Çin və Azərbaycan: inkişaf, tərəqqi yolunun yoldaşları...
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin-Bakı münasibətləri qlobal mahiyyət və əhəmiyyət daşıyır
Dünya siyasətinin mürəkkəb və sürətlə dəyişən mənzərəsində Azərbaycan-Çin münasibətləri xüsusi strateji çalarları ilə seçilir. Özündə Qədim İpək yolunun ruhunu yaşadan, müasir nizamın konturlarını əks etdirən bu tərəfdaşlıq tək tarixi yaddaşın davamı kimi deyil, eyni zamanda müasir geosiyasi reallıqların əməkdaşlıq nümunəsinə çevrilib. Son illərdə qarşılıqlı münasibətlərin intensiv xarakter alması, siyasi iradənin iqtisadi, humanitar və texnoloji sahələrdə real nəticələrə çevrilməsi Azərbaycan-Çin əlaqələrinin çoxşaxəli və dayanıqlı inkişaf yolunda olduğunu göstərir.
Xüsusilə ötən ilin iyulunda və bu ilin aprelində imzalanmış strateji əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı bəyanatlar ikitərəfli münasibətlərə yeni nəfəs, yeni şəkil qazandırıb. İmzalanan sənədlər, müzakirə edilən məsələlər, o cümlədən, proqnozlaşdırılan geniş əməkdaşlıq sferası mühüm bir regionda gələcək onilliklərin iqtisadi xəritəsini müəyyənləşdirir. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı çərçivəsində Çinə səfəri, orada keçirilən yüksək səviyyəli görüşlər bu tərəfdaşlığın dinamik xarakterini və strateji miqyasını növbəti dəfə təsdiqlədi - bütün dünya Azərbaycan və Çin arasında formalaşan münasibətlərin regional deyil, qlobal əhəmiyyət kəsb etdiyini əyani şəkildə müşahidə etmiş oldu. Çünki bu əlaqələr enerji və nəqliyyat dəhlizlərinin kəsişməsində yeni əməkdaşlıq formatlarını yaradır, Avrasiya məkanında sabitlik və tərəqqiyə ciddi töhfələr verir. Bu gün Bakı ilə Pekin arasındakı dostluq və əməkdaşlıq xətti, siyasi dialoq gələcəyin böyük layihələrinin, qlobal iqtisadi inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilməkdədir.
Qlobal Cənubun uğurlu təmsilçiləri...
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə son səfərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən təşəbbüs (Qlobal İdarəetmə Təşəbbüsü - red.) müasir dünyanın ümumbəşəri istəklərinə və təxirəsalınmaz ehtiyaclarına cavab verir. O, irəli sürüldükdən dərhal sonra müxtəlif ölkələrin liderləri və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən bəyənilib və dəstəklənib.
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdəki çıxışında da bildirdi ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayır. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir və bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Beləliklə, Azərbaycan ilə Çin arasında əlaqələrin çoxşaxəliyi bütün sferalarda ortaya qoyulur.
Səfir deyib ki, hər iki dövlət - Çin və Azərbaycan - Qlobal Cənub ölkələridir və qlobal idarəetmədə islahatların aparılması və onun təkmilləşdirilməsinin əsas qüvvəsidir. Günümüzün ən mühüm çağırışları məhz əməkdaşlığa və ortaq dəyərlərin bölüşülməsinə hədəflənir - çoxtərəfli platformalarda sıx əməkdaşlıq üçün yaradılan zəmin bəşəriyyətin ümumi problemlərinin həllində açar rolunu oynayır. Qlobal nizamın əsas dayaq nöqtələri isə müasir transformasiyaya uyğun olaraq tənzimlənir - etiraf olunur ki, qlobal problemlərin həllində, beynəlxalq iqtisadi-siyasi əlaqələrin qurulmasında, hətta ən kəskin kataklizmlərin və toqquşmaların qarşısının alınmasında Qlobal Cənubun rolu artır. Bu gün etiraf edilir ki, beynəlxalq ədalətin səmərəli şəkildə müdafiəsində aparıcı funksiyanı məhz Qlobal Cənub üstlənib. Azərbaycan və Çin isə bu mühüm tabloda özünəməxsus, olduqca vacib, ən əsası isə strateji tərəfdaşlığa söykənən bir konsepsiya nümayiş etdirir.
Çinin BÖYÜK DOSTU...
Səfir bildirib ki, Azərbaycan Prezidenti Çinə 8 dəfə səfər edib, ÇXR Sədri Si Cinpin ilə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri arasında yaxşı işgüzar əlaqələr qurulub, dərin şəxsi dostluq möhkəmlənib. ÇXR Sədri Si Cinpin Prezident İlham Əliyevi “köhnə dostum” adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri daim inkişaf edir və artıq tarixinin ən yüksək səviyyəsinə çatıb.
Həqiqətən də, iki ölkə arasında son illərdə siyasi dialoqun, iqtisadi tərəfdaşlığın genişlənməsində, dövlətlərarası münasibətlərin inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur. Eyni zamanda, dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Son səfər zamanı baş tutan görüşdə də Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib.
Səfir qeyd edib ki, Si Cinpin Çini və Azərbaycanı inkişaf və tərəqqi yolunda yoldaş adlandırıb və Pekinin Çin-Azərbaycan əməkdaşlığının yaxşı dinamikasını qorumaq, qarşılıqlı fayda və birgə inkişaf naminə yeni üfüqlər açmaq naminə Azərbaycanla bundan sonra da işləməyə hazır olduğunu bildirib. Dövlət başçılarının görüşü Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının növbəti mərhələsinin istiqamətlərini müəyyən edib, həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlığın dərinləşməsinə yeni təkan verib.
Vahid Çin prinsipi hər zaman dəstəklənir...
Lu Mey vurğulayıb ki, Azərbaycan tərəfi vahid Çin prinsipinə qətiyyətlə yanaşır və “Tayvanın müstəqilliyinə” qarşıdır. Prezident İlham Əliyev “ŞƏT plyus” iclasında bildirib ki, Azərbaycan Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya üzrə təşəbbüslərini fəal şəkildə dəstəkləyir və Sədr Si Cinpinin təklif etdiyi Qlobal İdarəetmə Təşəbbüsünü alqışlayır.
Bu nüans xüsusilə ön planda yer alır - hər iki ölkə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığı yüksək səviyyədə qurur. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir - “Tayvan problemi” uzun illərdir ki, davam edir və məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan hər zaman “vahid Çin” siyasətini dəstəkləyib.
Hərtərəfli strateji tərəfdaşlığın geniş perspektivləri...
Diplomat bildirib ki, Çin və Azərbaycanın praqmatik əməkdaşlıq üçün böyük perspektivləri və potensialı var. Sözügedən səfər zamanı iki ölkə liderləri praqmatik əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Sədr Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını intensivləşdirmək, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyanın liberallaşdırılmasına və asanlaşdırılmasına kömək etmək, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını davamlı olaraq artırmaq, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı sektorlarında inkişafı təmin etmək, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək vacibdir.
İki ölkə arasındakı dostluq münasibətləri tarixən mövcud olsa da, son illərdə bu tərəfdaşlıq daha dinamik məzmun qazanıb. Azərbaycanın geostrateji mövqeyi və zəngin enerji resursları, Çinin isə qlobal iqtisadi gücü və texnoloji imkanları ikitərəfli münasibətləri xüsusi strateji çərçivəyə daşıyır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm tranzit mərkəzinə çevrilməsi Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə üst-üstə düşür. Bu, iki ölkə arasında logistika və ticarət sahəsində geniş əməkdaşlıq perspektivləri açır. Eyni zamanda, Azərbaycanın enerji resursları Çinin artan ehtiyacları fonunda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirir. Mədəniyyət və humanitar sahələrdə də əlaqələr güclənir. Tələbə mübadiləsi, birgə elmi layihələr, mədəni tədbirlər xalqlarımız arasında dostluğun dərinləşməsinə xidmət edir. Bu isə iqtisadi əməkdaşlığa əlavə stimul verir. Beləliklə, Azərbaycan və Çin münasibətləri praqmatik məzmunu, qarşılıqlı maraqları və böyük potensialı ilə seçilir. Bu əməkdaşlıq təkcə ikitərəfli səviyyədə deyil, həm də qlobal miqyasda sabitlik, inkişaf və inteqrasiyaya xidmət edən mühüm amildir.
Səfir qeyd edib ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş perspektivləri və bu sahədə böyük ümidlər var. Çin tərəfi strateji istiqamət kimi dövlət başçılarının diplomatiyasını, həmçinin ən yüksək səviyyədə imzalanmış mühüm razılaşmaları rəhbər tutaraq Azərbaycan tərəfi ilə birgə işləməyə və ikitərəfli münasibətlərin daha da inkişafına təkan vermək məqsədilə müvafiq işlərin uğurla başa çatdırılması üçün bütün səylərini əsirgəməməyə hazırdır.
Pərviz SADAYOĞLU


