Borçalının ustad aşığı
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Aşıq Hüseyn Saraçlı – 110
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, AMEA-da folklor sənətinin inkişafına elmi dəstək verilməsi məqsədilə son illərdə bir sıra layihələr həyata keçirilib. Bu layihələrdə klassik folklor ənənələri ilə yanaşı, XX əsrdə yaşamış, yaradıcılıq məktəbləri formalaşdırmış sənətkarların həyatı və yaradıcılığının öyrənilməsinə xüsusi diqqət yetirilir.
Akademiya rəhbəri, Borçalı aşıq mühitinin Azərbaycan və Gürcüstan üçün ortaq mədəni dəyər olduğunu diqqətə çatdırıb. O, Borçalı aşıq mühitinin Azərbaycan–Gürcüstan mədəni əlaqələrində xüsusi yer tutduğunu deyərək, Azərbaycan aşıq sənətinin gürcü aşıq sənətinin formalaşmasına təsir göstərdiyini vurğulayıb. Bir sıra xarici ölkə alimlərinin konfransa qatılmasının tədbirin geniş coğrafiyanı əhatə etdiyinin göstəricisi olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan, Gürcüstan və Anadolu aşıq məktəblərinin ortaq xüsusiyyətlərinin araşdırılmasının bu sənətin bütövlüyünü və qarşılıqlı əlaqələrini bir daha nümayiş etdirdiyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Aşıq Hüseyn Saraçlının yaradıcılığının Azərbaycan aşıq sənəti tarixində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, belə bir tədbirin keçirilməsi, ilk növbədə, ustad sənətkara və onun mənsub olduğu aşıq sənəti silsiləsinə ehtiramın ifadəsidir. Akademik Nizami Cəfərov vurğulayıb ki, Aşıq Hüseyn Saraçlı yaradıcılığında özünəməxsus baxış və ifadə tərzi ilə seçilib. Onun xüsusilə dastanları canlı, epik və eyni zamanda, yumorla zəngin təhkiyə üslubunda təqdim etdiyini deyən akademik Nizami Cəfərov bu sənətkarlıq xüsusiyyətlərinin ayrıca öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Mərkəz direktoru aşıq sənətinin yalnız folklor irsinin qorunmasında deyil, Azərbaycan ədəbi dilinin inkişafında və yenilənməsində də mühüm rol oynadığını bildirib, aşıqların xalqın canlı dilini, ifadə imkanlarını və düşüncə tərzini ədəbi-mədəni dövriyyəyə gətirməklə ədəbi dilimizin zənginləşməsinə və yenilənməsinə xüsusi töhfə verdiklərini qeyd edib. O, çıxışının sonunda bildirib ki, Aşıq Hüseyn Saraçlının yaradıcılığının araşdırılması yalnız ayrı-ayrı sənətkarların irsinin öyrənilməsi baxımından deyil, XX əsr Azərbaycan aşıq sənətinin inkişaf xüsusiyyətlərinin, onun xalq dili və ədəbi-mədəni proseslərlə əlaqələrinin üzə çıxarılması baxımından da önəmlidir.
Daha sonra Aşıq Hüseyn Saraçlının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Elmi konfransda, həmçinin görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin əməkdaşları - professor Ömər Solak, dosent Samet Doykun, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin direktoru Ketevan Sixarulidze və Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər. Çıxış edənlər aşıq sənətinin Azərbaycan xalqının mədəni irsindəki əhəmiyyətindən danışıb, onun formalaşması və inkişaf mərhələləri, görkəmli sənətkarların yaradıcılıq irsi, habelə aşıq ənənələrinin müasir dövrdə qorunması və inkişaf etdirilməsi məsələlərinə toxunublar.
Tədbir çərçivəsində konfransın məsul katibi - filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı “Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. (Beşinci nəşr)” kitabının təqdimatı da keçirilib. Bildirilib ki, ilk nəşri 2011-ci ildə işıq üzü görmüş kitabda görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir.
Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəfis şəkildə çap olunmuş kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru Əməkdar incəsənət xadimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İsmayıl Ömərovdur.
Tədbir öz işini 8 bölmə üzrə iclaslarla davam etdirir. Qeyd edək ki, beynəlxalq elmi konfransda 100-dən çox məruzənin dinlənilməsi nəzərdə tutulur.
Q.YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















