Bakıda zavodda dəhşətli partlayışın şahidi: Qapını bağlayıb məni sənədi imzalamağa məcbur etdilər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bakının Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində baş vermiş partlayışla bağlı təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən növbəti iclasda şahid Elşad Məmmədli ifadə verib.
O bildirib ki, "Bakı Ağac Emalı" zavodunda müqaviləsiz şəkildə elektrik kimi çalışıb:
"Əvvəl fəhlə işləmişəm, sonra elektrikin yanında köməkçi, daha sonra isə elektrik kimi fəaliyyət göstərmişəm. Elektrik sayğaclarına nəzarət edirdim. FHN əməkdaşları əraziyə gələndə onlarla ya sex rəisi, ya da Toğrul Rzayev danışırdı".
Elşad Məmmədli qeyd edib ki, zavodda rəhbərlik tərəfindən yanğından təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı tərtib edilən sənədə imza atmağa məcbur edilib:
"Bir dəfə yoxlama gəlmişdi, dedilər sənədə imza at. Mən imtina etdim, lakin Toğrul və sex rəisi Coşqun otağın qapısını bağlayıb məni imza atmağa məcbur etdilər".
Məhkəmənin növbəti iclası oktyabrın 20-də keçiriləcək və sənədlərin tədqiqinə başlanacaq.
Qeyd edək ki, ibtidai istintaqla müəyyən edilib ki, "Bakı Ağac Emalı" ASC-nin faktiki sahibi Tağı İbrahimov (1962-ci il təvəllüdlü) və zavodda inzibati-təsərrüfat işlərinə rəhbərlik edən Toğrul Rzayev (1992-ci il təvəllüdlü) yanğın təhlükəsizliyi qaydalarına əməl etməyərək ehtiyatsızlıqdan 10 nəfərin ölümünə, 23 nəfərin xəsarət almasına, həmçinin müəssisənin ərazisindəki əmlaka və təbiətə ziyan vurulmasına səbəb olublar.
Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3 (yanğın təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə 225.3-cü maddə ilə ittiham irəli sürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli


