Icma.az
close
up
RU
Bulud xatun və Beyrək Hekayə

Bulud xatun və Beyrək Hekayə

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamal ABDULLA
ADU-nun rektoru, Xalq yazıçısı

Gecənin bir vaxtı on altı ilin dustağı olan Beyrəyi qala divarlarından orqanla sallayıb Oğuz elinə qaçırandan sonra Bayburd bəyinin məhbub qızı bir xeyli həsrətlə onun arxasınca baxdı. Beyrək kölgə kimi divar dibinə sığına-sığına qala atlarının saxlandığı tövləyə tərəf gəldi. O bilirdi ki, qardaşı qədər sevdiyi Boz ayğır burda saxlanır. Uzun zamandır çıxarmadığı kişnərti səsini ciyərinin ən dərin yerindən çıxarıb hayqırmadımı, hayqırdı. Vaxtilə o, bu cür Boz ayğırını çağırar, Boz ayğır da onun səsinə çaparaq gələrdi. İndi də elə oldu. Heç elə bil, aradan on altı il keçməmişdi. Boz at Beyrəyin səsinə ağız dolusu kişnəyib səs verdi və atların arasından sıyrılıb Beyrəyə tərəf götürüldü. Beyrək ona yalmanan atını bir tumarladı, bir tumarladı, Boz ayğırın gözləri ləzzətdən süzüldü. Bu ləzzətin içində köhnə, əziz günlərin sevgi dolu sevinci hər ikisinin canından bir anlıq da olsa ildırım sürətilə çaparaq keçib getdi.

Artıq ləngimək olmazdı. Ata minib yola düşmək zamanı idi. Beyrək durduğu yerdəncə elə bir sıçramaq sıçradı ki, Boz atın belinə qonmamış qala divarının üstündə heykəl kimi dayanıb donmuş Bayburd qızının bərabərinə uçub qalxdı və qızın məhzun, işıq saçan baxışları Beyrəyin üzünə meh kimi dəyib qəribə bir cazibə ilə onu havadaca öz qənşərində tutub saxladı. Qızın ona deyəcəyi vardı. Qız dedi:

- Əgər sağlıqla gedib elinə, obana qovuşarsansa, geri dönüb məni halallığa alarsanmı? Mən ki sənə könlümü verdim, bilirsən. Bunu unutma.

Beyrəyin şəfqət damarı qeynədi. Gözlərini yumdu, bu qızla keçirdiyi və dərdi-qəmi unutduğu, deyib-güldüyü, qızın ona danışdığı cürbəcür rəvayətləri, nağılları xatırladı. Bayburd qızının gözlərindən süzülən işıq Beyrəyi ahənrüba kimi hələ də havada tutub saxlayırdı. Bu sevimli kafir qızı intizarla ondan cavab adına bir söz gözləyirdi. Beyrək düşünüb-daşınmadan qətiyyətlə ona belə bir cavab verdi:

- Oxuma sancılayım! Qılıncıma doğranayım! Əgər gəlib səni halallığa almaz isəm. Oğuz yolu – əzab dolu. Burax məni, gedim... İşığını çevir məndən. İnan, mənə... İnan!

Beyrəyin bu sözlərindən sonra Bayburd qızının gözləri yaşla, qəlbi inamla doldu. Onun gözlərindən süzülən və Beyrəyi hələ də tutub saxlayan işıq son dəfə parladı və daha sonra işığın arası kəsildi. İşıq kəsilən kimi, Beyrək canını bu məşəqqətli işıqdan qurtaran kimi o, bir quş tükü olub, yavaş-yavaş havada yellənə-yellənə aşağıdaca durub qulaqlarını şəkləmiş Boz ayğırın belinə qondu. Boz ayğır daha gözləmədi. Balası yanına qaçırmış kimi dördnala Oğuza aparan yola düşdü. Kafir qızı hasar üstə qaldı tənha, tək...

Beyrək əvvəllər də şübhələnirdi ki, Bayburd qızının bəzi sehrbazlıq səriştəsi vardır. İndi də at belində yolun bağrını yardıqca şübhəsinin həqiqət olduğuna inandı və belə düşündü: «Əlbəttə, bu belədir. Əgər belə olmasa idi, o zaman necə ola bilərdi ki, bu on yeddi il boyu bir dəfə də olsun doğma yurdumu, el-obamı, atamı, anamı, hələ sevdiyim, könül verdiyim, beşikgərtmə nişanlım Banuçiçəyi xatırlamadım?! Dostlarımı, düşmənlərimi yada salmadım?! Bəzirganlar qala divarlarının altında Dədəm Qorqud sazını çalıb doğma nəğmələri oxumasa idilər, bu huşsuzluq, bu ayrılıq nə zamana qədər sürəcəkdi?!”

Boz ayğır ağır-ağır nəfəs alıb on dörd günlük ayın ona göstərdiyi yolun bağrını yardıqca Beyrək xatırlayırdı. Onun yadına sevdiyi, könül verdiyi Banuçiçəyi də elə bəzirganlar salmadımı, bazirganlar saldı. Atasını, anasını, bacılarını yadına bazirganlar saldı. Oğuz ellərini – çəmənləri, düzləri, qayaları, dağları, buz kimi soyuq bulaqları, ceyranları, cüyürləri, aslan yataqlarını bazirganlar onun yadına saldı. Beyrək sanki bütün bu illər ərzində ölmüş, böyücük bir uyquya getmiş, indi isə bazirganların doğma səslərini eşidəndən sonra bircə anın içində dirilmiş, bu uyqudan oyanmışdı. Bayburddakı Beyrək Beyrək deyildi, Oğuz yolunda isə o, yenidən Beyrəyə döndü.

Bazirganlar onun atası Baybura bəyin bazirganları idi və Baybura bəy Banuçiçəyin düyünündən bir qədər əvvəl son ümidlə onları Beyrəyi axtarmağa göndərmişdi. Onlar da oba-oba, yurd-yurd gəzib on altı il səsi-sorağı gəlməyən Beyrəyi, nəhayət ki, Bayburd hasarında tapmışdılar. Oğuzda belə bir adət vardı: kimisə axtarırdınsa saz götürüb çala-çala, ondan da eyni şəkildə cavab ala-ala istəyinə çatırdın. Bu dəfə də əlləri hər yerdən üzülən bazirganların Qorqud sazının səsinə Bayburd hasarından Beyrək səs vermiş, onlar beləcə tapışmış və Beyrək Oğuzda onsuz baş verənləri bazirganlardan öyrənmişdi. Sevimli atası Baybura bəyin Beyrəyin həsrətilə ağlamaqdan kor olması, Basatın Təpəgözlə ölüm-dirim savaşı, Salur Qazanın əsir düşməsi və sonra əsirlikdən xilas edilməsi, Dəli Domrulun öz xatununu Əzrayılın əlindən alması, Dirsə xanın sadəlövhlüyündən istifadə edən qırx namərd arxadaşının onun başına gətirdikləri və Buğacın comərdliyi bazirganların ona saz ilə oxuduqları dəhşətli xəbərlər idi. Onun sevgilisi Banuçiçəyi Yalançı oğlu Yalanşıya ərə verəcəkdilər. Yalançı oğlu onun ölüm xəbərini Oğuza gətirmişdi. Bunları eşidən Beyrəyin başı hərləndi, ürəyi dayandı. Sonra o guphagupla vuran ürək döyüntülərini qulağında apaydın eşitdi. Beyrək elə bu zaman bir anın içində bütün olub-keçənləri xatırladı və pərişan bir halda yerə çöküb ah-zar etməyə başladı. Bayburd hasarından qaçıb canını qurtarmaq və beşikgərtməsi Banuçiçəyə qovuşmaq üçün yollar aradı. Çıxış yolu Beyrəyin heç gözləmədiyi bir yöndən gəlmədimi, gəldi. Çıxış yolu nə qədər qəribə olsa da Bayburd qızından gəldi...

...Sabaha qədər Beyrək durmadan at çapdı. Günəşin ilk şüaları onun yolunu işıqlandıranda yol qırağında gözünə bir nəhəng ağac və bu ağacın altından fışqırıb axan bir bulaq göründü. Bu bulağın suları dəcəl-dəcəl bir-birilə boğuşur kimi axıb gedirdi. Bulağın başındakı qollu-budaqlı palıd ağacının budaqları isə göylərə baş vururdu. Bu budaqlar sanki çoxlu-çoxlu qollara dönüb torpağa üz tutaraq bulağı bağrına basmaq, qucaqlamaq istəyirdi. Budaqların, yarpaqların xışıltısı bulağa sanki ağac dilində nəsə deyir, bulaq da ona su dilində cavab verirdi. Beyrək onların dilini anlamadı. O ağacın altında Beyrək Boz ayğırın yalmanına əlilə tanış bir tumar çəkdi və Boz ayğır qəfildən yerə mıxlanıb dayandı, ayaqları ilə torpağı eşməyə başladı. Beyrək sıçrayaraq atdan endi. Boz ayğır suya getdi, Beyrək özünü qədd-qamətli ağacın altına verdi. Yerə uzandı, əllərini başına yastıq edib sakitcə qaldı. Yol yorğunu olmuşdu. Canından yorğunluq çıxmağa başlarkən yuxu onu yavaş-yavaş ahənrüba kimi çəkib hansısa başqa bir dünyaya apardı. Ol zamanlar Oğuz igidləri uzun bir yola çıxıb yorğunluq əlindən yatdığı zaman sanki bu dünyadan ayrılır, gözlərinə mələklər və şeytanlar, qəribə məxluqlar, cin-şəyatin dolu yuxular girirdi. Onlar özlərini bu yuxuların qəribə məxluqlarının arasında görür və onları bu şirin və maraqlı uyqudan oyandırmaq heç cür mümkün olmurdı. Bu halın adına küçücük ölüm derlərdi. Beyrək xatırlayırdı: Salur Qazan, Qanturalı da beləcə küçücük ölümə dalmışdılar. Onları ancaq yeddi gün, yeddi gecədən sonra oyandıra bildilər. İndi də küçücük ölüm onu gəlib tapmışdı.

Beyrək uyquya getməzdən bir an öncə yorğunluqdan süzülən gözlərilə səmaya nəzər saldı və uzaqlarda böyük bir bulud topası sezdi. Bu bulud topasının altı ilə böyük bir qoşun əhli əllərində qılınc qara-qara atların üstündə qışqıra-bağıra uçaraq keçib uzaqlarda əriyirdi. Qoşunun başında başı yox birisi kəsik kəlləsini əlində tutub sinəsinə sıxmış halda uçurdu. Bu kəsik kəllədə bir göz var idi. Təkgöz uçduqca hiddətli-hiddətli arxasınca gələnləri, bəlkə də arxada qoyub gəldiklərini təhdid edirdi. Bir xeyli bu qoşun Beyrəyin başı üstdən uçub getdi, uzaqlarda əriyib gözdən itdi. Beyrək baxışları ilə Təkgözün sonuncu əsgərini də yola saldı. Göylə uçub gedən bu ordu kimin ordusu idi?! Təkgöz kim idi?! O niyə oğuz tərəfdən uçu-uça Oğuzda qalanları təhdid etmiş olsun?! Amma Beyrək bilmirdi ki, Oğuz elinə gəlib Oğuzu zəbun etmiş Təpəgöz elə bu Təkgöz idi. Onunla savaşan neçə igidi qanına qəltan bu etmişdi. Aruz Qocanın oğlu  Basat Təkgözün başını kəsəndən sonra Təkgöz də, ordusu da göyün yeddi qatına qalxıb gözdən itmişdilər. İndi də hansı məkandan ki Oğuza gəlmişdilər, naəlac oraya uçub qayıdırdılar.

Beyrəyin gözləri yumuldu, o, ağır bir uyquya dalmağa başladı. Beyrək sanki dərin və qaranlıq bir quyuya yuvarlanırdı. Qocaman ağacın budaqları, budaqların yarpaqları xışıldaya-xışıldaya ona lay-lay deyirdilər.

Beyrək uyquya gedər-getməz mavi səmadan bir böyük ağ bulud topası ağacın altına qədər süzülüb gəldi və Beyrəyin başının üstünü aldı. Bulud topasının dərinində gözəl bir saray göründü. Bu saraydan Beyrəyin yatdığı yerədək bir ağappaq mərmərdən pilləkən açıldı. Bu saray da, bu pilləkən də, bu sarayın içindəki qul-xəlayiq də hamısı buluddan ibarət idilər. Hər tərəfində bəyaz çiçəklər açmış və qızıl şamdanlara sancılmış şamlar yanırdı. Onlar da eynən bulud idilər. Ətrafı əsrarəngiz işıq bürüyürdü. Şamlar elə şövqlə yanırdı ki, ətrafda işığın sahibi olan sabahın hər bucağını zülmətdəymiş kimi işıqlandırırdı. Sarayın qapısından açılan pilləkənlə Beyrək tərəfə böyük bir ehtiramla qəribə geyimli qul-xəlayiq enməyə başladı. Onlar yatmış Beyrəyə ehtiyatla yanaşdılar və onu əlləri üstünə aldılar. Sonra başları üstünə qaldırdıqları Beyrəklə bir yerdə haman pilləkənlə bulud topasının içinə doğru qalxmağa başladılar. Beyrək uyquya getdiyindən bunların heç birini duymadı.

Bu göylərə baş vuran sarayın, bu sarayın ətrafındakı buludlar aləminin sahibəsi Bulud xatun adlı gözəllər gözəli bir mələk idi. Saray da, qul-xəlayiq də, sarayın ətrafındakı qəribə və əcayib məxluqat da ona məxsus idilər.

Bulud xatun Beyrəyi özünün ağ mərmərdən ucaldılmış sarayının qapısında qarşıladı. Beyrəyi ehtiyatla onun qarşısındakı ağ sandalyaya oturtdular. Bulud xatun Beyrəyə diqqətlə və sınayıcı baxışla nəzər yetirib heç nə demədən əlilə yaxından üzüb keçən bir parça buludu havadaca tutdu. O bulud parçası onun gözəl əlində ağ şərbətlə dolu bir piyaləyə çevrildi. Bulud xatun Beyrəyin başı üstünə əyilib bu piyaləni Beyrəyin dodaqlarına tutdu. Bir damla ağ şərbətdən ona içirdi. Beyrək anındaca gözlərini açdı. Küçücük ölüm şeytani qiyafəsiylə Beyrəyin canından istəməyə-istəməyə ayrıldı, Bulud xatuna bir nifrətli baxış atdı və ətrafdakı buludların arasıyla uzaqlaşıb əridi. Beyrək gözlərini açandan sonra sonsuz bir maraqla ətrafını seyr eləməyə başladı.

Beyrək burada nə görürdüsə, buluda oxşadırdı. Amma əli nəyə dəyirdisə, hiss edirdi ki, canlı bir nəyəsə toxunur. Bulud xatun nəvazişlə ona baxmaqda idi. Beyrək onun gözəlliyindən əriyərək kəmali-ədəb ilə soruşdu:

- Sən kimsən, xatun? Mən burada nə edirəm?

Bulud xatun özü qədər incə səsilə ona cavab verdi:

- Bura artıq sənin yeni evindir, Beyrək. Sən ki mənim niyyət ağacımın altında oturdun, mən səni yardımsız qoya bilməzdim. Sən yardım istədin, mən də o yardımı sənə verəcəyəm. Mən qoymanam, sən getmək istədiyin yerə gedib namərd əlilə qətlə yetirilmiş olasan. Bax ətrafına. Burda nə varsa, gözünə nə görükürsə, artıq sənindir. Sən isə mənimsən.

Beyrək bu gözəl xatunun sözlərindən heç nə anlamadı. Sualını təkrar etdi:

- Hələ bir de görüm, sən kimsən?

- Eləmi dersən? Amma bir düşün, mən dediyimi sən necə görəcəksən? Sən deyilənləri görə bilirmisən? Amma əgər sən dediklərini həm də görmək istərsənsə, mən onu dəxi sənə göstərərəm. İstərmisən?! – Bulud xatun naz ilə gülümsəyərək onun sualına sual ilə cavab verdi.

Beyrək həqqən bu xatunun dediklərinə bilmədi ki, nə söyləsin. Bulud xatun camal yiyəsi olduğu qədər, həm də kamal yiyəsi idi. Bulud xatun onun çaşqınlığını görüb bu dəfə xeyli nazikcəsinə səsləndi:

- Mən Bulud xatunam, igidim. Bu gördüyün yaxındakı, uzaqdakı buludların sahibəsi mənəm. O buludlara mən həyat verə bilirəm və mən onları əridib yox edə bilirəm. Bax, o bulud topasına bax. Əslində, onlar bulud parçaları deyillər. Onlar mənim atlarımdır. Sənin Boz ayğırın da artıq onların içindədir. Amma onu hər necə çağırsan da, o, səninlə bir yerdə yer üzünə qayıda bilməyəcək. Yüksəklikdən yerə dəyib param-parça olacaqsınız. Beynindən keçənləri unutsan yaxşıdır.

Bulud xatun Beyrəyin beynindən keçənləri o andaca duymuşdu və onu bu fikrindən daşındırmaq istədi.

Beyrək daha dinmədi. Anladı ki, gözəllər gözəli Bulud xatun onun nə düşündüyünü oxuya bilir. Onun üçün də heç bir şey barədə düşünməməyə qərar verdi. Bulud xatun işarə etdi və qullar yenə Beyrəyi əhatəyə aldılar. Onu oturduğu sandalyadan qaldırdılar və hər iki qolundan yapışaraq sarayın yuxarısına, onun üçün xüsusi hazırlanmış bəmbəyaz, geniş bir otağa apardılar. Bu otaq səliqəsi və düzəni ilə göz qamaşdırırdı. Beyrək otağa baxıb orada sağ küncdə bir böyük pəncərə gördü. Yaxınlaşıb pəncərədən baxdı. Bulud xatunun sarayı səmada sürətlə uçurdu. Hər tərəf ağappaq bulud idi. Alçaqdan, hündürdən uçan, gah aslana, gah ceyrana, gah dəvəyə, gah ata çevrilən bulud topaları hər tərəfi tutmuş idi. Aşağıda, çox-çox uzaqlarda evlər, saraylar, qəsrlər, şəhərlər, ölkələr var idi. Onlar bir-birini yavaş-yavaş əvəz edirdi. Beyrək onu bura gətirənlərə dedi:

- Dinlənmək istirəm.

Qullar bir an içində əriyib yox oldular. Beyrək çarpayıya uzandı. Aşağıda, böyük ağacın altında yatdığı yuxu o qədər şirin və o qədər rahat idi ki... Bir daha belə bir rahat yuxuya gedəcəyinə inanmırdı. Amma o düşünən kimi olmadı. Rahat və şirin bir yuxu yenə də onu öz ağuşuna aldı.

Beyrək yuxudan ayılanda gördü ki, Bulud xatun onun yanında uzanıb, gözlərini onun gözlərinə dikib və bir əli ilə onun saçlarını tumarlayır.

Bulud xatun dedi:

- Mən heç vədə sənin qədər yaraşıqlı igidə rast gəlmədim. Bilirsənmi, mənim yaşım dünyanın yaşı qədərdir. Bura da niyyət ağacımın altından çox igidləri alıb gətirdim. Heç biri sənin kimi deyildi.

Beyrəyin şəfqət damarı yenə də qeynəməyə başladı.

Bulud xatun sevgi dolu bir nəvazişlə ona baxırdı.

Beləcə zaman ötüb keçməyə başladı. Amma bulud içindəki və yer üzündəki zaman eyni zaman deyildilər. Yer üzündəki zaman ağır-ağır keçirdi, çünki üstündəki yük – insanlar, evlər, qəsrlər çox idilər. Bu, ağırlıq demək idi. Buludlar isə quş lələyi kimi yumşaq və çəkisiz... Onlardakı zamanın sürəti böyük idi. Bu zamanlar bir-birinə uyuşmur və bu uyuşmazlığa cavab olaraq buludlar tərəfindən aşağı uzun sürəli yağışlar, sellər axırdı. Onlar insanları, obaları yuyub aparmaq, yer üzünün sonundan o yandakı boşluğa atmaq dilərdilər. Onlar bu şəkildə yer üzünü əlavə yükdən xilas etmək istərdilər. Amma yer üzünün sürəti bundan artırdımı, artmırdı. Hərdən bu buludlar yer üzünə yağış əvəzinə dəvələr, şirlər göndərir, yer üzündəkilərin sayını bu şəkildə azaltmaq istirdilər. Bu da bir nəticə vermirdi. Çünki insanlar durmadan çoxalmaqda idilər.

Beyrək bir müddət Bulud xatunun himayəsində beləcə ömür sürüb durdu. Bulud xatun Beyrəyə isinişmişdi. Onların söhbəti tuturdu. Bulud xatun Beyrəyə yer üzündəki insanlardan, ellərdən, obalardan, yurdlardan, dağlardan, çaylardan, dənizlərdən danışır, bəzən sözlərinə sübut kimi uzaq-uzaq dənizlərdə üzən balıqlardan söz açır, hətta bu balıqları bulud halında Beyrəyin gözünə görükdürürdü. Bu zaman haman balıqlar Bəyaz sarayın qabağından dənizdə üzən kimi üzüb keçir, hətta başları ilə Beyrəyə salam belə verirdilər. Beyrəyin hər bir arzusu anındaca yerinə yetirdi. Bulud xatun bütün mehrini Beyrəyə salmışdı. Xatun Beyrəyi sevmişdi. Beyrək tam olaraq onun qəsd etdiyi bir cəngavər idi. Yaraşıqlı, sözünün düzənini bilən, elinə, obasına sədaqətli birisi idi. Bulud xatun Beyrəklə sonsuza qədər bu buluddan ucaldılmış sarayda yaşamaq istərdi. Amma gərək idi ki, bunu Beyrəyin özü də istəyə idi. Beyrək isə məhzun-məhzun buludların üstündə, içində gəzib-dolaşır, yuxarıdan aşağı yer üzünə baxdıqca baxır, sanki nəyisə xatırlamaq istəyir, amma xatırlaya bilmirdi. Beyrək nə isə itirmiş adama bənzəyirdi, amma nə itirdiyini özü də bilmirdi. Beyrəyin qəlbinin dərinlikləri nəyisə, kimisə xatırlamaq istirdi, amma özü də bilmirdi ki, bu nə isə, bu kim isə nədir və kimdir. Beyrəyin ürəyi sıxıldıqca sıxılırdı. Beyrək ətrafına baxdığı zaman hansısa qəribə və əcaib məxluqlar görürdü. Beyrək artıq bilirdi ki, bunlar buluddular. Bu bulud parçaları gah aslana dönür, gah buğaya, buğraya çevrilir, gah da şahə qalxmış atlar olurdular. Bulud xatun Beyrəyin belə əhvalından əndişələnərək onu şənləndirmək üçün hərdən bu qəribə məxluqları bir-birilə boğuşdururdu. Aslanlar aslanlarla, dəvələr dəvələrlə, köpəklər köpəklərlə boğuşur, sonra da əriyib yox olurdular. Beyrək bir müddət bu boğuşmaya diqqət edib həvəslə seyr edər, boğuşmadan sonra yenidən qəlbinə haman anlamadığı kədər və qüssə gəlib dolardı. Get-gedə Beyrək saralır, solur, gözlərinin dərinliyindəki qüssə baxışlarına qədər gəlib orada özünə məskən salırdı...

Nəhayət, Bulud xatun Beyrəyin bu halına dözə bilmədi. Bir gün o, Beyrəyə belə dedi:

- Sənin yaddaşını səndən alıblar. Bunu Bayburd bəyinin sehrbaz qızı edibdir. Mən dəxi yaddaşını sənə qaytarmağı diləmədim. İndi isə mən bir qərara gəldim. Sənə bir sualım vardır.

- Nədir sənin sualın? - Beyrək təəccüb içində sordu.

- Əgər mən sənin yaddaşını sənə qaytararamsa, gedib elində-obanda istədiklərinə qovuşarsansa, geri dönüb mənimlə burada əbədi olaraq yaşamağına söz verirsənmi? Bir şeyi də bilməni istərəm. Burada səni böyük bir azadlıq gözləyir. Üz bu səma dənizində haraya istərsən. Amma Oğuzda sənin ölümün səni arar. Orada qalsan bu ölümdən qaça bilməyəcəksən...

Beyrək bu sözlərdən diksindi. Amma yenə də heç nə anlamadı. Özündən asılı olmadan Bulud xatuna da eynən Bayburd qızına verdiyi sözlə belə dedi:

- Oxuma sancılayım. Qılıncıma doğranayım əgər gəlib burada səninlə sonsuza qədər ömür sürməz isəm...

Beyrək dediyi sözlərə özü də inanmırdı. O bilirdi ki, Bulud xatun onun üzünə baxan kimi qəlbindən keçənləri duyacaqdır. Onun üçün də üzünü qaçırıb pəncərədən aşağıları seyr etməyə başladı.

Bulud xatun əllərini uzadıb bir əlilə qara, o biri əli ilə ağ bulud parçasını tutdu. Bu bulud parçalarını bir piyaləyə sıxaraq suyunu çıxardı. Sonra piyaləni Beyrəyə uzatdı. Beyrək piyaləni Bulud xatundan alıb böyük bir heyranlıqla ona baxdı. Baxışı ilə onunla vidalaşdı. Sonra heç bir şey sormadan piyaləni tələsik başına çəkdi. Elə o andaca onun gözlərini qırmızı bir qaranlıq bürüdü. Bütün bədəninə isti tər yayıldı. Huşu uçub harasa getdi. Bir ayıldığında özünü yenə də haman uca niyyət ağacının altında uzanmış bir halda gördü. Başının üstündən böyük bir bulud topası süzüb keçirdi. Beyrək o bulud topasının içində öz möhtəşəm sarayının qapısında bütün əzəməti ilə durmuş və ona böyük bir sevgi ilə baxan Bulud xatunu gördü. Bulud xatunun sözləri qulaqlarında cingildədi:

- Unutma, Beyrək. Sən mənə söz verdin. Azadlığını unutma. İşlərini bitirəndən sonra niyyət ağacının altında gəlib durmanı istərəm. Unutma...

Beyrək daha dayanmadı, o, uzandığı yerdən ayağa qalxıb ciyərlərinin dərinindən gələn haman səslə Boz ayğırını harayladı. Boz ayğır anındaca Beyrəyin səsinə səs verdi və haradansa uçaraq gəlib niyyət ağacının altında peyda oldu. Beyrək son dəfə göy üzünə baxıb Bulud xatunu, onun sarayını görmək dilədi. Amma saray da, Bulud xatun da, qul-xəlayiq də, sarayın ətrafındakı əcaib məxluqat da yavaş-yavaş uzaqlaşır, əriyib yox olurdu. Yağış yağmağa başladı.

Beyrək Boz ayğırına minib Oğuz yolu ilə getməyə çalışdı. Oğuz yoluna düşmək asan olmadı. Nəhayət, Boz ayğır yol kənarında bitən otları, kolları qoxlaya-qoxlaya Oğuz yolunu tapdı və bundan sonra dördnala bu əzablı və sirr dolu yolla var gücülə çapmağa başladı. Beyrək artıq xatırlayırdı. Ağlamaqdan gözləri tutulmuş atasını, onun həsrətilə iztirablar keçirən anasını, bacılarını və əlbəttə ki, sevdiyi, könül verdiyi beşikgərtmə nişanlısı Banuçiçəyi xatırlayırdı. Beyrək naibi olduğu Salur Qazanı, gənclik dostları Uruzu, Şirşəmsəddini, Qanturalını, Bəkili, alp Rüstəmi xatırlayırdı. Xatırladıqca Beyrək qəlbində qəribə bir rahatlıq hiss edirdi.

Oğuza dönüşün əzablı yolu beləliklə, sona çatdı. Yetdiklərində Boz ayğır birbaşa Baybura bəyin evinin qarşısına getdi. Beyrək baxıb gördü ki, beş-altı çoban yol kənarından daş yığıb yola tökürlər. Əvvəlcə Beyrək qəzəbləndi:

- Çobanlar! - deyə bağırdı. - Nə edirsiniz? Yolda daş görən o daşı alıb kənara atar. Siz niyə daşı yola tökürsünüz?

Çobanlar Beyrəyə belə cavab verdilər:

- Bizim bəyimizin bir oğlu vardı. Adına Beyrək derlərdi. On altı ildir qeyb olub. Ondan bir xəbər yox. Nişanlısının bu gün başqası ilə düyünüdür. Yola daş tökürük ki, bu yol ilə  o düyünə gedən olmasın.

Beyrəyin qəzəbi göydəki bulud kimi əriyib getdi:

- Halal olsun sizə ağanızın çörəyi.

Elə bu sözləri deyərkən Beyrək bir də gördü ki, qarşı tərəfdən əlində Dədəm Qorqudun sazı bir ozan gəlir. Bu ozan düyünə gedirdi...

SON 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see319

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see307

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see290

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see269

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see257

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see250

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see199

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see195

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see181

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see173

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see172

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see171

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see169

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see169

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see169

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see166

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri