Icma.az
close
up
RU
Bakıdan dünyaya açılan sənət yolu

Bakıdan dünyaya açılan sənət yolu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulda rəssamlıq məktəbi yaradan azərbaycanlı

Əməkdar rəssam Teymur Rzayevin sənət və pedaqoji fəaliyyəti Azərbaycanı Türkiyəyə, Türkiyəni isə dünya sənət məkanına bağlayan yaradıcılıq yolunun hekayəsidir. Onunla qiyabi tanışlığımızdan xeyli vaxt keçmişdi. Lakin İstanbulun Yeditepe Universitetində ilk dəfə üz-üzə görüşəndə sanki uzun illərin tanışı kimi bir-birimizi qarşıladıq. İlk təəssüratım onun istiqanlı, sadə və millətsevər bir insan olması idi. Ancaq söhbət dərinləşdikcə başqa bir xüsusiyyət də aydın görünürdü: Teymur müəllim üçün rəssamlıq yalnız peşə deyil, həyat tərzi, düşüncə və insan yetişdirmək missiyasıdır.

Onun o qədər də böyük olmayan iş otağından başlayan söhbət bizi bir anda Azərbaycanın rəssamlıq mühitindən Türkiyəyə, oradan Rusiyaya, ABŞ-a, İtaliyaya və dünyanın müxtəlif sənət mərkəzlərinə apardı. Təxminən qırx il ərzində keçilən bu yol yalnız bir rəssamın şəxsi yaradıcılıq bioqrafiyası deyil. Bu, həm də Azərbaycan sənətinin xaricdə təmsil olunmasının, azərbaycanlı rəssamın yeni mühitlərdə özünütəsdiqinin və iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafının maraqlı nümunəsidir.

Xırdalandan başlayan sənət yolu

 Bakının Xırdalan qəsəbəsində doğulan Teymur Rzayevin rəssamlıq dünyasına ilk addımları uşaqlıq illərindən başlayıb. Özü bu başlanğıcı xüsusi bir xatirə ilə bağlayır. 1969-cu ildə dayısı, rəssam Böyükağa Axundov dünyasını dəyişdikdən sonra onun rəssamlıq ləvazimatlarını nənəsi Safura xanım Teymura hədiyyə edib. O zaman cəmi 10 yaşı olan Teymur üçün bu, sadəcə bir hədiyyə deyil, gələcək sənət yolunun ilk işarəsi olub. Gənc rəssam ilk müəllimi Çingiz Bağırovdan, Məsumə Ağayevadan rəsm dərsləri alıb, daha sonra uşaqlıq marağı zamanla peşəyə, rəsm isə onun həyatının əsas yoluna çevrilib.

Peşəkar sənət yolunun ilk mərhələsi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi ilə bağlıdır. 1975–1979-cu illərdə burada təhsil alan gənc rəssam daha sonra ali təhsilini davam etdirərək 1982–1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında professor Mikayıl Abdullayevin emalatxanasında sənətin incəliklərinə yiyələnib.

Mikayıl Abdullayev kimi böyük sənətkarın yaradıcılıq məktəbindən keçmək Teymur Rzayevin dünyagörüşünün və rəssamlıq təfəkkürünün formalaşmasında mühüm rol oynayıb. O, yalnız texniki bacarıqlar deyil, sənətə münasibət, milli yaddaş və rəssamın cəmiyyət qarşısındakı məsuliyyəti barədə də zəngin təcrübə qazanıb. 1995-1997-ci illərdə Sankt-Peterburq İ.Repin adına Rəssamlıq Akademiyasında professor M.M.Devyatovun emalatxanasında “Ustaların texnikaları  yay praktik dərsləri”nə qatılmaqla, təhsilini davam etdirməsi isə onun yaradıcılıq coğrafiyasını daha da genişləndirib.

Sonrakı illərdə elmi-pedaqoji fəaliyyətə də xüsusi diqqət ayıran Rzayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib və elmi dərəcə qazanıb. 2012-ci ildə Azərbaycanda dosent elmi adını alıb. 2014-cü ildə isə Türkiyə Universitetlərarası İdarə Heyəti tərəfindən Plastik Sənətlər sahəsində dosent adına layiq görülüb. 2020-ci ildə onun sənət və pedaqoji fəaliyyətində yeni mərhələ başlayıb. Yeditepe Universitetinin Gözəl Sənətlər Fakültəsinin Plastik Sənətlər – Rəsm bölməsində professor kimi fəaliyyətini davam etdirir.

İstanbul – yeni həyatın başlanğıcı

Teymur Rzayevin yaradıcılıq bioqrafiyasının ən mühüm mərhələlərindən biri, şübhəsiz, İstanbul dövrüdür.1993-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında fərdi sərgisi təşkil edilən rəssam həmin il İstanbulda fəaliyyət göstərən İstək Fondunun qurucusu və sədri Bədrəttin Dalan tərəfindən Türkiyəyə dəvət edilir.

– Türkiyəyə gəlişim mənim həyatımda, doğrudan da, mühüm dönüş nöqtələrindən oldu. 1993-cü il 28 May Müstəqillik günü Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzində Azərbaycandan gələn üç rəssamın mənim, Elşən Quliyev və Rüfət Salamovun əsərlərindən ibarət sərqi keçirilmişdi. Məşhur dövlət xadimi Həsən Həsənov sərginin açılışını elan etdi və onunla tanışlığım da oradan başlayır, BMT-də Azərbaycanın nümayındəsi idi. Həmin sərgidən sonra Türkiyədən mənə dəvət gəldi. İstək Fondunun qurucusu və sədri Bədrəttin Dalanın dəvəti ilə İstanbula gəldim. O zaman bunun həyatımın sonrakı mərhələsini nə qədər dəyişəcəyini, İstanbulda uzun illər yaşayacağımı və burada pedaqoji fəaliyyətlə yanaşı, ciddi yaradıcılıq yolu keçəcəyimi, əlbəttə, təsəvvür edə bilməzdim.

1994-cü ildən İstanbulda İstək Kamal Atatürk liseyində müəllim kimi fəaliyyət göstərməyə başladım. 2006-cı ilə qədər burada çalışdım. Sonra Yeditepe Universitetində fəaliyyət göstərmək imkanım yarandı. Həmin ildən universitetin İncəsənət fakültəsinin Plastik Sənətlər şöbəsində müəllim kimi çalışdım. Burada daha çox peşəkar rəssamlıq təhsili alan gənclərlə işləyirdim. Tələbələrin müxtəlif yaradıcılıq istiqamətlərinə marağı, müasir sənət axtarışları və fərqli dünyagörüşləri mənim öz yaradıcılıq düşüncəmə də təsir edirdi.

Mən həmişə çalışmışam ki, tələbələrə yalnız “necə rəsm çəkmək lazımdır” sualının cavabını verməyim. Mənim üçün əsas məsələ onların “niyə rəsm çəkirəm?”, “nə demək istəyirəm?” suallarına cavab tapa bilmələridir. Çünki sənət texnikadan əvvəl düşüncədir. Texnikanı öyrənmək mümkündür, amma sənətçinin öz dilini tapması daha mürəkkəb və uzun prosesdir.

2008-ci ildə Yeditepe Universitetinin Gözəl Sənətlər Fakültəsinin Plastik Sənətlər bölməsində Rəsm Emalatxanası layihəsinin təsisçisi və icraçısı kimi fəaliyyət göstərməyim də bu düşüncə ilə bağlı idi. Bir dəfə yüksək statuslu bir məmur emalatxanaya yoxlama məqsədilə gəldi. Onun gəlişi ilə emalatxanada qəribə bir sakitlik yarandı. Ətrafındakı əməkdaşlar da sanki onun hər addımını, hər baxışını izləyir, nə deyəcəyini gözləyirdilər. O isə heç nə demədən emalatxananı başdan-başa nəzərdən keçirir, divarlardakı rəsmlərə, heykəllərə, eskizlərə, müxtəlif ölkələrdən toplanıb gətirilmiş sənət nümunələrinə, emalatxananın ümumi ab-havasına diqqətlə baxırdı. Mən də bir müddət susdum. Sonra bu sükutu gözlənilməz bir sualla pozdum: “Türkiyədə iki yüzdən artıq universitet var. Onların əllidən çoxunda Gözəl Sənətlər Fakültəsi fəaliyyət göstərir. Görəsən, bu universitetlərin neçəsində belə bir emalatxana var?”

Sualım onun üçün də gözlənilməz oldu. Bir anlıq üzündə təbəssüm yarandı. Sonra mənə tərəf dönüb qoluma girdi. Yoxlamağa gələn məmurla aramızdakı görünməz “uçurum” sanki  bir anda aradan qalxdı. O təbəssümdə həm etiraf, həm də qiymətləndirmə vardı. Çünki qarşısında sadəcə bir dərs otağı deyil, illər boyu zəhmətlə qurulmuş bir sənət məkanı dayanırdı. Təvazökarlıqdan uzaq olmasın, bu emalatxananın hər guşəsində yaradıcılıq yolumdan bir iz var. Müxtəlif ölkələrə səfərlərim zamanı qarşıma çıxan, bəyəndiyim, sənət baxımından dəyərli hesab etdiyim nümunələri illər ərzində toplayaraq buraya gətirmişdim. Zaman keçdikcə həmin nümunələr bir-birini tamamladı və emalatxana adi tədris məkanından çıxaraq zəngin bir sənət mühitinə çevrildi.

Mənim üçün bu emalatxananın ən böyük dəyəri buradakı əsərlərin sayında deyil. Əsas dəyər onun tələbəyə verdiyi hissdir: sənətin uzaq və əlçatmaz bir dünya olmadığını, onun qarşısında dayandığını, toxuna, araşdıra və ondan öyrənə biləcəyini hiss etdirmək. O gün bu emalatxanaya gələn məmurun təbəssümü mənim üçün sadəcə xoş bir münasibət deyildi. Bu, illərlə səfərlərdən, sərgilərdən, müxtəlif sənət məkanlarından toplayıb gətirdiyim nümunələrlə qurduğum emalatxananın gördüyü işin  təsdiqi idi.

Mən istəmişəm ki, tələbələr yalnız auditoriyada nəzəri biliklərlə kifayətlənməsinlər, canlı yaradıcılıq mühitində işləsinlər, emalatxana mədəniyyətini mənimsəsinlər. Rəssamın formalaşmasında emalatxananın xüsusi rolu var. Orada tələbə həm müəllimdən öyrənir, həm də öz səhvləri, axtarışları və təcrübələri vasitəsilə inkişaf edir.

2015-ci ildə dosent, 2020-ci ildə isə professor kimi fəaliyyətimi davam etdirdim. Mənim üçün professor olmaq sadəcə akademik bir titul deyil. Bu, daha böyük məsuliyyətdir. İndi də əsas məqsədim gənc rəssamların öz yaradıcılıq istiqamətlərini tapmalarına kömək etmək, onları sənətin məsuliyyətini dərk edən, dünyaya açıq və eyni zamanda öz milli köklərinə bağlı sənətçilər kimi yetişdirməkdir. Geriyə baxanda, bu arzuma çatdığımı görürəm. Bu gün tələbələrimin səsi dünyanın müxtəlif ölkələrindən – Kanadadan, İtaliyadan və başqa sənət məkanlarından gəlir. Onların müraciətlərində yalnız “müəllim” deyil, “ata” sözünü də eşidirəm. Bu, mənim üçün qazandığım titullardan daha böyük mükafatdır. 

Azərbaycanı Türkiyədə yaşadan sənət adamı - sənət körpüsü

Onun İstanbulda fəaliyyəti yalnız fərdi yaradıcılıqla məhdudlaşmayıb. Əslində, Rzayev burada daha böyük bir missiyanın – gənc rəssamların yetişdirilməsinin, Azərbaycan sənət ənənələrinin yeni nəsillərə çatdırılmasının və sənət vasitəsilə mədəni əlaqələrin gücləndirilməsinə nail olub. 2008-ci ildə Yeditepe Universitetinin Gözəl Sənətlər Fakültəsinin Plastik Sənətlər bölməsində Rəsm Emalatxanası layihəsinin təsisçisi və icraçısı kimi fəaliyyəti də bunun göstəricisidir. Bir rəssam üçün əsər yaratmaq nə qədər vacibdirsə, özündən sonra gələnləri yetişdirmək də bir o qədər mühümdür. Teymur Rzayevin İstanbulda yaratdığı əsas “məktəb” də elə budur.

Haqqında danışarkən onun Azərbaycan diasporu ilə bağlı fəaliyyətini ayrıca qeyd etmək lazımdır. 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Dünya Azərbaycanlıları Ziyalıları Forumunda iştirak edən rəssamlar tərəfindən xaricdə yaşayan rəssamların koordinatoru seçilməsi onun yalnız sənətkar kimi deyil, ictimai-mədəni fəaliyyət göstərən ziyalı kimi də qəbul edildiyini göstərir. 2011–2016-cı illərdə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olması, 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında yenidən Şuraya üzv seçilməsi də bu fəaliyyətin davamlı xarakter daşıdığını göstərir.

Onun üçün Azərbaycanlı olmaq yalnız doğulduğu ölkənin adını daşımaq deyil. Azərbaycanı yaşatmaq, onun mədəniyyətini, sənətini və tarixini təmsil etmək də bu anlayışın ayrılmaz hissəsidir. Bu baxımdan onun Türkiyədəki fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki o, öz yaradıcılığı ilə Azərbaycanı Türkiyədə, Türkiyəni isə beynəlxalq sənət mühitində təmsil edən sənətçilərdəndir.

Teymur Rzayevin yaradıcılıq fəaliyyətinin coğrafiyası Azərbaycan və Türkiyə ilə məhdudlaşmır. ABŞ, Rusiya, İtaliya və dünyanın müxtəlif ölkələrində keçirilən sərgi və tədbirlər onun sənət yolunun beynəlxalq xarakterini müəyyənləşdirib.1993-cü ildə Nyu-Yorkda BMT-nin Mərkəzində keçirilən fərdi sərgi bu yolun mühüm hadisələrindən biri olub. Rusiya ilə bağlı fəaliyyəti də xüsusi diqqət çəkir. 2013-cü ildə Rusiya İncəsənət Akademiyasının idarə heyəti tərəfindən böyük yaradıcılıq və xeyirxahlıq fəaliyyətinə görə “İvan İvanoviç Şuvalov” medalı ilə təltif olunub. 2015-ci ildə isə Rusiya və Türkiyə arasında sənət körpülərinin yaradılmasına verdiyi töhfələrə görə “Akademiyaya xidmət” qızıl medalına layiq görülüb. 2017-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilməsi onun beynəlxalq sənət aləmində qazandığı nüfuzun daha bir göstəricisidir. Bu faktlar göstərir ki, Teymur Rzayev üçün sənət coğrafi sərhədlərlə məhdudlaşmır. Əksinə, sənət müxtəlif xalqlar arasında ünsiyyət yaradan universal dildir.

“Rəssamın vəzifəsi yalnız şəkil çəkmək deyil”

Teymur müəllimlə söhbətimin ən maraqlı məqamlarından biri də rəssamlığın mahiyyəti və müəllimlik fəaliyyəti barədə düşüncələri oldu.

– Teymur müəllim, sizi uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı rəssam kimi tanıyırlar. İstanbul sizin yaradıcılığınızda nəyi dəyişdi?

– Türkiyədə keçən bütün bu illərə geriyə baxanda görürəm ki, İstanbul mənim həyatımda sadəcə bir yaşayış məkanı olmayıb. Bura mənim yaradıcılığımın, pedaqoji fəaliyyətimin və Azərbaycan sənətini daha geniş bir mühitdə təmsil etmək imkanımın mühüm mərhələsinə çevrilib. Bu baxımdan İstanbulda keçirdiyim illəri mən öz yaradıcılıq həyatımın ən məhsuldar və mənalı mərhələlərindən biri hesab edirəm.

İstanbul mənim üçün sadəcə yaşadığım və işlədiyim şəhər deyil. Bura mənim yaradıcılığımın yeni mərhələsinin başladığı məkandır. Türkiyənin zəngin sənət mühiti mənə fərqli məktəblərlə, müxtəlif sənət yanaşmaları ilə tanış olmaq imkanı verdi. Şəhərin tarixi, mədəniyyəti, sənət ənənələri, müxtəlif rəssamlıq məktəblərinin burada qovuşması yaradıcılıq baxımından çox maraqlı imkanlar yaratdı. Eyni zamanda Azərbaycan sənət ənənələrini Türkiyədə tanıtmaq üçün geniş imkanlar açıldı. Mən burada özümü yalnız rəssam kimi deyil, Azərbaycanı təmsil edən bir sənət adamı kimi də görürdüm. Buna görə Türkiyədəki fəaliyyətim mənim üçün həm yaradıcılıq, həm də mənəvi məsuliyyət daşıyıb.

– Yeditepe Universitetində uzun illər pedaqoji fəaliyyət göstərirsiniz. Müəllimlik sizin üçün nə deməkdir?

– Mənim üçün müəllimlik rəssamlığın davamıdır. Rəssam öz əsəri ilə danışırsa, müəllim öz tələbəsi vasitəsilə danışır. Tələbənin öz yolunu tapmasına kömək etmək müəllimin ən mühüm vəzifələrindən biridir. Mən tələbəyə hazır rəssamlıq modeli verməyə çalışmıram. Onun öz yaradıcılıq dilini tapmasına şərait yaratmağa üstünlük verirəm.

– 2008-ci ildə Yeditepe Universitetində Rəsm Emalatxanası layihəsinin yaratmısınız. Bu layihənin əsas məqsədi nə idi?

– Əsas məqsəd tələbənin yalnız nəzəri bilik alması deyil, sənətin praktik mühitini yaşaması idi. Rəssamlıq emalatxanası sənətçinin formalaşdığı yerdir. Orada insan həm özünü, həm də sənəti daha yaxşı tanıyır. Mənim üçün emalatxana yalnız dərs keçirilən yer deyil, yaradıcılıq düşüncəsinin formalaşdığı məkandır.

– Azərbaycanlı rəssam kimi Türkiyədə fəaliyyət göstərmək sizə hansı məsuliyyəti yükləyir?

– Xaricdə yaşayan sənətçi bir mənada öz ölkəsinin də təmsilçisidir. Mən Azərbaycandan gəlmişəm və bunu fəxrlə söyləmişəm. Azərbaycan mədəniyyətini, tarixini, sənətini tanıtmaq mənim üçün məsuliyyətdir. İnsan harada yaşamasından asılı olmayaraq öz köklərini unutmamalıdır.

– Azərbaycan və Türkiyə arasında sənət əlaqələrinin gələcəyini necə görürsünüz?

– İki ölkə arasında mədəni əlaqələr üçün çox böyük imkanlar var. Bizim tariximiz, dilimiz və mədəni bağlarımız olduqca güclüdür. İncəsənət bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər. Gənc rəssamların qarşılıqlı sərgiləri, birgə layihələr və universitetlərarası əməkdaşlıq bu baxımdan çox vacibdir.

Çanaqqalada Azərbaycan izləri və Əli bəy Hüseynzadə doğmalığı

Onun iştirak etdiyi daha bir diqqətçəkən layihə Çanaqqala döyüşündə şəhid olan azərbaycanlıların xatirəsinə abidə ucaldılması təşəbbüsü ilə bağlıdır. Çanaqqala Azərbaycan və Türkiyə tarixinin ortaq yaddaş məkanlarından biridir. Birinci Dünya müharibəsi illərində bu cəbhədə azərbaycanlıların da iştirakı iki xalq arasında tarixi həmrəyliyin mühüm səhifələrindən biri kimi yadda qalıb. Belə bir tarixi hadisənin sənət vasitəsilə xatırladılması yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillərə mesajdır.

Rzayevin fəaliyyətində Azərbaycan mədəni irsinin beynəlxalq təhsil və sənət mühitinə çıxarılması da xüsusi yer tutur. 2015-ci ildə Nizami Gəncəvi irsinin dünya təhsil sistemində tədrisi ilə bağlı layihədə iştirakı onun bu sahəyə verdiyi önəmin göstəricisidir.

Azərbaycan rəssamlığından söz düşəndə Teymur müəllim Əli bəy Hüseynzadənin adını xüsusi ehtiramla çəkir və qeyd edir ki, Əli bəy yalnız fikir və mətbuat tariximizin böyük siması deyil, həm də Azərbaycan sənət tarixində özünəməxsus iz qoyub. Əli bəy Hüseyinzadənin yeganə oğlu Səlim Turan XX əsr türk və Avropa sənət mühitində tanınmış rəssamlardan idi. Maraqlı və simvolik məqam budur ki, Əli bəy Hüseynzadə həm böyük mütəfəkkir, həm də rəssam idi; oğlu Səlim Turan isə atasının ideya irsindən çox, rəssamlıq mirasını davam etdirdi. Onun yaradıcılığında Qərb rəssamlıq ənənələri ilə Şərqin estetik dünyasının qovuşması, milli kimlik və mədəni yaddaş  məsələləri xüsusi yer tutur. Əli Bəy Hüsenzadənin qızı rəhmətlik Feyzavər Alpsar xanımla yaxın münasibətləri olan Teymur müəllim bu böyük azərbaycanlının 161 ədəd  mirasının uzun illər sonra Vətənə çatdırılmasında fədakarlıqla çalışıb. Bu gün Bakının İstiqlal Muzeyində və Azərbaycan Milli İncəsənət muzeylərində  yer alan bu nümunələrin yeni həyat qazanması xeyli dərəcədə Teymur Rzayevin fəaliyyətinin bəhrəsidir.  

Əslində bu doğmalığın kökündə təkcə azərbaycanlı olmaq dayanmayıb. Bu iki sənətkarı – Əli bəyi və Teymur müəllimi birləşdirən mühüm bir xətt var: milli sənət düşüncəsini daha geniş dünyaya çıxarmaq cəhdi. Əli bəy Hüseynzadə öz dövründə Azərbaycan insanının dünyagörüşünü dəyişdirmək, onu Şərqin ənənələri ilə Qərbin müasir düşüncəsi arasında yeni bir sintezə yönəltmək istəyirdi. Teymur Rzayev isə bu missiyanı müasir sənət və təhsil mühitində davam etdirən sənətkardır. Hüseynzadənin sənətində fikir ön plandadırsa, Rzayevin fəaliyyətində fikir ilə pedaqoji missiya bir-birini tamamlayır. Biri mədəni intibahın ideoloqlarından biri kimi öz dövrünün sənət və düşüncə sərhədlərini genişləndirirdi, digəri isə emalatxana və auditoriyalarda yeni nəsil sənətçilərin dünyagörüşünün formalaşmasına çalışır.

Bu mənada Əli bəy Hüseynzadə ilə Teymur Rzayev arasında birbaşa üslub oxşarlığı axtarmaq doğru olmaz. Onların yaradıcılıq dövrləri, sənət dili və fəaliyyət mühiti fərqlidir. Lakin onları birləşdirən Azərbaycan sənətinin milli mahiyyətini qoruyaraq onu universal sənət məkanına çıxarmaq düşüncəsidir. Bəlkə də Teymur Rzayevin İstanbulda yaratdığı zəngin rəsm emalatxanasının mənası elə burada daha aydın görünür. Müxtəlif ölkələrdən topladığı sənət nümunələrini bir məkanda birləşdirərək tələbələrinə təqdim edən rəssam bununla bir növ “dünyanı emalatxanaya gətirib” və həmin emalatxanada Azərbaycan sənət məktəbinin nəfəsi həmişə hiss olunub. Əli bəy Hüseynzadənin “sənət və fikir” xəttindən başlayaraq Teymur Rzayevin “sənət və təhsil” xəttinə gələn bu yol, əslində, Azərbaycan mədəniyyətinin sərhədləri aşmaq və özünü dünyaya anlatmaq cəhdinin müxtəlif dövrlərdəki ifadələridir.

Tanınan sənətkarın qazandığı təltiflər

Teymur Rzayevin sənət və ictimai fəaliyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi də onun çoxşaxəli fəaliyyətinin nəticəsidir. 2011-ci il iyulun 4-də Azərbaycan Prezidentinin sərəncamı ilə elm, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.

2013-cü ildə Qəbələ III Beynəlxalq İncəsənət Sərgisində “Fevzi Karakoç portreti” ilə Klassik Portret nominasiyasında birincilik qazanıb. Həmin il Rusiya İncəsənət Akademiyasının “İvan İvanoviç Şuvalov” medalı ilə təltif edilib. 2015-ci ildə Rusiya və Türkiyə arasında sənət əlaqələrinin inkişafına verdiyi töhfələrə görə “Akademiyaya xidmət” qızıl medalı ilə mükafatlandırılıb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə”  III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2017-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının fəxri Akademiki seçilib. Bu barədə söhbətində bildirir ki, heç bir vaxt mükafat və yaxud ad üçün bir iş görməmişəm. Lakin bunu kənardan görən və dəyərləndirən insanlar olub. Mənim üçün aldığım mükafatların içində ən dəyərlisi “Vətənə xidmətə görə” ordenidir və onu hər zaman qürurla yaxamda daşıyıram. Bu ada məni layiq gördüyü üçün ölkə başçısı İlham Əliyevə minnətdaram. 2019-cu il iyun ayının 27-də Bakının Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Diaspora Komitəsinin təşəbbüsü ilə Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayevin 60 illik yubileyi təntənə ilə qeyd edilib. 2022-ci ildə Azərbaycan Diasporna göstərdiyi xidmətlərə görə xüsusi medalla təltif edilmişdir. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədirliyi ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlıların Əlaqələndirmə Şurasına 4-cü dəfə üzüv və 2024-cü ildə Dünya Azərbaycanlı Alimlər Birliyi İdarə Heyətinə üzv seçilmişdir.

Bütün bu mükafatları bir-birindən ayrı təqdim etmək mümkündür. Lakin onların arxasında duran əsas xətt birdir: sənətə, təhsilə və Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş uzun illərin fəaliyyəti.

Rəssamlıqdan daha böyük bir missiya

Teymur Rzayevin bioqrafiyasına nəzər salanda bir məqam xüsusi diqqət çəkir. O, müxtəlif ölkələrdə yaşayıb, fərqli sənət məktəbləri ilə tanış olub, müxtəlif akademik və yaradıcılıq mühitlərində çalışıb. Lakin bütün bu proseslər onun milli kimliyindən uzaqlaşmasına deyil, əksinə, Azərbaycanı daha geniş coğrafiyada təmsil etməsinə xidmət edib.

Onun həyat yolu Xırdalanda başlayıb, Bakıda peşəkar sənət təhsili alıb, Sankt-Peterburqdan keçib, Nyu-Yorkda, İstanbulda, Moskvada və başqa sənət mərkəzlərində davam edib. Özündən sonra gələn rəssam nəslinin yetişdirilməsinə böyük töhfə verib. Universitet auditoriyalarında, emalatxanalarda, sərgilərdə və beynəlxalq layihələrdə gördüyü işlərlə sənətin yalnız kətan üzərində deyil, insanın düşüncəsində də yaşadığını göstərib. Bəlkə də buna görə İstanbulda onun haqqında danışarkən yalnız “azərbaycanlı rəssam” demək kifayət etmir. O, eyni zamanda Azərbaycan sənətinin Türkiyədəki təmsilçilərindən biri, iki ölkə arasında mədəni körpülər yaradan sənət adamı və yeni rəssam nəslinin müəllimidir.

Bu gün Yeditepe Universitetinin Gözəl Sənətlər Fakültəsində professor kimi fəaliyyətini davam etdirən Teymur Rzayevin Bakıdan başlayan sənət yolu indi yalnız onun şəxsi yolu deyil. Bu yol Azərbaycan sənətinin dünyaya açılan yollarından biridir.

Namiq Qədimoğlu

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see280

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see270

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see263

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see257

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see251

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see251

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see248

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see243

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see243

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see236

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see224

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see223

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see223

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see218

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see216

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see215

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see212

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see211

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see198

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri