Çoxalan hasarlar, azalan dəyərlər...
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Hasar... Günümüzdə ən dəbdə olan tikinti. İndi artıq insanlar ev tikib, sonra hasar çəkmirlər. Əksinə, torpağı alar-almaz, ilk iş ərazinin hasarlanması olur. Hasarlanma da nə hasarlanma... İnsanlar sanki bir-biriləri arasında Çin səddi çəkirlər. Ölkəmizin istənilən şəhər, qəsəbə və kəndində bunu görmək mümkündür ki, hündür hasarlar qonşular arasında münasibətləri məhv edib, qonşuluq əlaqələrini aradan qaldırıb. İndi uca hasarlar dəyərlərimizi azaldan bir vasitəyə çevirib. Bəzən üç metr, bəzənsə bundan da hündür tikilən hasarlar əsrlərlə yaşadılan qonşuluq münasibətlərinin dünəndən bu günə gəlməsinə qarşı silaha çevrilib.
Elə bugünkü uca hasarların fonunda çox da uzaq olmayan keçmişə getməmək mümkün deyil. Bugünkü hasarlar vaxtilə evlərimiz arasındakı hasarları xatırlatmaya bilmir. Düşünürsən və deyirsən: o hasarlar, bu hasarlar...
Onlar əslində hasar deyildi
Bir neçə ilə qədər şəhər, qəsəbə və kəndlərimizdə qonşular arasındakı hasarlar gəlir göz önünə. Onlara əslində hasar demək də olmazdı. Çünki hazırda gördüklərimizə əsasən hasar dedikdə göz önünə hündür, keçilməz bir sədd gəlir. Bu səbəbdən də onlar hasar deyildi. Onlar çəpər, simdən toxunan şəbəkə idi. O çəpərlər bugünkü hasarlardan tamamilə fərqlənirdi. Sadəcə qonşunun toyuq-cücəsinin o biri qonşuya ziyan verməməsi, bəlkə də ərazilərin bilinməsi üçün çəkilirdi, bilmirəm, lakin onların varlığı elə bir rol oynamırdı. Çünki bir qonşunun həyətindən o biri qonşunun həyəti də, evi də görünürdü, səsi də aydınca eşidilirdi.
Həmin çəpərlər bugünkü hasarlar qədər baha başa gəlmirdi. Kol-kosdan, qamışdan, ağacların budanmış budaqlarından düzəldilirdi. Adətən böyürtkən, moruq kimi gövdəsi tikanlı olan bitkilər çəpər yerinə əkilirdi ki, onun rolunu oynasın. Belə evlərdə isə böyürtkən və moruq kollarının bu üzünü ev sahibi, o biri üzünü qonşu yığardı.
Qonşular bu çəpərlərin o tərəf-bu tərəfindən dayanıb söhbət edərdilər. Bir-birilərinə bişirdiklərindən, bağ-bostanda yetişdirdiklərindən pay verərdilər. Bütün evlərdə bu hasarların bir hissəsi əzik olardı. Bu, qonşuların bir-birinə gedib-gəlməsi üçün belə idi. O qədər oradan keçərdilər ki, çəpərin bu hissəsi əyilərdi.
O qonşular oturub çay içmək, istirahət etmək üçün bir ağacın altına xalça-palaz salanda da qonşuya yaxın ağacı seçərdilər. Çünki o biri qonşu da eynilə belə edərdi ki, orada söhbətləşə bilsinlər. Və yaxud taxtadan düzəldilən stol və oturacaqlar üçün də hər iki qonşu tərəfindən çəpərə yaxın yer seçilərdi.
Beləliklə də gözəl qonşuluq münasibətləri, əlaqələri formalaşırdı. Qonşu-qonşunun dərd-sərini bilərdi. Xeyrindən-şərindən xəbərdar olardı. Xəstəsindən, əsgərə yollananından, gələnindən-gedənindən xəbəri olardı. Nədənsə o çəpərli evlərdən yüksək səslər də gəlməzdi ki, qonşunu narahat etsin. Qonşu qonşunun yolunu belə gözləyirdi. Ona görə də bir-birinin toyunda-düyünündə, yasında yaxından iştirak edirdilər. Birinin qonağı olanda, o biri qonşu köməyə gəlirdi. Burada tanışlıqlar başlanırdı. Dəfələrdə şahidi olmuşuq ki, qonaq qonşuya elə isinişib ki, gedəndən sonra onunla əlaqələr yaradıb. Bir də gələndə onun adına hədiyyə gətirib. Və yaxud get-gəlləri başlayıb. Bu tanışlıq yeri gələndə qohumluq dərəcəsinə qədər çatıb. Yəni bir-birindən qız alıb, qız veriblər.
Uşaqlıq çağından xatirələr...
Yadımdadır, uşaq vaxtı kəndə gedərdik. Nənəm hana qurub, xalça toxuyardı. O zaman tək nənəmgildə deyil, bütün evlərdə xalça toxunurdu. Bir sözlə, qadınlar gedib mağazadan xalça almırdı. Öz döşənəcəklərini özləri istehsal edirdilər. Qonşular axşamlar dəstə-dəstə gəlirdi. Növbə ilə xalça toxuyurdular. Elə bu köməkliyin sayəsində də bir aya, bəlkə də bundan da tez böyük bir xalça toxunub kəsilirdi, yerə salınırdı.
Biz də nənəmlə, bibimlə birlikdə qonşulara xalça toxumağa gedərdik. Həm də qonşunun qapısından yox, aradakı çəpərin üstündə keçərək. O qədər maraqlı olurdu ki, həmin axşamlar. Qız-gəlinlərin şirin söhbəti, şaqraq gülüşləri otaqla bir olurdu. Arada ağbirçək qadınlar onlara “ay qız, səsiniz ucadan gəlir ha... O tərəfdə eşidilir axı, ayıb deyil?”deyirdilər. Cavanlar da səslərini azaldır, bir az sonra yenə ağbirçəklərin məzəmmətini eşidirdilər.
Axşamçağı mal-heyvan çöldən gələndə elə gözəl mənzərə yaranırdı ki. Bir-birindən görünən həyətlərdə sağılan inəklər, qoyunlar, insanların axşamçağı işləri-o tərəf-bu tərəfə qaçmaları, toyuq-cücəni yemləmələri, onları hinlərinə tərəf səsləmələri, ətrafda tüstüləyən samovarlar yaradırdı bu mənzərəni. Bir də baxırdın ki, qonşu qadın çəpərin o tərəfindən səsləyir: Ay Tutu xala, pendir mayası varındı, bir atımlıq verəsən mənə, pendir vurmaq istəyirdim, baxıram ki, maya qalmayıb. Süd də qalıb əlimdə.
Nənəm də mayanı mənimlə o xalaya göndərirdi. Çəpərin başındanca əlimizi uzadıb verib-alırdıq. Tək maya deyil, bəzən bir atımlıq çay, bəzən iki-üç ədəd kibrit, bəzən 2-3 kartof, bəzən də hər hansı əşya...
Görmədiyimizi gördük
Çəpərin o tərəfinə düşən meyvə o qonşuya çatırdı. Ta bu qonşu deməzdi ki, onu yığ ver mənə, yaxud da özü keçib yığmazdı. Hansı ki, keçmək üçün bir maneə də yox idi. Lakin sonralar qonşular arasında “mənim ağacım, mənim meyvəm” söhbətini də eşitməli olduq. Söhbət metrlərlə yüksələn hasarların o üzündəki və bu üzündəki qonşulardan gedir. Biri qoz çırpanda və yaxud hasara yaxın meyvə qonşunun həyətinə töküləndə əlinə vedrə alıb qonşunun darvazasını döyən, “gəlmişəm meyvəmi yığam” deyənləri də gördük. Meyvə, ağac üstündə bir-birini biabır-rüsvay edən qonşuları da gördük. “Bu mənimdir, o sənindir” deyərək ağı-qaranı aradan götürənləri də gördük. Qonşudan gələn səsə görə bir-birini polisə verən qonşuları da gördük. Bir-birinin adını bilməyən, xeyrindən-şərindən xəbərsiz qonşuları da gördük. Yüzlərlə saya biləcəyimiz belə nümunələri hasarlar yavaş-yavaş ucaldılıb 2-3, hətta bundan da çox metrlərə çatdırılanda gördük. İki qardaşın bir-biriləri arasına nə ucalıqda hasar çəkməsini, nə ucalıqda darvaza qapısı qoymasını gördük.
İndi vəzifədə olanların hamısı ata-baba kəndlərində özləri üçün villalar tikirlər axı. Yayda istirahət üçün. Maraqlıdır, bu evlərə elə hündür hasar çəkirlər ki, ətraf qətiyyən görünmür. Uca bir yamacın başında, heç bir qonşusu olmayan evlərə bu qədər yüksək hasarın çəkilməsi nə üçündür, bunu anlamaq çətindir. Deyəsən, bu hasar məsələsi artıq qonşu ilə aradakı sədd məsələsindən daha artıq bizim təxəyyül xəstəliyimiz ilə əlaqədardır. Çünki qonşu olmayan yerdə hasarın çəkilməsi bundan başqa bir məna kəsb etmir.
Hasarsız ev olmaz
Müasir dövrün xəstəliyi olan təxəyyül çatışmazlığına görə, hasarsız ev olmaz. Kişinin hasarı olmalıdır. Elə bu qənaətlə də bütün şəhər, qəsəbə və kəndlər daşlaşır. Evlər görünməz olur. Qonşuluq əlaqələri bitməklə yanaşı, təbiətin gözəlliyi də bitir. Gözə görünən yalnız metrlərlə uzanan daş hasarlardır.
Hazırda insanlar ölkəmizdə qanunların hasarı hansı ucalıqda çəkməyə icazə məsələsini də yada salmır. Çünki qonşular çox halda bir-birindən şikayət etmir. Ona görə ki, hamı bu xəstəliyə mübtəla olub və hündür hasar çəkmək onların hər birinin arzusudur. Həyətə düşən günəşin qarşısının alınması, kölgəliyin yaranması çox vaxt ağıla belə gəlmir. Hansı ki, bağ və şəxsi evlərdə günəşə də, kölgəliyə də böyük ehtiyac var. Çünki həm insanlar, həm heyvanlar, həm də ağac və bitkilər üçün günəş nə qədər əhəmiyyətlidirsə, kölgəlik də bir o qədərdir. Lakin hündür hasarlar günəşin düşmə istiqamətini də, kölgənin yaranma səmtini də dəyişdirdiyindən ta bu evlərə ev demək olmaz. Orada yaşamaq isə xəstəlikdən savayı bir şey deyil. Ağac və bitkilər belə həyətlərdə inkişafdan qalır, heyvanlar isə həbsxana həyatı yaşamaqla bərabər, həm də bəzən daimi günəşdən, bəzənsə daimi kölgədən bezərək olmayan günəşi və kölgəni axtarır.
Hasarların tikintisinə dair tələblər
Hər bir tikinti işi müəyyən qanun çərçivəsində həyata keçirildiyi kimi, hasar tikmək də qanunla tənzimlənir. Belə ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
İki yanaşı torpaq sahəsinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.
Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.
Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Və hasarsız evlər
Avropada evlər arasında hasara ehtiyac duyulmur. Həm ona görə etmirlər ki, yaşayış ərazilərinin gözəlliyinə xələl gətirir, həm də insanlar bunu böyük bir qüsur kimi görür. Hasarlı evlər xüsusilə müsəlman ölkələrinə xasdır. Maraqlıdır, Avropa eynilə bizim 30-40 il öncəki təfəkkürümüzdədir, lakin biz bəlkə də Avropanın bizdən görüb-götürdüklərinin əksinə çıxıb “müasirləşmişik”.
Hasara ehtiyac varmı? Düşünürəm ki, əsla. Mədəni və elə bu cür də yaşamağı bacaran insan üçün evlər arasında hasara ehtiyac olmaz. Çünki onlar bir-birinə ziyan verməyəcək. Hasar bəlkə də olar, lakin dizə qədər, ərazini müəyyən etmək üçün. Lakin onu metrlərlə yüksəyə qaldırmaq təxəyyül xəstəliyindən başqa bir şey deyil.
Nə üçün hasarları hündür tikirik? Bu sualı özünə verən olubmu? Bəlkə də dərindən düşünsək, hasarı tikməyə başlayarkən bunu götür-qoy etsək, o qərara gələrik ki, bu, əbəsdir. Biz bəlkə də hasarları ucalda-ucalda oğurluq etmək istəyənlərin də ağlını qarışdırıb onları cəlb edirik. Bu, özümüzü qorumaqdırsa, axı cinayətə elə özümüz rəvac veririk.
Yox, əgər başqa nə üçünsə hasarlar göyə qalxırsa, bax bunu da dərindən düşünmək lazımdır. Əslində isə biz hasarları yüksəltməzdən əvvəl öz təxəyyülümüzü, düşüncəmizi yüksəltməliyik. Hasarları ucaltmazdan əvvəl mədəni səviyyəmizi, dünyaya baxışımızı yüksəltməliyik, deyilmi? Hasarla nəyi isə qoruya biləcəyimizi sanınca, özünütərbiyəyə daha üstünlük verməliyik. Belə olardısa, hasarlar elə əvvəlki kol-kosdan olan çəpərlər kimi qalardı. Ta hasarları daşlaşdırmaqla, yüksəltməklə dəyərlərimizi azaltmazdıq...
Mətanət Məmmədova


