Icma.az
close
up
RU
Dəyirman öz işində, çax çax baş ağrıdır… Səxavət Məmməd yazır

Dəyirman öz işində, çax çax baş ağrıdır… Səxavət Məmməd yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycan oxucusunun, jurnalistinin ən böyük problemlərindən biri də oxuduğu, dinlədiyi, izlədiyi, sual verib cavab aldığı adamlardan hesabat tələb etməməsidir.

Hansısa siyasi şərhçi, politoloq, jurnalist, hərbi ekspert, hərbi təbliğatçı, ziyalısından soruşmur ki, ay insan, ay adam, ay püləyənçi, dünən belə danışırdın, belə proqnoz verirdin, bu gün başqa hava çalırsan, oynayırsan, şıllaqlayırsan. Oxucunun imkanları məhduddur. Yaxşı jurnalistə nə gəlib? Niyə soruşmur ki, ay müəllim, ay bəy, ay zırrama, dünən deyirdin “artıq proseslər bu formada inkişaf edəcək”, amma indi tam əksini görürük, nə deyə bilərsən?! O sizə əminəm ki, təxminən belə cavab verəcək: “mən uzunmüddətli, uzaqmənzilli düşünürdüm”. Bəziləri də cümləyə “bilirsiniz” ilə başlayacaq. Qoymaq olmaz sözün bitirsin. Dərhal sözün kəsib, axıra qədər getmək lazımdır. Belələrinin ağzın dirəməlisən “tupik”ə, itsürütdəməsi etməlisən. Meydan verdiyiniz adamlar yalan satırsa, təbliğatla məşğuldursa, onun qarşısını almırsansa, demək, sən də onun bir tayısan, ya zəlzələdən, ya vəlvələdən eyni xislətli adamsan! Vəlvələ tərəfinə də aydınlıq gətirim, sabah efirə gəlməz, efir boş qalar. Cəhənnəmə gəlməsin, bir adama 15 dəqiqə, yarım saat vaxt verməkdənsə, başqa birinə 1 saat ver…

Niyə söz haqqımın olduğunu düşünürəm? 12 günlük İran-İsrail toqquşması zamanı proseslərə maksimum obyektiv yanaşdım, yazılarımda da, “YouTube” kanalımdakı çıxışlarımda da… Söz tapa bilməyənlər, işi gücü şər atmaq, qara yaxmaq, it kimi arxada hürmək olan təkhüceyrəlilərin bəziləri dolayısı ilə söz soxmağa çalışdı, bəziləri “farsbaş” dedi, arxada hürdükləri də qulağıma çatdı. İran-İsrail toqquşması zamanı İranı dağıdan, parçalayan, orada bir neçə dövlət quranlar vardı. Bu adamlar İran prezidenti Məsud Pezeşkianın Azərbaycan səfərini, gördünüz də necə mədh edirdilər? Biri də çıxıb bu adamlardan soruşmadı ki, ay insan, o prezident parçaladığın, aşağıladığın İranın prezidenti deyildi?! Bəlkə, xəbərimiz yoxdur, İran parçalanıb, Cənubi Azərbaycan adlı dövlət yaranıb, Pezeşkian da oranın prezidenti kimi ilk rəsmi səfərini Azərbaycana edirdi?!

Zaman-zaman İran ordusu barədə yazılar yazmış, zəif və güclü tərəflərini incələmişəm. Bunun üçün onlarla mənbəyə baş vurmuş, araşdırmalar etmişəm. Ancaq bizim hərbi xidmətdə olduğu naməlum olan adamlar İrana hücum edib Təbrizi almaqdan dəm vururdu. Hələ xeylisi də yazırdı ki, Azərbaycan dərhal hərəkətə keçməlidir. Biri də soruşmurdu ki, necə, nə cür? Əgər “hərəkətə keçməlidir” yazan biri bunun konsepsiyasını ortaya qoymursa, o adam boş, boşboğaz, boşbaşdır! Qarabağda apardığımız müharibədə qüvvələr nisbətindən xəbəri olmayan “adamlar”, qınamıram, İrana da qoşun yeridər, Rusiyaya da…

Xamenei haqqında kitab yazan adam çıxıb aradan götürməyin yollarından danışır, İrandan qalaq-qalaq pul alan adamlar, daha sonra İran səfirliyinin nümayəndələrinin yanında İran haqqında danışanda səfirliyin əməkdaşları üzünə qarşı “aldığın pullardan utan” deyilən adam Xameneini asıb-kəsir, ağıl verir. Bu dələduzların, “moşşeniklər”in, siyasi fahişələrin ipi ilə quyuya düşmək olar?! İranı tənqid etmək olar, özü də buna birnəfəsə “n” qədər səbəb saya bilərəm. Misal üçün ən böyükləri – narkotik, fars şiəliyi, ideoloji hücumlar, ostanlıq kimi yanaşma və sair. Bu yazılan hər sözün biri böyük bir yazının, araşdırmanın mövzusudur. İranı dağıdanların hər biri iddia edirlər ki, İsraili müdafiə edirlər, çünki İsrail Azərbaycana dəstək verib. Türkiyə ilə Azərbaycan arasında soyuqluq yarananda, konkret Ərdoğan Qarabağı aldığını iddia edəndə, dərhal cavab verildi ki, qarşılığını vermədiyimiz heç nə yoxdur. Sabah İsraillə Azərbaycan arasında belə bir məsələ ortaya çıxsa, əminəm ki, yenə eyni cavab veriləcək.

Türkiyədən söz düşmüşkən, bir çoxları iddia edir ki, Azərbaycanda Türkiyənin ən böyük hərbi bazası yerləşdirilməlidir. Hansısa bir ölkədə başqa bir ölkənin hərbi bazası yerləşdirilirsə, o dövlətin suverenliyi təhdid altına düşür. Tarixçi deyiləm, ancaq öz ölkəmin tarixini kifayət qədər yaxşı araşdırmışam. Ən azı 1920-ci ildə nələrin baş verdiyini dəqiq bilirəm. Hesab edək ki, Azərbaycanda Türkiyənin hərbi bazası quruldu, Rusiya ilə eskalasiya baş verdi. O baza Azərbaycanı xilas edə bilər? Ümumiyyətlə, Türkiyə Rusiya ilə toqquşmaq niyyətindədir? Ərdoğanın Azərbaycanla Rusiya arasındakı gərginliklə bağlı müsahibəsinə baxdım, BMT kimi narahat olduğunu dedi, sözdə belə olsa, Azərbaycanın yanındayıq dedimi bəs?

Azərbaycanda bir qrup adamlar düşüb ortalığa ki, Azərbaycanda Rusiya məktəbləri bağlanmalıdır. Əvvəla bildirim ki, Azərbaycan dövləti Rusiya məktəblərinin sayını artırmamaq üçün maksimum çalışır, ən azı süründüməçiliklə bunun qarşısını almağa çalışır. Misal üçün valideynlərinin rusdilli olub-olmamasını yoxlayır. Ancaq azərbaycanlı valideynlər rüşvətlə, min oyun çıxararaq uşaqlarını rus sektorunda oxutmaq istəyir. Niyə? Sənin təhsilin ağlar gündədir. Əminəm ki, sənin təhsilində inkişaf olsaydı, heç kim aparıb uşağını rus bölməsinə qoymazdı. Gəlin, məsələyə bir qədər də fərqli yöndən baxaq: boykot deyilən bir şey var. Misal üçün Rusiyadan Azərbaycana qarşı hansısa təzyiq var – ki, var! Azərbaycanda bir gürcü aktyoru Vaxtanq Kikabidze kimi ziyalı tapılmadı ki, Putindən aldığı “Dostluq” ordenini geri qaytarsın. İmtina etmək özü də bir mədəniyyətdir.

Azərbaycanda bir insan övladı tapılmadı ki, çıxıb “uşağımı rus bölməsindən Rusiyanın Azərbaycana qarşı münasibətinə görə çıxardım” yazsın. Bir müəllim görmədim ki, məktəbdən imtina etsin! Əgər bir məktəbə uşaq getməyəcəksə, müəllim olmayacaqsa, gəlib başınıza silah dayayıb aparacaqlar sizi ora?! Şagirdsiz nəinki sektor, bölmə, heç məktəb də olmaz! Gedin Rusiyanın danışan dili Zaxarova və Peskova sual verin ki, “Azərbaycanda məktəblər bağlansın” fikri sizin üçün daha təhlükəlidir, yoxsa mənim bu yazdıqlarım? Özünüzü onların yerinə qoya da bilərsiniz. Rus bölməsində təhsil alanları potensial “beşinci kolon” adalandırlar. Rusiyanın “qırmızı xətlər”i hansılardır, məlumdur. Gəlin görək, o uşaqlar potensial “beşinci kolon”dur, yoxsa bilə-bilə ki, Rusiyanın “qırmızı xətti” nədir, Azərbaycanı o xətti tapdalamağa çağıranlar və Rusiyanı Azərbaycana qarşı yönəldənlər?

Hər zaman obyektiv yazmağa, danışmağa çalışmışam. Ən çox da Rusiya-Ukrayna müharibəsinə görə tənqid ediblər, hətta “rusbaş” deyiblər. Bəziləri iddia edir ki, Ukrayna bizim üçün döyüşür. Ukraynanın bizim üçün döyüşdüyünü düşünən adamlardan birinin də gedib Ukrayna ordusuna yazıldığını görmürəm. Ukrayna Avropa, ABŞ üçün döyüşür. Əslində, hər bir ölkə özü üçün döyüşür. Bəziləri düşünür ki, Rusiya Ukraynada apardığı müharibə ilə zəifləyir. A kişi, o zəifləmə sənə görə deyil, ABŞ-yə, Avropa İttifaqına, Çinə görədir. Öz müharibəmiz xaric bütün müharibələr mənim gözümdə obyektdir. Bu qədər sadə!

İnsanları “farsbaş”, “rusbaş” adalandıran adamların hamısı Qərb küləyi hansı tərəfə əsirsə, o yönə sözdən döşəyirlər. Bu adamlar rahatlıqla öz maraqlarına uyğun olmayan yazı, çıxış gördükdə, dərhal həmin adamları “rusbaş”, “farsbaş” adlandırırlar. Soruşmaq ayıb olmasın, sən nə başsan, haranın başısan, nəyin başısan?! Bu adamlar dəvəquşu kimi başın soxub Qərb qumuna, arxası ilə adam damğalayırlar. Bu adamlar Azərbaycanı sevir?! Bu adamlar vətən-millət dərdi çəkir?! Bu adamların Allahı da, imanı da, ideologiyası da puldur! Başqa heç nə! Fikir verdinizsə, bu adamlara nəyinsə başı demədim. Niyə? Çünki məhkəmə hökmü olmadan kimisə casusluqda, harasa işləməkdə ittiham etmək olmaz! Dünyanın ən çətin işlərindən biri casus aşkar etməkdi. Azərbaycandakı bir tayfa bunu uşaq oyuncağına çevirib. Onda kəşfiyyat qurumlarımızı ləğv edək getsin. Adamlar bir elə araşdırma edir, bir elə xərclər çəkir, risklərə gedir. Nəyə lazımdır? Hazır əlimizdə casus aşkarlayan bir sürü var da. Onu şərlə, buna qara yax, o birinə böhtan at, at kimi üzə dur, adam vidində, it günündə yaşa!

Dəyirman öz işində, çax-çax baş ağrıdır…

Ağlıma versə, davam edəcəyəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 İyul 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri