsində deyil, real həyat tərzi, ictimai-siyasi münasibətlər və institusional yanaşmalar üzərində qurulub. Azərbaycan xalqı nəinki fərqli məzhəb, hətta fərqli dini inanclara malik xalqların birgə sabit və rifah içində, tolerant münasibətlər sistemində yaşadığı bir ölkədir.

Azərbaycanda bütün məzhəblərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar...

Etiraf edilməlidir ki, İslam dünyasında bu gün ən böyük problemlərdən biri məhz məzhəb ayrı-seçkiliyinin siyasi müstəviyə keçirilməsi, hətta bəzi hallarda dövlətlərarası münasibətlərin bu prizmadən dəyərləndirilməsidir. Təəssüf ki, bir sıra ölkələrdə məzhəb ayrı-seçkiliyi süni şəkildə qızışdırılır - bu isə öz növbəsində həm daxili sabitliyi pozur, həm də beynəlxalq səviyyədə ziddiyyətləri kəskinləşdirir.

Azərbaycanda isə, sözün əsl mənasında, belə bir problem yaşanmır - ölkəmizdə bütün dini icmaların mövcudluğu fonunda unikal birgəyaşayış təcrübəsi formalaşıb. Burada heç vaxt məzhəbçilik siyasi fikir ayrılığına çevrilməyib. Dövlət siyasəti də məhz bu prinsiplə tənzimləyici formada çərçivəni müəyyənləşdirir - Azərbaycanda məzhəbçilik təbliğatına yer yoxdur, dini ayinlərin sərbəst icrası təmin olunur, məzhəb fərqlərinin milli birliyə təsir etməsinə yol verilmir. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan cəmiyyətində bütün məzhəblərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb.

Bəli, Azərbaycan xalqı heç bir vaxt məzhəb ayrı-seçkiliyini fərqlilik kimi görməyib - tam əksinə, məsələyə “fərqliliyimiz zənginliyimizdir” prinsipi ilə yanaşılıb. Çünki dövlətə münasibətdə ilkin şərt kimi dövlətin mənafeyi, vətəndaşlıq kimliyimizdir. Bunun ən bariz sübutu 44 günlük Vətən müharibəsi sayılır - dinindən, məzhəbindən və milli kimliyİndən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir nəfər kimi öz Vətənini qorunmaq üçün səfərbər oldular. Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqı dövlət mənafeyini hər zaman üstün tutur. Dövlət başçısı müsahibəsində bildirib ki, bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir: “İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər”.

Biz bir olmalıyıq...

Azərbaycan dünyada şiə və sünni müsəlmanların eyni vaxtda, eyni məsciddə ibadət etdiyi azsaylı ölkələrdən biridir. Bu ənənə əsrlər boyu formalaşıb və bu gün də dini həyatın əsas xüsusiyyətlərindən biri kimi qalmaqdadır. Məsələn, Bakıdakı Təzəpir, Gəncə Cümə, həmçinin digər bölgələrimizdəki məscidlərdə ibadət edənlər arasında məzhəb fərqi qoyulmur - insanlar eyni səfdə, eyni namazda bir araya gəlirlər. Azərbaycan dövləti bu ənənəni möhkəmləndirmək üçün ardıcıl siyasət həyata keçirir. Dövlətin dini siyasətində şiə və sünni məzhəbi arasında heç bir fərq qoyulmur. Məscidlərin, dini icmaların fəaliyyəti üçün bərabər şərait yaradılır, hər iki məzhəb dövlətin dəstəyi ilə dini ayinlərini sərbəst şəkildə icra edir. Paralel olaraq Qafqaz Müsəlmanları İdarəsi həm şiə, həm də sünni ruhanilərin vahid idarəçilik strukturu daxilində fəaliyyət göstərməsini təmin edir. Bu, postsovet məkanında unikal nümunədir. Məscidlərin bərpası və tikintisi zamanı məzhəb bölgüsü aparılmır. Təkcə son illərdə dövlətin dəstəyi ilə onlarla məscid bərpa olunub və yenidən inşa edilib. Dini təhsil sahəsində də vahid yanaşma tətbiq olunur. İlahiyyat İnstitutu və digər dini təhsil müəssisələrində məzhəb bölgüsü olmadan İslam elmləri tədris edilir. Bu yanaşma nəticəsində Azərbaycanda məzhəb ayrı-seçkiliyi probleminin yaranmasına imkan verilmir. Dövlətin siyasəti bir məqam üzərində qurulub: məzhəb fərqliliyi İslama ən böyük zərbədir. Məhz bu səbəbdən, Azərbaycan İslamın vəhdətini qorumağı yalnız dini deyil, həm də milli təhlükəsizlik məsələsi kimi görür. Ən əsası, məzhəb birliyi xarici müdaxilələrin qarşısını almaq üçün unikal şans yaradır. Çünki qlobal miqyasda bir çox regionlarda xarici qüvvələr məzhəb ziddiyyətlərindən istifadə edərək daxili sabitliyi pozur. Azərbaycanda isə şiə və sünni icmalarının birgə ibadət ənənəsi, vahid dini idarəçilik sistemi və dövlətin birmənalı mövqeyi belə cəhdlərin uğursuzluğa düçar olmasına səbəb olur. Dövlət başçısı öz müsahibəsində bildirib ki, müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub: “Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda, eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı məzhəb ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir”.

Biz uğur hekayəsini nümayiş etdiririk...

Azərbaycan qlobal dünyada da İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Hər zaman sülhün, etimadın, əməkdaşlığın bərqərar olması istiqamətində iş aparan Azərbaycan İslam dünyasında da mənəvi birliyi təmin etmək üçün səmərəli fəaliyyəti ilə yadda qalır - bizim üçün məzhəb fərqliliyinin şərt olmaması amili bütün mənalarda özünü təsdiqləyir. Təsadüfi deyil ki, qlobal pandemiya dövründə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bir sıra müsəlman ölkələrinin vaksinlə təmin edilməsində əsaslı rol oynayıb - burada da heç bir məzhəb ayrı-seçkiliyi yaşanmayıb. Azərbaycan dövləti insan həyatına verilən dəyəri, rahat və təhlükəsiz yaşam uğrunda ortaya qoyulan səyləri təbliğ edərək sülh, sabitlik və əməkdaşlıq formulunu irəli sürür. Bu kimi təşəbbüslər göstərir ki, Azərbaycan yalnız öz daxilində deyil, beynəlxalq səviyyədə də İslam dünyasında birliyi gücləndirməyə çalışır. Azərbaycanın təbliğ etdiyi dəyərlər sülhə və əməkdaşlığa əsaslanır - bu isə bütövlükdə dünya üçün mühüm çağırışlar formalaşdırır. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, mənim müsəlman dövlətlərinin aparıcı dini rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər onu göstərir ki, İslam dünyasında istər siyasi olsun, istər dini sahədə bizim rolumuz yüksək qiymətləndirilir: “Biz göstəririk ki, bu mümkündür və biz uğur hekayəsini nümayiş etdiririk. Biz göstəririk ki, burada sülh, sabitlik və rahatlıq mövcuddur. İnsanların məhz buna ehtiyacı var. İnsanların sülh içərisində, xoşbəxt yaşamağa, öz övladlarını böyütməyə və işləməyə, başlarına bomba düşəcək, yaxud kimsə yaşadığı yerə bomba qoyacaq deyə qorxularının olmamasına ehtiyacları var”.

Müsəlmanlar həmrəy olmalıdırlar...

Azərbaycan təkcə tolerantlıq mühitinin qorunmasında deyil, həm də İslam dininin möhkəmlənməsi və İslam ölkələri arasında əməkdaşlığın güclənməsi istiqamətində mühüm işlər görür. Bu kontekstdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Paralel olaraq Azərbaycan İslam həmrəyliyi siyasətini həm də Ərəb Liqası ölkələri ilə münasibətlərdə də fəal şəkildə həyata keçirir. Azərbaycan həm də sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir. Bu istiqamətdə Bakıda təşkil olunan çoxsaylı forumlar, konfranslar Azərbaycanın qlobal kontekstdə bu kimi dəyərlərin inkişafına hörmətini ortaya qoyur. Məsələn, 2008-ci ildən etibarən Bakı “Mədəniyyətlərarası Dialoq Forumu”na ev sahibliyi edir. Bu forumda hər dəfə 100-dən çox ölkədən nümayəndələr iştirak edir. Dövlət başçısı müsahibəsində qeyd edib ki, biz mədəniyyətlərarası dialoq sahəsində də bir çox işlər görürük: “Biz hər iki ildən bir müntəzəm olaraq mədəniyyətlərarası dialoq üzrə beynəlxalq konfranslar keçiririk. Biz həmin konfranslarda bütün mühüm məsələləri, - təkcə müsəlmanlar üçün deyil, bütün dinlər üçün mühüm əhəmiyyət kəsb edən məsələləri, - müzakirə edirik. Bu baxımdan bizim rolumuz əsasən burada gördüyümüz işlərə və bunu başqa yerlərdə də necə edə bilərik düşüncəsinə əsaslanır. Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq əksəriyyətinin siyasi dairələrində, - mənim prezidentlər arasında bir çox əlaqələrim var, - hamı başa düşür ki, müsəlmanlar həmrəy olmalıdırlar və məzhəblərə bölünmə bizim birliyimiz üçün təhlükədir”.

Beləliklə, Azərbaycan nümunəsi göstərir ki, din amilini qarşıdurma yox, əməkdaşlıq alətinə çevirmək mümkündür - bunun üçün isə milli birlik, tarixi tolerantlıq ənənəsi və uzaqgörən dövlət siyasəti əsas şərtdir.

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Sentyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see344

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see156

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see138

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see135

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see129

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see128

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see115

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri