Icma.az
close
up
RU
“Böyük manipulyator”

“Böyük manipulyator”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mark ENDEVELD

(əvvəli https://xalqqazeti.az/az/siyaset/207734-boyuk-manipulyator)

Resurslarla dolu bu adam nəinki Makrona Əlcəzairə səfər etməyi məsləhət görür, həm də onun əlinə bu ölkədəki “bağlı qapıların açarlarını” da verir. Ona görə də bu səfəri Fransua-Ayssa Tuazi şəxsən özü – seçki kampaniyasının təşviqat qruplarından xəlvət hazırlayır. Onun adı heç bir təşkilat orqaniqramında görünmür. Ancaq bu “səhv” tez bir zamanda “düzəlir”: 14 iyul 2018-ci ildə – Fransanın milli bayramı günü Fransua-Ayssa Tuazi prezident tərəfindən Fəxri Legion medalı ilə təltif olunur. Makron Tuazinin keçdiyi həyat yolunu çox bəyənir və bunu hamıya etiraf edir. Onun əsilləri Kabildən olan, Əlcəzair Fransanın müstəmləkəsi olanda Fransanın siyasətini dəstəkləyən valideynləri Əlcəzair müstəqillik qazanandan sonra, Fransaya köçüb Normandiyanın Drö şəhərində məskunlaşıblar. Sadə bir zəhmətkeş ailəsindən çıxan Tuazi, tədricən dövlət səviyyəsində ən yüksək pillələrə qalxacaq. Hamı ilə ünsiyyət qurmağı bacaran, hamı ilə dil tapan bu adam öz bacarığı sayəsində Xarici İşlər Nazirliyində müxtəlif funksiyalarda çalışandan sonra xarici işlər naziri Filip Duste-Blazinin xüsusi müşaviri vəzifəsinə təyin olunur (2005-2007-ci illər arasında Dominik dö Villpənt Baş nazir olan vaxt). Bu illər ərzində Tuazi həm Parisdə, həm də Əlcəzairdə özünə yaxşı çevrə toplayır və hər yerdə sözü keçən bir şəbəkə yaradır. Tuazinin əmisi oğlu əvvəllər Journal du dimanche qəzetində ştatdankənar müxbir kimi çalışan, sonra isə “Tout sur Algérie” (Əlcəzair haqqında hər şey) saytının nəşriyyat direktoru keçən Lun Qemaş onun üçün bir çox qapıları açır. Fransada Tuazi müxtəlif təbliğat işlərinə də qatışır – Azad Siyasi Fikirlər İnstitutunun banisi Klod Bebearlə, eləcə də onun kimi Normandiyanın Drö şəhərində böyüyən xalası qızı Kler Tassadi Hudla bir sıra məsuliyyətli işlər görür. Yeri gəlmişkən, bu qadın (Kler Tassadi Hud) yeddi il ərzində Paris Şurasının seçilmiş üzvləri üçün xüsusi missiya icraçısı kimi çalışandan sonra Siemens və Pitney Bowes kimi müxtəlif beynəlxalq qruplarda insan resursları direktoru kimi bütün dünyanı gəzir... Fransaya qayıtdıqdan dərhal sonra Kler Tassadi Hud, Emmanuel Makronun seçki kampaniyasına qoşulur və hətta ondan çox əvvəl kampaniyada çalışan komanda üzvlərinə kömək əli uzadır.

Kler kampaniyanın daxilində müxtəlif qruplara rəhbərlik edəndən sonra Parisin məşhur və adlı-sanlı məhəllələrində “Hərəkətdə olan analar” adlı təbliğat qrupu yaradır. Makronların cütlüyünə yaxın olan Kler Tassadi Hud prezident seçkilərindən sonra boya-başa çatdığı Drö şəhərində Makronun yaratdığı LREM partiyası tərəfindən deputatlığa namizəd versə də, seçkilərdə uğur qazanmır.

Filip Duste-Blazinin və Dominik dö Villpəntin yaxın dostu olan Fransua-Ayssa Tuazi prezidentliyə namizəd Makronu Əlcəzairə səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibinə lobbiçi Abdu Malaşı da daxil edir. Xarici İşlər Nazirliyində Tuazinin Moris Qurdolt-Montayn və əvvəllər Qətər və Səudiyyə Ərəbistanında Fransanın səfiri olmuş Bertran Bezanseno kimi dostları var. Ərəbistan yarımadasının, eləcə də ərəb mədəniyyətinin gözəl bilicisi kimi tanınan bu keçmiş diplomat, həm iş adamı Mazen Al Savvaf, həm də Kral Abdallahın dövründə qılıncının dalı da, qabağı da kəsən Ben Ladenin yaxın qohumları ilə də işləyib.

(Fransua Hollandın prezident olduğu ilk illərdə) Elə həmin vaxtlar Ayssa Tuazi Səudiyyə Ərəbistanına tez-tez səfər edən, məhsuldarlıq naziri Arno Montburqla tanış olur. Amma onun müəllimi, onun məsləhətçisi tamamilə başqa bir adamdır –Aleksandr Djurinin yaxın dostu, Sarkozinin dövründə Müxtəliflik və Bərabərlik Şansı komissiyasının komissarı olmuş franko-əlcəzairli iş adamı Yezid Sabeq.

Makronda həmişə belədir – simvollar heç vaxt biznesdən çox da uzaqda dayanmır. Seçki kampaniyası ərəfəsində Əlcəzairə səfəri zamanı prezidentliyə namizəd Makron hamıdan gizlin orada bir neçə iqtisadiyyatla məşğul olan məmurla görüşür. Foto və tele-kameralardan, eləcə də mətbuatın gözündən uzaqda təşkil olunan bu gizli görüşlər xüsusi əhəmiyyət kəsb edir. Nəticədə, yerli hökumətə sadiq olan Əlcəzair Ticarət və Sənaye Palatası (CACI) Makronun bura səyahətini təşkil edən adamlarla əlaqəyə girir. Fevralın 14-də El Orassi hotelinin terrasında Əlcəzair Biznes Liderlərinin Forumu Təşkilatının (FCE) nümayəndələri ilə onların səhər yeməyi təşkil edilir. Əlcəzairin çox məşhur iş adamı Əli Haddad dayanmadan dişlərini ağardır. Böyük bir tikinti sektorunun başında duran Əli Haddad Əlcəzair prezidentinin qardaşı Səid Buteflikanın çevrəsində olan adamlardan biridir. Bu səhər yeməyi zamanı əlcəzairlilər gülür, zarafat edir, əylənir, məzələnirlər. Adama elə gəlir ki, onlar Makronun iqtisadi inkişaf layihələrini o qədər də ciddi qəbul etmirlər.

“Praqmatik” Emmanuel Makron isə qayğısız görünür, hamıyla söhbət edir və onunla şəkli çəkdirmək istəyənlərə mane olmur. Bu görüşdən sonra Makron yerli mətbuata uzun bir müsahibə verir. Bu müsahibədə prezidentliyə namizəd iddia edir ki, əgər prezident seçilsə, Əlcəzairlə bağlı bir sıra iqtisadi öhdəliklər götürəcək, xüsusilə bərpaolunan enerji sahəsində: “Bizə lazımdır ki, Əlcəzairə, onun müxtəlif sahələrdəki iqtisadi inkişafına kömək edək. Biz bu məsələ ilə bağlı təşəbbüs qaldıran ilk ölkəyik. Biz istəyirik ki, Fransa bu texnologiya sahəsində dünya liderliyini əlinə alsın...”. Əslində, bu səfərdən bir neçə həftə əvvəl “Afrika üçün Enerji” fondunun prezidenti Jan-Lui Borlo və vitse-prezidenti Yamina Benqiqi Əlcəzairə bir neçə dəfə səfər edib, bu mövzuda ölkənin səlahiyyətli nümayəndələri ilə söhbət aparmışdılar.

Prezidentliyə namizəd Əlcəzairə səfərə hazırlaşanda, onlar ikisi də təbii ki, Makrona və arvadı Brijitə tövsiyə etmişdilər ki, bu haqda mütləq yerli mətbuata informasiya versinlər.

Fransa və Əlcəzair arasında elə şeylər var ki, onlar haqqında ehtiyatla və hər şeydən əvvəl kiçik bir çevrədə danışmaq lazımdır. Məsələn enerji problemləri. Bu məsələ iki ölkə arasındakı, bəlkə də, ən böyük problemdir... təəssüf ki, əvvəlki ölkə liderlərimiz bu problemi görməzliyə vurublar. Başqalarından fərqli olaraq Makron bu məsələyə çox ciddi yanaşır. Hələ Yelisey sarayında baş katibin müavini vəzifəsində çalışandan hiss etmişdi ki, bu strateji sektorun əsas üstünlüyü ondadır ki, onunla nə media, nə də publika maraqlanır. Bu gün Fransada istifadə olunan qazın cəmi 10%-i Əlcəzairdən gəlir. 1980-ci illərin əvvəllərində Fransa Əlcəzairdən 30% qaz alırdı. 1982-ci ildə Əlcəzair Fransanın yeni sosialist hakimiyyəti ilə 20 illik qaz müqaviləsi bağlayır və prezident Fransua Mitt eran Əlcəzair qazına bazar qiymətindən 30% artıq pul ödəyir! O vaxtlar “Fransanın Qazı” şirkətinin çiçəkləyən dövrü idi. İndi Emmanuel Makron Əlcəzairdən daha çox qaz almağı planlaşdırır ki, rusların qazına möhtac qalmasın. 1990-cı illərin əvvəllərində Əlcəzair Mərkəzi Bankının sədri olmuş, tanınmış ekonomist və bankir Abderrahman Hacı-Nacer 2015-ci ildə müsahibələrinin birində etiraf etmişdi ki, Fransa ilə Əlcəzair arasındakı diplomatik soyuqluq, Fransa və Əlcəzair tamaşaçılarını əyləndirmək üçün bir kinodur. Bu iki dövlət bir-birinə düşmən deyir, amma aralarında yaxşı biznes var.

2017-ci ilin sonunda “Franko-Əlcəzair Birgə İqtisadi Komitəsi” (COMEFA) təşkilatının yaranmasından bir neçə gün sonra, eləcə də Parisdə Fransa və Əlcəzairin Baş nazirlərinin sədrlik etdikləri “Yüksək səviyyəli hökumətlərarası komitə” (CIHN) iclasının nəticəsi olaraq Fransanın Total qrupu, Əlcəzairin milli Sonatrach şirkəti ilə Timimun qaz yatağının istismarı üçün nəhəng qaz müqaviləsi rəsmiləşdirir. Bu müqavilə dörd aylıq danışıqlardan sonra həmin ilin aprelində imzalanır və tərəflər qaz yatağının istismarına 1,5 milyard dollar ərmayə ayırırlar. Bu iki neft şirkəti (Total və Sonatrach) hətta günəş enerjisinin inkişafı və gələcəkdə birgə beynəlxalq layihələr üçün qlobal müqavilələr də planlaşdırır. İllərdən bəri bu iki şirkət arasında davam edən ticarət mübahisələrindən sonra, nəhayət, Total Əlcəzairə qalib kimi dönür. Digər tərəfdən, başqa bir məşhur fransız şirkəti Engie də aralarındakı illər boyu gərginlikdən sonra Sonatrach ilə bir neçə müqavilə bağlayır. Yəni illər boyu davam edən soyuq iqtisadi münasibətlərdən və onlarca nəticəsiz mübahisələrdən sonra, nəhayət, 2017-ci ilin aprelində Fransa ilə Əlcəzair arasında bloka düşmüş maliyyə əlaqələri iki tərəfin razılığı ilə blokdan çıxır.

(ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see204

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see201

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see195

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see191

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see191

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see189

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see173

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see168

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see164

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see164

Rövşən Nəcəf “düyünü”

13 May 2026 21:15see163

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see161

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see160

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see160

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see160

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see158

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see156

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see156

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see151

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri