Icma.az
close
up
RU
Cənub Qərb qovşağında yeni ortaq güc mərkəzi

Cənub Qərb qovşağında yeni ortaq güc mərkəzi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı–Əbu-Dabi əməkdaşlığının çoxqütblü dünya nizamındakı yeri

Avrasiyanın geosiyasi xəritəsində yeni və olduqca perspektivli bir ittifaqın konturları müəyyən olunmaqdadır. Coğrafi determinizmin diktə etdiyi şərtləri məharətlə siyasi və iqtisadi kapitala çevirməyi bacaran Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji yaxınlaşma Cənub–Qərb geosiyasi qovşağında alternativ güc mərkəzinin təşəkkülüdür.

Sözügedən tərəfdaşlıq Xəzər hövzəsi ilə Fars körfəzini birləşdirən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, eyni zamanda, qlobal enerji təhlükəsizliyinin təminatında əvəzsiz rol oynayan iki dövlətin ortaq vizyonunun məhsuludur və bu münasibətlər müasir dövrün çağırışlarına cavab verən, praqmatizmə, qarşılıqlı hörmətə və ortaq maraqlara söykənən yeni siyasi mədəniyyət nümunəsini ortaya qoyur.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı müasir əməkdaşlığın təhlili göstərir ki, tərəflər ənənəvi neft diplomatiyası ilə yanaşı, daha çoxşaxəli, innovativ və gələcəyə yönəlik strateji gündəlik formalaşdırmağa nail olmuşlar ki, bu da Bakı və Əbu-Dabinin karbohidrogen resurslarının ixracından əldə edilən gəlirləri insan kapitalına, infrastrukturun müasirləşdirilməsinə və yaşıl iqtisadiyyata yönəltməklə postneft dövrünə hazırlıq konsepsiyasını uğurla həyata keçirdiklərini təsdiqləyir. Məhz qeyd edilən strateji baxış oxşarlığı iki ölkəni təbii müttəfiqə çevirən mühüm amillərdən biri olmaqla bərabər, hər iki tərəfin yerləşdikləri regionlarda sabitlik adası funksiyasını yerinə yetirməsini və qlobal miqyasda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqində fəal iştirakını şərtləndirir.

Mövcud əməkdaşlığın ən dinamik və qlobal əhəmiyyətli istiqaməti, şübhəsiz ki, enerji sektorundakı transformasiyadır. Belə ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri dünya enerji bazarının ənənəvi liderləri olsalar da, hazırda bərpaolunan enerji mənbələrinin inkişafı və iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal liderlik iddiasını nümayiş etdirirlər. Birləşmiş Ərəb Əmirliklərinin bərpaolunan enerji sahəsindəki flaqman şirkəti olan “Masdar” şirkətinin Azərbaycandakı fəaliyyəti qeyd olunan strateji sinerjinin bariz nümunəsidir və 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi regionun enerji xəritəsini dəyişdirən, Azərbaycanın yaşıl enerji ixracatçısı kimi mövqeyini möhkəmləndirən tarixi hadisədir. Tərəflər arasında imzalanmış və ümumi gücü 10 qiqavata çatan bərpaolunan enerji layihələrinin icrasını nəzərdə tutan sazişlər əməkdaşlığın miqyasının və strateji dərinliyinin göstəricisi olaraq qəbul edilməlidir. Enerji sahəsindəki tərəfdaşlıq təkcə investisiya qoyuluşu ilə məhdudlaşmayaraq eyni zamanda qlobal iqlim diplomatiyasında vahid mövqedən çıxış etməyi də ehtiva edir. COP28 konfransına ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərinin sədrliyi dövründə əldə olunan nailiyyətlərin davamlılığını təmin etmək məqsədilə estafetin Azərbaycana ötürülməsi və COP29 tədbirinin Bakıda keçirilməsi iki ölkə arasındakı etimadın və strateji koordinasiyanın ən yüksək səviyyədə olduğunu təsdiqləyir. İqlim Troykası formatında həyata keçirilən fəaliyyət qlobal Şimal ilə Cənub arasında körpü rolunu oynayaraq, iqlim maliyyələşməsi və ədalətli enerji keçidi məsələlərində konsensusun əldə olunmasına xidmət edir ki, bu da iki ölkənin karbohidrogen ehtiyatlarına malik olmağın yaşıl gələcəyə doğru irəliləməyə maneə yaratmadığını dünyaya nümayiş etdirməsi deməkdir.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji yaxınlaşmanın digər mühüm sütunu nəqliyyat və logistika sahəsindəki əməkdaşlıqdır ki, bu da qlobal təchizat zəncirlərinin qırıldığı və yeni marşrutların axtarışının aktuallaşdığı bir dövrdə hər iki dövlətin öz coğrafi mövqelərindən maksimum yararlanaraq Avrasiyanın logistik xəritəsini yenidən formalaşdırması ilə nəticələnir. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi Bakı və Əbu-Dabi üçün strateji əhəmiyyət kəsb edən arteriyalardır. Birləşmiş Ərəb Əmirliklərinin logistika nəhəngi AD Ports Group ilə Azərbaycanın müvafiq qurumları arasındakı əməkdaşlıq Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq regionlarını vahid logistik şəbəkədə birləşdirmək hədəfinə xidmət edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Birləşmiş Ərəb Əmirliklərinin liman infrastrukturu arasındakı inteqrasiya yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daha sürətli, təhlükəsiz və səmərəli daşınmasını təmin edir. Xüsusilə rəqəmsal logistika həllərinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların inkişafı istiqamətində atılan addımlar Orta Dəhlizin rəqabət qabiliyyətini artırır. Birləşmiş Ərəb Əmirliklərinin investisiya imkanları və qlobal liman idarəçiliyi təcrübəsi Azərbaycanın tranzit potensialının reallaşdırılmasında həlledici rol oynayır və bu əməkdaşlıq regionun geosiyasi çəkisini artırır, kənar oyunçuların təsir imkanlarını balanslaşdırır və regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfə verir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu sıx əlaqələr və Birləşmiş Ərəb Əmirliklərinin Körfəz regionundakı liderliyi böyük bir coğrafi arealda ticarət, iqtisadi inteqrasiya üçün yeni imkanlar açır. Belə ki, Bakı faktiki olaraq Əbu-Dabi üçün Mərkəzi Asiya və Qara dəniz hövzəsinə açılan qapı Əbu-Dabi isə Azərbaycan üçün Yaxın Şərq, Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxış nöqtəsi funksiyasını yerinə yetirir. Bu, mövcud qarşılıqlı münasibətlərin uzunmüddətli, dayanıqlı xarakter daşımasının qarantıdır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin formalaşdırdığı yeni siyasi nümunənin ən diqqətçəkən tərəfi hər iki dövlətin müstəqil, suveren və milli maraqlara əsaslanan xarici siyasət kursu yürütmələridir. Nə Bakı, nə də Əbu-Dabi qlobal güc mərkəzlərinin diktəsi ilə hərəkət edir, əksinə, çevik ittifaqlar quraraq, öz strateji muxtariyyətlərini qoruyub saxlayırlar.

Cənub-Qərb qovşağında formalaşan sözügedən alyans regionda radikalizm, ekstremizm, terrorizmlə mübarizədə də mühüm rol oynayır və hər iki dövlət tolerantlıq, multikulturalizm və dinlərarası dialoq dəyərlərini təşviq edərək, ideoloji müstəvidə sabitləşdirici faktor kimi çıxış edirlər.

Digər tərəfdən, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin siyasi liderləri arasındakı şəxsi dostluq və etimad münasibətləri strateji qərarların operativ qəbuluna və bürokratik maneələrin aradan qaldırılmasına şərait yaradır, Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasındakı intensiv dialoq münasibətlərin dinamizmini təmin edən əsas hərəkətverici qüvvədir. Dövlətlərarası münasibətlərin bu yüksək dinamikasını və strateji dərinliyini təsdiqləyən ən son və mühüm göstəricilərdən biri kimi dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubundakı fikirlər xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktubda iki ölkə arasındakı əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, iqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətin uğurla inkişaf etdiyini diqqətə çatdırılmış. Prezident İlham Əliyev məktubunda, eyni zamanda, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığın dərinləşdirilməsi, şaxələndirilməsi istiqamətində birgə səylərin bundan sonra da ardıcıl olaraq, uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir ki, bu da strateji tərəfdaşlığın gələcəyinə olan inamın bariz təzahürüdür.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı müasir tərəfdaşlıq Cənub-Qərb geosiyasi qovşağında yeni reallıqların, güc konfiqurasiyasının formalaşmasıdır və bu alyans enerji bazarlarına təsir göstərmək, nəqliyyat dəhlizlərini idarə etmək, regional təhlükəsizliyi tənzimləmək gücünə malik qlobal əhəmiyyətli faktordur. Bakı və Əbu-Dabi coğrafiyanı taleyə deyil, fürsətə çevirərək, Şərqlə Qərb, Şimalla Cənub arasında dayanıqlı, proqnozlaşdırıla bilən, inkişafa xidmət edən yeni bir siyasi nümunə yaradırlar və sözügedən nümunə müasir dünyanın xaos və qeyri-müəyyənlik mühitində sabitlik, əməkdaşlıq və tərəqqi modeli kimi çıxış edir. Zaman keçdikcə formalaşan həmin strateji oxun əhəmiyyəti daha da artacaq, Avrasiyanın geosiyasi mənzərəsində həlledici rol oynayacaqdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın Cənubi Qafqazdakı liderliyi və Birləşmiş Ərəb Əmirliklərinin Körfəz regionundakı nüfuzu birləşərək qlobal siyasətdə yeni, müstəqil, təsirli bir səsin eşidilməsini təmin edir və bu səs sülhün, inkişafın və gələcəyin səsidir.

Şarbel BƏRAKAT,
Küveyt, “Aljarida” qəzetinin xarici əlaqələr şöbəsinin rəhbəri

Azərbaycan–BƏƏ arasında tərəfdaşlığının genişlənməsi regional balansı və sabitliyi gücləndirən strateji bir inkişaf kimi qiymətləndirilir. Enerji, logistika və investisiya sahələrində praqmatik əməkdaşlıq vasitəsilə hər iki dövlət etibarlı şəbəkələr və Orta Dəhliz kimi alternativ marşrutlar formalaşdıraraq, Körfəzin Avrasiya boyunca strateji nüfuz dairəsini genişləndirir. Onların bərpaolunan enerji və iqlim təşəbbüslərindəki əməkdaşlığı isə hər iki ölkənin qlobal təsirini artıran irəliləyən, gələcəyə yönəlik yanaşmadan xəbər verir.

Bəzi liderlərin qeyri-proqnozlaşdırılan siyasətlərinin regionda gərginlik yarada bildiyi bir mühitdə Azərbaycan–BƏƏ yaxınlaşması GCC (Ərəb Körfəzi Əməkdaşlıq Şurası) üçün daha geniş strateji seçimlər formalaşdırır və bölgənin daha balanslı memarlığına töhfə verir. Bakı ilə güclü, praqmatik münasibətlərin qurulması Körfəz dövlətlərinə iqtisadi şaxələndirmə imkanlarını genişləndirmək, nəqliyyat marşrutlarının təhlükəsizliyini təmin etmək və konstruktiv diplomatiyanı gücləndirmək imkanı yaradır.

Azərbaycan–BƏƏ tərəfdaşlığı göstərir ki, ortaq maraqlara və strateji muxtariyyətə əsaslanan düşünülmüş ittifaqlar uzunmüddətli sabitlik, dayanıqlıq və regional təsirin genişlənməsini təmin edə bilər.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2025 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri