Icma.az
close
up
RU
“Broyler toyuğu” istehsalına dair iddialar reallıqla nə qədər əlaqəlidir?

“Broyler toyuğu” istehsalına dair iddialar reallıqla nə qədər əlaqəlidir?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bu gün dünyada istehlak edilən ümumi ətin 40 faizdən çoxunu toyuq əti təşkil edir. Ölkəmizdə isə hər bir insan il ərzində orta hesabla 18-20 kiloqram toyuq əti və 170-dən çox yumurta istehlak edir. Çünki toyuq əti və yumurtası yüksək bioloji dəyərə malik, keyfiyyətli zülal mənbələridir. Xüsusilə yumurta ana südündən sonra insan orqanizmi tərəfindən ən yaxşı istifadə olunan zülala malikdir, toyuq əti isə az yağ tərkibi, yüksək həzm olunma qabiliyyəti və balanslı əsas amin turşusu tərkibi ilə münasib bir profil təqdim edir.

Bəs süfrəmizə bu qədər tez-tez gələn bu məhsullar haqqında nə qədər doğru məlumata malikik? Yaxud eşitdiklərimizin nə qədəri doğrudur? Təəssüf ki, toyuq yetişdirilməsində genetika, qidalanma və texnologiya sahəsindəki inkişafların yanlış təfsir olunması bəzən istehlakçılar arasında tərəddüdlər yarada bilir. Elə məhz bu nöqtədə hər hansı bir mövzu barədə fikir bildirərkən və ya məlumat axtararkən mütəxəssis fikrinə və elmi mənbələrə əsaslanmaq lazımdır. Elm şəxsi fikirlərə deyil, sübutlara, təcrübələrə və təkrar edilə bilən nəticələrə əsaslanır. Buna görə də bir iddianın doğru olub-olmadığını qiymətləndirərkən onun elmi olaraq test olunub-olunmadığına baxmaq lazımdır.

İndi bu iddialardan bir neçəsinə nəzər salaq.

Toyuqlara hormonal yemlərin verilməsi: Ətlik cücələrin 42 gün kimi qısa müddətdə kəsim çəkisinə çatmaları tamamilə genetik seleksiya, balanslı qidalanma, yaxşı idarə olunan mühit şəraiti və xəstəlik nəzarəti sayəsində əldə olunan bir məhsuldarlıq uğurudur. Ətlik cücələr 1930-cu illərdən bəri aparılan seleksiya işləri nəticəsində daha sürətli böyüyən, yemi daha yaxşı mənimsəyən və daha çox əzələ inkişaf etdirən cinslərdən seçilərək formalaşdırılmışdır. Bu, təbii seleksiyanın müasir üsullarla sürətləndirilmiş formasıdır. Həmçinin ətlik cücələr elmi tədqiqatlara əsaslanaraq hazırlanmış yem rasionları ilə qidalanırlar. Bundan əlavə, havalandırma, işıqlandırma, yerləşmə sıxlığı kimi ətraf mühit amilləri heyvan rifahı və məhsuldarlığı optimallaşdırmaq üçün tam nəzarət olunan sistemlərdə idarə olunur.

Nəticə olaraq, ətlik cücələrin sürətli böyüməsi tamamilə təbii fizioloji inkişaf qabiliyyəti və elmi idarəetmə sayəsində baş verir.

Azərbaycanda  ətlik cücələrə və yumurta toyuqlarına hormon verilməsi qanunla qadağandır, elmi və texniki baxımdan da mümkün deyil. Çünki təsirli bir nəticə əldə etmək üçün ya hər gün heyvanlara inyeksiya edilməlidir ki, bu, həm praktik, həm də maliyyə baxımından qeyri-mümkündür, ya da hormon yemin tərkibinə qatılmalıdır ki, bu da işə yaramaz, çünki hormonal molekullar heyvanların həzm sistemində, xüsusilə də mədənin aşağı pH səviyyəsində parçalanır. Bundan başqa, ətlik cücələr genetik olaraq sürətli böyüməyə uyğunlaşdırılmış cinslərdən olduğu üçün hormon istifadəsinə ehtiyac yoxdur.

Xülasə, hormon istifadəsi qanuni baxımdan qadağandır, elmi baxımdan lazımsızdır, texniki baxımdan mümkün deyil və iqtisadi baxımdan məntiqsizdir.

Eyni şəkildə böyümə məqsədilə antibiotiklərdən də istifadə edilə bilməz. Ölkəmizdə və Avropa Birliyində antibiotiklərin böyümə faktoru kimi istifadəsi qadağan olunmuşdur. Antibiotiklər yalnız baytar həkimin nəzarəti altında xəstəliklərin müalicəsində istifadə olunur. Müalicədən sonra müəyyən bir gözləmə müddəti var və bu müddət ərzində heyvandan əldə edilən ət və yumurta istehlaka təqdim edilə bilməz. Qida Təhlükəsizliyi Agentliyi bu prosesləri ciddi şəkildə nəzarətdə saxlayır və istehlakçının Azərbaycan Qida Kodeksinə uyğun olaraq qalıqsız məhsul əldə etməsini təmin edir.

Bu gün sağlam və etibarlı heyvansal istehsalın əsası elmdir, dərman və ya süni müdaxilələr deyil.

Toyuqların qidalanmasında istifadə olunan bəzi yem xammalları, xüsusilə soya paxlası və qarğıdalı, dünyada əsasən genetik modifikasiya olunmuş variantlardan əldə edilir. Bu vəziyyət Avropa Birliyi vəAzərbaycanda ciddi hüquqi tənzimləmələrə tabedir və GMO-lu məhsulların yalnız yem məqsədilə istifadəsi, Təhlükəsizlik Komissiyasının icazəsi ilə mümkündür. İndiyə qədər aparılan çoxsaylı araşdırmalar göstərmişdir ki, GMO-lu yemlə qidalanan heyvanların ətində və ya yumurtasında GMO izlərinə rast gəlinmir. Çünki yem vasitəsilə qəbul edilən GMO-lu DNT və zülallar, təbii yemlərdəki DNT və zülallar kimi heyvanların həzm sistemində parçalanır. Bu səbəbdən nə toyuq ətində, nə də yumurtasında GMO-lu bir tərkibə rast gəlinmir. Bundan əlavə, Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Dünya Səhiyyə Təşkilatı mövcud məlumatlara əsaslanaraq bildirir ki, GMO-lu yemlə bəslənən heyvanların məhsulları insan sağlamlığı baxımından risk yaratmır.

Müasir ətlik cücələr daha qısa müddətdə və daha çox əzələ kütləsi ilə kəsimə getdikləri üçün onların birləşdirici toxumaları hələ tam formalaşmamış olur və kollagenləri istiliklə daha asan həll olunur. Bundan başqa, yüksək su tərkibi və homogen əzələ paylanması istilik ötürülməsinə və daha qısa bişirmə müddətinə töhfə verir. Keçmişdə toyuqlar daha yaşlı ikən kəsildiyi üçün əzələləri daha sıx olurdu və bu da bişirmə müddətinin daha uzun olmasına səbəb olurdu.

Azərbaycanda və dünyada quşçuluqda müxtəlif istehsal sistemləri mövcuddur. İntensiv, yarı-intensiv, sərbəst gəzən və orqanik kimi sistemlər bunlardan bəziləridir. Sərbəst gəzən və orqanik şəkildə yetişdirilən toyuqların ətində və yumurtasında bəzi qida maddələri baxımından müəyyən fərqlər ola bilər. Lakin bu fərqlər əsas makro qida maddələrinə təsir etməz. Əsasən bu fərqlər qidalanma ilə bağlıdır.

Çünki təbiətdə sərbəst gəzən heyvanlar  həşərat, yaşıl ot kimi bitkilərlə qidalandıqlarına görə, xüsusilə omega-3 yağ turşuları, A və E vitamini baxımından ət və ya yumurtalarında müəyyən qədər fərqlilik görünə bilər. Əks halda, yalnız gəzinti davranışı yumurtaya və ya ətə əlavə qida maddəsi qatmaz. Seçim tamamilə istehlakçının dəyərlərinə və dad zövqünə bağlıdır.

Bəzən yumurtanın içində qan ləkəsi və iplikvari quruluşlar görünə bilər. Bu quruluşlar tamamilə təbii və bioloji olaraq izah oluna bilən hadisələrdir. Qan ləkəsi, yumurta əmələ gəlməsi zamanı yumurtalıqda kapilyar damarların partlaması nəticəsində yaranır. Bu hal döllənmə və ya xəstəliklə əlaqəli deyil və sağlamlıq baxımından heç bir risk daşımır. Yumurtanın içində görünən ağ iplikvari quruluşlar isə yumurta sarısını ortada saxlayan və “şalaz” adlandırılan bağ toxumalarıdır. Şalazın olması yumurtanın təzə olduğunu göstərir. Yumurta köhnəldikcə bu quruluş boşalır və yox olur. Nəticə olaraq, bu quruluşlar yumurtanın köhnə, xarab, döllənmiş və ya sağlıqsız olduğunu deyil, əksinə, təzə və təbii şəkildə formalaşdığını göstərir. Lakin istehlakçı seçiminə əsasən, bişirmədən əvvəl yumurtadan çıxarılması mümkündür.

Yumurtanın qabıq rəngi tamamilə toyuğun genetik xüsusiyyətlərinə bağlıdır və yumurtanın qida dəyərinə təsir etmir. Aparılmış araşdırmalar yumurtanın amin turşusu tərkibi və bioloji mənimsənilməsi baxımından qabıq rənginin heç bir üstünlük yaratmadığını açıq şəkildə göstərir.

Yumurta sarısının rəngi tamamilə toyuğun yediyi yemlərin tərkibindən asılıdır. Yem tərkibində nə qədər çox karotenoid varsa, yumurta sarısı da o qədər tünd vəya narıncı rəngə çalacaq. Karotenoid mənbələri arasında yaşıl bitkilər, qarğıdalı, paprika və digərləri göstərilə bilər. Əgər toyuğun yediyi yemdə daha az karotenoid varsa, yumurta daha solğun rəngli olacaq.

Qida dəyəri baxımından isə yumurta sarısının rəngi yumurtanın enerji, vitamin, mineral və protein kimiəsas qida maddələrini əhəmiyyətli şəkildə dəyişmir.

Mürvət Həsənli,

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri