Bu qədər də bir birini aldadan olarmı? KEÇMİŞ PROKUROR SÜRƏTLƏ YAYILAN DƏLƏDUZLUQ CİNAYƏTLƏRİNİ ŞƏRH EDİR
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Cəmiyyətimizdə tamah məqsədi ilə “bir-birini aldatma”, “bir-birinin etibarından sui-istifadə” hallarının miqyası elə bir həddə çatmışdır ki, onu başqa cəmiyyətlərin (nə tarixi, nə hazırki) durumu ilə müqayisə etmək ağıla sığan kimi görünmür. İnandırıcı deyil ki, bunun genetik səbəbləri olsun. Yaxın tariximizə nəzər sala bilsək, görərik ki, insanların bir-birini tamah məqsədi ilə aldatması cəmiyyətimiz üçün xarakterik olmamışdır. Yaşlı nəsil bunu bilavasitə müşahidə etməmiş deyil”.
Gununsesi.info bildirir ki, bunu Baş Prokurorluğun keçmiş idarə rəisi Nazir Bayramov deyib.
Keçmiş prokurorun sözlərinə görə, “Etibardan sui-istifadə etmə” və “aldatma”nın ən ictimai təhlükəli forması “dələduzluq” cinayəti formasıdır: “Ötən əsrin 80-ci, hətta 90-cı illərində “dələduzluq” cinayətləri barədə məlumatlara çox nadir hallarda rast gələrdin. O zamanın hüquq ədəbiyyatında, xüsusən də kriminoloji araşdırmalarda bu qəbildən olan cinayətlərinin təhlilinə həsr edilmiş ədəbiyyata da rast gəlmək olmazdı və ya az rast gəlinərdi. Çünki, akademik dairələr də bu cinayətləri elmi araşdırmaların prioritet istiqaməti hesab etmirdilər.
Sonra vəziyyət qısa müddət ərzində dəyişdi. Təəssüflər olsun ki, tendensiya azalmağa deyil, əksinə, yüksəlməyə doğrudur. Empirik müşahidələrimiz bunu hər gün təsdiq etməkdədir. Məsələn, dövlət orqanlarına şikayətlərin mütləq əksəriyyəti tamah məqsədi ilə edilən aldatma, etibardan sui-istifadə faktları barədə məlumatlarla boldur. Sosial medianın məlumatları barədə isə ədəb naminə sadəcə olaraq susuruq”.
Nazir Bayramovun sözlərinə görə, insanların bir-birini aldatması hallarının çoxluğu ictimai mənəviyyatın durumunun əsas göstəricilərindən biridir: “Kifayət qədər tənqidi düşüncə sahibi olan bir dostumuz bir dəfə maraqlı bir fikir söylədi. Dedi ki, cəmiyyətimizdə aldatmanın səviyyəsinə rəğmən ictimai mənəviyyatımızın hələ də sağlam qalması yalnız vətənpərvərlik, tolerantlıq, böyüklərə hörmət, kiçiklərə qayğı, ədalət, humanizm və s. bu kimi hislərin hesabınadır. Yoxsa, vəziyyətimiz dözülməz olar.
Durumun kriminoloji səbəbləri barədə fikir yürütmək niyyətində deyilik. Mürəkkəb problemdir. Buna potensialımız imkan verməz. Biz yalnız problemin görünən nəticələri, üstün meylləri barədə, məhdud həyat təcrübəmizə, biliklərimizə, təcrübəmizə əsaslanaraq çox fərdi nəticələr çıxara bilərik. Təbii ki, onların hamısını bölüşmək də məlum səbəblərə görə olmaz. Ona görə də yalnız təəssüratlarımızı və mövzuya maraq göstərən şəxslər üçün bölüşə bilərik.
Ədalət naminə: burada deyilənləri və deyilməyənləri elementar müşahidə və təhlil qabiliyyəti olan hər kəs müşahidə edə bilər.
Müşahidələrimiz elə təsəvvür yaradır ki, cinayətkarlıqla, xüsusən də dələduzluq cinayətkarlığı ilə mübarizə başlı-başına buraxılıb. Onun strukturu, dinamikası və digər kriminoloji aspektləri nə akademik dairələri, nə də bu sahəyə məsul olan dövlət orqanlarının vəzifəli şəxslərini düşündürür. Cinayətkarlığın ümumi və xüsusi profilaktikası isə tamamilə yaddan çıxmış bir arxaik anlayışa çevrilmişdir.
Durumun səbəbləri sırasında məhkəmələrin də rolu az deyil. Söhbət cinayət prosesini həyata keçirən məhkəmələrdən deyil, mülki mühakimə həyata keçirən məhkəmələrin prinsipial mövqeyindən gedir. Cinayət prosesini həyata keçirən məhkəmələr cinayətkarlıqla mübarizə aparmır. Onlar təqsir müəyyən edib, şəxslərə cəza təyin edirlər. Cinayət təqibini isə prokurorluq, istintaq orqanları həyata keçirir. Lakin mülki mühakimə icraatı aparan məhkəmələr bəzi hallarda cinayətkarlıqla, xüsusən də “dələduzluq” cinayətkarlığı ilə mübarizədə iştirak edə bilərlər. Bu, qanun normaları ilə onların prosessual vəzifəsi kimi müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin (MPM) 265.4-cü maddəsinə (Maddə 265. Məhkəmənin xüsusi qərardadlar) əsasən, “Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir”.
Bu norma Sizlərə xırda, əhəmiyyətsiz görünməsin. İş ondadır ki, həm dələduzlar, həm də onların qurbanları haqq-ədalət axtarışını ilkin olaraq mülki mühakimədə axtarırlar. İnsaf naminə etiraf etməliyik ki, prokurorluq və istintaq orqanları da onları müxtəlif bəhanələrlə (məsələn, özlərinin də sona kimi anlamadıqları “konflikt mülki xarakterlidir” bəhanəsi ilə) bu istiqamətə yönəldirlər. Məhkəmələr qanunçuluq prinsipinə ciddi əməl etsələr, cinayət xarakterli “aldatma”, “etibardan sui-istifadə etmə” faktları barədə açıq-aşkar məlumatları prokurorluğa göndərməklə nəinki öz prosessual vəzifələrini icra etmiş olar, eləcə də cinayət təqibi orqanlarının bəhanələrini əllərindən çıxarar, məsələnin qanunla həllinə zəmin yaratmış olar. Belə vəziyyətin səbəblərindən biri mülki mühakimə hakimlərinin cinayət hüququnun nəzəriyyəsindən, xüsusən də cinayətlərin tövsifi nəzəriyyəsindən bixəbər olmalarıdır. Ona görə də, biz prinsipial olaraq prokurorluğun mülki mühakimə icraatına qaytarılmasının tərəfdarıyıq. Cəmiyyət məcbur olub gec-tez buna gedəcək. Hesab edirik ki, bunun mümkün qədər tez baş verməsi cəmiyyətin əsas maraqlarından biridir”.
Cinayət təqibi orqanlarının bu sahədə “fəaliyyətsizliyi”, konstitusion vəzifələri yerinə yetirməkdən yayınması barədə deyilənlərə gəlincə, sabiq prokuror deyir ki, bu, konstitusiya və prosessual qanunvericiliyinin prinsiplərinə hörmətsizlik üzərində qurulmuş bir epidemiyaya çevrilmişdir:
“Bunu təkcə “piy niyyət” ilə izah etmək düzgün olmaz. Kim istəməz ki, bir-birini aldatmayan, bir-birinin etibarından sui-istifadə etməyən cəmiyyətdə yaşasın?! Təbii ki, hər bir kəs, xüsusən də bu sahəyə cavabdeh olan şəxslər bunu arzulayar.
Bəziləri durumu korrupsiya ilə izah edir. Əlimizdə fakt yoxdur, ona görə də bu fikri təsdiqləyə bilmərik.
Amma bir tendensiyanı görməmək mümkün deyildir. Dələduzluğun həcminin şişməsinin elə səbəbləri var ki, “islahat” pərdəsi ilə atılan pərakəndə addımlar onları aradan qaldırmağa qadir deyildirlər.
“Sistem”, “sistemlilik” kimi anlayışlardan həqiqəti konkretliyində görən hər bir kəs kimi biz də xoşumuz gəlmir. Amma bir çox hallarda fikri dəqiq ifadə etmək üçün onlardan istifadə etməmək mümkün olmur. Bu zəmində bir neçə kəlmə savad və təcrübənin bir sistem elementləri kimi əhəmiyyəti barədə söyləmək yerinə düşərdi. Ola bilsin ki, bunlar sistem elementləridir. Ən azı ona görə ki, cinayətkarlıqla mübarizə aparan orqanlarda çalışan mütəxəssisləri bu orqanlar deyil, təhsil müəssisələri hazırlayır. Təhsilin səviyyəsi aşağı olanda, məhkəmə, prokurorluq, hüquq mühafizə orqanlarının da fəaliyyəti tələb olunan keyfiyyət səviyyəsində olmayacaq. Deməli, prosesin inkişafında bir-biri ilə üzvü əlaqədə olan, bir sistem çərçivəsində birləşən 2 element iştirak edir.
Təcrübə də onu kimi. Son zamanlar bu “təcrübə” sözündən gen-bol istifadə edilir. Onun əhəmiyyəti qanun norması əhəmiyyətinin səviyyəsinə qədər qaldırılmışdır. Bu vəziyyətlə razı olmamağımızı dəfələrlə bildirmişik. Hesab etmişik ki, qanun normasının öz yeri, təcrübənin öz yeri vardır. Ədalət mühakiməsinin ümumi qaydaları qanunverici orqan tərəfindən “qanun” formasında müəyyənləşdirilməlidir. “Məhkəmə təcrübəsi” isə metodik göstərişlər, tövsiyələr məzmununda olmaqla qanunla eyni hüquqi nəticələrə səbəb olmamalıdır. Dərinə getməyək, boğularıq, uzağa getməyək azarıq. Nə isə təcrübə barədə.
Praktiki işçilər yaxşı bilir ki, az-çox əhəmiyyətli işlər həmişə “təcrübəli” işçilərə tapşırılır. Təcrübə nəzəri bilik, peşə hazırlığı səviyyəsinin yüksək olması şərti ilə əldə edilir. “İş stajı” ilə “təcrübə” anlayışlarını qarışdırmaq olmaz. Amma bir qayda olaraq daha çox iş stajı olanın təcrübəsi də çox olur və işin öhdəsindən daha yüksək səviyyədə gəlir.
Bu yaxınlarda prokurorluğun bir məlumatına rast gəldim. Yazılmışdı ki, “1259 gənc hüquqşünas prokurorluq orqanlarına daimi qulluğa qəbul edilib. Onlar da hazırda prokurorluq işçilərinin 93,2 faizini təşkil edir”. Bilmirsən, sevinəsən, yoxsa kədərlənəsən. Kim, haçan və harada gəncin təcrübəli işçidən problemin öhdəsindən daha səmərəli gəlməsi prezumpsiyasını kəşf edib? Məlum deyil. Əksini isə, biz gündəlik həyatımızda görməkdəyik. İnanmırsınızsa, gecə-gündüz təcrübəli işçi axtarışında olan rəhbərlərlə səmimi söhbət edin. Hərçənd, onlar Sizə düzünü deyərlər.
Qayıdaq “dələduzluq” cinayətkarlığı ilə mübarizə məsələsinə. Əslində, bu istiqamətdə ciddi nailiyyətlərə nail olmaq bir o qədər də çətin deyil. Zəmin var. Kifayət qədər hüquqi baza mövcuddur. Sadəcə olaraq normaları ağılla, prinsipial üslubda tətbiq etmək lazımdır. Bunun üçün isə əsas şərt “bilik” və “təcrübə”dir. Bir də “iradə”, cəmiyyətdə cinayətkarlığın səviyyəsini nəzarətdə saxlamaq, ağılla idarə etmək iradəsi.
Fikrimizi tamamlamaq üçün bu mərhələdə cinayət hüququnun bəzi müddəalarını diqqətinizə çatdırmağa məcburuq.
Cinayət hüququna görə “etibardan sui-istifadə etmə” və “aldatma” Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsində nəzərdə tutulmuş “dələduzluq” adlı cinayətinin törətmə uşularıdır (“etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”). Yəni, qeyd edilən cinayətin tərkibinin “obyektiv cəhət” əlamətləridir.
Cinayət Prosessual Məcəlləsinin (CPM) 7.0.1-ci maddəsində (Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları) müəyyən edilmişdir ki, “cinayət hadisəsi – cinayətin əlamətlərini özündə əks etdirən hadisədir”. Yəni, cinayətin üsulu cinayət hadisəsini özündə əks etdirən hadisədir.
Bəs bu “əlamətlər”in mövcudluğu cinayət təqibi orqanı qarşısında bir vəzifə müəyyən edir və ya etmir? Sualın cavabı CPM-nin konkret və aydın məzmunlu normasındadır. CPM-nin 46.3-cü maddəsinə (Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri) əsasən, “Cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır”.
Yəni, “cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması” cinayət təqibi orqanının qarşısına vəzifə qoyur ki, ya cinayət işi başla, ya da (CPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibini istisna edən hallardan ən azı biri varsa) cinayət işi başlanmasını rədd et”. Amma hər bir halda “etibardan sui-istifadə” və aldatma” üsulu mövcud olduqda müvafiq məlumatı “törədilmiş cinayət haqqında məlumat” kimi qeydə al və qanunda (CPM-nin 204- 213-cü maddələri) nəzərdə tutulmuş addımları ardıcıllıqla at.
Cinayət prosesi hüququna görə, “ittihamın mahiyyəti”ni “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər” təşkil edir (CPM-nin 223.3.2-ci maddəsi). “Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur” (CM-nin 27.1-ci maddəsi).
Cinayət hüququna görə, CM ilə nəzərdə tutulmuş “cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Məlum olduğu kimi, cinayətlərin tərkiblərinin əlamətləri CM-nin Xüsusi hissəsinin normalarında təsvir edilmişdir.
Göründüyü kimi, dələduzluqla, eləcə də cinayətkarlığın digər növləri ilə qanuni mübarizə icrası kifayət qədər asan olan proseduraların yerinə yetirilməsini tələb edir. Çifayda, yerinə yetirilmir. Fəsadlar isə, çox uzağa aparır. Məsələn, mülki mühakimə icraatında Mülki Məcəllənin (MM) 339-cu (Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı), 340-cı (Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı), 560-cı (Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi) və digər maddələrində nəzərdə tutulmuş əqdlərə əsaslanan mübahisələrin sayı yüksək olmaqla məhkəmələrin iş yükü, eləcə də vətəndaşların bu məsələlərlə bağlı dövlət orqanlarına mənasız şikayətlərinin sayı artacaq. Bu, qaçılmazdır.
Vurğulanmalıdır ki, cinayət prosesi mülki prosesdə aldadılmasına məhkəmələr tərəfindən haqq qazandırılmış şəxslərin hüquqlarının bərpa olunması imkanlarını də nəzərdə tutur. Cinayət prosesi çərçivəsində çıxarılmış və qanuni qüvvəyə minmiş hökm mülki prosesdə işin yenidən baxılmasına səbəb ola bilir. MPM-nin 432-ci maddəsində (Maddə 432. İşə yenidən baxılması ) müəyyən edilmişdir ki, “432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; 432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri” yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslardır. Bu normanı prokurorluq və istintaq orqanlarının “iş mülki xarakterlidir” nəqəratının ifaçıları olan vəzifəli şəxsləri yadlarından çıxarmamalıdırlar. Bu əsaslar üzrə dövlət orqanlarına müraciətlər kifayət qədərdir. Təəssüflər olsun ki, onların statistikası barədə bilgilərimiz yoxdur. Amma faktlar var.
Fikrimizcə, bu istiqamətdə nailiyyətlər yalnız konstitusiya prinsiplərinə uyğun məhkəmə hüquq islahatlarını dərinləşdirmək gərəkdir. İslahatların taktiki səviyyəsi prokurorluğun, məhkəmələrin, hüquq mühafizə orqanlarının kadr siyasətində irili-xırdalı bütün məhdudiyyətlər aradan qaldırılmalıdır ki, rəhbərlər qulluğa öz siyasətini daha səmərəli həyata keçirməyə qadir olan kadrları qəbul edə, qulluğa yaramayanları isə asanlıqla qulluqdan xaric edə bilsinlər. Rəqabət olmayan yerdə keyfiyyət də ola bilməz. İşçi hiss etməlidir ki, vəzifələrini layiqincə yerinə yetirməsə, rəhbər çox asanlıqla onu vəzifədən azad edəcək, yerinə isə başqasını axtarıb tapacaq. Yeni kadrı (kadrları) 2 il gözləmək lazım deyil. Bu, səmərəsizdir. Təcrübə göstərir ki, kadr seçiminin mövcud mərhələləri bu problemin həllinə töhfə vermir və verə də bilməz”.
Afət Abbasova
Gununsesi.info

