“Bir qalanın sirri”nin Elşəni niyə öz taleyinin qurbanına çevrildi? Kinomuzun itirilmiş ulduzu
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün məşhur aktyor, yazıçı və rəssaam Gündüz Abbasovun doğum günüdür.
Kulis.az Nəriman Əbdülrəhmanlının "Gündüz Abbasov: Ekranla söz arasında" yazısını təqdim edir.
1.Filmlər, kitablar, bir də xatirələr
Ötən əsrin səksəninci illərində tez tez babasının – böyük dramaturqumuz Cəfər Cabbarlının - adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında, bəzən də yaşadığı binanın yaxın yaxınlığındakı Filarmoniya bağında rastlaşırdıq...
Onda böyük dramaturqun nəvəsi, bir vaxtlar kinostudiyanın direktoru işləmiş Şəmsəddin Abbasovun oğlu olduğunu bilmirdim – bunları bir qədər sonra öyrənəcəkdim...
Söhbətlərindən başqa zamanın adamı olduğunu, get-gedə dəyişən mühitlə ayaqlaşa bilmədiyini, iç dünyasını insanlara açmaq istəmədiyini duyurdum. Daha çox çəkildiyi filmlərdən, yazmaq istədiyi mövzulardan danışırdı. 80-ci illərin axırı – 90-cı illərin əvvəllərindəki coşqun və qarışıq dövrdəsə sanki çaşqınlıq işindəydi, hadisələrdən baş çıxara bilmirdi
Günlərin birində də Haqqa qovuşduğundan xəbər tutdum. Onda 65 yaşını tamamlamağa cəmi üç ay qalmışdı...
Bir vaxtlar kinomuzda Nodar Şaşıqoğluyla müqayisə olunan, onun da taleyini təkrar eləyən Gündüz Abbasovdan filmlər, üç kitab, çapını gözləyən əlyazmalar, bir də xatirələr qaldı...
2. İstedadı ona böyük gələcək vəd eləyirdi...
Onun taleyinə adlı-sanlı, ziyalı və nüfuzlu ailədə doğulmaq düşmüşdü...
Gündüz 1930-cu il noyabrın 20-də Bakının məşhur Dağlı məhəlləsində Abbasovlar ailəsində doğulmuşdu. Anası - musiqiçi, pedaqoji və tibb təhsili olan ziyalı qadın, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası - tanınmış yazıçı və jurnalist, bir vaxtlar Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru olmuş Şəmsəddin Abbasov idi. Adını da elə babasının “Sevil” pyesindəki Balaşın oğlu Gündüzün adını qoymuşdular.
Sənətlə sıx bağlı olan ailədə böyüdüyündən uşaqlığı teatr və kino mühitində, yaradıcı adamlar arasında keçirdi, o vaxtdan da rəssamlığa, bədii yaradıcılığa sonsuz maraq göstərirdi. Bu da təsadüf deyil ki, arzusu onu 1952-ci ildə Bakı Rəssamlıq məktəbinə, bir müddət sonra -1956-cı ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə gətirib çıxarmışdı.
Mütaliəyə uşaqlıqdan sonsuz marağı vardı. Tələbəlik illərində isə artıq ədəbi yaradıcılığa meyl göstərmiş, hekayələr qələmə almış, özünü tərcümədə sınamışdı. O, 50-60-cı illərdə böyül ümidlər vəd edən gənc yazıçılardan sayılırdı, üç kitabı nəşr edilmiş, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunmuşdu. Narahat təbiəti üzündən bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, “Uşaqgəncnəşr” və “Azərnəşr”də redaktor, sonra “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri işləmiş, axırda kinostudiyaya üz tutmuşdu...
İndi onu xatırlayanlar deyirlər ki, Gündüz nəsrlə ciddi məşğul olsaydı, ədəbiyyatımızın ən sanballı simaların birinə çevrilərdi, amma ekrana olan sevgisi onu çox şeydən məhrum elədi...
3. Nakam sevginin arxasınca
Gündüz Abbasov kinoda ilk addımını 1942-ci ildə çəkilmiş “Sovet pəhləvanı” adlı qısametrajlı bədii filmdə olmuşdu…
Həmin vaxt on iki yaşlı Gündüz ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr edilmiş ekran əsərində onun kiçik dostu balaca çoban obrazını yaratmışdı. Görünür, bu fakt o vaxt Bakı kinostudiyasının direktoru olan atası Şəmsəddin Abbasovla da bağlıydı. Amma hər halda ekran sənətiylə ilk təması baş vermisdi.
Deyilənə görə, 40-cı illərin axırlarında vaxt Gündüzün atası Şəmsəddin Abbasov “Babək” kinossenarisi yazmış, filmin quruluşu rejissor Hüseyn Seyidzadəyə tapşırılmışdı. Gündüz həmin filmdə Babək obrazını canlandırmaq arzusu ilə yaşayırdı. Amma Moskvadakı kino rəhbərləri filmin çəkilişinə icazə verməyiblər.
Rəssamlıq Məktəbində oxuyanda yar-yaraşııyla ad çıxarmışdı, həm də dəblə və xüsusi zövqlə geyinirdi. 1954-cü ildə 15 yaşlı Tamilla Məmmədzadəyə də elə o vaxt vuruldu, əlaltdan yaşını üç il artırmaqla evləndi, üç övladı dünyaya gəldi…
Gündüz Abbasovun böyük kinoya gəlişi yalnız 1958-ci ildə gerçəkləşdi. Həmin il rejissor Əjdər İbrahimov Bakı kinostudiyasında yazıçı-dramaturq İmran Qasımovun ssenarisi üzrə “Onun böyük ürəyi” bədii filmini çəkirdi. O, Nodar Şaşıqoğluyla rəqabət aparan Gündüzə gənc prokuror Rəcəb obrazını tapşırdı. Həmin film yaddaşında bir də ona görə dərin iz saldı ki, altıaylıq qızı Şəhla kinoda ilk addımını atmış, Rəcəbin bacısı Səmayənin qızı kimi (körpəlik dövrünü) çəkilmişdi.
Filmdə cərəyan edən hadisələr Böyük Vətən müharibəsindən əvvəlki, müharibə illərini və müharibədən sonrakı dövrləri əhatə edir. Gündüz Abbasovun qəhrəmanı əvvəlcə 20 yaşında, filmin sonunda isə 40 yaşında təsvir edilir.
Bu obraz onu tamaşaçılara istedadlı kinoaktyor kimi tanıtdırdı. Təsadüfi deyil ki, Əlisəttar Atakişiyev 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında çəkdiyi “Bir qalanın sirri” film-nağılındakı Elşən roluna Gündüz Abbasovu dəvət elədi.
İndi də maraqla baxılan həmin ekran əsərinin baş qəhrəmanı Elşən məkrli Göygöz Kosaya qalib gəlib sevgilisi Mətanəti düşmən əsirliyindən xilas eləyir.
Onda Gündüz Abbasov Azərbaycan Dövlət Radiosunda “Gənclik” redaksiyasının baş redaktoruydu, efirə gedən verilişlərin senarisini özü yazırdı...
4. Barlı-bəhrəli illər
Gündüz Abbasov ədəbiyyatla əlaqəsini kəsməsə də, şübhəsiz ki, yaradıcılığının ən zəngin illəri Azərbaycan kinosu ilə bağlıydı…
O, 1959-cu ildə istehsalata buraxılan “Koroğlu” filmində baş rolu ifa etməliymiş. Həmin vaxt “Bir qalanın sirri” filminin müəyyən epizodları Moskvada çəkildiyindən, ora gedibmiş. Onu sınaq çəkilişlərinə dəvət eləmək üçün Moskvaya, çəkiliş qrupunun ünvanına teleqram vururlar, rejissor Əlisəttar Atakişiyev isə bunun aktyor ifasına pis təsir eləyəcəyini düşündüyünə görə, teleqramı Gündüzə verməyib. Buna görə də rejissor Hüseyn Seyidzadə cavab almadığına görə, Koroğlu roluna Əfrasiyab Məmmədovu təsdiqləyir.
Deyilənə görə, Gündüz Abbasov elə həmin vaxt da çəkilişinə hazırlıq görülən “Şah İsmayıl” filmində Şah İsmayıl roluna təsdiq olunur. Amma o, foto və kino sınaq çəkilişlərindən uğurla çıxsa da filmin istehsalı müəmmalı şəkildə baş tutmur.
O, 60-cı illərin əvvəllərində “Aygün” (televiziya filmi, Elyar, 1960), “Bizim küçə” (Rasim, 1961), “Leyli və Məcnun” (Zeyd, 1961), “Telefonçu qız” (Mehribanın atası, 1962), filmlərində müxtəlif səpkili obrazlar yaratmış, ekranın ən çox tələb olunan simalarından birinə çevrilmişdi.
Elə o dövrdə də ali təhsil almaq fikrinə düşmüş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmiş, “Uşaqgəncnəşr”də redaktor işləməyə başlamışdı, hekayələr yazır, kitabını nəşrə hazırlayırdı…
5. Şöhrətin gətirdiyi boşluq və… ikinci cəhd
Lakin şöhrətin gətirdiyi başgicəlləndirmə hər şeyi darmadağın elədi…
Özündən 17 yaş böyük olann şöhrətli aktrisa Hökumə Qurbanovayla eşq yaşaması ailəsinin dağılmasına səbəb oldu. Həyat yoldaşı oğlunu da götürüb evdən getdi, “onun acığına” filmlərdə çəkildi, hətta M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdi. Yazıçı Əzizə Əhmədovanın “Mavi gözlərin işığı” romanı da elə onların həyatından bəhs eləyir.
Gündüz düz 13 il ekrandan ayrı düşdü. Artıq rejissorlar bohem həyat keçirən Gündüzü filmlərə dəvət eləmirdilər, görünür, ideoloji qadağalara boyun əymək məcburiyyətindəydilər.
Gündüz Abbasov 50-60 - cı illərdə nəşr olunan bir çox kitabın rəssamı, həm də üç kitab müəllifiydi. O dövrə səs salmış “Papasının qızı”, satirik-yumoristik hekayələrdən ibarət “Canlı körpü”, dostu Səttar Bəhlulzadəyə həsr elədiyi “Qanadlar” kitabları nəşr olunmuşdu. Sonuncu kitabındakı “Qanadlar” hekayəsi də Səttar haqqındaydı, cildinin tərtibatını da özü vermişdi. Tərcüməylə də məşğul olurdu, 20-yəcən əsər çevirmişdi, sonuncusu Kristina Nöstlingerin “Lollipop” povestiydi.
Elə o vaxtlar “Uşaqgəncnəşr”dən “Azərnəşrə keçmək məcburiyyətində qalmışdı, nəsr yaradıcılığı da istədiyi kimi irəliləmirdi. Belə bir vəziyyətdə onun mənəvi müvazinətini yalnız ailə mühiti təmin eləyə bilərdi. 1969-cu ildə ikinci dəfə evləndi, iki övladı dünyaya gəldi, həyatı az-çox qaydasılna düşməyə başladı.
Çəkiliş meydançasına 1974-cü ildə qayıtdı, “Dədə Qorqud” (Bəybura, 1975), “Çətirimiz buludlardır” (1976), “Xoşbəxtlik qayğıları” (1976), “Qərib cinlər diyarında” (İblis, 1977), “Vulkana doğru” (Uzun, 1977), “Babək” (Pərvinin babası, 1979) filmlərdə tamaşaçılar qarşısına çıxdı. Pərəstişkarları onun obrazlarında keçmiş yaradıcılıq yanğısının izlərini axtardılar, tapmayıb kədərləndilər.
O da görünür, adi həyat ölçülərinə sığışmaqda çətinlik çəkirdi. 1979-cu ildə ailə həyatına bir daha son qoydu, üç il çəkiliş meydançasından uzaq düşdü, həyatını tək-tənha yaşadı...
Amma 1982-ci ildə bir daha ekrana qayıdan Gündüz Abbasovun “İşgüzar səfər” (1982), “Evlənmək istəyirəm” (1983), “İşarəni dənizdən gözləyin”, “Qəm pəncərəsi” (1986), “Sürəyya” (1987), “Şeytan göz qabağında” (1987), “Alman klinikasına şəxsi səfər” (1988), “Doğma sahillər” (1989), “Həmyerli” (q/m, 1989), filmlərində yaratdığı ikinci planlı və epizodik obrazlar böyük yaradıcılıq potensialından xəbər verirdi.
O illərdə “Mozalan” respublika kinojurnalının bir çox kinosüjetlərində də çəkildi, Ukraynanın A.Dovjenko adına kinostudiyanın istehsalı olan ““Piliqrim”in kapitanı” (1986) bədii filmində qoca dənizçi rolunu ifa elədi.
Amma artıq rejissorlar ona arzuladığı baş rolları təklif eləmirdilər...
6. Ömrü boyu ekranda özünü axtardı...
“Bir qalanın sirri” filmindən sonra Gündüz Abbasov hey ekranda özünü axtatmış, amma gözlədiyi və yaratma istədiyi obrazlarla qarşılaşmayıb taleyinə qarşı hiddətlənmişdi.
İlk televiziya bədii filmi olan “Aygün” filmində rolu epizodik olsa da, maraqlıydı, “Telefonçu qız” filmindəki Mehribanın atası rolu da tamaşaçıda ifaçının yaradıcılıq imkanlarına təxminən eyni hisslər bəsləməsinə imkan verirdi, lakin digər filmlərdəki baş rolları ayrı aktyorlar oynayırdılar.
Gündüz Abbasov 70-80-ci illərdə çəkildiyi filmlərdə müxtəlif planlı xarakterik obrazlar yaradırdı. “Kitabi Dədə-Qorqud” dastanının motivləri əsasında çəkilmiş “Dədə Qorqud” filmində o, Bəybura obrazını yaradıb. Oğlunun başına gətirilən oyunlar Bəyburanı sarsıdıb, kor edib. Amma ata ümidini üzməyib, inanır ki, nə vaxtsa oğlu ilə görüşəcək. Onun oğlu Beyrəklə görüşü filmin ən maraqlı səhnələrindəndir. Həmin məqamda atanın keçirdiyi hissi, həyəcan dolu sevinci aktyor tamaşaçıya inandırıcı şəkildə çatdırıb.
O, “Qəm pəncərəsi” filmində kasıb kəndlilərin ümumiləşdirilmiş obrazı qoca Kərbəlayı rolunu oynadı. “İşarəni dənizdən gözləyin” tarixi-inqilabi filmində aktyor dövrünün böyük mütəfəkkiri, şair Məhəmməd Hadinin prototipini yaradıb, obrazın daxili aləminə nüfuz eləməyi, onun zəngin mənəviyyatını üzə çıxarmağı bacarıb.
Təbii ki, Gündüz Abbasov da bütün yaradıcı adamlar kimi, hamının diqqətini cəlb edəcək, şöhrətini dünyaya yayacaq sənət uğurları arzulayırdı. Müasirlərinin şəhadətinə görə, həyatında bir neçə dəfə bu cür imkan yaranmışdı.
Amma təsadüflər o imkanların gerçəkləşməsinə imkan verməyib…
7. Gerçəkləşməmiş arzuların ağrısı
Gündüz Abbasovun sonuncu ekran işi rejissor 2001-cü ildə rejissor Fikrət Əliyevin quruluş verdiyi “Yuxu” filmində oldu…
O, həmin filmdə sanki özü-özünü oynayır. Hidayət kişi epizodik roldu, amma xarakterik cizgiləri ilə tamaşaçının diqqətini cəlb eləyir: yorğun, qayğılı, həyatın çətinliklərindən çıxmış Hidayət kişi sanki aktyorun öz obrazını da ekrana köçürmüşdü.
Elə həmin vaxt da İsi Məlikzadə olan “Güllələnmə təxirə salınır” filminin senarisi redaktə eləmiş, daha doğrusu, “bakılılaşdırmışdı”, amma nədənsə o filmə dəvət olunmamışdı.
Ömrünün son illərində həyatında rastlaşdığı görkəmli adamlarla bağlı xatirələrini yazırmış. Atası Şəmsəddin Abbasov 30-40-cı illərdə Mikayıl Müşfiqlə, Mir Cəlalla çox yaxın dost olmuşdu, Gündüz evlərində dövrün görkəmli sənət adamlarını görmüşdü. Özü Yusif Vəliyev, Həşim Qadoyev, Salam Qədirzadə, Əli Kərim, Nəriman Həsənzadə, Qabil, Abbas Zamanov, İsmayıl Şıxlıyla yaxın ünsiyyət saxlayırdı. Bütün bunlar, əlbəttə ki, o xatirələrin sanbalından-çəkisindən xəbər verir.
Hətta Gündüz Abbasovun “Keçmişsiz” adlı roman üzərində işlədiyini xatırlayanlar da var. Tez-tez söhbətlərində roman üzərindəki işindən danışırmış, əlbət ki, o “keçmişsiz adam” da özüymüş.
“Atam iyirmi günün içərisində getdi, - qızı Şəhla xanım xatırlayırdı. - Qaraciyəri serroz idi. Bir dəfə dedi ki, ayaqlarım ağrıyır. Elə o ağrı ilə də yatağa düşdü. Sin günü axşamadək eləcə bir nöqtəyə baxdı, baxdı, birdən qayıdıb dedi ki, “peşman olmuşam”. Elə ondan sonra da vəziyyəti pisləşdi və dünyasını dəyişdi”.
Bu da 1995-ci il avqustun 21-də baş verdi.
Gündüz Abbasovdan kitablar, rəsmlər, əlyazmalar, bir də ekrandakı irili-xırdalı obrazlar qaldı…
2025, sentyabr
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 20 Noyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















