Icma.az
close
up
RU
Can Bakı... Canacan Daşkənd Əkbər Qosalı yazır

Can Bakı... Canacan Daşkənd Əkbər Qosalı yazır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı və Daşkənd! – Qardaş ölkələrimizin əziz paytaxtları Türk dünyasının yenidən dirçəlişinin iki strateji ağırlıq mərkəzi sayılmağı haqq edir. Bunu hər keçən ay daha yaxından, daha yaxşı görürük.

Görürük, sevinirik. Sevinc bölüşdükcə çoxalır. Zaman-zaman həm də kədəri bölüşüb azaldan qardaşların sevinc bölüşməsi bir ayrı hadisədir!

Azərbaycanla Özbəkistan münasibətlərinin önəmi ikitərəfli çərçivəni aybay aşır.

Azərbaycan Güney Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın (Türküstanın) önəmli siyasi-iqtisadi ağırlıq mərkəzlərindəndir. İki dövlətin yaxınlaşması, əslində, Xəzərin günbatarı ilə gündoğarının strateji baxımdan yaxınlaşmasıdır.

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə

(https://president.az/az/articles/view/73309) də Azərbaycanın Güney Qafqazda, Özbəkistanın Mərkəzi Asiyada yerləşməsinin onları Gündoğarla Günbatarı birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlara çevirdiyi vurğulanır. Əlbəttə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta dəhliz və Zəngəzur dəhlizi ilə inteqrasiyası yeni tranzit imkanları kimi qiymətləndirilməyə layiqdir.

Bu artıq sadəcə yükdaşıma məsələsi sayılmamalıdır; bu, Türk dünyasının coğrafiyasını geosiyasi üstünlüyə çevirmək məsələsidir.

Uzun illər türk dövlətlərinin coğrafi baxımdan bir-birindən ayrı düşməsi zəiflik kimi təqdim edilirdi. İndi həmin coğrafiya düzgün kommunikasiya xətləri ilə birləşdirildikcə üstünlüyə çevrilir.

Xəzər “maneə” olmaqdan çıxıb körpüyə çevrilir.

Azərbaycan isə həmin körpünün günbatarda güvənli qapısıdır.

Özbəkistan onun Mərkəzi Asiyadakı böyük qovşaqlarından biridir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə öncəki “C5” formatının faktiki “C6”ya çevrilməsi xüsusi tarixi-siyasi anlam daşıyır.

Burada bir rəqəm dəyişməyib yalnız; bölgə anlayışının özü dəyişib.

Azərbaycan coğrafi təsnifatda Güney Qafqaz dövlətidir. Ancaq tarix, mədəniyyət, dil, geoiqtisadiyyat və strateji maraqlar baxımından Mərkəzi Asiya (Türküstan) ilə bağlılığı o qədər təbiidir ki, Xəzərin iki sahilini artıq iki ayrı siyasi dünya kimi təsəvvür etmək getdikcə çətinləşir.

Bəlkə gələcəyin siyasi coğrafiyası bugünkü dərsliklərdəki bölgülərlə izah olunmayacaq…

Bəlkə “Güney Qafqaz üstəgəl Mərkəzi Asiya” əvəzinə daha bütöv bir geosiyasi anlayış yaranacaq.

Onun mədəni adı isə çoxdan var:

Türküstan!

Azərbaycan bu böyük mənəvi-siyasi məkanın qırağında deyil.

Azərbaycan Türküstanın Xəzərin bu tayındakı davamıdır.

“Davam” demişkən, bizi ikitərəfli münasibətlərdən və çoxsaylı üzvü olan uluslararası qurum-quruluşlardan başqa öz doğma birliklərimiz birləşdirir. Türk Dövlətləri Təşkilatı (TDT) – nostaljidən strategiyaya götürən ocaqdır, ailədir, evdir. Dostluq-qardaşlığımız TDT-də çiçəkləyir, qanadlanır, yeni üfüq və üfüqötəsi qazanır.

Azərbaycan Prezidentinin UzA-ya verdiyi müsahibənin iki ölkə münasibətləri ilə birgə Türk dünyasına da işıq salması qətiyyən təsadüfi deyil.

Türk Dövlətləri Təşkilatının ən böyük tarixi xidməti türk birliyi düşüncəsini romantik anılardan çıxarıb siyasi, iqtisadi və institusional gələcək layihəsinə çevirməsidir.

Azərbaycan və Özbəkistanın yanaşmasında da TDT dövlətlərarası işbirliyi platformu olmaq etibarıyla, ortaq tarixi, mədəniyyəti və mənəvi dəyərləri gələcəyə daşıyan birlik kimi qəbul edilir. Siyasi dialoqdan iqtisadiyyata, logistik və yükdaşımadan elm, təhsil və mədəni-humanitar işbirliyinədək geniş inteqrasiya gündəliyinin vurğulanması təsadüfidirmi? – Əlbəttə, yox! Bax, bu məqamın özü prinsipiallığı göstərir.

Bəli, Türk dünyası keçmişə baxaraq özünü tanıyır, gələcəyə baxaraq özünü qurur.

Orxon yazıları bizə kim olduğumuzu söyləyir.

Nizami, Nəvai, Füzuli, Yunus Əmrə, Məhtimqulu, Abay, Cambul, Çingiz Aytmatov ruhumuzun sınırlarının siyasi sınırlardan nə qədər böyük olduğunu göstərir.

Biz kim olmuşuq? – bunun cavabını bilirik. Amma di gəl XXI yüzilin sualı başqadır: biz birlikdə kim ola bilərik?

Azərbaycan–Özbəkistan müttəfiqliyi həmin suala verilən ən inandırıcı cavablardan biridir.

Azərbaycan və Özbəkistan bayraqlarına baxanda maraqlı bir simvolika da görünür.

Hər ikisində göy var, yaşıl var, qırmızı var. Və Özbəkistan bayrağında onları ayıran ağ zolaqlar vardır…

Mənə elə gəlir, bu gün Bakı ilə Daşkənd arasında həmin ağ rəng ayrılığı göstərmir, o ağ rəng saf niyyətin rəngli ifadəsidir.

Çün dövlətlər arasında münasibətlər maraqla başlayıb maraqla bitə bilər.

Qardaş uluslar arasındakı münasibətlər isə yaddaşdan başlayır, gələcəyə gedir.

Azərbaycan və Özbəkistan artıq ortaq gələcəyin infrastrukturunu qurur: anlaşmalar imzalayır, məktəb tikir, bağ salır, enerji dəhlizi yaradır, şəhərləri qardaşlaşdırır, yatırımlar edir, yükdaşıma yollarını birləşdirir, gəncləri və aydınları görüşdürür...

“Ədəbiyyat və incəsənət ulusların ruhunu yaşadan mənəvi xəzinədir. Nizami Gəncəvi, Əlişir Nəvai kimi söz ustadlarının zəngin irsi bu gün də Özbəkistan və Azərbaycanı eyni mənəvi mənbədən bəhrələndirir. Qarşılıqlı çevrilər, ədəbi görüşlər, mədəniyyət-sənət festivallar və yaradıcı layihələr qardaş ulusların dostluğunu daha da möhkəmləndirir.

Elm, təhsil və innovasiya sahəsində həyata keçirilən birgə təşəbbüslər isə gələcəyin inkişafına xidmət edir, gənc nəsillər üçün yeni üfüqlər açır. Həqiqi tərəfdaşlıq həm də sabahın firavanlığını birlikdə qurmaq deməkdir.

Özbəkistan və Azərbaycan arasındakı münasibətlərin təməlində qarşılıqlı güvən, səmimiyyət və ortaq mənəvi dəyərlər dayanır. Bu qardaşlıq körpüsü zaman keçdikcə daha da möhkəmlənir, bizləri ortaq inkişaf, rifah və işıqlı gələcəyə doğru inamla, inadla, ilhamla aparır. Qoy dostluğumuz, qardaşlığımız bəngü olsun, işbirliyimiz yeni zirvələr fəth etsin!” – Bu, uğura səsləyən fikirlər qardaş ölkənin ünlü ədəbiyyat xadimi Dr. Xasiyət Rüstəmə (Xosiyat Rustam) aiddir.

Bəli, bir vaxtlar böyük Türküstanın şəhərləri arasında karvanlar gedərdi.

İndi dövlət başçılarının uçaqları, yük qatarları, enerji xətləri, yatırımlar, kitablar, tələbələr, alimlər, sənət adamları gedib-gəlir.

Karvan dəyişib – yol dəyişməyib.

Yol bizi yenə bir-birimizə aparır.

Bəlkə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksəlişinin ən dəqiq fəlsəfəsi də elə budur:

Biz bir-birimizə yaxınlaşmırıq –biz tarixin ayırmadığı yerə yenidən qayıdırıq.

Bakıdan Daşkəndə, Nəvaidən Gəncəyə, Səmərqənddən Naxçıvana, Şuşadan Xivəyə uzanan yollar iki ölkə arasındakı yol olmaqdan çıxıb...

Bu yollar, Xəzərdən Türküstana, Türküstandan bütöv Türk dünyasının gələcəyinə uzanan yollardı.

O yolların üstündə qardaş bayraqlar dalğalanır.

Qardaşlığımız bəngüdür!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Avqust 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri