Bakı və bakılılar haqqında film Kamil Əfsəroğlu yazır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kamil ƏFSƏROĞLU
Ölkəmizin kino təqvimini vərəqləyəndə görürük ki, iyirminci əsrin altmışıncı illərində də yadda qalan, maraqlı çox filmlər çəkilib. Kino ölkədə gedən quruculuq işlərindən, cəmiyyətdəki yeniliklərdən, hadisələrdən kənarda qala bilməzdi. Ekrana çıxarılası mövzular çox idi. Doğrudur, kino yaradıcılığı absurd sosializm realizmi prinsiplərinin təsirində olsa da, tənqidi realizm də sənətin bu sahəsində özünü büruzə verməkdəydi. Tamaşaçı ekranda həyatın yalnız yaxşı, işıqlı tərəfini deyil, həm də kölgəli yanlarını, cəmiyyətdəki nöqsanları, əyrilikləri də görürdü.
Yeni nəslin formalaşmasında, tərbiyəsində kinonun böyük rolu olduğundan, altmışıncı illərdə gənclik mövzusuna xüsusi önəm verilirdi. "Əhməd hardadır?", "Romeo mənim qonşumdur", "Ulduz", "İnsan məskən salır" bu dediklərimizə əyani sübutdur. Və təsadüfi deyildir ki, altmışıncı illər kinosu öz dövrünü daha bir gənclik filmiylə - "Uşaqlığın son gecəsi" ekran əsəriylə başa vurdu.
O vaxt rejşsor Arif Babayev "İnsan məskən salır" filmini təzəcə təhvil vermişdi. Natura çəkilişləri əsasən fırtınalı dənizdə, estakadalarda aparılan belə bir filmdən sonra nisbətən sakit, rahat, hardasa romantik şəhər həyatını ekrana gətirmək üçün köklənməyə, uyğunlaşmağa rejissorun vaxtı yox idi. Aktyor seçimi aparmaq da zaman istəyirdi. Vaxt darlığına baxmayaraq, təcrübəli rejissor, necə deyərlər, filmə yaraşan aktyorları tapıb toplaya bildi. Bunu baş rolların ifaçıları Səyavuş Şəfiyevin və Ənvər Həsənovun oyununda da görürük. Hətta adama elə gəlir ki, Rüstəm və Ənvər rollarında başqa aktyorlar çəkilsəydi, film belə uğur qazana bilməzdi. Bu aktyorlar təcrübəli rejissor Arif Babayevin daha bir tapıntısı idi.
1968-ci ildə istehsalata buraxılan "Uşaqlığın son gecəsi" filmi bir il sonra ekranlara çıxdı və tamaşaçıların sevgisini, rəğbətini qazandı.
Film maraqlı epizodla başlayır. Deyim ki, bu epizodun özündə bir rəmz var: gecənin gec vədəsi filmin qəhrəmanı həyət qapısını döyür. Orta məktəbi təzəcə bitirmiş, yeni həyatın astanasındakı Murad sanki həyət darvazasını yox, uşaqlığın son gecəsinin qapısını döyür.
Mən bu filmə o vədə rayonda baxmışdım. Deyim ki, bu ekran əsərinin məndən və mənim yaşıdlarımdan ötrü xüsusi bir önəmi vardı, filmin əsas qəhrəmanlarından olan Murad kimi, biz də orta məktəbi yenicə bitirib kamal attestatı almışdıq, necə deyərlər, biz də yeni həyatın astanasındaydıq. Elə bir vaxtımız-vədəmiz idi ki, seçim qarşısındaydıq. Tale üzümüzə nə qapı açacaqdı, bunu bilmirdik. Məhz belə bir vaxtda "Uşaqlığın son gecəsi"nin ekranlara çıxması bizdən - uşaqlığın son gecəsini yaşayanlardan ötrü sanki bir mayak idi və çoxları kimi, mən də bu mayakın işığına üz tutdum. Üz tutub getdiyim bu yol məni şəhərə, radio jurnalistliyinə gətirdi və dünyanın bir çox məşhur sənət adamlarıyla qarşılaşdırdı. Maraqlıdır ki, rejissor Arif Babayevlə tanışlığım da Bakıda yox, Daşkənddə oldu. 1982-ci ildə Özbəkistanın paytaxtında keçirilən beynəlxalq kinofestivalda rastlaşdıq. Azərbaycan radiosu üçün ondan müsahibə aldım. Görəcəyi işlərdən danışdı, planları böyük idi. Hiss olunurdu ki, yaradıcılıqla yaşayır, yaradıcılıqla nəfəs alır. Söhbətimiz "Uşaqlığın son gecəsi" filmindən də yan keçmədi. Arif Babayev belə bir mövzunu çoxdan ürəyində tutduğunu, yaşatdığını dedi. Bu filmi çəkməklə bir bakılı kimi öz borcundan çıxmaq istədiyini söylədi.
"Uşaqlığın son gecəsi" filmindən həm də bunu əxz eləmək olur ki, gənclik yalnız romantika, romantik hisslər, duyğular demək deyil, gənclik həm də çətinliklərdən keçmək, sınaqlardan çıxmaq əzmi, bacarığı deməkdir. Və həyatda heç bir arzu-dilək Qızıl balığın iradəsiylə, sehrbaz çubuğunun qüdrətiylə hasil olmur, bu yoldakı çətinlikləri özün keçməli, öz gücünə dəf etməli, sözünü inamla deməlisən.
"Uşaqlığın son gecəsi" Bakı və bakılılar haqqında çəkilmiş filmdir. Maraqlı budur ki, filmi çəkənlər də bakılılardı. Ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu rejissor Arif Babayev, quruluşçu operator Zaur Məhərrəmov, rəssam Elbəy Rzaquliyev, bəstəkar Polad Bülbüloğlu, aktyorlar Ənvər Həsənov, Səyavuş Şəfiyev, Tofiq Mirzəyev, Ətayə Əliyeva, Məmmədsadıq Nuriyev və başqaları. Buna görə də o dövrün şəhər həyatını bütün reallığıyla ekrana gətirmək yaradıcı qrupa müəssər olub.
Qəribə təsadüfdür, bu yazını qələmə alanda xəbərlər proqramında kinooperator Zaur Məhərrəmovun 87 yaşında vəfat etdiyini eşitdim. Milli kinomuzda onun həm kinooperator, həm də rejissor kimi layiqli yeri var...
İçərişəhərdə doğulub böyümüş rejissor Arif Babayevə hər küçə, hər dalan yaxşı tanış idi, necə deyərlər, gözübağlı gəzib-dolaşardı. Ona yaxşı tanış olan həm də İçərişəhərin insanlarıydı. Bu insanlar xaraktercə fərqlidirlər. İçərişəhər özünəxas ləhcəsi, mədəniyyəti, məişətilə, qır damlı evlərilə seçilir. Tamaşaçı İçərişəhəri şəhər içində şəhər kimi görür.
Qədim qala divarları arasındakı bu məkan, bir neçə ailənin sığındığı kommunal həyət, əslində, o dövrün, ictimai quruluşunun sosial modelidir və bu kiçik məkanda gördüklərimiz, duyduqlarımız, sadəcə, bir həyətin vuran ritmi, döyünən nəbzi deyil, o dövrün həyatı, yaşam tərzidir. Elə bir şəraiti, rahatlığı olmayan darısqal həyətin sakinləri sanki qonşu yox, qohum-əqrabadırlar. Bir-birlərinə qarşı biganə deyillər, istiqanlıdırlar. Aralarındakı səmimiyyət, xoş münasibət onlara stimul verir, həyətin darısqallığını, qayğılarını belə unutdurur.
Filmdə müxtəlif nəslin nümayəndələrilə qarşılaşsaq da, dediyimiz kimi, hadisələr gənclik mövzusu ətrafında cərəyan edir. Bəli, "Uşaqlığın son gecəsi" gənclərin, gəncliyin filmidir.
Murad və Rüstəmin simasında biz sabahın qurucularını, yeni nəslin nümayəndələrini, gənclərini görürük. Bir həyətdə doğulub boya-başa çatmış bu oğlanların da fərqli cəhətləri yox deyil. Bu fərq yalnız onların yaşında yox, həm də xarakterlərində, dünyagörüşlərində, həyata baxışlarındadır. Murad şən əhval-ruhiyyəlidir, zarafatçıldır, Rüstəm isə əksinə, ağır təbiətli, təmkinlidir və onların xarakterlərindəki ziddiyyətdən yaranan söhbətlər, olaylar filmə dinamiklik gətirməklə yanaşı, həm də bu obrazları maraqlı edir. Onların xarakterlərində oxşar xüsusiyyətlər də çoxdur - ikisi də mənən xeyirxah, saf və səmimidir.
Filmin dəyəri yalnız onun bədii məziyyətlərilə məhdudlaşmır, dövrün, zamanın nəbzi vurur bu ekran əsərində. Operator Zaur Məhərrəmovun natura çəkilişləri, küçə və xiyabanların təsviri, sadəcə, kadrlararası keçid planları deyil. Bu təsvirlərdə Bakının obrazı canlanır. Tamaşaçı şəhəri bir obraz kimi görür, qəbul edir və beləcə, biz 60-cı illər Bakısının ab-havasını duyuruq.
Sadə insan obrazı filmin ideyasının mərkəzində durur. Rejissor Arif Babayev sadə insanların timsalında gənclərin həyatdakı yerini göstərməklə yanaşı, onları sabaha aparan yola işıq salır. Əlbəttə, bu yolu keçmək heç də asan deyil. Əslində bu, daha çox sınaq yoludur və sınaqdan kim necə çıxacaq, onu zaman göstərəcək.
Həyat Murad və Rüstəmi də imtahana çəkir, onları az problemlərlə qarşılaşdırmır. İlk addımlarnda müəyyən qədər büdrəyən Murad, sonradan mətinləşir. Filmdə Murad və Rüstəm obrazları əyri yolla yaşayıb varlanmaq istəyən Rüfətlərə qarşı qoyulub. Bəli, həyatda Rüfətlər də az deyil. Elələrinin yolu başqadır və cinayətə aparan bu yolu tutanların isə aqibəti bəllidir. Rüfət yaraşıqlı olsa da, onun daxili dünyası zahiri fakturasıyla tam ziddiyyətli və təzadlıdır. Rüfətin zahiri təmkini aldadıcıdır. O, daxilən qorxaq, əyri niyyətli adamdır. Mənfi obrazları tamaşaçıya sevdirmək çətin olur. İnamla demək olar ki, aktyor Tofiq Mirzəyev bu rolun öhdəsindən bacarıqla gəlib, Rüfəti tamaşaçıya, necə deyərlər, "sevdirə" bilib.
O dövrün bəzi filmlərində kənardan, xüsusən də Gürcüstandan aktyorlar dəvət edildiyinin şahidi oluruq. "Uşaqlığın son gecəsi"ndə Elya roluna gürcü qızı Meqi Kejeradze çəkilib. Azərbaycan tamaşaçıları aktrisanı "Kuklalar gülür", "Heç-heçə oyun" filmlərindən tanıyırlar. "Uşaqlığın son gecəsi"ylə Meqi öz qısa kino karyerasına son qoyub. Bəlkə də bu, onunla əlaqədar idi ki, ixtisasca ingilis dili müəllimi olan Meqi sənətdə özünü sadəcə həvəskar aktrisa kimi görüb.
Filmi maraqlı edən, həm də onun musiqisidir. Müxtəlif variasiyalarda səslənməklə filmin leytmotivinə çevrilən lirik, axıcı musiqi tamaşaçını seyr etdiyi epizodların, hadisələrin mahiyyətinə daldırır.
Polad Bülbüloğlunun "Gəl, ey səhər" mahnısı o vaxtdan paytaxtımızın himni kimi səslənir. Mahnıdakı romantik, lirik notlar, çalarlar qəlbləri oxşayır, insanı sevib-sevməyə səsləyir.
O vaxtlar, bizə elə gəlirdi ki, "Gəl, ey səhər" gəncliyin musiqisidir, gənclər üçün yazılıb. Amma bunu da inamla deyə bilərik ki, "Gəl, ey səhər" yalnız gəncliyin deyil, yaşından asılı olmayaraq, hər kəsin, insanlığın musiqisidir və hər yaşda insan yeni bir səhər sorağındadır - aydın, günəşli səhər sorağında.
Filmin uğurlu alınması elə ilk nümayişdən özünü göstərdi. Kiyevdə keçirilən "Prometey-69" kinofestivalında Gənclik haqqında çəkilmiş ən yaxşı film mükafatını qazandı. Ən yaxşı ssenariyə görə mükafat Maqsud İbrahimbəyova, ən yaxşı rejissor işinə görə mükafat Arif Babayevə, ən yaxşı operator işinə görə mükafat Zaur Məhərrəmova, ən yaxşı kişi roluna görə mükafat Ənvər Həsənova təqdim edildi. Bəstəkar Polad Bülbüloğlu isə xüsusi diploma layiq görüldü.
Hər nəslin öz dövrü, epoxası var, 60-cı illər epoxasının isə həyatımızda öz xüsusi yeri olduğunu "Uşaqlığın son gecəsi" filmində də aydın görürük. Filmdə o illərin nəbzi, nəfəsi duyulur, Bakının tramvaylı-troleybuslu günləri canlanır gözlərimiz önündə. Şəhərin küçə və xiyabanlarını dolaşanda qaynaşan insanların arasında Muradı, Rüstəmi axtarıram, tapa bilmirəm. Elə istəyirəm ki, onları yalnız ekranda yox, həyatda da görüm. Gün-gündən boy verib böyüyən, genişlənən şəhər sanki insanları bir-birlərindən uzaqlaşdırıb. İnsani münasibətlər meqapolisə çevrilmiş şəhərin nəhəngliyi fonunda sönükməyə məhkumdur? Bu mənada, sanki film təkcə öz dövrünün insanlarına deyil, gələcək nəsillərə də bir xəbərdarlıq kimi səslənir.
Hər bir film öz dövrünün salnaməsidir. Keçmiş yaxşılı-pisli, acılı-şirinli yalnız bədii ədəbiyyatda, təsviri sənətdə yox, həm də kinoda, filmlərdə qalır, yaşayır. "Uşaqlığın son gecəsi" bu mənada da maraqlıdır.
"Uşaqlığın son gecəsi" 60-cı illər gəncliyinin romantikasıdır. Film bu gün də baxılır. Baxılırsa, deməli, yaşayır, deməli, o, bütün dövrlərin filmidir. Mən özüm də həvəslə baxıram və hər dəfə də yeni nəsə tapıram. Kövrək xəyalların qanadlarında nisgilli dünyama qovuşuram və elə istəyirəm ki, səhərə açılan uşaqlığın o son gecəsinin qapısını qayıdıb bir də döyüm...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















