Baş katib: Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik".
Oxu.Az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev qurumun 20-21 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində "Report"a müsahibəsində deyib.
O, TDT-nin növbəti dövr üçün müəyyənləşdirdiyi prioritetlər, gömrük sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, nəqliyyat dəhlizləri, hərbi əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın TDT-dəki rolu və digər məsələlərdən danışıb.
- Cənab baş katib, son illərdə TDT-nin beynəlxalq nüfuzu və funksional rolu nəzərəçarpacaq dərəcədə artıb. Təşkilatın fəaliyyət dairəsi hansı əsas istiqamətlər üzrə genişlənməkdədir və yaxın perspektiv üçün hansı əsas prioritetlər müəyyən olunub?
- Türk Dövlətləri Təşkilatı son 15 ildə sürətlə inkişaf edərək dinamik və məqsədyönlü regional struktura çevrilib. Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik və hazırda ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət, innovasiya, rəqəmsallaşma, səhiyyə, ətraf mühit və hətta kosmosun tədqiqi də daxil olmaqla, 35-dən çox sahədə fəaliyyət göstəririk.
Gördüyümüz işlər "Türk Dünyası 2040 Baxışı" və "2022-26-cı illər üzrə TDT Strategiyası"na əsaslanır. Əsas məqsədimiz institusional potensialı gücləndirmək, regional əlaqəliliyi artırmaq və türk dünyasının qlobal təsirini genişləndirməkdir. Orta Dəhliz (Trans-Xəzər marşrutu) və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi regiondaxili əlaqələrin genişlənməsinə töhfə verən əsas layihələrlə strateji infrastrukturun inkişafı prioritet olaraq qalır.
Məlum olduğu kimi, TDT çərçivəsində təhlükəsizlik və fövqəladə hallara hazırlıq sahəsində mülki müdafiə mexanizmi yaradılıb və sərhəd idarəçiliyi, kibertəhlükəsizlik sahəsində birgə səylər gücləndirilir. İqtisadi məsələlərə gəldikdə isə diqqətinizi keçən il imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinə (DEPA) yönəltmək istərdim. Bu saziş rəqəmsal əməliyyatlarda etimad və səmərəliliyin artırılması üçün əsas yaradacaq, regionumuzda e-ticarət və rəqəmsal maliyyə xidmətlərinin inkişafını asanlaşdıracaq. Bundan əlavə, Türk "Yaşıl" Maliyyə Şurası yaşıl və davamlı iqtisadiyyata keçidi dəstəkləyən kapital bazarlarının inkişafına olan sadiqliyimizi əks etdirir.
TDT çərçivəsində qeyd olunan iqtisadi mexanizmlərlə yanaşı, Mərkəzi Banklar Şurasının yaradılması da həm vaxtında, həm də strateji əhəmiyyətli bir addımdır. Eyni zamanda, 600 milyon ABŞ dolları ilkin kapital ilə fəaliyyətə başlayan Türk İnvestisiya Fondu (TİF) xüsusilə kiçik və orta sahibkarlıq, logistika, informasiya-kommunikasiya texnologiyaları və yaşıl sənaye sahələrini əhatə edən strateji layihələrin maliyyələşdirilməsinə başlayacaq.
Daha bir mühüm inkişaf isə Ticarətin Asanlaşdırılması Komitəsi ilə bağlıdır. Bu qurum hazırda ticarət proseslərinin sadələşdirilməsi, maneələrin aradan qaldırılması və regionda ümumi biznes mühitinin yaxşılaşdırılması üzərində çalışır.
- Ticari proseslərdən söz düşmüşkən, bilmək istərdik ki, türk dünyası daxilində iqtisadi əməkdaşlığı genişləndirmək və ticarət dövriyyəsini artırmaq üçün konkret hansı addımların atılması nəzərdə tutulur?
- TDT hər zaman məhsuldarlığın artırılması və maneələrin azaldılması, eyni zamanda, mal və xidmətlərin hərəkəti üzrə gömrük prosedurlarının uyğunlaşdırılması sahəsində diqqətlə çalışıb. Bu baxımdan, üzv dövlətlər arasında məhsulların effektiv daşınmasını təmin etmək üçün TDT-nin sadələşdirilmiş gömrük dəhlizi təsis edilib. Bu, şübhəsiz ki, həm Orta Dəhliz, həm də Zəngəzur dəhlizi çərçivəsində rəqabət üstünlüyü yaradaraq e-ticarətin inkişafına və təchizat zəncirlərinin şaxələndirilməsinə yol açacaq.
TDT Orta Dəhliz boyunca nəqliyyat əlaqələrinin gücləndirilməsinə sadiqdir. "E-TIR", "E-Permit" və "E-CMR" kimi bir sıra təşəbbüslər effektiv və fasiləsiz nəqliyyatın qarşısında duran maneələrin aradan qaldırılmasına, eyni zamanda, müxtəlif avtomobil, dəmir yolu və dəniz nəqliyyatı üzrə əməliyyatların sadələşdirilməsi üçün yeni çərçivələrin yaradılmasına xidmət edir.

Bu məqsədlə TDT nəqliyyat sahəsində əməkdaşlığı müntəzəm nazirlər səviyyəsində görüşlər, nəqliyyat üzrə koordinasiya komitələri, nəqliyyatın inkişafı üzrə işçi qrupu və rəqəmsallaşma üzrə alt-işçi qrupu kimi bir sıra mexanizmlər vasitəsilə təşviq edir.
Bəllidir ki, 175 milyon insanın yaşadığı və 4.5 milyon kvadratkilometr ərazini əhatə edən türk dünyası böyük iqtisadi potensiala malikdir. 2024-cü ildə birgə ÜDM-imiz 2.1 trilyon ABŞ dollarını keçdi, ticarət dövriyyəmiz isə 1.1 trilyon ABŞ dollarına çatdı. Ticarət dövriyyəmizi artırmaq üçün xidmətlər və investisiyalar üzrə azad ticarət sazişinin yekunlaşdırılması planlaşdırılır. Bu da təbii olaraq ölkələrimiz arasında ticarət və investisiya axınlarını artıracaq.
Regionumuzun Şərq və Qərb, Şimal və Cənub arasında strateji mövqedə yerləşməsini nəzərə alsaq, ticarətin genişlənməsi üçün böyük potensial mövcuddur. Hazırda TDT-yə üzv dövlətlər ümumi ÜDM göstəricisinə görə dünyada 12-ci yerdə qərarlaşır və birgə xarici ticarət həcmi 850 milyard ABŞ dolları təşkil edir. Lakin bu ticarətin yalnız 7 faizi, yəni təxminən 57 milyard dolları TDT daxilində aparılır. Bir neçə il öncə bu göstərici cəmi 3 faiz idi, buna görə də artım tempi ümidvericidir. Məqsədimiz bu göstəricini tez bir zamanda 10 faizə çatdırmaqdır.
- Bu hədəfə çatmaq üçün hazırda hansı işlərin görülməsinə ehtiyac olduğunu düşünürsünüz?
- Buna nail olmaq üçün biz əsas maneələri, xüsusilə, nəqliyyat və logistika sahəsindəki çətinlikləri aradan qaldırmalıyıq. Bu istiqamətdə fəal işlər görülür, BMT ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) tərəfindən uzunmüddətli layihələr həyata keçirilir.
Orta Dəhliz boyunca infrastrukturun təkmilləşdirilməsi 2030-cu ilə qədər daşınan yüklərin həcmini üç dəfə artıraraq 11 milyon tona çatdırmağı hədəfləyir. Bu dəhlizin mühüm tərkib hissəsi olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi tranzit məsafələrini əhəmiyyətli dərəcədə azaldacaq və ildə 15 milyon tonadək yük daşımaq potensialına malik olacaq.
Biz nəqliyyat və gömrük sahəsində də əhəmiyyətli irəliləyişlərə nail oluruq. Əvvəldə də qeyd etdiyim Sadələşdirilmiş gömrük dəhlizi ("Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Saziş - red.), Beynəlxalq birləşmiş yükdaşımalar ("Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" Saziş - red.) kimi sazişlər və "E-Permit", "E-CMR", "E-TIR" kimi rəqəmsallaşma təşəbbüsləri logistikanın sadələşdirilməsinə və ticarət səmərəliliyinin artırılmasına kömək edir. Bütün bu səylər regionda iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və üzv dövlətlər arasında ticarət axınlarının yaxşılaşdırılmasına xidmət edir.
Bundan əlavə, biz kosmosun tədqiqi sahəsində əməkdaşlığın yeni mərhələsinə keçmişik. Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə ortaq türk peykinin hazırlanması və orbitə buraxılması ilə bağlı saziş imzalandı. Bu peyk meteoroloji müşahidə, fəlakət xəbərdarlığı, aqromonitorinq və məhsuldarlığın qiymətləndirilməsi məqsədləri üçün istifadə olunacaq. Bu peykin hazırlanması TDT çərçivəsində kosmos sahəsində əməkdaşlığın simvol layihəsinə çevrilə bilər.
Hazırda sənaye, ədliyyə və mərkəzi seçki orqanları nazirlərinin birgə fəaliyyəti daxil olmaqla 15-dən çox yeni əməkdaşlıq formatı işə salınıb. Təhsil sahəsində isə Türk Universitetləri İttifaqı vasitəsilə birgə diplom proqramları və tələbə-müəllim mobillik sxemləri irəliyə aparılır.
Son illərdə fəaliyyət sahəmiz yaşıl enerji və iqlim dayanıqlılığı kimi yeni istiqamətləri də əhatə edir. Bu sahədə "Türk Yaşıl Baxışı" və Budapeştdə fəaliyyət göstərən Quraqlığın Qarşısının Alınması İnstitutu kimi təşəbbüslər həyata keçirilir.
- Son zamanlar ortaq təhlükəsizlik və müdafiə mexanizmləri də gündəmə gəlir. TDT çərçivəsində hərbi əməkdaşlıq sahəsində hansı təşəbbüslər var?
- Türk Dövlətləri Təşkilatında (TDT) hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq regional sabitliyə və ortaq strateji maraqlara əsaslanan bir yanaşma ilə getdikcə daha mühüm bir istiqamətə çevrilib.
İstanbul və Səmərqənd Zirvə Bəyannamələrində dövlət başçıları üzv dövlətlərə qarşılıqlı maraq doğuran məsələlər üzrə sıx koordinasiyanın təmin olunması məqsədilə müntəzəm siyasi və təhlükəsizlik məsləhətləşmələrinin aparılmasını tapşırdılar. Bu istiqamət "Türk Dünyası 2040 Baxışı" sənədində daha ətraflı şəkildə ifadə olunub. Həmin sənəddə radikallaşma, ekstremizm, islamofobiya, ksenofobiya, terrorizmə qarşı mübarizə və sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədilə üzv dövlətlər arasında geniş əməkdaşlıq və məlumat mübadiləsi şəbəkəsinin qurulması strateji məqsəd kimi göstərilib.
TDT-nin 2022-26-cı illər üzrə Strategiya sənədi də müdafiə sahəsində əməkdaşlıq üçün aydın məqsədləri müəyyən edir. Bu sənəddə müvafiq milli qurumlar və müdafiə sənayesi təşkilatları arasında texniki əməkdaşlığın gücləndirilməsi, hərbi innovasiya, müdafiə texnologiyaları və aviasiya sahələrində məlumat və təcrübə mübadiləsi mexanizmlərinin qurulması tövsiyə olunur.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə bu il TDT yeni bir təşəbbüsə başlayır. 2025-ci ilin iyul ayında IDEF-2025 sərgisi çərçivəsində üzv dövlətlərin müdafiə sənayesi institutlarının rəhbərlərinin ilk görüşünün keçirilməsi planlaşdırılır. Bu tədbir çoxtərəfli müdafiə sənayesi əməkdaşlığına başlamaq baxımından mühüm bir addım olacaq. Bunun ardınca türk dövlətlərinin müdafiə nazirlərinin ilk görüşünün təşkilinə hazırlıq işləri başlayacaq.
Bundan əlavə, TDT çərçivəsində "Ortaq Təhlükəsizlik Konsepsiyası" müzakirə olunur. Bu təşəbbüs ortaya çıxan təhdid və çağırışlara qarşı vahid mövqe və əlaqələndirilmiş reaksiya formalaşdırmaqla türk dünyasında kollektiv təhlükəsizliyi möhkəmləndirməyə yönəlib.

- Cənab baş katib, Azərbaycanın türk dünyasındakı rolu həm siyasi, həm də iqtisadi baxımdan güclənməkdədir. Maraqlıdır, postmünaqişə dövründə Azərbaycanın təşəbbüsləri və regional əməkdaşlıq üçün yaratdığı imkanlar TDT-nin gündəmində necə əks olunur?
- Azərbaycan Türk Dövlətləri Təşkilatının təsisçi üzvüdür, təşkilatın yaradılması haqqında Saziş 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində imzalanıb.
İlk növbədə, qeyd etmək lazımdır ki, coğrafi baxımdan türk regionunun mərkəzində yerləşən Azərbaycan birləşmiş türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Ortaq tarix, dil, mədəniyyət və ənənələrlə digər türk dövlətləri ilə bağlı olan Azərbaycan türk dünyasında körpü rolunu oynayır.
İkincisi, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əldə etdiyi mühüm siyasi, iqtisadi və sosial inkişafı qürurla qeyd edə bilərik. Azərbaycan ötən illər ərzində beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu sübut edib.
Dünyada mövcud olan ciddi siyasi-hərbi təlatümlər dövründə hər hansı bir ölkənin sülhü, sabitliyi və təhlükəsizliyi qorumaq iradəsi və bacarığı böyük dəyər qazanır. Türk dünyasının bir hissəsi olan Azərbaycanın bu istiqamətdəki siyasəti nümunə ola bilər. Bu gün beynəlxalq hüquq prinsipləri əsasında suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Azərbaycan təkcə ölkə daxilində deyil, həm də regionda və daha geniş miqyasda sülhə, sabitliyə və rifaha güclü töhfə verir.
Bundan əlavə, Azərbaycan türk dünyası regionunda ticarət, nəqliyyat və kommunikasiya sahələrinin inkişafı baxımından da çox mühüm ölkədir. Azərbaycan türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli formatda enerji və nəqliyyat üzrə regional layihələrin təşəbbüskarlarından biridir. Məlum olduğu kimi, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər bu kimi genişmiqyaslı regional enerji və nəqliyyat layihələrini həyata keçirib.
Həmçinin, 2022-ci il dekabrın 17-də Azərbaycan tərəfindən Gürcüstan, Macarıstan və Rumıniya ilə imzalanmış saziş yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığın qurulmasına yönəlib. Bu layihə Qara dənizin altından keçən sualtı elektrik kabelinin inşasını nəzərdə tutur və nəticədə Azərbaycandan Gürcüstan vasitəsilə Rumıniyaya, oradan isə Macarıstana qədər uzanan bərpaolunan enerji ötürmə dəhlizi yaradılacaq. Hesab edirik ki, bu layihə Avropa İttifaqı üçün yeni və etibarlı enerji mənbəyinə çevrilə bilər.
Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələrini və Türkiyəni öz ərazisindən birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin artırılması üçün yatırımları artırır.
Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının müntəzəm görüşləri ilə yanaşı, hər il bir dəfə qeyri-rəsmi zirvə görüşləri də keçirilir. Belə görüşlərdən birinə 2024-cü ildə Azərbaycan Şuşa şəhərində ev sahibliyi etmişdi və həmin görüş "Nəqliyyat, Kommunikasiya və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin Qurulması" mövzusuna həsr olunmuşdu.
2025-ci ildə isə Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvəsinə ev sahibliyi edəcək və bunun ardınca Təşkilatda sədrliyi həyata keçirəcək.
Türk Dövlətləri Təşkilatının Katibliyi olaraq Azərbaycanın rəhbərliyi tərəfindən türk dünyasının gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində nümayiş etdirilən güclü siyasi iradəni daim hiss etmişik. Bu baxımdan, 2024-cü il fevralın 14-də keçirilmiş andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına istinad etmək istərdim. Prezident çıxışında vurğuladı ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün prioritet və əsas beynəlxalq təşkilatdır, çünki bu təşkilat bir ailədir.
Prezidentin sözlərinə görə, türk dünyası geniş coğrafiyaya, böyük əraziyə, güclü hərbi potensiala, əhəmiyyətli iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat marşrutlarına, gənc və artmaqda olan əhaliyə, eyni kökdən gələn xalqlara malikdir - "Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz birgə səy göstərməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada mühüm bir aktora və güc mərkəzinə çevrilsin. Biz buna yalnız birlikdə nail ola bilərik".
- Bəs TDT-nin digər beynəlxalq təşkilatlarla - BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa İttifaqı (Aİ) və Qoşulmama Hərəkatı ilə tərəfdaşlıq və diplomatik əlaqələri hansı səviyyədədir? Təşkilatın qlobal miqyasda söz sahibi olması üçün hansı addımlar atılır?
- TDT beynəlxalq nüfuzunu gücləndirmək məqsədilə qlobal təsisatlarla strateji əməkdaşlıq vasitəsilə aktiv şəkildə fəaliyyət göstərir. Biz BMT-nin "UN-Habitat", ÜST, FAO və UNIDO kimi bir sıra qurumları ilə anlaşma memorandumları və fəaliyyət planları imzalamışıq. Bu razılaşmalar dayanıqlı şəhərlərin inkişafı, səhiyyə hazırlığı, ərzaq təhlükəsizliyi və təmiz enerji kimi ortaq hədəflərə yönəlib.
Bundan əlavə, TDT-nin ASEAN, ATƏT, Körfəz Əməkdaşlıq Şurası (GCC), İƏT və Afrika İttifaqı ilə əlaqələri türk dünyasından kənarda da diplomatik təsirini artırır.
Biz, həmçinin Avropa İttifaqının üzvü və türk dünyası ilə Avropa arasında strateji körpü rolunu oynayan Macarıstan vasitəsilə Aİ ilə münasibətləri inkişaf etdiririk. Macarıstanın Aİ sədrliyi çərçivəsində TDT Katibliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış Yol Xəritəsi ticarət, təhsil, innovasiya və ətraf mühitin idarə olunması sahələrində daha sıx əməkdaşlığın əsasını qoydu.


