Dehlinin İrəvan sevgisi: dostluq ritorikasına bürünmüş gizli geosiyasi maraqlar
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval Yeni Dehliyə səfər etmiş erməni jurnalistlərə Ermənistanla münasibətlərə dair müsahibə verib. Diplomat bildirib ki, Ermənistan və Hindistan arasındakı münasibətlər əsrlər boyu davam edən dostluqla xarakterizə olunur və xüsusilə son illər yeni strateji səviyyəyə çatıb.
Onun sözlərinə görə, regional inkişaflar, infrastruktur bağlantısı layihələri və dərin tarixi əlaqələr iki ölkə arasında əməkdaşlığın davamlı genişlənməsinin təməlini təşkil edir: “Hindistan Ermənistanı təkcə ikitərəfli tərəfdaş və Qərbi Asiya–Qafqaz–Avropa bağlantı vizyonunun bir hissəsi kimi deyil, həm də zəngin tarixi əlaqələr prizmasından qiymətləndirir. Biiz bu münasibətlərə tarixi perspektivdən baxırıq. Bizi əsrlər boyu davam edən əlaqələr və minilliklər boyu davam edən ünsiyyət birləşdirir. Müstəqilliyin bərpasından sonrakı ilk səfəri zamanı liderinizin (Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1995-ci ilin dekabrındakı səfəri nəzərdə tutulur–S.H.) təyyarədən düşən kimi torpağımızı öpdüyü epizodu xatırlamaq istərdim. O dedi: “Bu torpaq bizim üçün xüsusidir”. Və mən deyə bilərəm ki, biz bu hissi başa düşürük”.
R.Caysvalın sözlərinə görə, Ermənistan və Hindistan arasındakı dostluq unikaldır və iki ölkə arasındakı münasibətlər məhz bu tarixi təməl üzərində inkişaf etməyə davam edir: “Deməzdim ki, biz buna ikitərəfli və ya daha geniş regional perspektivdən baxırıq. Biz buna güclü mədəni əlaqə, xalqlararası əlaqə perspektivindən baxırıq. Bu münasibətlərin tarixi dərinliyi var. Və bu, onları bu qədər xüsusi edir”.
Regional alyanslarla bağlı Hindistanın mövqeyinə gəldikdə rəsmi nümayəndə deyib ki, Türkiyə, Azərbaycan və Pakistan arasında iqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi və Cənubi Qafqazda baş verən dəyişikliklər və inkişaflar fonunda Ermənistan və Hindistan arasındakı münasibətlər dərinləşir və müxtəlif sahələri əhatə edir: “Ermənistanla tərəfdaşlığımıza böyük əhəmiyyət verdiyimiz üçün bu əlaqələri daha da gücləndirmək istəyirik. Biz Ermənistanı müxtəlif yollarla dəstəkləyirik. Güclü ikitərəfli əlaqələrimiz, siyasi əlaqələrimiz də var. Müdafiə əlaqələrimiz də çox güclüdür. Ölkənizin davamlı çiçəklənməsini görmək istəyirik”.
Hindistanın Pakistanla gərgin münasibətlərinə və Ankara ilə Bakının Kəşmir məsələsində İslamabadın haqlı mövqeyini dəstəkləməsinə baxmayaraq, diplomat bu məsələ ilə bağlı birbaşa şərh verməkdən imtina edib. Lakin qeyd edib ki, Hindistan mövcud çətinlikləri həll etməyə çalışır: “Biz mövqeyimizi gücləndirməyə çalışırıq. Başqalarının maraqlarına qarşı birləşməyə çalışan ölkələr var, ona görə də tərəfdaşımızla əməkdaşlıq etməyə və bu çətinlikləri ən yaxşı şəkildə həll edə biləcəyimizi görməyə çalışacağıq”.
Cənubi Qafqaz regionundakı siyasi və təhlükəsizlik inkişaflarına, xüsusilə Ermənistan–Azərbaycan münasibətlərinə gəldikdə, Caysval Yeni Dehlinin bu inkişafları “çox yaxından izlədiyini” vurğulayaraq, “Hindistanın Ermənistanı dəstəklədiyini” bir daha qeyd edib.
Müsahibədə İrəvan və Yeni Dehli arasında müdafiə əməkdaşlığı məsələsinə də toxunan diplomat iddia edib ki, Hindistanın Ermənistana və dünyaya müdafiə əməkdaşlığı baxımından təklif edəcəyi çox şey var. “Gördüyünüz kimi, Hindistanla Ermənistan arasında baş verən hər şey sahib olduğumuz xüsusi və birləşdirici gücün bir hissəsidir. Bu gün Hindistandan müdafiə ixracı əhəmiyyətli dərəcədə artıb. Bir çox ölkə təkliflərimizlə maraqlanır. Biz qabaqcıl platformalar yaradırıq. Bir çox ölkə ilə əməkdaşlıq etmək istəyirik ki, onlar da məhsullarımızdan faydalana bilsinlər”, – deyə mətbuat katibi bildirib.
Caysvarl Hindistanın həmçinin, İranın Çabahar limanı və Beynəlxalq Şimal–Cənub nəqliyyat dəhlizi vasitəsilə regional nəqliyyat əlaqələrinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Ermənistanın bu marşrutda rolu ilə bağlı suala cavab olaraq qeyd edib ki, istənilən ölkə iştirak etməlidir, çünki bu, hamıya rifah gətirəcək. Azərbaycanın bu baxımdan rolu ilə bağlı rəsmi şəxs deyib: “Töhfə verə biləcək bütün ölkələr iştirak etməlidir”.
* * *
Hindistanlı diplomatın Ermənistanla bağlı səsləndirdiyi fikirlər ilk baxışdan dostluq, tarixi yaxınlıq və strateji tərəfdaşlıq ruhunda təqdim olunur. Lakin bu açıqlamaların məzmununa diqqətlə baxdıqda, ortaya çıxan mənzərə səmimi dəstəkdən daha çox, geosiyasi maraqlar üzərində qurulmuş hesablanmış ritorikanı xatırladır. Onun tez-tez tarixi bağlara istinad etməsi, əsrlər və minilliklər boyu davam edən münasibətlərdən danışması indiki mərhələdə konkret siyasi mövqedən yayınmaq üçün seçilmiş təhlükəsiz diskurs təsiri bağışlayır. Caysvalın Ermənistanı Qərbi Asiya–Qafqaz–Avropa bağlantı vizyonunun bir hissəsi kimi təqdim etməsi də daha çox Hindistanın öz strateji marşrut maraqlarını ön plana çıxardığını göstərir. Burada Ermənistan subyekt yox, tranzit və vasitəçi rolunda nəzərdən keçirilir. Yəni İrəvanın təhlükəsizliyi və siyasi sabitliyi Hindistan üçün məqsəd deyil, vasitə xarakteri daşıyır. Bu isə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıqdan çox instrumental xarakter aldığını göstərir.
Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan koordinasiyaya dair suallardan yayınmaq isə Yeni Dehlinin real mövqeyinin nə qədər ehtiyatlı olduğunu ortaya qoyur. Ermənistanın guya, regionda məhz bu üçlük tərəfindən təzyiq altında olduğu şəraitdə Hindistan rəsmisinin birbaşa mövqe bildirməkdən imtina etməsi açıq siyasi dəstəyin sərhədlərini göstərir. Ermənistanın dəstəkləndiyi ifadə olunsa da, bu dəstəyin hansı mərhələdə və hansı formada veriləcəyi qeyri-müəyyən saxlanılır.
Müdafiə sahəsində əməkdaşlıqla bağlı səsləndirilən fikirlər də birmənalı qarşılanmamalıdır. Hindistanın silah ixracını artırması və Ermənistanı potensial tərəfdaş kimi görməsi İrəvan üçün strateji təhlükəsizlik zəmanəti yox, kommersiya maraqları çərçivəsində əməkdaşlıqdır. Bu münasibətlərdə Hindistan satıcı, Ermənistan isə alıcı mövqeyindədir. Bu isə asılılıq risklərini artırır və uzunmüddətli təhlükəsizlik təminatı yaratmır.
Nəqliyyat layihələri ilə bağlı səslənən fikirlər də oxşar xarakter daşıyır. Şimal–Cənub dəhlizində bütün ölkələrin iştirak etməli olduğu barədə açıqlama Ermənistan üçün üstünlük deyil, əksinə, onun regional rəqabətdə fərqləndirici rolunu zəiflədir. Azərbaycanın bu layihədə potensial iştirakına dair fikirlər isə Hindistanın Ermənistanı xüsusi tərəfdaş yox, sadəcə, coğrafi həlqələrdən biri kimi gördüyünü bir daha təsdiqləyir.
Nəticə etibarilə, R.Caysvalın açıqlamaları İrəvana ünvanlanmış siyasi jestlər təsiri bağışlasa da, onların arxasında Ermənistanın maraqlarını prioritet edən aydın və qəti xətt görünmür. Hindistan regionda öz mövqelərini möhkəmləndirməyə çalışır, Ermənistan isə bu prosesdə alət rolunda çıxış edir.
Siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Hindistan rəsmisinin Ermənistanla bağlı səsləndirdiyi mesajlar ilk baxışdan tarixi dostluq və strateji yaxınlıq təsiri bağışlasa da, əslində, daha çox ehtiyatlı və hesablanmış diplomatik xəttin ifadəsidir. Onun sözlərinə görə, Yeni Dehli Ermənistanı regionda emosional müttəfiq kimi deyil, dəyişən geosiyasi konfiqurasiyada öz maraqlarına uyğun tərəfdaş kimi dəyərləndirir: “Caysvalın müsahibəsində tarixdən tez-tez dəm vurulması real siyasi mövqedən yayınmaq üçün istifadə olunan rahat ritorikadır. Türkiyə, Azərbaycan və Pakistan amilinə münasibətdə açıq mövqenin nümayiş etdirilməməsi Hindistanın risklərdən yayınmağa çalışdığını göstərir. Müdafiə sahəsində əməkdaşlıq isə təhlükəsizlik zəmanətindən daha çox kommersiya xarakteri daşıyır. Bu mənada, Ermənistan üçün Hindistan faktoru strateji dayaqdan çox, alternativ və müvəqqəti diplomatik balans elementi kimi qiymətləndirilməlidir”.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 18 Dekabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















