Icma.az
close
up
RU
Kosmos, yoxsa Cənnət?!

Kosmos, yoxsa Cənnət?!

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rahid Ulusel

esse

Doqquz yüz il öncə Şərqin böyük mütəfəkkiri, riyaziyyat, astronomiya və fəlsəfə sahələrində mühüm kəşflər edən, Günəş ilinin uzunluğunu çox dəqiq müəyyən edən Ömər Xəyyam (1048–1131) həm də zərif poeziya ustadı olaraq, dünyanı çulğayan bu absurdu da bəsirətlə görmüşdü:

“Bulağından şərab axacaq, yürü” – deyirsən.

Cənnəti-əla, xəyalınca, meyxanəmidir?!

“Hər mömin qucağında iki huri” – deyirsən.

Cənnəti-əla, bəyanınca, karxanəmidir?!

Ömər Xəyyam

Şərab dolu piyalələr, kuzələr və qədəhlər

Nə üçün insanlar bunca böyük yanğı, təşnə və divanəliklə Cənnətə can atırlar?! Təkcə iman, sədaqət və ibadətlə deyil, hətta bir-birini öldürərək, din yolunda canlarını fəda edərək! Çünki dinlərin tövhidi – İslam, İslamın əsası – “Quran”, “Quran”ın cövhəri – Cənnətdir. Cənnətin mayası – Həzz! Məhz burada din özünün kulminasiya nöqtəsinə çatır. Bütün din yalnız onun cazibə qüvvəsi ətrafında fırlanır. Bəs bu cazibə qüvvəsinin mahiyyəti nədir? O, “Quran” ayələri və hədislərin təqdim etdiyi mənzərədə açılır:

“(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, – deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar.” (əl-Bəqərə, 25).

“Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır”; “Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar”; “Orada (o cənnətlərin hamısında) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır”; “Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır”; “Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.” (ər-Rəhman, 56, 58, 70, 72, 74)

“(Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.” (əd-Duxan, 54).

“Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun.” (əz-Zuxruf, 70).

“Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət); Bağçalar və üzüm bağları; Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar; (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! (ən-Nəbə, 31-34).

“Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!; Onları bakirə qızlar; Ərlərini sevən, həmyaşıdlar edəcəyik. (əl-Vaqiə, 35-37)

“(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq; Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər; Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə; (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər; (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr; Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar); (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır; (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.” (əl-Vaqiə, 15-23).

Cənnətdə bazar və Cənnət qadınlarının baldırları

Hədislər də ayələrdəki mənzərəni daha parlaq şəkildə diri insanlara çatdırırlar ki, öləndən sonra Cənnətə düşsələr, görəcəkləri nə olacaq:

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: Gözəl gözlü, parlaq vücudlu hurilər Cənnətdə mahnı söyləyərək deyərlər: “Biz parlaq bədənli gözəl Hurilərik, Dəyərli ərlər üçün yaradılmışıq.” (Əbu Nuaym, “Sıfatul Cənnət” 3/280, H. 432; Təbərani, “Mucəmus Sağir” 2/35, H. 734; əl-Albani, “Səhihul Cəmiul Sağir”, s.331, H. 1561, 1602).

İbn Məsud rəvayət edir ki, Allahın Rəsulu buyurdu: “Cənnət əhlinin qadınlarından bir qadının baldırının bəyazlığı 70 qat Cənnət libaslarının altından görünər və hətta onun iliyi də görünər.” (Tirmizi, 2654; Muslim, 2834).

Əbu Hureyrə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “(Cənnətə girənlərin) hər birinin iki zövcəsi vardır. Bunların ayağının iliyi ətinin üstündən görünür və Cənnətdə subay yoxdur.” (Muslim, 2178).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Cənnət əhlindən bir qadın dünya üzünə çıxsa, bütün dünyanı işıq bürüyər, (gözəl) qoxu ilə doldurar. O qadının baş örtüsü dünya və içindəkilərdən xeyirlidir.” (Buxari, 2796; Tirmizi, 1651).

Əbu Umamə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Cənnətə girən hər bir qulun biri baş tərəfində, biri də ayaq ucunda olmaq üzrə iki gözəl gözlü, parlaq bədənli Huri oturur. İnsanların və Cinlərin eşitdiyi ən gözəl səslə mahnı söyləyərlər.” (Təbərani, “Kəbir” 8/119, H. 7478; Heysəmi, “Məcmuaz Zəvaid” 10/418).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Cənnətdə möminə bu qədər və bu qədər cinsi münasibət qüvvəsi veriləcəkdir”. Bir nəfər: “Ya Rəsulullah! Onun gücü çatacaqmı?! – deyə soruşdu. Allahın Rəsulu (s.a.s): “Ona yüz kişinin gücü veriləcəkdir” – deyə buyurdu. (Tirmizi, “Cənnət” 2536; əl-Albani, “Mişkət” 3/1567, H. 5636).

Başqa rəvayətdə: “72 (73) zövcəsi olacaqdır möminin Cənnətdə.” (Tirmizi, 2562; İbn Məcə, 4337; Əbu Nuaym, “Sıfət əl-Cənnəh”, 372).

Başqa rəvayətdə: “Muhəmmədin (s.a.s) nəfsi əlində olana and olsun ki, (mömin) bir gecədə 100 bakirə qadına yaxınlaşacaqdır.” (Əbu Nuaym, “Sıfət əl-Cənnəh” 2/215; Təbərani, “Mucəm əs-Sağir” 2/12-13; Beyhəqi, “əl-Bas vən Nuşur”, 365; Məcmuaz Zəvaid 10/417; əl-Albani, “Səhih” 1/641, H. 367).

Əbu Hureyrə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: Soruşdular: “Ey Allahın Rəsulu! Cənnətdə cima (cinsi yaxınlıq) varmı? Allahın Rəsulu (s.a.s): “Canım əlində olana and olsun ki, Bəli. İstədiyi qədər edəcəkdir. Hər şey bitdiyi zaman qadın təkrar tərtəmiz bir bakirə olacaqdır.” – deyə buyurdu. (Təbərani, “Mucəm Sağir” 1/91; Əbu Nuaym, “Sıfət əl-Cənnəh” 393).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: “Hurilər zəfərandan yaradılmışdır.” (Təbərani, “Nihayə” 2/461; Əbu Nuaym, “Sıfət əl-Cənnəh” 385).

Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu : “Cənnətdə bir bazar vardır...”

...Gəlin, “bazarla” istinadlarımızı bitirək. Çünki “Cənnətlə bazarlıq” edənlər saysız-hesabsızdır. Və onlar heç də adi qaramollalar və ya qocaman mədrəsə ruhaniləri deyillər. İstinad etdiyimiz müəlliflər – fikirləri bütün Şərq dünyasında mötəbər sayılan İslam alimləri, görkəmli ilahiyyatçılardır! Fəlsəfəni və elmi öldürəndən sonra ortaya çıxmış ilahiyyatçılar! Əlbəttə, hədisçilər, təfsirçilər, şərhçilər Cənnət xüsusunda bəzən bir-biri ilə ziddiyyət təşkil edən, hətta təfriqə və təriqətlərə yol açan cürbəcür yozumlar irəli sürmüşlər.

Cənnət, yoxsa Hərəmxana?!

Ancaq bütün hallarda, nə qədər bər-bəzək vurulsa da, Cənnətin cismani dünya əlamətləri göz qabağındadır: Cənnətdə Qadın, Zövcə (Arvad) və Huri bir-biri ilə eyniləşdirilir də, ayrılır da. Cənnət qızıl-gümüşlə, ləl-cavahiratla bəzənmiş taxtlar, şərab dolu piyalələr, kuzələr və qədəhlərlə süsləndirilir.

Fəqət bütün Cənnət gözəlliklərinin başında Bədən dayanır! Bədən – bütün şəhvani görsənişləri ilə bərq vurur! Bəyaz baldırlarından tər məmələrinə, tər məmələrindən bakir bətninədək Qadın vəsf edilir! Bir gecədə 100 bakirə qadınla yaxınlıq edəcək, yüz kişinin seksual gücünü göstərəcək Kişi (Erkək!) vəsf edilir! Gündə bir “Xurma” yeyən Şeyx Nəsrullaha min şükür!

Əgər bu süsləri, erotik əndam gözəlliklərini və onların bir-birinə toxunuşundan qopan qığılcımları, par-par ehtirasları dartıb çıxarsan, Cənnət Ərəbistan səhrası kimi boş qalar! İndi isə oralarda “Cənnət arxitekturası” ilə şəhərlər salınır: Abu Dabi, Dubay, Doha... Hələ “Cumeyra Palması Cənnəti”!

“Cənnət erotikasının” elmi izahı isə belədir ki, bir çox erkən sivilizasiyalarda olduğu kimi, semit dinlərində də fallos kultu yaşanılıb. Ziqmund Freyd isə bu motivi psixoanalizin əsasına qoyub: “Bizim bütün fəaliyyətlərimizin təməlində iki nəsnə dayanır: libido və qüdrətli olmaq yanğısı!” Cənnət də elə libidonun və qüdrətli olmağın parlaq timsalı, yerüzünün xəlifələrindən hökmdarlarına qədər çatılmaz güc sahiblərinin elə bu dünyada yaratdıqları Hərəmxanaların oxşarı olur! İlahi Varlığın Alilik, Qüdrət, Ülviyyət və Qüdsiyyətindən əsər-əlamət belə görünmür...

Dünya elmi kosmosun dərinliklərinə nüfuz edirkən, İslam ilahiyyatçıları da Cənnətdə insan ehtiraslarının necə kəlləçarxa qalxmasından bəh-bəhlə bəhs edirlər. Kosmosu Cənnətlə dəyişik salan bir kal dünyagörüşünün meyvələri ağızlarda gəvələnir...

Subaylığın olmadığı, körpələrdən qarılara qədər hamını eyni gənclik (seksual yetkinlik) yaşına çatdıran Cənnət – başdan-başa patriarxal Cənnətdir.

Əgər bütün cinslər burada, doğrudan da, bərabərdirsə, onda gərək bir kişinin 72 (73) zövcəsi olduğu kimi, bir kişi bir gecədə 100 bakirə qadınla sevişə bildiyi kimi, bir qadının da 72 (73) əri olsun, 100 bakirə kişi ilə sevişə bilsin! Nədir?! Xoşunuz gəlmir?! Belə bir Cənnəti bəyənmirsiniz?! Onda barı özünüzdən soruşun: Kişixaqanlığı təməlində belənçi Cənnət orgiyası – həsənsoxdu dəyirmanı yaratmaqda, bir gecədə yüz qadını (hurini) bir kişinin altına yıxmaqda nə imiş Uca Tanrının ilahi məqsədi?!

Sən demə, insanlar bir-birini sevmək üçün yox, bir-biri ilə sevişmək üçün Cənnətə düşəcəkmişlər!.. Eşqdən yalavac Cənnətə!.. Görəsən, bunca hurilərin qaynaşdığı yerdə kişi öz halal arvadını, arvad öz halal ərini tapa, onun gözlərinin içinə baxa bilərmi?!

Ey Cənnətdə dilim-dilim sevişgənlik alovu ilə alışıb-yananlar! Siz buna da hazır olun: siz saleh əməllərinizə görə axirətdə Cəhənnəmə yox, Cənnətə düşəcəyiniz və bu məkanda, bir çox hədisçi və təfsirçilərin yozduğu kimi, Qadın, Zövcə (Arvad) və Hurilərin elə eyni varlıq olduğunu biləcəyiniz təqdirdə, heç uçunmayın: kişilər bu dünyadakı xanımlarını huri şəklində başqa kişilərin qucağında, qadınlar bu dünyadakı ərlərini huri şəklində başqa qadınların qucağında görəcək! Özü də əbədi olaraq! Əsla darılmayın, sınmayın! Ayıbdır axı! Bura Cənnətdir!!! Doyunca həzz alın!!!

Qorxu və Həzz

Yüz minləri, milyonları, milyardları, bəlkə də bəşəriyyətin böyük əksəriyyətini öz ardınca aparan Dinin başlıca cazibə qüvvəsi elə budur – Cənnət Həzzi. Gerçək dünya nemətlərindən barınmayan çoxlar – “tamarzılar” da, barınan azlar – “bəxtəvərlər” də onun qatı şirnisinə yapışırlar.

Bir dəfə “Allahı sevin!” – deməyən (yalnız iki halda Allaha məhəbbəti dolayı dilə gətirən – əl-Bəqərə, 165; Ali-İmran, 31), min dəfə “Allahdan qorxun!” – deyən bir məntiq Cənnət Həzzindən daha dadlı bir şey, Cənnət Həzzindən daha üstün bir dəyər təklif edə bilməz İnsana!..

Ona görə mən illər öncə yazmışdım:

“Qorxun! Qorxun!” deyən din nədən qorxur, görəsən?!

Dönərmi cinə vaiz, tutub eşqlə bələsən?!

İslam Cənnəti – bütün vəsfləri ilə Eşqin mehrabı deyil, Həzzin ehramıdır!

Dinin hipnotik-psixoloji tilsimi də elə bundadır: zidd olan Qorxu və Həzzi daha məharətlə birləşdirə bilməkdə. – Gerçək dünyada Allahdan qorxursan ki, axirətdə Onun lütfü ilə həzz alasan!

Qorxu və Həzz! – Kahinlərdən ayətullahlara, tiranlardan diktatorlara qədər bütün amirlərin çalın-çarpaz işlətdiyi iki üzlü Güc Siyasəti!

Güc Siyasəti məhz Qorxu və Həzz xəlitəsi sayəsində hər cür itaət funksionallığını can-başla yerinə yetirən Kütləni – onun Ordu və Proletariat kimi marionet tiplərini yaradır.

Ona görə mən illər öncə yazmışdım: Din Allahı inkar edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri