Cəmiyyətdə qadın hüquqları hələ də qorunmur MÜSAHİBƏ
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qadınlar cəmiyyətin mühüm dayaq sütunlarından biridir və onların rolu hər sahədə dərin izlər buraxır.
Qadınlar həm ailə içində, həm də iş həyatında böyük əhəmiyyətə sahibdirlər.
Son illər Azərbaycanda qadınların hüquqları və cəmiyyətə inteqrasiyası inkişaf etsə də, lakin hələ də bəzi çətinliklər və stereotiplər mövcuddur.
Beləliklə, bu müsahibədə qadınların qarşılaşdığı problemlər və mövcud dəstək proqramlarından bəhs olunub.
Gununsesi.info-nun əməkdaşı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə həmsöhbət olub.
Onunla müsahibəni təqdim edirik:
– Mehriban xanım, qadınların cəmiyyətdə rolu xüsusi önəm daşıyır. Sizcə, bu gün dövlətin qadınlara müsanibəti necədir?
– Bu gün dövlətin qadın siyasətinə görə vəziyyəti yaxşıdır. Ümumi dövlət konstitusiyasının 25-ci maddəsinə əsasən, qadın-kişi bərabərliyi, qadınların iştirakçılığı və qərar qəbul etmədəki rolu nəzərə alınaraq, dövlət bu sahədə davamlı və təkmilləşən siyasət həyata keçirir. Qərar qəbul etmədə qadınlar da iştirak edə bilir, eyni zamanda parlamentdə öz namizədliyini rahatlıqla irəli sürüb seçilə bilərlər. İqtisadiyyat sahəsində də qadınların sayı getdikcə artır və müxtəlif sahələrdə qadınların işləməsi mümkündür. Qanun qadınlar üçün bu sahələrdə bərabər imkanlar yaradır. Lakin məni narahat edən məsələlərdən biri də, son dövrlərdə cəmiyyətdə qadınlara olan münasibətin dəyişməsidir. Bəzən hamıya elə gəlir ki, hər şey yaxşıdır, ancaq bəzi məsələlərdə heç də belə deyil. Bu, bir tərəfdən qadınların öz hüquqlarını bilməməsindən də irəli gəlir. Yəni, qadınlar qanunları və öz hüquqlarını lazımi səviyyədə öyrənmirlər və bu səbəbdən onları tələb etməyə meyl etmirlər. Əvvəllər, məsələn, daha çox ailə münasibətlərində qadının dəstəklənməsi, qadın üçün imkanların yaradılması və onun müdafiəsi ön planda idi. Bu müdafiə və mühafizə yaxşı təşkil olunurdu. İndi isə ailə münasibətlərində qadın və qızların müdafiəsi, o cümlədən mühafizəsi sahəsində boşluqlar yaranmağa başlayıb. Həmçinin bu sahədə ifrat qadağalar və stereotiplər formalaşmağa başlayıb. Baxmayaraq ki, dövlətin qadın siyasəti var və qanunlar qadınları qoruyur, amma qadın hüquqları hələ də arxa planda qalır. Onların öz yaxınları, ətrafı bu məsələdə qadın problemləri görməməzlikdən gəlirlər. Amma uşaq hüquqlarında belə deyil. Çünki həm dövlət siyasəti, həm də ümumiyyətlə, əhalinin uşaqlara münasibəti və cəmiyyətin bu məsələlərə həssaslığı daha çox yüksəkdir. Təəssüf ki, qadınlar ilə bağlı bunu demək çətindir.

– Bu gün işsiz qadınların da sayı artıb. Bununla bağlı dövlət hansı siyasətlər həyata keçirməlidir? Xarici təşkilatlar, ölkəmizdəki işsiz və sahibsiz qadınlara nə kimi dəstək və yardımlar göstərir?
– Bu gün xarici təşkilatların fəaliyyəti demək olar ki, yoxdur. Əvvəllər qadın sahibkarlarının dəstəklənməsi və həssas vəziyyətdə olan qadınlar üçün müxtəlif dəstək proqramları mövcud idi. Lakin indi beynəlxalq layihələrin heç biri yoxdur. Ancaq Dövlət Məşğulluq Agentliyi mövcuddur və onun proqramlarından qadınlar da faydalana bilirlər.
-Bəzən deyirlər ki, işsizlik problemi yüngül həyat tərzinə də gətirib çıxardır. Razısınızmı?
-Razı deyiləm. Bu gün bir çox insanlar elə düşünür ki, qadınların əksəriyyəti işsizlikdən yüngül həyat tərzinə qaçır. Bu, heç də doğru yanaşma deyil. Bilirsiniz, buna mühit özü gətirib çıxarır. Təbiidir ki, insanlar özlərini qorumaq və yaşamaq üçün müəyyən yollar axtarırlar. Bəzən qadınlar işə gedərkən saat məhdudiyyəti ilə qarşılaşır, ya da peşə və təhsil çatışmazlığı səbəbindən özlərini reallaşdıra bilmirlər. Belə hallarda bəzi qadınlar gündə 15-20 manata işləmək əvəzinə, “TikTok” kimi sosial platformalarda oturub həmin məbləği qazanmağı düşünürlər. Elə həmin o əhali qrupu üçün proqramların tətbiqi çox vacibdir. Biz bir tərəfdən bu məsələdən narahat olsaq da, digər tərəfdən onlara dəstək verəcək proqramlar yaratmadıqda, biz də onları asan yolla pul qazanmağa təşviq edən bir iştirakçıya çevrilirik. Təbliğatın fərqli üsullarla aparılması, elanların xarici görünüşə əsaslanması, peşəkarlıqdan çox yalnız xarici görünüşə önəm verilməsi bu prosesin doğru istiqamətdə inkişaf etməməsinə səbəb olur. Hətta mağazaya işə götürəndə də elanlarda xarici görünüşlə bağlı tələblər yer alır. Elanlarda mütləq şəkildə xarici görünüşün hansı formada olması vurğulanır. Bunların hamısı bu məsələlərdə mühüm rol oynayır. Qadınlar bəzən istismar vasitəsi kimi təqdim olunur və onların daxili aləmi, peşəkarlığı yerinə, fiziki görkəmləri ön plana çəkilir. Beləliklə, qadınlar daxili aləmini inkişaf etdirmək yerinə, xarici görkəmini tələblərə uyğunlaşdırmağa çalışırlar. Bütün bunlar isə cəmiyyətin yaratdığı ümumi mühitin nəticəsidir.
– Çıxış yolunu nədə görürsünüz?
– Burada xüsusi qadın proqramları olmalıdır. Bu proqramlar uzunmüddətli olmalı, məsələn, 10 il ərzində davranış modelini dəyişdirməyə çalışmalıdır. Bəli, biz də tənqid edirik. Məsələn, “TikTok”-a daxil olub görürük ki, hansısa qadın müəyyən bir şəkildə təqdim olunur və bu, təbii ki, xoş qarşılanmır. Amma bu xoş gəlməməkdən başqa, onu ittiham etmək də mənim üçün mümkün deyil. Ona nə təklif edə bilərəm? Məsələn, mən deyirəm ki, məşğulluq proqramına müraciət et, amma o da aylarla gözləməli olacaq. Bu müddət ərzində isə o, öz ehtiyaclarını necə ödəyəcək? Tutaq ki, şəxs deyir, razıyam, hər şeydən imtina edirəm, amma adi bir seminara getmək üçün kurslara yazılmalı və aylarla gözləməlidir. Bu proqramlar çox vaxt aparır. Deməli, çevik proqramlara ehtiyac var, hansı ki, bu proqramlar insanların davranışını dəyişsin və xarici görünüşdən çox, onların daxili aləminin inkişafına yönəlsin. Hələlik bu proses tam olaraq sistemləşdirilməyib və bir az parça-parça şəkildə aparılır. Bəzən şəxs zorakılığa məruz qalır və həyatı təhlükədədir, amma buna baxmayaraq təcili olaraq iş axtarmağa başlayır ki, ehtiyaclarını ödəsin. Bu ehtiyaclar kirayə pulu və digər gündəlik xərcləri əhatə edir. Belə halda şəxs kifayət qədər dəstək, təlim və proqramlardan məhrum olduqda, müqavimət gücü olmayanda, daha asan şəkildə “rahat aləm” axtarmağa yönəlir, çünki uzun müddət gözləyib. Bir kursu bitirmək və sonra işə başlamaq ona çox çətin gəlir. Deməli, dəyişiklik etmək və yeni yanaşmalar tapmaq vacibdir, çünki bu sahədə qadınlar da çox arxa planda qalır. Ümumi olaraq, qadınların problemləri hələ də tam şəkildə aktual deyil. Narahatlıqlar olsa da, bu məsələlərə sistemli yanaşma və strateji tədbirlər görülməyə ehtiyac var. Bu olmadıqda, qadınlar ehtiyaclarını ödəmək üçün iş axtarır və ya ən yaxşı halda “TikTok” kimi sosial platformalarda özlərini reallaşdırmağa çalışırlar. Potensial daxili inkişaf və kamillik hələ tam formalaşmasa da, “TikTok”da qeyri-adeqvat davranışlar sərgiləyən qadınlar var. Onlar müəyyən davranış modellərinə uyğun hərəkət edir, amma burada artıq əsas məsələ yaşam uğrunda mübarizəyə çevrilir. Bugünkü sürət əsrində, hər şeyin tez əldə edilməsi tələb olunur. İnsanlar tez nəticə əldə etməyə çalışır, bu səbəbdən də qadınlar bu sürətə uyğunlaşmağa çalışırlar. Əvvəllər ideoloji baxımdan ardıcıl olmaq, gözləmək və səbirli olmaq önəmlidirsə, indi sürət daha vacib olub. Bu sürətdə qadınlar da tez nəticə əldə etməyə çalışırlar və bəzən asan yolu axtarırlar. Belə qadınlara bu cür davranışların mahiyyətini izah edirəm, amma bunun arxasında inteqrasiya və reabilitasiya proqramı olmalıdır. Bəzi hallarda qadınların bacarıq və qabiliyyətləri düzgün qiymətləndirilmədikdə, bu, boşluğa düşməyə səbəb olur. Bu da onları daha asan yollar axtarmağa təhrik edir. Adam öz üzərində çalışır, potensialını göstərmək istəyir, amma qarşısına əngəllər, maneələr çıxır. Təəssüf ki, bəzən bacarıqları qiymətləndirilmədikdə və ya görməzlikdən gəlindikdə, insanın özünə inamını zədələyir və daha böyük psixoloji problemlərə yol aça bilir. Bu vəziyyət qadınların öz bacarıqlarına nifrət etmələrinə, özlərinə qarşı etimadsızlıq hissi və travmalara gətirib çıxarıb yaşamalarına səbəb olur.
-Bir çox lider vəzifələrdə balansın daha çox pozulduğu müşahidə olunur. Qadınlar rəhbər vəzifələrdə az yer tutur. Səbəbi nədə görürsünüz?
– Ən vacibi qadınların bir-birilərini dəstəkləməməsidir, çünki bu, çox böyük rol oynayır. Məsələn, seçki prosesində hər dəfə müşahidə etməyə çalışıram ki, qadınlar bir araya gəlib, digər qadınları irəliləmələri üçün necə dəstəkləyirlər, hansı strategiya və taktikalarla irəliləyirlər, hansı dəstək proqramları mövcuddur? Burada maliyyə də daxil olmaqla hər şey nəzərə alınmalıdır. Seçki prosesi isə maliyyə ilə bağlıdır. İstər-istəməz kişi həmrəyliyi, qadın həmrəyliyindən daha güclüdür. Reallıq budur ki, kişilər hər hansı bir məsələdə bir-birlərini irəli çəkməyə və etibar etməyə hazırdırlar. Lakin qadınlar bir-birlərinə etibar etməyə və dəstək verməyə çətinlik çəkirlər. Bu etibar məsələsi qadınların zəif tərəflərindən biridir və son zamanlar daha da kəskin şəkildə özünü göstərir. Hətta bəzi qadınlar qadınlarla işləməkdən çox, kişilərlə işləməyi üstün tutur. Qadınlar arasında qısqanclıq halları çox olur, amma bu, düzgün yanaşma deyil. Qadınlar bir-birlərini dəstəkləməli və bir arada olmalıdırlar. Qadınların qərar qəbul etmədə iştirakı həqiqətən vacibdir. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iclası keçirirsə, bu iclasın psixoloji durumu dəyişdirməsi vacibdir. Təbliğat səthi olmamalıdır. O, həmrəliyə nail olmaq üçün çalışmalıdır və psixoloji vəziyyətləri dəyişdirməlidir. Çünki insanlar, xüsusən də qadınlar bir-birinə etibar etmirlər. Bu problem daha da genişlənib.
-Ucqar kəndlərdə zaman-zaman hələ də erkən nikahların olduğunun şahidi oluruq. Necə təbliğat aparmaq lazımdır ki, bu halları tamamilə yığışdırmaq mümkün olsun?
-Hər şeydən əvvəl ciddi cəza metodları tətbiq olunmalıdır və bu sahədə artıq müəyyən irəliləyişlər də var. Parlamentdə bu məsələlər müzakirə edilib, qanunvericilikdə də bəzi dəyişikliklər həyata keçirilib. Amma gəlin baxaq, rayonlarda təhsil vəziyyəti necədir? Təhsil proqramları çox ağırdır və əgər qadın və ya qız buna uyğunlaşa bilmirsə, valideyn görür ki, uşağın heç bir inkişaf proqramı yoxdur, stimulu yoxdur oxumağa və təhsilini davam etdirməyə çətinlik çəkir. Valideynlər bəzən düşünür ki, qızını oxutmağa dəyməz, onsuz da oxumur, ona görə də ərə versin. Məsələn, rayonlarda peşə məktəbləri və institutlar nə dərəcədə var? Təhsil müəssisələrinin sayı məhduddur, xüsusilə də peşə təhsili üçün imkanlar azdır. Əgər bu cür təhsil ocaqları olsa, valideynlər də daha çox maraqlanar və həvəslənərlər. Müşahidələrə əsasən, bəzi rayonlarda bu sahədə imkanlar çox məhduddur. Onlar daha çox övladlarını əraziyə yaxın təhsil ocaqlarına göndərməyə üstünlük verirlər. Bununla onlar düşünür ki, qızlarını daha rahat qoruya bilərlər. Çünki hazırkı təbliğat metodları və qadınlarla bağlı səslənən xoşagəlməyən fikirlərdən dolayı, valideynlər övladlarını daha təhlükəsiz bir mühitdə saxlamağa çalışır. Təəssüf ki, qızların özünü müdafiə etməsi ilə bağlı valideynlər tərəfindən kifayət qədər marifləndirmə aparılmır. Onlar daha çox qorumağa yönəlirlər. O qorumağın özündə də psixoloji və fiziki zorakılıq metodları var. Valideynlər qızlarını qorumağa çalışarkən, bu prosesdə onların şüurunda qızın özünü qorumağı barədə təbliğat aparılmır. Müəyyən məsələlərlə bağlı valideynlər çox vaxt susurlar və neqativ mövzulardan danışmaqdan çəkinirlər ki, uşaqlarını mənfi təsirlərdən qorusunlar. Amma əslində, mənfi hallar baş vermədən əvvəl, onlara bu barədə düzgün məlumat verilməli, baş verə biləcək risklər izah edilməlidir.
– Mehriban xanım, belə çıxır, günahkar ancaq valideynlərdir?
– Təbii ki, burada yalnız valideynləri deyil, eyni zamanda cəmiyyəti də nəzərdə tuturam. Cəmiyyət də bu məsələyə qarşı mübarizə aparmalı, müqavimət göstərməlidir. Qanunlar da bu məsələyə uyğun olaraq hazırlanmalı və tətbiq edilməlidir. Qadın və qızların təhlükəsizliyi məsələsində kifayət qədər effektiv proqramlar olmalıdır. Bu, erkən nikahların və bəzi hallarda evdən qaçmaların da qarşısını ala bilər. Evdə bu təhlükələri anlayan valideynlər qızlarını qorumağa çalışır. Amma qeyd etdiyim kimi, bu qorumaq deyil, fiziki, psixoloji və ya iqtisadi zorakılıq formasında ola bilər. Bu halda qız bezdirildikdə, evdən qaçmağa da çalışır. Amma qadın və qızların təhlükəsizliyi ilə bağlı proqramlar olmalıdır. Düzdür, polis bu məsələlərdə ən aktiv qurumdur, dərhal reaksiya verir, axtarış təşkil edir, tapır və valideynlərinə geri qaytarır. Lakin bu mühitlə işləyən strukturlar varmı? Yoxdur və bu cür mühitlər mütləq olmalıdır. Əvvəl marifləndirmə işləri vardı, insanların hüquqları izah olunurdu, QHT-lər rayonlara gedirdi, marifləndirmə aparırdılar, ayrı-ayrı ailələrlə görüşlər keçirilirdi. Mənim yadıma gəlir, bazarda da təbliğat aparmışam. Amma indi etiraf etməliyik ki, bu proqramlar çox azalıb. Demək olar, kifayət qədər ciddi proqramlar və tədbirlər yoxdur. Unutmayaq ki, məlumatsız insanı aldatmaq daha rahat olur.

– Deyirsiniz ki, müəyyən effektiv proqramlar və valideyn dəstəyi olmalıdır. Ancaq bu gün elə ziyalı və kifayət qədər dünyagörmüş ailələr var ki, onların da övladlarında həlli tapılmayan bir boşluqlar var. Bu boşluq həm mühitdən, həm də ailə sevgisizliyindən irəli gələ bilərmi?
– Əlbəttə, sevgi çox önəmlidir, xüsusilə də qız uşaqlarına. Valideyn hər yaşda övladına kifayət qədər sevgi göstərməli və onu anlamağa çalışmalıdır. Sevgisiz övladlar daima travmalarla böyüyür. Daima təzyiqlər altında qalır, bir ömür yaşadıqları sevgisizliklərin cavabını axtarır. İnsan yaşadıqca sabah üçün ümidi və inamı olmalıdır. Yaxşı bir ideoloji proqram olmalıdır. İdeologiya boşluğu insanın daxilində böyük bir boşluq yaradır. Məsələn, əvvəllər necə deyirdilər? Məktəbi bitirəcəm, instituta girəcəm, sonra filan yerdə işləyəcəyəm, irəliləyəcəyəm. Bu təbliğat prosesi belə gedirdi. İdeoloji təbliğat belə idi ki, 15 ildən sonra sən yaxşı mütəxəssis, həkim, mühəndis ola bilərsən və ya sənə müəyyən perspektivlər açılacaq. Televiziya təbliğatında bu mövzulara yer verilmir. Ümumiyyətlə, ideoloji təbliğat aparan bir sistem yoxdur ki, insanlar boşluğa düşüb narkomana, cinayətkara yaxalanmasınlar və ya pis mühitlərə düşməsinlər. Hesab edirəm ki, ideoloji boşluq bu məsələlərdə böyük rol oynayır. Təhsillə bağlı təbliğat proqramları var, forumlar keçirilir, amma bunlar hamı üçün əlçatan deyil. Məsələn, rayonlarda belə forumlar keçirilsə, 12 ay ərzində hər rayonda regional tədbirlər təşkil olunsa, ailələr dəvət olunsa, çox faydalı olar. Keçmişdə xalq toplantıları vardı, o zamanlar ərazi üzrə insanlar bir araya gələrək, hər məsələyə aid müzakirələr aparardılar. İndi də belə tədbirlər olmalıdır ki, insanları inandırıb, ümid yaratsınlar. Bu, gələcəyə hazırlıq üçün vacibdir. Bu gün Cənab Prezidentin çıxışlarına baxanda insan həqiqətən ilhamlanır. İnanırsan ki, hər şey mümkündür. Amma bu inamı hər kəs belə yaxşı apara bilmir. Bunun üçün təbliğatçılar və xüsusi aratorlar lazımdır. Onlar süni şəkildə yox, doğrudan da insanı inandırıb, gələcəyin necə olacağını canlandıra bilməlidir. Bu işin yaxşı aparılması üçün təbliğatçılar gərək inamı və ümidini düzgün yaratsınlar, insanın gözünün qabağında hər şeyin necə olacağını göstərsinlər. Belə olan halda insanlar artıq neqativ fikirləri yox, düşünməlidirlər ki, etdikləri hərəkətlərlə həm öz gələcəyini, həm də ölkələrinin gələcəyini dəyişdirə bilərlər.
-Şiddət görən qadın nə etməlidir? Əgər evli qadın evinə də gedə bilmirsə, canını qurtarmaq istədiyi halda hara müraciət etməlidir? Yəni, sığınacaqların fəaliyyəti necədir bu barədə? Hansı köməklikləri göstərə bilir?

– Ölkədə təxminən 11 sığınacaq var, bəziləri dövlətin, digərləri isə QHT-lərin nəzdindədir. Qadın sığınacaqları isə Bakıda və Gəncədə fəaliyyət göstərir. Həyatı təhlükədə olan şəxs 102-yə zəng edib, qaynar xəttdən kömək istəyə bilər. Polis, həyatı təhlükə olan şəxslərə dərhal ilkin kömək göstərir. Eyni zamanda, 116-111 uşaq və qadınlar üçündür. Ailə, Qadın və Uşaq komitəsinin qaynar xətti və gender əsaslı zorakılığa məruz qalan qurbanlar üçün də digər qaynar xəttlər mövcuddur. İnsanlar bu xəttlərə zəng edərək kömək istəyə bilər. Həmçinin fövqəladə hallara, 112-yə zəng etmək mümkündür. Əgər başqa yolla kömək almaq mümkün deyilsə, bu xidmətdən istifadə etmək də mümkündür və qurbanlar həmin qurumlar tərəfindən sığınacağa yerləşdirilir. Müraciət edildikdə, təhlükə varsa, araşdırma aparılır və təhdid davam edirsə, şəxs sığınacağa yerləşdirilir. Sığınacaqda hüquqi və psixoloji xidmətlər, sosial dəstək, təhsil və digər yardımlar mövcuddur. Reabilitasiya dövrü bitdikdən sonra da işə düzəlmək mümkündür. İşə başladıqdan sonra, əgər təhlükə yoxdursa, 2-3 ay işləyib topladığı vəsaitlə kirayəyə çıxa bilər. Əgər ailə dəstək vermək istəyirsə və təhlükə yoxdursa, şəxs razıdırsa, o zaman onu ailəsinə təhvil vermək olar. Bunun üçün icra hakimiyyətinə məktub yazılır və ailənin vəziyyətini qiymətləndirmək üçün monitorinq aparılması xahiş olunur. Həmçinin ərazi üzrə polisə də məktub göndərilir ki, şəxs könüllü olaraq ailəsinə qayıtmağa razıdır və vəziyyətin izlənməsi üçün monitorinq edilsin. Çünki bu vacibdir və bunu bir sistem halına gətirmək lazımdır. Təkcə mən yox, hamı bu prosesi həyata keçirməlidir. Bizim sığınacaq bu sistemdən istifadə edir. Qeyd etmək istərdim ki, uşaq sığınacaqlarında uşaqlar bir müddət saxlandıqdan sonra dövlət müəssisələrinə yerləşdirilir. Təbii ki, yaş da burada rol oynayır. Uşaq evləri daha çox azyaşlıları qəbul edir və onları tez götürürlər. Lakin, 15-16 yaşlı uşaqların yerləşdirilməsi ilə bağlı çətinliklər yaranır. 15-16 yaşında olan uşaqların yerləşdirilməsi ilə bağlı çətinliklər yaranır. Bizim sığınacaqda uşaqlar 18 yaşına qədər qalırlar. Xidmət paketində tibb yoxlamaları da mütləqdir, uşaqlar hər zaman tibb yoxlamasından keçməlidir. Hər birinin kartı var, məktəbə gedirlər və təhsildən yayınmırlar. Təhsilini ortada buraxan uşaqlar olarsa, dərhal Bakı şəhər təhsil idarəsinə müraciət edirik. Bəzi uşaqların sənədi olmur, məsələn, uşaq evində doğulan uşaqların doğum şəhadətnaməsi olmaya bilər və ya valideynlər tapılmadıqda onları tapmaq çətinləşir.
– Mehriban xanım, sizə müraciət edən qadınların ən çox hansı problemləri olur?
– Bildiyimiz kimi, sığınacaqlar müxtəlif olaraq ixtisaslaşır. Bizə daha çox zorakılığa məruz qalan qadınlar müraciət edir. Son zamanlar daha çox kirayə haqqını ödəyə bilməyən və buna görə çıxarılaraq küçəyə atılan qadınların müraciətləri çoxalıb. Baxırsan ki, heç valideynlər də dəstək vermir. Bunu da qeyd etmək yerinə düşər ki, icra hakimiyyətləri bu məsələlərdə aktiv rol oynaya bilərlər. Onlar öz rayonlarında kiçik proqramlar təşkil edib, qadınları dərhal geri qaytarıb, sosial dəstək proqramlarına cəlb edə bilərlər. Məsələn, boş evlərə yerləşdirmək, məşğulluq proqramları və ya qohumdan qohuma dəstək proqramları təşkil etmək mümkündür. Sığınacaq zorakılığa məruz qalmış qadınları qəbul edir, amma əri tərəfindən atılan və ya başqa səbəblərlə Bakıya gəlmiş qadınları qəbul etmək mümkün olmur. Bəzilərindən isə heç xəbərimiz olmur. Bəzən zəng edirlər, amma qəbul edə bilmirəm. Azyaşlı uşaqları olan qadınları isə küçədə qalmasınlar deyə qəbul edirəm. Amma bütün sosial çətinlikləri olan qadınları qəbul etmək mümkün deyil. Rayonlardan gələn qadınlar da bəzən geri qayıtmaq istəmir. Ən böyük problem isə valideynlərin onları qəbul etməməsidir, çünki qınaq və sosial təzyiqlər böyük rol oynayır. Bizə gələn qadınlarla sorğu aparırıq və onların işlə bağlı hədəflərini öyrənməyə çalışırıq. Məsələn, soruşuruq, uşaq var, körpədir, onu kimə və harada qoyacaqsan? İşləmək istəsən, nə qədər maaş alacaqsan? Uşaqların təhsili və tərbiyəsi ilə necə məşğul olacaqsan? Bu sualları mütləq şəkildə veririk. Lakin bəzən qadınların reallıq testləri zəif olur və hədəfləri olmur. Bəzən deyirəm, hədəfləriniz barədə yazın, sual verirlər ki, hədəf nədir? Bu barədə əksəriyyətinin məlumatı yoxdur. Yəni, insanın bir hədəfi olmalıdır. Zorakılığa dözməyi, o mühitdə qalmağı məsləıhət görmərəm. Bəzi məsələləri isə birlikdə müzakirə edib həll etmək mümkündür. Bəzən də olur, kimsə boşanır, elə düşünürlər ki, hər şeyi, nə edəcəklərini dəqiq bilirlər. Çünki əvvəldən planlı şəkildə qərar qəbul ediblər. Çıxılmaz vəziyyətdə olan adamın hansısa bir dəstək proqramı olmalıdır və yaxud, hansısa qohumdan dəstəyi olmalıdır. Sən nə edəcəksən, necə edəcəksən ? Yəni, bu yükü çiyninə alıb evdən çıxırsan. Sən nə edəcəyini bilirsənmi? Yox, bilmir.
– Belə anlaşılır ki, bir çox qadınlar öz hüquqlarını bilmirlər…
– Bəli, təəssüf ki, bəzi qadınlar öz hüquqlarını bilmirlər və hadisələrə real yanaşa bilmirlər. Hər zaman onlara deyirəm ki, reallıq testlərinə diqqət etsinlər, xüsusilə Bakı şəhəri üçün. Bu şəhərdə yaşamaq, yemək, qalmaq kimi tələblər üçün güc və resurslar olmalıdır. Bu cür çətinliklər əsasən rayondan gələn qadınlarda daha çox müşahidə edilir.

– Son dövrlərdə cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi qadınlar aliment üçün boşanır. Bu barədə nə düşünürsünüz?
– Ümumiyyətlə, təlabat zənbilinə baxanda uşağın inkişafı üçün təyin olunan aliment məbləği bu gün elə də böyük deyil. Uşağın inkişafı üçün lazım olan proqramlar və xərclər, məsələn, geyim, yemək, təhsil və.s olduqca yüksəkdir. Baxanda, ən yaxşı şəraitdə yaşayan uşaqlar üçün belə xərclər böyükdür. Bu xərclər 245 manatla yekunlaşırmı? Alimentlə bağlı boşanmaq və ya qadınların azadlıq istəməsi fikri daha çox kişilər tərəfindən səslənir. Əksəriyyət hesab edir ki, boşanmaların artmasının səbəblərindən biri alimentin artırılmasıdır və bəzi qadınlar da buna görə boşanır. Bu, gülünc yanaşmadır. Nəzərə alsaq ki, bu qadınların əksəriyyətinin təhsili, peşəsi və iş yeri yoxdur, 245 manat yalnız uşağın ilkin və ibtidai ehtiyaclarını ödəməyə ancaq yetir. Özünüz düşünün, sentyabr ayında uşaqların məktəbə getməyinə yaxın bir uşağa nə qədər xərc çıxır? Hələ də qənaət etməyə çalışılır ki, israfçılığa yol verilməsin. Real dünyada isə 245 manatla uşağın bütün ehtiyaclarını ödəmək mümkün deyil. Analar həmişə qənaət edirlər. Hər yollardan istifadə etməyə çalışırlar ki, xərc az olsun. Hətta bəzən analar uşaqlarına evdən yemək qoyur, amma uşaqlar bəzən kompleksə girərək evdən yemək də aparmaq istəmirlər. Ümumi təbliğat prosesində belə hallar var, hamı bərabər idi. Lakin indi hamı bərabər deyil. Bərabərlik olmadığı halda, valideynlər çalışır ki, uşaqlarını digərləri ilə bərabərləşdirsin, ən azından uşaq özünü fərqli hiss etməsin. Ona görə də bu yanaşma tamamən əsassızdır.
– Həbsxanalardakı qadınların durumu necədir? Azadlığa çıxdıqdan sonra hansı motivasiyaya sahib olurlar?

– Bir neçə il əvvəl bir neçə həbsxanada olmuşam. Həbsxanalarda şərait yaxşıdır, qadınlar üçün müxtəlif peşə kursları təşkil olunur. Onlara müxtəlif sənətlər öyrədilir və bunun üçün imkanlar yaradılır. Hətta şirniyyat sexi və xalçaçılıq kimi sahələr də mövcuddur. Ümumiyyətlə, qadınlara müəyyən şəraitlər yaradılıb. Onlara övladları ilə görüşmək üçün xüsusi imkanlar da var. Həmçinin uşaqların müəyyən yaşa qədər valideynləri ilə birgə qalmasına icazə verilir və buna şərait də yaradılır. Lakin yenə də həbsxanadır. Həbsxanadan çıxmaq üçün proqramlardan daha çox ailə dəstəyi vacibdir. Əminliklə deyə bilərəm ki, ailə dəstək verdiyi halda, şəxsin həbsxanadan çıxması və ya ailəyə qayıtması çətinlik yaratmayacaq, çünki ailəsi onu dəstəkləyir. Qadınlar yenə də əvvəlki kimi rahat hiss edəcəklər. Ancaq bəzən qohum, qonşu və ya tanışlar tərəfindən qınanma ilə qarşılaşa bilərlər. Bu, zorakılıq qurbanlarına da aiddir. Ailə dəstəyi olan qadınlar sürətlə müsbətə doğru irəliləyir. Ailə dəstəyi olmayan qadınların isə çox azı öz gücü ilə taleyini dəyişə bilir. Ailə dəstəyi olan qadınların həyatında da dəyişikliklər müsbətə doğru olur. Hər bir halda bu qadınlara ilk növbədə ailəsi tərəfindən inam və sevgi göstərilməlidir. Həbsxanalarda psixoloqlar qadınlarla işləyir. Onlara qarşı müqavimət deyil, sevgi və anlayış göstərilməlidir. Onlar üçün normal şərait yaradılmalı, inteqrasiya proqramları vasitəsilə həmin qadınların yenidən cinayət yoluna düşməməsi təmin edilməlidir. Ailə və cəmiyyət dəstək olmalı, bu qadınlara yenidən həyata başlamağa şərait yaratmalıdır.

Şəbnəm Rəhimova

