“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakıda dünyada məşhur olan yerli və beynəlxalq sərgilər təqdim ediləcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Oktyabrın 30-dan noyabrın 1-dək Bakıda artıq ikinci dəfə təşkil olunan “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində şəhərin müxtəlif məkanlarında beynəlxalq və Azərbaycan müasir incəsənətini əhatə edən sərgilər təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq və üç gün davam edəcək incəsənət həftəsonunun sərgi proqramı müxtəlif bədii yanaşmaları, nəsilləri və coğrafiyaları bir araya gətirərək tamaşaçılara yaddaş, mədəni irs, təbiət, biomüxtəliflik, kimlik və gələcək kimi mövzular üzərində düşünmək imkanı yaradacaq.
Xatırladaq ki, festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.
Sərgi proqramının mühüm istiqamətlərindən biri “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) mövzusudur. Qafqazın təbiəti və biomüxtəlifliyinə həsr olunan layihələrdə heyvanlar yalnız təbiətin bir hissəsi kimi deyil, həm də mədəni yaddaşın, mifologiyanın və kollektiv kimliyin daşıyıcıları kimi təqdim edilir.

Proqramın mühüm layihələrindən biri çinli rəssam Canq Cinin (Zhang Ji) fərdi sərgisi Heydər Əliyev Mərkəzində nümayiş olunacaq. Canq Ci “Həqiqət dərisi” (The Skin of Truth) silsiləsində dini memarlığa müasir elmi və texnoloji dünyada da öz əhəmiyyətini qoruyan qədim bir həqiqətin izi kimi yanaşır. Rəssam məscid, sinaqoq və katedrallarda rast gəlinən memarlıq naxışlarından ilhamlanaraq onları müasir rəngkarlıq dili ilə yenidən şərh edir. Əsərlərin yaradılma prosesi olduqca uzun vaxt və səbir tələb edir. Canq Ci şpris vasitəsilə boyanı kətanın üzərinə çox incə və dəqiq şəkildə tətbiq edir. Bəzi əsərlərin hazırlanmasında hər biri 170 millilitr olmaqla, 120-yə qədər boya tubundan istifadə olunur. Nəticədə kətan üzərində mürəkkəb, təkrarlanan naxışlar yaranır və əsərlər bəzən barelyef heykəlləri xatırladır. Bu texnika əsərlərdə möhkəmlik və keçicilik, quruluş və dağılma arasında maraqlı vizual tarazlıq yaradır.
Proqramın digər beynəlxalq layihələrindən biri italiyalı sənətçi Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) əsəridir. Heydər Əliyev Mərkəzində baş tutacaq layihə rəssamın güzgü motivi ilə uzunmüddətli yaradıcılıq araşdırmasının davamıdır. Pistoletto altı onillikdən artıq yaradıcılığı boyunca güzgüdən tamaşaçını sənət əsərinin bir hissəsinə çevirmək üçün istifadə edib. Onun 1960-cı illərdə yaratdığı “Güzgü rəsmləri” seriyasında tamaşaçının əksi birbaşa əsərə daxil olaraq hər qarşılaşmanı fərqli və bənzərsiz edir. “Əbədiyyət güzgüsü”ndə müəllif bu ideyanı rəqəmsal dövrün imkanları ilə davam etdirir. Layihə süni intellekt vasitəsilə insan portretlərini birləşdirərək əvvəllər mövcud olmayan yeni simalar yaradır. İştirakçı öz portretini sistemə yükləyir, sistem isə onu başqa bir insanın portreti ilə birləşdirərək yeni obraz formalaşdırır. Beləliklə, hər bir portret dəyişməz xatirə kimi deyil, daim yenilənən və yeni qarşılaşmalarla dəyişən rəqəmsal varlıq kimi mövcud olur. Layihə insan, yaddaş, texnologiya və daim yenilənən həyat anlayışları arasındakı əlaqəni araşdırır.

Heydər Əliyev Mərkəzində baş tutacaq növbəti sərgi dünyaca məşhur amerikalı sənətçi Cudi Çikaqonun (Judy Chicago) “Qadınlar dünyanı idarə etsəydilər” (What if women ruled the world) layihəsidir. Əsər Bakı ilə yanaşı, regionda da ilk dəfə təqdim edilir. “DMINTI” ilə əməkdaşlıq çərçivəsində yaradılan bu interaktiv və daim inkişaf edən layihə tamaşaçıları Çikaqonun irəli sürdüyü sualları cavablandırmağa və dünyanın müxtəlif ölkələrindən toplanan cavablar əsasında formalaşan fiziki və rəqəmsal yorğanın yaradılmasına töhfə verməyə dəvət edir. 2022-ci ildən etibarən layihə ABŞ, Meksika, Argentina, Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Hindistan və Türkiyəni əhatə edən qlobal bir arxiv formalaşdırıb. Bakıda ziyarətçilər interaktiv səsyazma kabinəsində sualları cavablandıraraq əsərin növbəti mərhələsinin bir hissəsinə çevrilə biləcəklər. Layihə tamaşaçıları empatiya, əməkdaşlıq və məsuliyyətin əsas olduğu fərqli bir gələcək haqqında düşünməyə dəvət edir.
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndələrini də bir araya gətirəcək.
Maraqla gözlənilən növbəti layihələrdən biri də “Təbiət danışanda.Varislər” (When nature speaks. Heirs) immersiv sərgisidir. Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində təqdim olunacaq layihə müasir incəsənət, memarlıq, texnologiya, səs və performans vasitəsilə insan və təbiət arasındakı münasibəti araşdırır. Qafqazın “Böyük Beşliyi”dən ilhamlanan beş bölmədən ibarət sərgi yaddaş, biomüxtəliflik və gələcək qarşısında məsuliyyət mövzularını ön plana çıxarır. Layihənin mərkəzində Leyla Əliyevanın canlılar aləminə empatiya, mərhəmət və həssas münasibəti əks etdirən əsərləri dayanır.

Festivalın əsas mövzusu olan “Böyük beşlik”in və onun təbiətdən sənətə olan səyahətinin bədii interpretasiyalarından biri “Var Yox” platformasının “Əfsanəvi varlıqlar: Azərbaycanın heyvanlar aləmi” (Legendary Creatures – An Azerbaijani Bestiary) layihəsidir. Heydər Əliyev Mərkəzinin park ərazisində təqdim olunacaq layihə Azərbaycan folklorundakı mifoloji varlıqları ölkənin “Böyük Beşliyi” ilə əlaqələndirir. Burada heyvanlar yerli bilik, folklor və kollektiv yaddaşın daşıyıcıları kimi təqdim olunur və onların gələcək nəsillər üçün qorunmasının vacibliyi vurğulanır.
Azərbaycanın tanınmış müasir incəsənət nümayəndəsi, rəssam Aydan Salahovanın “Qız qalası” (Maiden Tower) adlı fərdi sərgisi isə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunacaq. Rəssamın uşaqlıq xatirələri və emosiyalarından ilhamlanan layihə Qız qalası haqqında regionun ən qədim və məşhur əfsanələrindən birini poetik sənət dili ilə təqdim edir. Heykəltaraşlıq, rəngkarlıq, qrafika, video işləri və əl işi xalça nümunəsi vahid bədii bütövlükdə birləşərək ziyarətçiyə immersiv sənət təcrübəsi yaşadır. Yaddaş, mifologiya, qadın gücü və təxəyyül layihənin əsas mövzularındandır.
İçərişəhərdə yerləşən “QGallery” sərgi salonunda rəssam Faiq Əhməd və Fərid Rəsulovun ortaq “Yaddaşdan ötə” (Beyond Memory) sərgisi festival müddətində təqdim olunacaq. Sərgi Faiq Əhməd və Fərid Rəsulovun “Azərxalça” ASC ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn əsərləri vasitəsilə mədəni yaddaşın necə qorunduğunu və zamanla necə dəyişdiyini araşdırır. “Yaddaşdan ötə” ənənəni keçmişdə qalan sabit bir anlayış kimi deyil, daim yenilənən və yeni məna qazanan canlı proses kimi təqdim edir. Faiq Əhməd ənənəvi xalça naxışlarını təhrif, parçalanma və rəqəmsal müdaxilələr vasitəsilə yenidən qurur. Beləliklə, tanış ornamentlər öz əsas xüsusiyyətlərini qoruyaraq müasir və dəyişkən vizual dilə çevrilir. Fərid Rəsulov isə yaddaşa gündəlik həyatımızın içindən yanaşır. Ev interyerləri, memarlıq elementləri və tanış əşyalar vasitəsilə keçmişin yaşadığımız məkanlarda və ətrafımızdakı predmetlərdə necə iz buraxdığını araşdırır. İki sənətçinin yanaşması bir araya gələrək mədəniyyətin necə formalaşdığını, qorunduğunu və nəsildən-nəslə necə ötürüldüyünü göstərir. Bu sərgi ənənə ilə innovasiya arasında davam edən dialoqa yeni baxış təqdim edir.

“Atəş Hub” platformasının “Sayrışan simvollar” (Shimmering Symbols) qrup sərgisi Şirvanşahlar Sarayında keçiriləcək. Sərgi qədim türk mifoloji düşüncəsində və Azərbaycan mədəniyyətində heyvan obrazlarının yerini araşdırır. Sərginin mərkəzində “Qafqazın Böyük Beşliyi” — Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı dayanır. Bu heyvanlar həm biomüxtəlifliyin nadir nümayəndələri, həm də kollektiv yaddaşda formalaşmış simvolik obrazlar kimi təqdim olunur. Sərgi qədim totemik təsəvvürlərdən müasir vizual mədəniyyətə qədər heyvan obrazlarının keçdiyi dəyişimi izləyir. Yeni media və multidisiplinar sənət praktikaları vasitəsilə bu simvollar müasir ekoloji, mədəni və texnoloji reallıqlar kontekstində yenidən şərh olunur. “Sayrışan simvollar” “Varislər” sənət layihəsinin tərkib hissəsidir. Sərgidə Sabir Abdullazadə, Ramil Aliev, İlqar Aydın, Səbinə Cəfər, Riyad Hüseynov, Emin Mathers, Mariya Mozqovaya, Aliya The Mushroom, Tim Zaripov və Alina Yusupova iştirak edirlər.
Elnarə Nəsirlinin “Fluxus Space”də təqdim olunacaq “Məhdud reallıqlar” (İsolated Realities) sərgisi canlı orqanizmlə onu əhatə edən mühit arasındakı qarşılıqlı əlaqəni araşdırır. Orqanizm ətraf mühitə uyğunlaşmaqla yanaşı, özü də həmin mühiti dəyişdirir və bu proses müxtəlif fiziki və bioloji izlər yaradır. Sərgi məkan, təkrarlanma və bioloji izlər vasitəsilə bu qarşılıqlı təsirin necə formalaşdığını göstərir. Layihə həmçinin lokal dəyişikliklərin daha böyük, qlobal ekoloji proseslərə təsirini araşdırır. Elnarə Nəsirlinin əsərləri elmi müşahidə ilə bədii və poetik yanaşmanı bir araya gətirir. Müxtəlif fiziki izlər və vizual materiallar canlıların yaşadığı mühitin bir növ yaddaşını formalaşdırır. “Məhdud reallıqlar” insanı və təbiəti bir-birindən ayrı deyil, daim bir-birini dəyişdirən və yenidən formalaşdıran vahid sistem kimi düşünməyə dəvət edir.
Rəşid Əl Xəlifənin (Rashid Al Khalifa) İçərişəhərdə, “Bakı Xanlar Bağı”da sərgilənəcək “Yeşik labirinti – ağ” (Crate Maze – White) adlı instalyasiyasında emal boyası ilə rənglənmiş saxlama yeşikləri ticarətin metaforu kimi təqdim olunur. Bu yeşiklər bir tərəfdən sərvəti, digər tərəfdən isə qiymətli malları, fikirləri və mədəni mübadiləni qoruyan, lakin eyni zamanda onları məhdudlaşdıran qəfəsəbənzər strukturları simvolizə edir. Həndəsi tərtibatı, ətrafındakı dəyişən işıq və kölgələr, həmçinin insanı özünə cəlb edən quruluşu vasitəsilə “Yeşik labirinti – ağ” ticarətin həm məhdudlaşdırıcı, həm də birləşdirici qüvvə kimi ikili mahiyyətini vurğulayır. Əsər bir tərəfdən irsi və tarixi yaddaşı qoruyarkən, digər tərəfdən isə sərhədlər arasında hərəkət və əlaqə üçün imkan yaradır.

Bundan əlavə, festival günlərində ziyarətçilər “Artefact Gallery”də azərbaycanlı müasir rəssam Nəzrin Məmmədovanın “QUALIA: TRACE / CODE”, “Gazelli Art House”da Manal Əl-Dəvayan, Sofiya Əl-Mariya, Raya Kassisiyə, Almagül Menlibayeva, Elnarə Nəsirli və Əzizə Qədirinin əsərlərini bir araya gətirən “Hər şey qatlanır, açılır, yenidən qatlanır” (Everything Folds, Unfolds, Folds Again) adlı qrup sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsini, multidisiplinar rəssam Mədinənin yaradıcılığını əks etdirən “Xalçalar diyarı” (Land of Carpets) sərgilərini də izləyə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 24 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















