“Biz analoqsuz, anlaqsız şəkildə tərsinə qurulmuş bir təhsil sistemi yaratmışıq. İndi isə...”
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev: “ ... cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik…”
“2024-cü ildə Türkiyənin cəmi 3 aparıcı universitetinin — İstanbul Universiteti, ODTU və Hacettepe Universitetinin ümumi büdcəsi 1 milyard dollara yaxın olub. Bu rəqəm Azərbaycanın təxminən 50 universitetinin toplam büdcəsindən dəfələrlə çoxdur…”
“ETN nə elm, nə də təhsil sahəsindəki fundamental problemləri səmərəli şəkildə həll etmək iqtidarında deyil…”
“Əgər bu gün təhsilə dair fövqəladə addımlar atılmasa, sabah çox gec olacaq. Son 25 ildə “təhsil islahatı” adı altında həyata keçirilən proseslərin böyük əksəriyyəti uğursuzluqla nəticələnib…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Seytnota düşən təhsilimiz: itirilmiş 25 il, tərsinə qurulan sistem və gecikmiş cəsarət...” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Hər bir dövlətin inkişafında təhsil və insan kapitalı əsas həlledici amillərdən biridir. Bu, mübahisə predmeti deyil, artıq qlobal miqyasda sübut olunmuş faktdır. Lakin faktların qəbul edilməsi ilə onların düzgün idarə olunması arasında dərin uçurum var. Azərbaycan təhsili bu gün məhz həmin uçurumun içindədir.
Milli təhsil sistemimiz qlobal trendlərə uyğun kosmetik yox, struktur transformasiyaya ehtiyac duyur. Əks halda, strateji sənədlərdə tez-tez vurğulanan rəqəmsal iqtisadiyyata keçid yalnız kağız üzərində qalacaq. Çünki rəqəmsal iqtisadiyyat rəqəmsal texnika ilə deyil, rəqəmsal düşüncə ilə qurulur. Bu düşüncə isə yalnız keyfiyyətli təhsil nəticəsində formalaşır...
İSLAHAT ADI ALTINDA İTİRİLƏN ZAMAN...
Bu məqsədlə elmə əsaslanan, sistemli təhsil islahatı proqramları hazırlanmalı, adekvat maliyyələşdirilməli və ən əsası, icrası peşəkar kadrlara həvalə edilməlidir. Təəssüf ki, son 25 ildə biz bunun əksini etdik. İslahatlar strategiya ilə yox, kampaniya məntiqi ilə aparıldı. Nəticədə vaxt da itirdik, pul da...
Bu gün artıq açıq demək lazımdır: daha itirməyə nə vaxtımız var, nə də maliyyə resursumuz...
Köklü və dərin təhsil islahatları aparılmadan, keyfiyyətsiz və məntiqi baxımdan tərsinə qurulmuş mövcud sistemdən xilas olmaq mümkün deyil. Bu sistem nə rəqabətədavamlıdır, nə də millətin gələcəyini təmin edə bilər.
POSTNEFT DÖVRÜ: TƏHSİLİN SON ŞANSI...
Azərbaycanın postneft dövründəki perspektivləri birbaşa bu günkü elm və təhsilin real vəziyyətindən asılıdır. Bu həqiqət ölkə rəhbərliyi səviyyəsində dəfələrlə vurğulanıb. Prezident İlham Əliyevin bu fikirləri məsələni son dərəcə sadə və sərt şəkildə izah edir:
“İnkişaf etmiş ölkələrin tərəqqisi ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox… Texnologiyalar beyin mərkəzlərindən, elmi mühitdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir.”
Bəli, məsələ doğrudan da sadədir. Amma qəribədir ki, bu sadə həqiqət illərdir idarəetmə səviyyəsində praktiki nəticəyə çevrilmir...
25 İLİN ELM-TƏHSİL İFLASI...
Əgər bu gün təhsilə dair fövqəladə addımlar atılmasa, sabah çox gec olacaq. Son 25 ildə “təhsil islahatı” adı altında həyata keçirilən proseslərin böyük əksəriyyəti uğursuzluqla nəticələnib. Milyardlarla manat vəsait xərcləndikdən sonra ortaya çıxan sistem nə müasir tələblərə cavab verir, nə də sağlam məntiqə...
Açıq demək lazımdır: biz analoqsuz, anlaqsız şəkildə tərsinə qurulmuş bir təhsil sistemi yaratmışıq. İndi isə bu səhvləri qısa müddətdə düzəltmək məcburiyyətindəyik. Bacaracayıqmı?
ELM VƏ TƏHSİL NAZİRLİYİ: PROBLEMİN HƏLLİ, YOXSA ÖZÜ?..
Görünən mənzərə isə olduqca narahatedicidir. ETN nə elm, nə də təhsil sahəsindəki fundamental problemləri səmərəli şəkildə həll etmək iqtidarında deyil. Daha pisi odur ki, bu qurumda nə real islahat iradəsi, nə peşəkar strateji düşüncə, nə də yetərli elmi-intellektual potensial hiss olunur.
Bu artıq fərdi yanaşma deyil, sistemli ictimai müşahidənin nəticəsidir.
RƏQƏMLƏRİN DANIŞDIĞI HƏQİQƏT...
Təhsil siyasətinin keyfiyyəti təkcə niyyətlə yox, resursların necə idarə olunması ilə ölçülür. Region ölkələri ilə müqayisə bu baxımdan çox şey deyir.
2024-cü ildə Türkiyənin cəmi 3 aparıcı universitetinin — İstanbul Universiteti, ODTU və Hacettepe Universitetinin ümumi büdcəsi 1 milyard dollara yaxın olub. Bu rəqəm Azərbaycanın təxminən 50 universitetinin toplam büdcəsindən dəfələrlə çoxdur. Eyni ildə Türkiyə universitetləri müxtəlif mənbələrdən 50 milyon dollardan artıq qrant əldə edib.
Rusiya Federasiyasında isə yalnız iki universitetin — MDU və Sankt-Peterburq Dövlət Universitetlərinin hər birinin büdcəsi bizim 50 universitetin toplam büdcəsini üstələyir. RF-də 2024-cü ildə ETN elmin inkişafı üçün 118 universitetə 130 milyon dollar həcmində qrant ayırıb. Bu siyasət 30 ildən çoxdur ardıcıl şəkildə davam edir...
BİZDƏ NƏ VAR?..
Azərbaycanda isə vəziyyət tam əksinədir. ETN universitetlərə heç vaxt qrant proqramı tətbiq etməyib, alimlərin və universitetlərin təhsil yönlü innovativ təşəbbüslərini maliyyələşdirməyib, digər mənbələrdən təhsil layihələrinə maliyyə cəlb edə bilməyib.
Əvəzində mövcud olan cüzi resurslar da təhsilə aidiyyəti olmayan, mənasız və formal layihələrə xərclənib. ETN bunu yaxşı bacarır.
Davamlı müşahidələr göstərir ki, ETN universitetləri dəstəkləmək əvəzinə, onlardan öz yaratdığı TİF Fonduna fasiləsiz maliyyə tələb edir. Paralel olaraq “Məktəblinin dostu” kimi faydasız layihələrə hər il on milyon manat vəsait sərf edir.
TƏRSİNƏ QURULMUŞ SİSTEMİN ETİRAFI YOXDUR...
Bütün bu faktlar bir daha sübut edir ki, təhsilimiz doğrudan da tərsinə qurulub. Amma ən təhlükəli məqam bu deyil. Ən pisi odur ki, ETN bu tərsinə qurulmuş sistemi doğru istiqamətə çevirmək üçün real cəhd belə etmir.
Azərbaycanın növbəti 25 ildə rəqabət qabiliyyəti enerji resurslarından yox, təhsil sisteminin keyfiyyətindən asılı olacaq. Əgər XXI əsrin ilk 25 ilində buraxılmış səhvlər obyektiv təhlil edilməzsə, açıq etiraf olunmazsa, cəsarətlə düzəldilməzsə, perspektivimiz yaxşı görünmür.
30 il əvvəl bizimlə eyni start mövqeyində olan Qazaxıstan bu gün dünyanın TOP-14 təhsil sistemləri sırasındadır. Təhsil ixracı bu ölkə üçün ciddi iqtisadi gəlir mənbəyinə çevrilib. Çünki Qazaxıstan ETN uzun müddətdir ki, universitetlərə ildə 1000-dən çox qrant ayırır. Bizim ETN isə distant təhsilə qadağa tətbiq etməklə məşğuldur...
Bu mövzuda təkcə 2025-ci il ərzində 200-dən çox təklif yönlü məqaləmiz, onlarla müsahibəmiz dərc olunub. Əgər ETN bu yazılanların heç olmasa bir qismini oxuyub, tətbiq etsəydi, bu gün təhsildə müəyyən müsbət dinamika müşahidə edilə bilərdi.
Amma görünür, problem məlumat çatışmazlığı deyil. Problem istək və məsuliyyət çatışmazlığıdır.
Təhsil susqunluğu sevmir. O ya inkişaf edir, ya da geriyə gedir. Bizim təhsilimiz isə uzun müddətdir ki, geriyə gedir...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 07 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















