Bred Şermanın boş buraxılmış ipi
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaxud ABŞ-dakı növbəti ermənipərəst şou barədə
ABŞ ermənipərəstliyinin bədnam sifətinə çevrilmiş konqresmen Bred Şerman yenə “xoddanıb”. O, köhnə şakərindən, daha doğrusu, mərəzindən əl çəkmək fikrində deyil. Görünür, bu məxluq ənənəvi xəstəliyi ilə vidalaşmaq istəmir. Başqa nə deyək, nə düşünək? Amma demək və düşünmək üçün əsasımız var. Çünki Şermanın fikri dəstək qazanıb. Dəstək barədə sonda söz açacağıq. Hələlik isə...
Deməli, konqresmen B.Şerman “Azərbaycandan bütün erməni əsirlərin dərhal azad edilməsini” tələb etmək məsələsini ortaya atıb. Bu barədə məlumatı ANCA – Amerika Erməni Milli Komitəsi yayıb. Yəni konqresmenin sərsəmləməsi barədə bilgi yayan bu qurumdur. Bilgi isə bundan ibarətdir ki, B.Şerman Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki çıxışında “Azərbaycanda saxlanılan erməni əsirlər”lə yanaşı, ölkəmizdəki siyasi məhbusların da azad edilməsindən söz açıb. Görəsən, konqresmen siyasi məhbus dedikdə kimləri nəzərdə tutur? Sualımız ritorikdir.
Göründüyü kimi, stajlı ermənipərəst özünün sərsəm ritorikasını gücləndirmək üçün hər cür cəfəngiyyat danışır. Cəfəngiyyatdan söz düşmüşkən, onu da bildirək ki, Şerman ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Diplomatik Xidmət haqqında” Qanunun müzakirəsi zamanı dilə gəlib və “Azərbaycanı bütün erməni hərbi əsirlərini və siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağıran” müddəanın məhz sözügedən qanuna əlavə olunmasını istəyib.
Təsəvvür edin, bir ölkənin qanununda başqa ölkədən tələb yer alır. Absurddur. Məsələyə mövcud prizmadan yanaşsaq, istər-istəməz sual yaranır: necə olur ki, Şerman kimi nəyi harada və necə dediyini bilməyən təmtiklər konqresmen olurlar? Amma təəccüblənmirik, çünki Birləşmiş Ştatlarda belə anormallıqlar adiləşib. Erməni təəssübünə əsaslanmış anormallıqların, əndazəsiz davranışların da heç bir sərhəd tanımadığı məlumdur.
B.Şerman, eyni zamanda, bildirib ki, Azərbaycanın hərbi əməliyyatları ermənilərin iki min il yaşadıqlarını iddia etdikləri Qarabağda 100 min nəfərlik əhalinin etnik təmizləməyə məruz qalması reallığını doğurub. Necə olur ki, bir ərazidə 2 min il yaşayan toplumun sayı 100 mindir. Axı sadə məntiq var. Amma nə etmək olar ki, məntiq və abır-həya şermanlar üçün yad təmayüldür.
Məlumdur ki, dünyanın bir çox bölgələrində Cənubi Qafqazda sülhün qərarlaşmasını istəməyən qüvvələr var. Onlar hər vəchlə azərbaycanlılarla ermənilər arasında barış mühitinin mümkünsüzlüyünü əsaslandırmağa çalışır və düşüncələrini sübuta yetirmək üçün ən müxtəlif üsullara baş vururlar. Şerman belələrinin ən primitividir. O, çıxışında erməni əsirlərin edam edilməsinə dair internetdə yayılmış görüntüləri xatırladıb. Konqresmenin bu yolla Azərbaycanın qəddar simasını canlandırmağa çalışdığı, həmçinin dünyadakı antisülh təşəbbüslərinə dəstək verdiyi məlumdur. Heç şübhəsiz, onu qızışdırıb ortaya atan ANCA-dır. İndiyədək bu qurumun Azərbaycan-Ermənistan barışına zidd tezisləri dəfələrlə qabartdığının şahidiyik.
...B.Şerman öz primitivliyinə qlobal don geydirməyə də çalışaraq manipulyasiya yolu tutub. Manipulyasiyanın isə konkret təqdimat forması var. Guya Bakıda saxlanılan erməni girovlarının azad edilmələri ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhə yönəlmiş səyləri ilə birbaşa əlaqəli imiş. Belə çıxır ki, Azərbaycan müharibə cinayətkarlarını, böyük günahları məhkəmə ilə sübuta yetirilmiş caniləri sərbəst buraxmalıdır ki, barış olsun.
Bakıda məhbus həyatı yaşayan ermənilər, heç bir halda, Azərbaycan-Ermənistan sülhünün predmeti ola bilməzlər və buna dair hansısa yazılı sənəd yoxdur. Ancaq durum Şerman kimi əbləhə çatmır və o manipulyasiyasına pafos tonu gətirir: “Prezident Tramp Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirərkən, erməni hərbi əsirlərinin və siyasi məhbusların azad olunması bu yolda mühüm addım olardı”.
Sonda əvvəldə anons etdiyimiz məqama qayıdaq. Söhbət B.Şermanın fikrinə dəstəkdən gedir. Bildirdik ki, bu ermənipərəst məxluqun sərsəmləməsi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki müzakirədə qeydə alınıb. Sözügedən komitənin sədri, respublikaçı Brayn Mast isə Şermanın “Diplomatik Xidmət haqqında” Qanuna təklif etdiyi bədnam düzəlişi dəstəkləyib. Deməli, düzəliş üzrə adbaad səsvermə keçirilməlidir. Əgər səsvermə zamanı düzəliş qəbul olunarsa, qanun layihəsi Nümayəndələr Palatasının müzakirəsinə təqdim ediləcək.
Yeri gəlmişkən, ANCA ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dəstəyini alqışlayıb. “Azərbaycanın erməni girovlarını qanunsuz saxlaması insan hüquqları sahəsində qətiyyətli Konqres müdaxiləsi tələb edən böhrandır. Biz sədr Mastın Şermanın düzəlişini dəstəkləməsini və Komitənin bu girovların dərhal və qeyd-şərtsiz azad edilməli olduğu barədə qəti ikipartiyalı mövqeyini alqışlayırıq”, – deyə qurumun icraçı direktoru Aram Hamparyan bildirib.
Əlbəttə, kimin nəyi bildirməsindən, eləcə də ABŞ Konqresinin Nümayəndələri Palatasının bir komitəsində çıxarılmış siyasi oyunbazlıqdan asılı olmayaraq, Bakıdakı müharibə cinayətkarları olan ermənilər gün üzü görməyəcək, dəmir barmaqlıqlar arasında cəzalarını çəkəcəklər. Başlıca məqam Birləşmiş Ştatların ali qanunverici orqanı səviyyəsində bu oyunbazlıqlar üçün meydanın tanınmasındadır. Hərçənd, bilirik ki, ölkənin sabiq administrasiyasının dövrü ilə müqayisədə hazırda bu kimi hallar tamamilə azalıb.
Amma azalma kifayət deyil. Çünki Azərbaycan–Ermənistan sülhü həssas mərhələdən keçir. O mərhələdən ki, ani ehtiyatsızlıq həm də ABŞ-ın böyük regional təşəbbüsünün iflası ilə nəticələnə bilər. Güman edirik ki, bu məqamı Birləşmiş Ştatlarda nəzərə alacaq və şermanların ipini boş buraxmayacaqlar. Axı milçək bir şey olmasa da, könül bulandırır.
Ə.RÜSTƏMOV
XQ
Baxış sayı:105
Bu xəbər 11 İyun 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















