Biz Zəfər qazandıq... Əli Hüseynov yazır
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Altı il keçir. Düz altı il. Təqvimdə altı il, yaddaşımızda isə sanki dünən baş verib hər şey.
O günləri xatırlayıram. Cəbhədən gələn xəbərləri, azad edilən kəndlərin adlarını, Şuşaya doğru irəliləyən əsgərlərimizi, hər yeni qələbə xəbərində sevincdən dolan gözləri... Bir də hərbi xəbərlərin arasında ürəyimizi parçalayan o cümləni: "Şəhidimiz var..."
Hər dəfə bu cümləni oxuyanda bir evin işığının söndüyünü düşünürdükmü? Bir ananın ömrünün iki yerə bölündüyünü, bir atanın qürurla kədər arasında susduğunu, bir uşağın bundan sonra hər bayramda atasının şəklinə baxacağını anlayırdıqmı?
Bəlkə də o günlərdə qələbəyə o qədər köklənmişdik ki, hər şəhid xəbərinin arxasında nə qədər böyük bir həyatın yarımçıq qaldığını təsəvvür edə bilmirdik.
Kiminsə toyuna az qalmışdı. Kiminsə nişanlısı onu gözləyirdi. Kiminsə anasına verdiyi son söz vardı: "Qayıdacağam, narahat olma". Kiminsə balası atasının yolunu gözləyirdi. Kiminsə cibində evə aparmaq üçün aldığı kiçik bir hədiyyə vardı.
Onlar getdilər. Vətənə qayıtdılar, amma öz evlərinə qayıda bilmədilər...
Bu gün azad Qarabağın yollarından keçəndə, Şuşanın küçələrində bayrağımızın dalğalandığını görəndə, Xankəndidə həyatın yenidən qurulduğunu eşidəndə qürur duyuruq. Amma bir sual insanın yaxasından əl çəkmir: Görəsən, bu mənzərəni görmək üçün canından keçənlərin hamısı bizimlə olsaydı, necə sevinərdik?
Kaş onlar da bu gün burada olaydılar. Kaş bir şəhid anası oğlunun əlindən tutub azad edilmiş torpaqlara gedəydi. Kaş bir ata illərlə gözlədiyi qələbə günündə oğlunu bağrına basa biləydi. Kaş bir uşaq atasının əlindən tutub Şuşada gəzəydi və "Ata, bax, bura bizim Vətənimizdir" deyəydi.
Amma bəzi arzular var ki, onları heç bir qələbə geriyə qaytara bilmir.
Şəhid analarının gözlərinə baxmaq çətindir. Çünki o gözlərdə həm qürur, həm də heç vaxt bitməyəcək bir həsrət var. Onlar övladlarını Vətənə qurban verdilər. Bu cümləni demək asandır, yaşamaq isə ömürlük bir sınaqdır. Bayram gələndə hamı evinə tələsir, şəhid anası isə bəlkə də yenə oğlunun şəklini qarşısına qoyur. Hamı övladına zəng edir, onun səsini eşidir. O ana isə bir vaxtlar telefonun o biri başından gələn səsi xatırlayır.
Bəzən düşünürəm, şəhid ailələri üçün Zəfər Günü necə keçir? Hamı küçələrdə bayraq qaldıranda, mahnılar səslənəndə, atəşfəşanlığa baxanda onlar nələr hiss edirlər? Bəlkə də həmin gün həm ən qürurlu, həm də ən ağır günləridir. Çünki Vətən azaddır, amma onların övladı yoxdur.
Bir də qazilərimiz var. Bədənində müharibənin izlərini daşıyan, bir qolunu, bir ayağını, bəzən sağlamlığını Vətənə fəda edən insanlar. Onlar da bu Zəfərin canlı tarixidir. Bəzən bir qazinin susqun baxışlarında yüzlərlə cümlədən daha böyük bir müharibə gizlənir. Onların ağrısını yalnız medallarla, təltiflərlə ifadə etmək olmaz. Onlara hörmət göstərmək, qayğı göstərmək, həyatlarını asanlaşdırmaq hər birimizin borcudur.
44 gün... Cəmi 44 gün. Amma həmin 44 günün içində neçə ömür yaşandı, neçə tale dəyişdi, neçə ana saçına vaxtından əvvəl ağ düşdü, neçə uşaq atasız qaldı, neçə ailənin qapısı bir daha əvvəlki kimi açılmadı...
Bu gün Zəfərimizin altıncı ilidir. Bizim üçün bu tarix həm də özümüzə hesabat vermək günüdür. Şəhidlərin əmanətinə necə sahib çıxırıq? Onların ailələrinə nə qədər diqqət göstəririk? Qazilərimizin problemlərinə nə qədər həssas yanaşırıq? Vətən uğrunda canını verən insanların adını yalnız bayram günlərindəmi xatırlayırıq?
Şəhidin xatirəsi bir günlük mərasimə sığmamalıdır. Onun ailəsi yalnız 8 Noyabrda, 27 Sentyabrda yada düşməməlidir. Çünki şəhidlik bir günün hadisəsi deyil, bir xalqın yaddaşına yazılmış əbədi məsuliyyətdir.
Bəlkə də illər sonra bu müharibənin iştirakçıları, o günləri yaşayan insanlar bir-bir dünyadan köçəcəklər. Onda bugünkü uşaqlarımıza 44 gündən danışacağıq. Onlara Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın necə azad edildiyini söyləyəcəyik. Amma mütləq bir şeyi də danışmalıyıq: Bu torpaqların azadlığı üçün kimlər geri dönmədi. Hansı analar oğulsuz, hansı uşaqlar atasız, hansı evlər əbədi olaraq bir nəfərsiz qaldı.
Çünki gələcək nəsil bilməlidir: Bayrağın dalğalanması asan başa gəlməyib. Bu bayrağın rənglərində bir xalqın arzuları, şəhidlərin qanı, anaların göz yaşı, qazilərin ağrısı var.
Mən istəyirəm ki, hər bir azərbaycanlı Zəfər Günündə bir anlıq dayansın. Bayrağa baxsın. Sonra bir şəhidin şəklinə baxsın. Və öz-özünə düşünsün: Bu gün mən hansı məsuliyyəti daşıyıram? Bu Vətən üçün canından keçənlərin əmanətinə necə sahib çıxıram?
Bəli, biz qalib xalqıq. Bəli, torpaqlarımız azaddır. Bəli, Azərbaycan öz tarixinin ən şərəfli səhifələrindən birini yazıb. Amma bu qələbənin sevincini yaşayarkən kədərini də unutmağa haqqımız yoxdur.
Çünki 8 Noyabrda milyonlarla insan sevindi, minlərlə ailə isə qələbəni bir şəkilə baxaraq qeyd etdi...
Biri oğlunun şəklini sinəsinə sıxdı, biri atasının məzarına getdi, biri atasını heç vaxt görə bilməyəcək övladının başını sığalladı. Və bəlkə də hamısı eyni sözü ürəyindən keçirdi: Kaş sən də burada olaydın...
Bu gün Şuşada bayrağımız dalğalanır. Xankəndidə üçrəngli bayrağımız ucalır. Qarabağda həyat yenidən başlayır. Bu mənzərəyə baxanda qürur duyuruq. Amma o bayrağa baxarkən bir daha unutmayaq: Onu bu yüksəklikdə saxlamaq üçün canını verənlər var.
Biz Zəfər qazandıq. Onlar isə Vətənə çevrildilər.
Bəlkə də Zəfər Gününün ən ağır, ən müqəddəs həqiqəti elə budur.
Ruhunuz qarşısında baş əyirik, Vətən övladları! Siz evə qayıtmadınız, amma Vətəni özümüzə qaytardınız.
Zəfərimiz mübarək olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Şəhid analarının, atalarının, övladlarının qəlbinə səbir versin.
Unutmadıq. Unutmayacağıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Noyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















