Çaşıb pilləkənin ikisini birdən düşəndə səhərisi özünü sosial şəbəkələrdə görürsən
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu həftə Novruzun ilk çərşənbəsini qarşıladıq. Özü də qarlı-şaxtalı bir gündə. Bakı çoxdandır belə kəskin soyuq hava və qar görməmişdi. Elə bil kiçik çillə çıxhaçıxda sərt üzünü göstərib sözünü demək istədi. Amma məşhur bir mahnıda deyildiyi kimi: "Təbiətin pis havası yoxdur. Hər havanın öz neməti var". Bəli, təbiətin hər fəsli özünə xas olanları göstərməlidir, bizlər də gileylənmək əvəzinə bunu qəbul etməliyik, işimizə lənglik gətirsə belə. Bu arada, işi ləngiyənlərdən biri elə özüm oldum. Növbəti müsahibimizlə görüşümüz iki dəfə təxirə düşdü, amma sonunda oxucularla ənənəvi şənbə görüşünə yetişə bildik.
Şöbə müdirimizin mənə bir tövsiyəsi var: "Müsahibi yaxşı-yaxşı araşdır ki, onu tanıyasan və sual yükünü tuta biləsən". Bu sarıdan sosial şəbəkələr yaxşı ki, köməyə gəlir. Və bəzən üzdə olan bir məşhur haqqında elə bir məlumat öyrənirsən ki, bilmədiyini bilmiş olursan. Elə bugünkü müsahibimiz kimi...
Onu hamı tanıyır... Bir sənət adamı, hamı tərəfindən maraqla qarşılanan müxtəlif obrazların aktyoru, teatr və kino xadimi və bir qurumun rəhbəri kimi. Elə mən də belə tanıyırdım, müsahibədən əvvəl bir ortaqlığımızı bilənə qədər. Öyrəndim ki, hər ikimiz eyni orta məktəbdə eyni müəllimlərdən dərs almışıq. Söhbətimizə körpü salan da elə bu eynilik oldu.
Müsahibimiz Azərbaycan teatr və kino aktyoru, respublikanın Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılovdur.
- Sizinlə eyni məktəbin məzunlarıyıq. Təkcə adı yetər ki, bununla öyünək - 190 saylı məktəb...
- Əlbəttə, öyünməyə dəyər. O dövrlərdə məktəblərin sayı indiki qədər çox deyildi və əsasən də direktorları ilə tanınırdı. Çünki onlar sözün əsl mənasında həm müəllim idilər, həm pedaqoq idilər və çox böyük diqqət göstərirdilər ki, şagirdlər yüksək təhsil alsın. Həmin o məktəblərin arasında 190 saylı məktəbin deyərdim ki, çəkisi çox ağır idi. Səbəbini isə hamı bilirdi, çünki həmin məktəb daha çox Sona Tağıyevanın məktəbi adını qazanmışdı və bu ad özlüyündə bütün sualların cavabıdır.
- Bununla belə aramızda dəcəllər də vardı, macəra axtaranlar da...
- Bu da təbiidir. Heç uzağa getməyim, elə özümü götürüm. Sözə qulaq asan şagird olmamışam. Kifayət qədər dəcəlliyim olsa da, orta səviyyədə oxumuşam. Ədəbiyyat, tarix və idman dərslərini çox sevirdim. Ən sevincli günlərim bir idman dərsi olanda idi, bir də bizi teatra aparanda.
- Deməli, teatrı kiçik yaşlarından sevmisiniz...
- Təkcə sevməmişəm, sənətə ilk addımlarım da məktəbdən başlayıb.
- Yəqin ki, bir tarixçəsi var...
- Var, dörd, ya beşinci sinifdə oxuyanda görkəmli kinorejissor Tofiq İsmayılov məktəbdə dərnək açdı və biz şagirdləri ora dəvət etdi. Yazıçı Novruz Gəncəlinin "Gənc ustalar" adlı birpərdəli əsəri vardı. Əsərin qısa məzmunu da belə idi ki, gənclər tətildə tikintiyə işləməyə gedir. Aralarında Mahmud adlı bir tənbəl vardı və həmin rolu da rejissor mənə vermişdi. Hamı işləyirdi, Mahmud isə bütün günü uzanaraq ancaq tütək çalardı. Müəllmlər, şagirdlər hamısı tamaşaya baxmağa gəlmişdi. Səhnəyə çıxanda onları görüb özümü itirdim və ilk sözün əvəzinə sonuncu sözü dedim. Hiss etdim ki, zalda oturanlar da, səhnədəki uşaqlar da mənə baxır. Bir anlıq duruxdum, lakin sonra özümü toplayıb qayıtdım çıxışımın əvvəlinə və tamaşa davam elədi. Tamaşadan sonra hələ bir qürurlandım ki, gördünüz, çaşsam da, özümü itirmədim. İlk addımım belə başladı.
- Sonra davamı gəldi...
- O zamankı 26-lar adına Mədəniyyət Sarayında dram dərnəyi vardı, rəhbəri isə Xalq artisti Lütfi Məmmədbəyov idi. Sonradan bu dərnək Xalq Teatrına çevrildi. Ümumiyyətlə, sovet dövründə Xalq Teatrlarının inkişafına diqqət çox idi. Görkəmli sənətkarların əksəriyyəti həmin Xalq Teatrlarından çıxıb. Mən də məktəbi bitirənə qədər həmin teatrda iştirak etdim, tamaşalarda oynadım. Beləcə, mənim gələcək həyat yolum müəyyənləşdi. Məktəbi bitirəndən sonra M.A.Əliyev adına Teatr İnstitutuna sənədlərimi verdim. Lakin birinci imtahandan kəsildim. İmtahanı da mərhum rejissor Adil İsgəndərov götürürdü. Onun bir cəhəti vardı, aktyorun boy-buxununa, aktrisaların xarici görünüşünə çox diqqət edərdi. Bu baxımdan onun siyahısına düşmədim. İkinci il imtahanı görkəmli rejissor Mehdi Məmmədova verdim. Onda da ritm tutumunda bir şaşqınlıq yaşadım və yenə də kəsildim.
- Bu gününüzə baxsaq, yaman inadkar olmusunuz...
- Çünki mənim yolumu 9-10 yaşlarımda Mahmud əlində tütəklə artıq cızmışdı. Amma o dövrün öz tələbləri vardı, ali məktəbə təkrar sənəd verərkən əmək stajı tələb olunurdu. Birinci dəfəki uğursuzluqdan sonra qardaşım məni Tütün fabrikində işə düzəltdi. İkinci dəfədən sonra isə Lütfi Məmmədbəyova müraciət edib vəziyyətimi başa salıb bildirdim ki, üçüncü cəhdi də etmək fikrindəyəm, buna görə işləməliyəm. Soruşdu ki, teatrda işləmək istəyərsən? Təbii ki, cavabım "işləyərəm" oldu və məni Gənc Tamaşaçılar Teatrına gətirdi. Teatrın baş rejissoru Zəfər Nemətovla danışandan sonra mənə dedi ki, səni işıqçı sexinə qəbul edəcəklər. Mənim üçün əsas o idi ki, teatrda işləyəcəyəm. Bu bir ildə teatrın həm texniki işlərinə bələd oldum, həm də bütün tamaşaları izləmək imkanı qazandım. İmtahan vaxtı teatrın verdiyi xasiyyətnamə ilə birlikdə sənədlərimi verdim. İmtahan komissiyasının sədri Xalq artisti Rza Təhmasib idi.
- Əbəs yerə atalar üçdən deməyib ki... Arzuladığınız Dram və kino aktyorluğu fakültəsinə daxil oldunuz...
- Qəbuldan sonra bizim kursu iki yerə böldülər və mən Məlik Dadaşovun kursuna düşdüm. Bu cəhətdən özümü şanslı hesab edirəm ki, sənətin ilk sirlərini, xırdalıqlarını mənə öyrədən görkəmli sənətkarımız oldu. Üçüncü kursdan isə bizim kursu teatr rejissoru, pedaqoq Nəsir Sadıqzadə götürdü, tamaşalar hazırladı və sona qədər apardı.
- Və əlinizdə aktyor diplomu gəldiniz Sumqayıt Dövlət Dram Teatrına...
- Yox, hələ gəlmədim. Ona görə ki, sonuncu kursun fevral ayında bizi göndərdilər İrəvana. Bu, 1967-ci il idi və orada C.Cabbarlı adına İrəvan Dövlət Teatrının açılışına hazırlıq gedirdi. Əslində 20-ci illərdə orada teatr olub sonra bağlanıb, yenidən açılıb, yəni "mehriban" qonşularımız imkan verməyib ki, teatr öz ömrünü yaşasın. Amma son olaraq C.Cabbarlının adını daşımaqla teatrın fəaliyyəti bərpa olunub. Teatr dramaturqun "Sevil" tamaşası ilə öz açılışını etdi və orada Məmmədəli bəy rolunda çıxış etdim. Burada bir haşiyə çıxmaq istəyirəm. Teatrın açılışında mütləq ki bir erməni məqsədi vardı. Onlar Bakıda erməni teatrının açılması kimi bir niyyətdə idilər. Baxmayaraq ki, o zaman Xankəndində erməni teatrı vardı, rahat fəaliyyət də göstərirdi, daha bir teatrı Bakıda da açmaq istəyirdilər. Nə yaxşı ki, o zaman bizim başbilənlərimiz buna imkan verməyib dedilər ki, Xankəndindəki teatr kifayət edər. Beləcə, yarım il İrəvan teatrında çalışdım, lakin Bakıya qayıtmalı oldum, çünki valideynlərim çox yaşlı idilər, onların yeganə övladı mən idim. Bir il Teatr İnstitutunda Səhnə danışığı kafedrasında assistent işlədim və rəhbərlik məni Moskvaya ikiillik kursa göndərmək istəyəndə, mən bundan imtina etdim. Həmin ərəfədə Sumqayıt Teatrı açıldı və mən yalnız aktyor olmaq istəyirdim. İki il Sumqayıt teatrının səhnəsində rollarım oldu. Son olaraq 1970-ci ildə Milli Akademik Dram Teatrına gəldim və bu günə qədər teatrın səhnəsindəyəm. Keçdiyim keşməkeşli yolun qısa tarixçəsi bax belədir.
- Dram və kino aktyorluğu sənətinə yiyələnən Hacı İsmayılovun yaradıcılığında hər ikisi var. Teatr da, kino da...
- Hər ikisini sevirəm, amma teatr aktyoru kimi fəaliyyətə başlamışam, çünki istəyim bu idi. Onu da etiraf edirəm ki, kinoya da çəkilmək həvəsində olmuşam. Lakin o dövrdə kinostudiyada elə aktyorlar çəkilirdi ki, özümü onlarla müqayisə belə, edə bilməzdim və düşünürdüm ki, bu, baş tutan sevda deyil. Lakin xoş və gözlənilməz bir hadisə baş verdi. Görkəmli kinorejissor Rasim Ocaqov məni "Ad günü" filminin foto-sınağına dəvət etdi. Bu dəvətdən çox sevindim, iştirak etdim və sınaq uğurlu alındı. Hətta fotolara baxanda inanmadım ki, bu, mənəm. Səmimi, təbii fotolar alınmışdı. Ondan sonra çəkiliş sınaqları başladı və Bədii Şura məni Mustafa roluna təsdiq etdi. Məni kino aktyoru kimi tapan, kəşf edən, tamaşaçıya təqdim edən Rasim Ocaqov olub. Onun beş filmində rol aldım, fəqət "Ad günü" və "Həm ticarət, həm ziyarət" filmində Mustafa obrazına görə bir oxşarlıq var.
- Söhbətimizdə bu obraza ayrıca yer ayırmışam. Ondan başlayaq ki, Mustafa çox fağırdı...
- Bilmirəm niyə Mustafanı hamı fağır kimi görür. Mustafa çox saf, vicdanlı insandır. O, qətiyyən sadəlövh deyil, sadəcə insanlara inanır və bu inam da sonda xoşagəlməzliyə gətirib çıxarır. "Ad günü"ndəki Mustafada büllur saflığı var. Rola o qədər aludə olmuşdum ki, bir də gördüm film bitib. "Həm ticarət, həm ziyarət"dəki Mustafa isə tamam başqadır. Orada ayıq olmaq lazım idi, münasibətlər tamam başqa idi. Burdakı Mustafanı tamaşaçı əsəbləşən də görür, məğmun vəziyyətə düşdüyünü də. Nəyisə tapır, nəyisə itirir, lakin yeri gələndə öz xasiyyətini göstərir. Mustafaya fağır deməyək, o, saf, işini sevən, savadlı bir müəllimdir.
- Artıq tamaşaçının görüb, tanıyıb, sevdiyi Mustafaya rejissor 18 ildən sonra yenidən müraciət etdi...
- Rasim Ocaqov həm qəribə, həm də çox maraqlı insan idi. Torpağa möhkəm bağlılığı vardı, doğulub böyüdüyü Şəkini fərqli bir məhəbbətlə sevirdi. "Ad günü" filmində o, istədiyini öz camaatına tam şəkildə ötürə bilmədi, hiss etdi ki, nəsə yarımçıq qalıb. Faktiki olaraq birinci filmdə Mustafanın xarakteri tam açılmır. Rejissor anladı ki, Şəkini ürəyincə tərənnüm edə bilməyib və bunun dolğun davamını düşünüb. Ona görə də ikinci filmdə Mustafa daha vətənpərvər, daha mübariz bir obrazdır və çəkiliş masştabı daha genişdir. Film həm Şəkidə, həm Bakıda, həm də İstanbulda çəkilib. Yəni ikinci Mustafaya ehtiyac var idi.
- Günümüzdə Mustafa kimi müəllimin prototipini tapmaq o qədər asan olmaz...
- Məncə, tapmaq olar və mütləq ki var. Əminliklə öz müəllimlərimizi nümunə göstərə bilərəm. Ədəbiyyat müəllimimiz vardı Zərbəli Səmədov, tək öz sahəsini əhatə etməzdi. Mədəniyyətə çox önəm verirdi, bizi istiqamətləndirirdi. Belə müəllimlər görmüşük deyə, indikilərlə onların müqayisəsi bir araya gələ bilməz. Çünki onlar tək müəllim deyildi, həm də pedaqoq idilər. İstənilən halda müəllim çox şərəfli addır.
- Mədəniyyətimizin bu günü...
- Azərbaycan tarixən zəngin mədəniyyət sahibi olub. Bu zənginlik mədəniyyətimizin bütün sahələrini əhatə edir. Dünyada iki-üç belə ölkə ola bilər ki, onlardan birincisi elə Azərbaycandır. Biz sənətkarlar belə zənginliyin içində yetişərək, bu gün ona xidmət edirik. Zamanın bütün mərhələlərində Azərbaycan mədəniyyəti inkişaf edərək dünyaya səs sala bilib. Bu zənginlik bizim sərvətimizdir və mədəniyyətimizlə hər zaman fəxr etmişəm.
- Teatrın pərdəarxası çəkişmələr kimi bir imici də var...
- Əslində bu çəkişmələr hər yerdə var, nədənsə teatr daha çox gözə çarpır. Cəmiyyət müxtəlif xarakterli insanların toplumudur. Bu toplumun yolları müxtəlif sahələrdə kəsişir. Hadisəyə hərənin öz baxışı, öz məntiqi yanaşması, öz münasibəti, öz qavrama səviyyəsi var. Bütün bunlar bir ortaq məxrəc tapa bilməyəndə, çevrilib olur çəkişmə. Bilirsiniz, teatrda bütün dövrlərdə intriqalar olub, sadəcə bu münasibətlər ictimaiyyətə gedib çatmayıb, cəmiyyətin onlardan xəbəri belə, olmayıb. Bu gün informasiya bolluğunda insan nəfəs ala bilmir. Çaşıb pilləkənin ikisini birdən düşəndə səhərisi özünü sosial şəbəkələrdə görürsən. Necə deyərlər, cidanın çuvalda gizlənmədiyi bir zəmanədəyik və çəkişmələrin olmamasını daha məqbul sayıram. Bir də bu çəkişmələrin, dedi-qoduların olmaması teatrın rəhbərliyindən də asılıdır. İş nə qədər çox olarsa, pıçhapıça vaxt qalmaz.
- Teatr və aktyordan danışaq bir az...
- Bu suala konkret cavabım olacaq. Teatr haqqında çox epitetlər deyilir. Mənim nəzərimdə teatr insanın yaratdığı bir möcüzədir. Aktyor isə özgələrinin həyatını öz həyatı kimi, öz həyatını özgələri kimi yaşayan yaradıcı insandır.
- Yəni dondan-dona girməyi bacarandır aktyor. Bunun asan və çətin tərəfləri yəqin ki var...
- Müqayisədə teatrda asandır. Rola uyğun geyimlə, qrimlə, yapışdırılmış bığ-saqqalla, səsinin tembrilə tamaşaçını inandıra bilirsən. Teatrda sən səhnədəsən, qarşında auditoriya var və bir nöqtəyə baxırsan. Kinoda isə müxtəlif planlar var, kadrların fərqli məsafələri var, üz cizgilərinin mimikası var, yəni kino səmimiliyi və təbiiliyi sevir.
- Ömrünüzün 80 ili arxada qalıb. Geri boylananda yəqin ki, heyifsilənəcək nəsə qalıb o illərdə...
- Bir məqam olub. Mənim anabir-ata ayrı ögey qardaşım vardı. O, ticarət sahəsində işləyirdi və mənim incəsənətə, teatra olan həvəsimi görəndə həmişə düşünürdü ki, bu uşaqdan böyüyəndə kim olacaq və mənə qarşı münasibəti qeyri-müəyyən idi. Lakin zamanla teatrda, kinoda uğurlarımı görəndən sonra mənimlə fəxr etməyə başladı. Bu o dövr idi ki, artıq Dövlət mükafatı laureatı, Əməkdar artist idim. 2000-ci ildə Xalq artisti adına layiq görülən günü o, dünyasını dəyişdi. Dəfn mərasiminə gələnlər bilmirdilər mənə başsağlığı versinlər, yoxsa təbrik etsinlər. Heyifsilənirəm ki, qardaşım nə bunu, nə də sonrakı uğurlarımı görə bildi.
- Haqqınızda onu da bilirəm ki, içərişəhərlisiniz...
- Düzdür... Gözəl günlərimin xatirələri qalıb o qala divarlarının arxasında. Doğulub boya-başa çatdığım üçmərtəbəli mülkün sahibi Mehralı kişi idi, özü də evlərin damlarına qırbasanların böyüyü idi. Amma artıq o mülk yoxdur, indi yerində İtaliya səfirliyi yerləşir. Arada yolumu oralardan salıram və hər dəfə də özündə min bir sirr gizlədən divarların sehrinə düşürəm. Unikal, möcüzə dolu bir dünya və bir də Bakının əsl simasıdır İçərişəhər...
SÖZARDI: İstedad Allahın bəndəsinə bəxş etdiyi bir vergidir ki, hər insana bu nəsib olmur. Amma kökdən, ailədən gələn sənətin davamçıları da olur. Sənətkarla pərdəarxası söhbətimizdə maraq naminə bu sualı verəndə dedi: "Atam kiçik yaşlarından hər iki valideynini itirib, XX əsrin əvvəllərində neft bumu zamanında çox gənc yaşında Dərbənddən Bakıya işləməyə gəlib və uzun illər Kasparda çalışıb. Ana tərəfim görkəmli bir nəsildəndir. Müsavat dövründə Cəlilabadın, Masallının, Lənkəranın general qubernatoru olmuş Mircavad bəy Talışxanovun bacısının nəvəsiyəm. Həmin nəsildən çox ziyalılar çıxsa da, sənət yolu ilə gedən bir kimsə olmayıb. Yəni heç kimin nə davamçısıyam, nə də ailədə davamçım var. Bir tək kiçik nəvəm piano üzrə musiqi dərsinə gedir və yoluna incəsənətlə davam edəcəyini də bilmirəm". Sənətkarın sonuncu kəlməsində təbəssüm qarışıq bir təəssüf də hiss olundu sanki. Amma nə bilmək olar, bəlkə də gələcəkdə: "Bu, Xalq artisti Hacı İsmayılovun nəvəsidir" deyə təqdim olunan bir incəsənət xadimi yetişir bu ailədə. Cavabını isə zaman verəcək...
Tamilla M-ZADƏ

