Bu uşaqlar böyüyüb kim olacaqlar? Sosial şəbəkədə yazılanlar
Icma.az, 525.az saytına istinadən bildirir.
Fərid Pərdəşünas, texnobloger:
- Çox qəribə bir situasiyanı müşahidə edirəm. TikTok-da bəzi paylaşımlara gələn rəyləri oxuyanda, daxil olub həmin rəylərin sahiblərinin fotolarına baxıram.
Harada qeyri-adekvat, cinayət tərkibli, söyüşlü rəylər var, seçirəm və sosial müşahidə olaraq profillərinə baxıram. Son zamanlar etdiyim müşahidələr isə məni ciddi düşündürür.
Söyüşlü, cinayət məsuliyyəti yaradan rəylərin əksəriyyəti azyaşlılar tərəfindən yazılır. Baxırsan, uşaqdır, maksimum 15 yaşı olar, amma artıq TikTok-da özündən böyükləri söyür, təhqir edir, hədələyir. Yazdığının məsuliyyətini qətiyyən anlamır.
Necə bir nəsil formalaşır? Bu uşaqlar böyüyüb kim olacaq? Valideynləri hara baxır? Türmələri doldurmaq üçünmü övlad yetişdirirlər? Necə bir deqradasiyaya doğru gedirik biz? Çox ağrılıdır əslində.
Mehriban Vəzir, yazıçı-publisist:
- Bu kitabı çoxdan gözaltı eləmişdim. Neçə dəfə özümlə ölkədən ölkəyə daşımışam. Sonunda oxudum.
Amin Maalouff - dünyaca ünlüdür, bilgədir, Şərqi yaxşı bilir, dünyanın maraqla oxuduğu ustad yazardır. 100-dən çox dilə çevrilib, milyon nəşri var. Çünki yazıları təkcə bədii deyil, həm tarixidir, həm sənədlidir, həm də qərəzlidir...
Kitabı oxuyanda niyə adının TƏBRİZ deyil, Səmərqənd olduğunu sual etdim. Sualın doğmasına səbəb elə kitabın özüdür, hadisələr yarıbayarı Təbrizdə baş verir...
Amin Maloff Livanda doğulub, Parisdə yaşayır, fransızca yazır. Bəzi mənbələr anası Misir türkü, atası Livan ərəbidir, yazır. Bəzi mənbələr isə anasının Cümhuriyyət dövründə Misirə getmiş azlıqlardan olduğunu yazır. Hər halda türklərə qərəzi var kimi görünür. Səlcuqlu şahlarını aşağılayır, Nizamülmülkün ölümündə Məlikşahın əli olduğunu yazır. Halbuki belə bir mənbə yoxdur. Uydurur. Niyə? İnsan dünyasının dərinliklərində, bəzən səbəbli, bəzən səbəbsiz gizlənən xılt... sanki türklərlə davası var. Ən ötəri və müsbət iki obrazı ermənidir. Neyləmək! Qələm kimin əlindədirsə, söz onundur...
Bizim yazarlar belə dərin dəryalarda üzə bilmir...
Bizim yazarlar Məlikşahı tanımır... yəni özünü tanımır...
Bizi, dünyaya bizi sevməyənlər tanıdır...
Bütün hallarda oxumalı əsərdir...
Elşən Əzim, şair:
- Məhsəti Gəncəvi bir nəfərdirmi, yoxsa eyni təxəllüslə rübai yazan 40-a yaxın qadının ümumiləşdirilmiş obrazıdırmı?
Məhsəti Gəncəvi haqqında müzakirələrə mən də geniş münasibət bildirmək istəyirdim, ancaq Firudin Qurbansoyun müsahibəsində demək istədiklərimin hamısı yer alıb. Qədirşünas xalqımızın adını belə bilmədiyi, Məhsəti təxəllüsü ilə rübailər yazan xanımı "ulu nənəmiz" mərtəbəsinə qaldırdığı bir zamanda çox da təhlükəli sözlər danışmaq istəmirəm. Onu qeyd edim ki, Məhsəti haqqındakı bütün yazılı mənbələr "Məhsəti və Əmir Əhməd" dastanına və xalq arasında yayılmış rəvayətlərə əsaslanır. Yəni "ulu nənəmiz"in öz dövründə onun həyatı, şəxsiyyəti haqqında heç bir yazılı mənbə yoxdur. Xalq arasında dolaşan söz-söhbətlərdə isə Məhsətinin, yumşaq desək, dövrün qaydalarına uyğun olmayan həyat tərzi keçirdiyi görünməkdədir. Hətta Məhsətinin Gəncə doğumlu olmadığı, Mərkəzi Asiyanın Bəlx şəhərində doğulduğu, 20 yaşında Gəncəyə köçdüyü ehtimalı da var. Gəncədə Xərabət məhəlləsində yaşayıb, gənc qızları başına yığaraq onlara musiqi və poeziya öyrədib, şənlik məclisləri qurub. Bu məclislərə kişilər də maraq göstərib və s. və i.a. (ardını demirəm).
Gələk başlıqda göstərdiyim mətləbə (Qeyd edim ki, bu ehtimal az adama bəllidir). Bir ehtimal da var ki, Orta Asiyadan gələn Mənicə adlı qızın başına yığışan, məclislər quran qadınların hamısı "Mah səti" (ay xanım) təxəllüsü ilə şeirlər yazıblar. Elə Mənicə özü də bu təxəllüslə yazıb. Ona görə də bu rübailərin bir müəllifə aid olmadığını düşünənlər də var. Qeyd edim ki, bu ehtimalı professor Xəlil Yusiflidən eşitmişəm. Xəlil müəllim əlavə edirdi ki, bu ehtimal həqiqətdən çox uzaqdır.
Ülviyyə Heydərova, jurnalist:
- İndi hamı birdən birə kino tənqidçisi oldu.
Əzizlərim, heç olmasa filmə baxandan sonra mülahizələrinizi, fikirlərinizi söyləyin. Baxmadığınız filmlə bağlı necə yaza bilirsiniz? Şəxsən özüm baxmamışam, bir söz deyə bilmərəm. Suad Qara ötən il də qısa filmlə Bakı Beynəlxalq Film Festivalına qatılmışdı. Filminə baxmışdım.
Suad Qarayevaya uğurlar arzulayıram. Damarında Tofiq Kazımovun, Səməd Mənsurun qanı axır.
Kərim Kərimli, jurnalist:
- Məncə, hörmətli Suad xanım filmi çəkməmişdən əvvəl bu kitabı - Cavi Danın mənim redaktə etdiyim "Məhsəti" romanını da oxusaydı, yaxşı olardı.
Çünki bu romanda da filmdəki tənqidə məruz qalan kadrlara oxşar səhnələrə xeyli yer verilib.
Ancaq hörmətli Cavi xanım məsələnin çəmini tapa bildiyi üçün oxucularda etiraz doğurmadı, əksinə, yüksək əhvalla qarşıladılar, kitab xeyli tərifli reaksiya doğurdu və sürətlə yayıldı.
Ümumiyyətlə isə, gərək filmin qarşısına sədd çəkilməsin. Tamaşaçıların ixtiyarına verilsin ki, görək xanım Qarayeva nə çəkib, necə çəkib?
Yoxsa, Əsgər bəy demişkən, görmədən, tanımadan, indiki halda baxmadan necə sevmək, yaxud sevməmək, bəyənmək və ya bəyənməmək olar?
Vüsal Məmmədov, jurnalist:
- Məhsəti Gəncəvinin Sultan Səncərlə və Gəncə əmirinin oğlu ilə eşq münasibətinin olduğu məşhuri-cahandır. Onun gecələr Sultan Səncərin yanına getməsilə bağlı xeyli rəvayətlər də var. Məhsəti xanım rahibə olmayıb, eşq, məclis, zövq, eyş-işrət insanı, bir sözlə, hal əhli olub. Buna görə filmi qadağan etmək, məncə, mübahisəli qərardır. Əgər bizə Azərbaycan qadınının əxlaq, ismət, şəfqət tərəflərini göstərmək lazımdırsa, bunun üçün Məhsəti Gəncəvi uyğun personaj deyil, milyonlarla başqa obrazlar var. Hərçənd, filmi görmədiyim üçün bu yazdığım ancaq ilkin mövqedir. Hər şey Məhsətinin şəxsiyyətinin haqqında danışdığımız bu "qismən qaranlıq" tərəfinin nə qədər estetik təqdim olunmasından asılıdır. Yəni düşünürəm ki, burada əsas meyar mentalitet yox, estetika olmalıdır.
Asif Nərimanlı, jurnalist:
- Ukrayna ətrafında danışıqların davam etdiyi vaxt ABŞ-ın qlobal prioriterlərini müəyyənləşdirən yeni Milli Təhlükəsizlik Strategiyasında Kiyev üçün mənfi persektivlər vəd edən məqamlar yer alır.
1. ABŞ "NATO-nun genişlənməsinin qarşısını almaq" fikrindədir;
Bu, Tramp Administrasiyasının dövründə Ukraynanın NATO-ya üzvlüyünün önündə daha bir əngələ çevrilə bilər. ABŞ və Rusiyanın hazırladığı 28 bəndlik "sülh planı"nda Kiyev üçün bu perspektivlər tam bağlansa da, Cenevrə danışıqlarında planda edilən korrrektlərdən sonra üfüqdə işıq görünürdü, xüsusilə Ukraynanın güclü suverenliyinin qorunması və NATO-ya üzvlük məsələsinin ittifaq ölkələrinin konsensusu əsasında ola biləcəyi qeydləri fonunda. Yeni MTS nəinki Ukraynanın alyansa üzv olmamasını, ümumiyyətlə NATO-nun yaxın onilliklərdə genişlənməməsini ABŞ xarici siyasətinin doqmalarından birinə çevirir.
2. Moskvanın işğalçı müharibəsi "Rusiya-Ukrayna müharibəsi" yox, "Ukrayna müharibəsi" olaraq qeyd olunur.
Bu, Ukraynanın ABŞ üçün "problemli obyekt" statusunu formalaşdırmaq riskini yaradır və "Ukrayna müharibəsi"ni dayandırmaq məqsədilə Vaşinqton-Moskva xəttində Kiyevsiz danışıqların yolunu açır.
Sənəddə "Ukraynada hərbi əməliyyatların sürətlə dayandırılması üçün danışıqların aparılması və Rusiya ilə Avropa ölkələri arasında qarşıdurma riskinin azaldılması" qeyd olunur.
- ABŞ Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsi üçün silah yardımının edilməsi perspektivlərindən imtina edə və Avropanın eyni məqsədli addımlarına qarşı çıxa bilər;
- "Müharibəyə sürətlə son qoymaq" məqsədilə Rusiyanın mövqeyinin nəzərə alındığı proqramını davam etdirə bilər;
3. Sənəddə qeyd olunur: "ABŞ Rusiya ilə münasibətlərdə "strateji sabitliyi" bərpa etməyə çalışır"; "Avropa və Rusiya arasında münasibətlərin tənzimlənməsi üçün ABŞ-ın diplomatik iştirakı vacibdir";
Bu iki qeyd ABŞ-ın Rusiya ilə dialoq xəttini əsas götürməsi və Avropanın qarşıdurma siyasətini dəstəkləmədiyi deməkdir.
Yeni MTS-nin qəbul edilməsi Tramp Adminustrasiyasının sənədə tamamilə əməl etməsi demək olmasa da, ABŞ-ın ana prioritetləri Ukraynaya müsbət perspektivlər vəd etmir. Avropanın önünün alınması hədəfləri isə Kiyevin alternativ imkanlarını da məhdudlaşdıra bilər.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Ötən gün MİDA-nın onlayn satış prosesinə kiberhücumlar olub.
Beləliklə, MİDA-nın ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı rəsmi məlumat gec də olsa açıqlandı.
Açıqlanan məlumatdan diqqət cəlb edən odur ki, DTX, XRİTDX və MİDA ötəngünkü satışda baş verənlərlə bağlı araşdırmalar aparıb.
Hər üç qurumun bir az öncə açıqlanan birgə məlumatında qeyd olunur ki, mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilib, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınıb.
Hər üç qurum vətəndaşları "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməyə və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməyə çağırıb.
DTX, XRİTDX və MİDA-nın çoxsaylı şikayətləri nəzərə alaraq dərhal araşdırmalara başlaması və birgə açıqlaması təqdirəlayiqdir.
Görünür ki, aparılan araşdırmalar satışın nəticələrinin ləğvi üçün ciddi əsaslar yaratmayıb və qurumlar satışın uğurla başa çatmasını qeyd ediblər.
Bununla belə, biz daha ağlabatan cavab gözləyirdik. MİDA gərək istifadəçilərin seçim prosesini icra edə bilməməsinə, çox sayda istifadəçilərin qarşısına çıxan xətaya ağlabatan bir izahat verəydi.
Mənim subyektiv fikrimə görə, çox sayda istifadəçilər qarşısına çıxan xətalar qeyd olunan kiber hücumla bağlı, eyni zamanda MİDA-nın "Güzəştli mənzil" sisteminin qüsurlarından, server və baza problemlərindən, insan amili ilə bağlı məqamlardan da asılı ola bilərdi.
İstənilən halda, düşünürəm ki, alternativ satış üsulu təqdim etməyin məqamı yetişib. Belə davam edə bilməz. Hökumət gərək bunun fərqində olsun.
Hər onlayn satışdan sonra təhlükəsizliyə cavabdeh qurumlar araşdırmalara başlayacaqlarsa, bütün bunlar əlavə narazılıqlar, dövlət qurumunun fəaliyyətilə bağlı neqativ fikirlər formalaşmasına gətirib çıxarır .
Əgər vətəndaş güzəştli mənzil hüququna malikdirsə, lakin "Enter" düyməsini basa bilmirsə, rəqəmsal savadı yetərli deyilsə, nə etməlidir ?
Əlbəttə, o məcburdur ki, digər üsullara, əl atsın.
Eyni zamanda, peşəkar insanların da bu tip yarışmada hansısa səbəbdən uğur qazana bilməməsi də əlavə neqativlərin formalaşmasına təkan verir.
Dəfələrlə deyilib ki, indiki sistem insan amilinin rolu olmamaq baxımından, texnoloji baxımından üstün hesab olunsa da, onun mahiyyətində böyük bir ƏDALƏTSİZLİK var.
Ümid edirəm növbəti onlayn satışadək hökumət yenidən bu məsələyə diqqət yetirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















